Bəli, dövlət şantaj dilini qəbul edə bilməz! Bəli, dövlət şantaj dilini qəbul edə bilməz!

Sahil Babayevin şəffaflıq marafonu: milyonlardan məhrum olanlar çalışqan nazirə qarşı

Bəli, dövlət şantaj dilini qəbul edə bilməz!

COVİD-19 pandemiyası yenicə başlamışdı.

Sosial şəbəkədə dostum olan, çoxdan və şəxsən tanıdığım, dəyər verdiyim bir soydaşımızın statusu bütün ürəyimi parçaladı.

Yazılana görə, rayonların birində mərkəzi xəstəxananın Baş həkimi bir xadiməni işdən çıxartmış, başqa heç bir yerdən gəliri olmayan, bir neçə uşağını təkbaşına böyüdən qadın naəlac qalmışdı.

O günlərdə həmin rayonda Yeni Azərbaycan Partiyasının yerli şöbəsinin fəalları sosial dəstəyə ehtiyac olan ailələrə baş çəkir, bazarlıq aparır, maddi yardım göstərirdilər.

Dərhal YAP-ın həmin yerli şöbəsində sədr müavini olan, ailəvi get-gəl etdiyimiz dostuma zəng etdim.

“İndi belə bir məlumat oxudum, qanım dondu, ailə köməksizdir, evlərində bir tikə çörək yoxdur, uşaqlar acdırlar- statusda beləcə də yazılmışdı- onlara yardım göstərə bilərsinizmi”- deyə soruşdum.

Dostum dedi ki, nəzərdə tutulan ərzaqlar son zənbilinə kimi paylanıb, amma madam vəziyyət acınacaqlıdır, o, öz cibindən 200 manat həcmində sabah həmin ailəyə yardım edəcək.

“Lap gözəl, insanlıq ölməyib” deyə çox sevindim, statusun müəllifini aradım, sabah həmin ailəyə yardım göstəriləcəyini deyib, ünvan istədim. Aldığım cavab bu oldu ki, ailə hazırda səhhət problemi ilə bağlı rayonda deyil, onun öz nömrəsini verim, yardımı pul şəklində ona çatdırsınlar, o, qayıdan kimi təqdim edəcək. Heç nədən şübhələnmədən “olar” dedim. Qadının kim tərəfindən, necə işdən çıxarılması ilə də maraqlandım, təsadüfə bir baxın, baş həkim də simsar çıxdı.

Vəziyyətini nəzərə alaraq, həmin qadını işə qaytarmasını xahiş etmək üçün baş həkimə zəng etdim, öz aləmimdə insanlıq borcumu, vətəndaşlıq görəvimi yerinə yetirirdim.

Eşitdiklərimdən şoka düşdüm!

Məlum oldu ki, acınacaqlı vəziyyətdə, bir tikə çörəyə möhtac kimi göstərilən qadın, həmin rayonda deyil, rayon qeydiyyatında olsa da, Bakıda yaşayırmış və bir gün də olsa, işə çıxmayıbmış. Vəzifəyə yeni təyin olunduqdan sonra ştatda xeyli “ölü can” aşkarlayan baş həkim onların çoxunu işdən çıxardıb, amma işdən çıxartmazdan öncə yanına çağırıb, söhbət aparıb, “işə çıxacaqsınızsa, ştatda tutduğunuz vəzifəni icra edəcəksinizsə, qalın” deyib. Razılaşan da olub, razılaşmayan da. Ancaq mənim insanlıq naminə xahişini etmək istədiyim şəxs heç Bakıdan belə bir söhbət üçün həmin rayona qayıtmağa belə lüzum görə bilməyib.

Baş həkim bildirdi ki, əgər işləmək istəyirsə, buyursun, gəlsin, sənin xahişini nəzərə alıb, yenidən işə götürərəm, amma işə çıxsın, kartını başqa adamların, konkret olaraq, həmin statusu yazan şəxsin istifadəsinə verməsin...

