Qarabağ münaqişəsi bitib, Qərbi Zəngəzur konflikti isə, hələ başlamayıb - TƏHLİL

ATƏT-in Minsk Qrupunun kəfəni yırtmaq cəhdləri

Ağdam, Şuşa, Naxçıvan ətrafında erməni silahlı bölmələri mövqelərimizi atəşə tutur. Avtomat və pulemyotlardan açılan atəş ATƏT-in Minsk qrupunun kəfəni yırtmaq cəhdidir. ATƏT-in Minsk qrupuna həmsədr ölkələrin səfirlərinin Şuşaya getməməsindən belə görünür ki, ABŞ, Rusiya və Fransanın 44 günlük savaşdakı şanlı qələbəmizdən məmnun qalmayıblar. Onların Şuşaya getməməklə məqsədi heç də Ermənistanın "xətrinə dəyməmək" düşüncəsi ilə bağlı deyil. Bu dövlətlər üçün Ermənistan kimi yüzü ola, özü - özlüyündə heç bir önəm daşımır. Bunların dərdi və marağı daha böyükdür. Məhz o böyük maraqlar üçün Azərbaycana, arxa planda isə Türkiyəyə öz aləmlərində təzyiq göstərirlər. 44 günlük müharibədə nəyə yaradı bu təzyiqlər? Heç nəyə! Deməli, 30 ildir müstəqil dövlət kimi ayaqda qalmış, inkişaf etmiş və torpaqlarını işğaldan azad etmiş Azərbaycan yenə öz yolu ilə gedəcək. Bu yolun xəritəsini prezident İlham Əliyev hər dəfə öz çıxışlarında açıq-aydın göstərir. Dövlət başçısı belə konseptual çıxışlarından birini bu günlərdə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşdə etdi. Prezident öz çıxışında Azərbaycanın bölgədə təhlükəsizlik maraqları barədə açıq danışdı, istər Ermənistana, istərsə də onun hamilərinə konkret mesajlar verdi.

Bu mesajlardan birinin ünvanı, heç şübhəsiz ki, ATƏT-in Minsk Qrupu idi.

ATƏT-in Minsk Qrupu bu gün formal cəhətdən mövcud olsa da, sahədə ona ehtiyac yoxdur. Çünki Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibə təhlükəsi artıq arxada qalıb.

Əvvala, 44 günlük müharibədə Ermənistan ordusunun təxminən 70 faizi darmadağın edilib. Ermənistan ordusunu yaxın on illər ərzində bərpası mümkün deyil. Bu prosesə Azərbaycan da bütün imkanları ilə mane olacaq.

İkincisi, Ermənistanla sərhəddə- Kəlbəcər, Laçın və Naxçıvanda bütün yüksəkliklər, Xankəndinin başının üstündəki Şuşa birbaşa, o cümlədən Gorus-Xankəndi yolu strateji olaraq bizim nəzarətimizdədir. Yeni müharibə olarsa, bu Qarabağda və Şərqi Zəngəzurda deyil, Göyçədə və Qərbi Zəngəzurda olacaq və qısa müddətdə Azərbaycan ordusu İrəvan yaxınlığında qərar tutacaq. Bunu dünyada hər kəs, o cümlədən Ermənistan yaxşı başa düşür.

Odur ki, 10 noyabr Üçtərəfli Bəyanatının şərtlərini yerinə yetirməkdən başqa əlindən gələcək bir şey yoxdur.

İndi Ermənistan ATƏT-in Minsk Qrupunun arxasında gizlənərək məhz bu şərtləri yerinə yetirməmək və Azərbaycanın, prezident İlham Əliyevin sözləri ilə desək, qalib dövlət və xalq olaraq təklif etdiyi Sülh Sazişini imzalamamaq üçün vaxt qazanmaq istəyir.

Azərbaycan Prezidenti İlham Əliyev Xocasəndəki çıxışında 10 noyabr Üçtərəfli Bəyanatının məcburi köçkünlər və qaçqınlarla bağlı bəndinin 1988-ci ildə Ermənistandan zorla çıxarılmış soydaşlarımızın qayıdışını da əhatə etdiyini açıqladı. Əgər diqqət etdinizsə, prezident bu prosesin Zəngəzur dəhlizi açıldıqdan sonra başlayacağına işarə etdi. Prezident Əliyev bununla Ermənistana həm açıq, həm də dolayı şəkildə reallığı bir daha izah etdi.

Prezidentin mesajının sadə izahı budur ki, Dağlıq Qarabağ konflikti bitib və Azərbaycanın gündəmində Dağlıq Qarabağ məsələsi yoxdur. Əgər Ermənistan üçün belə bir məsələ qalıbsa və bu məsələni yenidən konfliktə çevirmək istəyirsə, buyursun, Azərbaycan üçün Qərbi Zəngəzur məsələsi var və bu məsələni biz istənilən an konfliktləşdirə bilərik. Məsələnin bu şəkildə qoyuluşunu Ermənistanda da dərhal başa düşdülər və reaksiya verildi.

Bizim yaxın hədəflərimiz bəllidir: Xankəndi tam olaraq Azərbaycana tabe olur, Ermənistanla sərhədlər dəqiqləşir, Zəngəzur dəhlizi açılır, Sülh Sazişi imzalanır, bütün məcburi köçkünlər və qaçqınlar yurduna qayıdır və s.

Bu prosesdə Azərbaycanın, Anadolu türkləri demiş, əsas "muhattapı" Rusiya, formal olaraq Ermənistan, qayıdış prosesində isə BMT-dir. Yəni, ATƏT, ATƏT-in Minsk Qrupu 30 il ərzində bizimlə necə məzələnibsə, indi də biz onları ələ salacağıq. Çünki bu formatın bizə yeganə təklifi "Qarabağ ermənilərinin statusu" məsələsidir. Bu status isə Azərbaycan vətəndaşlığından savayı, heç bir əlavə imtiyaz ola bilməz. Azərbaycan torpaqları işğal altında olan zaman razılaşmadığı təkliflərə 44 günlük müharibədə düşmən ordusunu darmadağın etdikdən sonramı qəbul edəcək?

ATƏT həmsədrlərindən söz düşmüşkən, ABŞ böyük dövlətdir, onunla Fransanı bir tərəziyə qoya bilmərik. Amma dünya nə Qafqazdan, nə də ABŞ-dan ibarət deyil. Böyük siyasi coğrafiyada ABŞ Rusiyanı neytrallaşdırmaq üçün istənilən dövlət üçün cazibədardır. Odur ki, Azərbaycan ABŞ-la həm ikitərəfli, həm də üçtərəfli (Türkiyə ilə birgə) formatda daha yaxşı əlaqələr qurmaqda maraqlı görünür. Bu maraqları Rusiyanın Üçtərəfli Bəyanatla üzərinə götürdüyü məsuliyyətin sərhədlərini aşmaması zərurəti şərtləndirir. Ermənistan Rusiyaya qarşı Fransanı çıxarır. Fransa prezidenti Emmanuel Makronun həmsədr ölkənin rəhbəri kimi bütün neytrallıq prinsipini bir daha pozub İrəvana gəlməyə hazırlaşması da bunun göstəricisidir.

Ermənistan ordusunun Xankəndi ətrafındakı qalıqları və Azərbaycanla sərhəddəki bölmələri insidentlər törətməklə ona zəmin hazırlamaq istəyirlər ki, 10 noyabr Üçtərəfli Bəyənatını Makrona "atəşkəs sənədi" kimi təqdim etsinlər və daha sonra atəşkəsin pozulması faktları ilə ATƏT Minsk Qrupunu dövriyyədə saxlasınlar. Onların dili ilə Azərbaycana "Qarabağ ermənilərinin statusu ilə bağlı" şərtlər diqtə etsinlər. Bu plan keçməyəcək. Ona görə keçməyəcək ki, 10 noyabr Üçtərəfli Bəyanatında erməni ordusunun qalıqlarının Azərbaycan torpaqlarından çıxarılması əsas bəndlərdən biridir. Ya çıxacaqlar, ya da çıxacaqlar! Eyni zamanda, bu gün Azərbaycan Ermənistanla sərhədlərinə faktiki olaraq nəzarət edir. "Biz öz sərhədlərimizə çıxmışıq" deyə Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələni xüsusi vurğuladı. Madam Azərbaycan öz sərhədlərini qoruyur və qorumağa qabildir, Ermənistanın onu tanıyıb-tanımayacağı ikinci dərəcəli məsələdir. Ən önəmlisi isə budur ki, Azərbaycanın mövcud sərhədlərini BMT və elə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də daxil olmaqla bütün dünya tanıyır.

Nəhayət, çox önəmli başqa bir məsələ Xankəndi və ətrafındakı ermənilərin idarə edilməsi ilə bağlıdır. Artıq bu barədə açıq danışmağın vaxtı çatıb. Çünki 44 günlük müharibədən sonra, Bəyannamə şərtləri çərçivəsində ermənilərin ora qayıdışı üçün qondarma rejimə Azərbaycan müvəqqəti göz yumdu. Amma bu zaman sınırlıdır. İndi ara-sıra xəbərlər çıxır ki, orada seçki keçirmək istəyirlər. Azərbaycan bu seçkiyə heç bir halda imkan verməyəcək. Fkrimizcə, ölkədə dərhal inzibati bölgü ilə bağlı islahatlar aparılmalı və iqtisadi rayonlar inzibati vahid kimi rəsmiləşməli, ardınca ya bütün ölkə üzrə, yaxud hüquqi formulunu tapıb ayrıca Xankəndi və ətraf rayonlarda Azərbaycan MSK tərəfindən bələdiyyə seçkisi təşkil olunmalıdır. Bu seçkilərdə "DQR"-in rəhbərliyində və digər qurumlarında vəzifə tutmuş, o cümlədən əlində silah Azərbaycan Respublikasına qarşı döyüşmüş heç bir erməni iştirak edə bilməz.

Taleh ŞAHSUVARLI