Xəcalətimdən yerə girdim, desəm, azdır!

“Niyə bu qədər sadəlövhlük etdim, Anadolu türkləri demiş, “duyğu sümürüsü” ilə məni lap axmaq yerinə qoydular” deyə günlərlə özümü yamanladım...

Bu hadisə dünən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında nazir Sahil Babayevin 44 günlük Vətən savaşında hərbi qulluqçu statusu ilə iştirak edən media nümayəndələri ilə görüşündən çıxandan sonra, liftdə yadıma düşdü.

Görüşdən çıxan həmkarlarımdan biri “bu adam işləmək, öz sahəsində vəziyyəti düzəltmək istəyir, amma imkan vermirlər” deyərək öz təəssüratlarını bölüşdü və doğrusu, mənim gəldiyim qənaət də elə bu idi.

Heç kimə sirr deyil ki, Sahil Babayevin başçılıq etdiyi nazirlik uzun illərdir Azərbaycanda korrupsiyanın əsas mətələrindən biri olub.

Saxta sənədlərlə çeşidli müavinət, təqaüd, yardım, veteranlıq, əlillik statusu alınıb.

Dövlətin vətəndaşın sosial müdafiəsinə ayırdığı milyonlar, milyardlar, lap saxta sənəd əsasında olsa da, kasıb, ehtiyacı olan vətəndaşların deyil, məmurların, məmurlara təsir etmək imkanı olan digər səlahiyyət sahiblərinin cibinə axıb.

İndi yeni və cavan nazir bu sistemi çökdürür, dövlətin və vətəndaşın maraqları naminə korrupsionerləri sıxışdırır.

Qarşılığında onlar da sakit durmur və Sahil Babayevə qarşı “qara PR” maşınını işə salırlar.

Mənzərəni ölkədə hamı bilir: tutalım, bir illik sosial dəstək paketi var və nəzərdə tutulan maliyyə ilk 6 ayda məmurun, qalan vaxtda isə, həmin məmurla “işbirliyi” qurmuş saxtakarın cibinə gedib.

İndi Sahil Babayevin nazirlikdə və nazirliyin xidmətlərində başlatdığı şəffaflıq marafonu ilə “levıy gəlirdən” əli üzülmüş həm korrupsioner məmur, həm də sıravi saxtakar onun müsbət ictimai obrazını ləkələmək üçün sosial şəbəkələrin məsuliyyətsizliyindən gen-bol istifadə edirlər.

Mən Sahil Babayev haqqında onun tələbəlik illərindən məlumatlıyam.

Öz dövrünün ən savadlı və hörmətli tələbələrindən idi.

İqtisadiyyat nazirliyində çalışdığı illərdə də haqqında həmin qurumda çalışan bir dostumdan ancaq müsbət sözlər eşitdim.

Yadımdadır, nazir təyin edildikdən bir müddət sonra telekanalların birinə müsahibə vermişdi və o müsahibə məndə belə bir təəssürat yaratmışdı ki, Prezidentin etimad göstərdiyi gənc kadr kifayət qədər savadlı və tutacağı vəzifəyə hazırlıqlıdır. Bunu bir neçə dəfə yazılarımda da qeyd etmişəm.

Nazir Babayevlə dünənki görüşdə bu qənaətim bir daha möhkəmləndi, amma daha iki özəlliyini kəşf etdim- səmimiyyətini və dövlətçi ruhunu!

Çıxışının bir yerində “dövlət şantaj edilə bilməz, dövlət şantaj dilini qəbul edə bilməz” deyə qətiyyətli mövqe bildirdi.

İllərdir ardıcıl müdafiə etdiyim prezident İlham Əliyevin komandasına daxil olan insanlarda, hökumət üzvlərində görmək istədiyim əsas keyfiyyətlərdən biri məhz şantaja boyun əyməmək xüsusudur.

Bu gün hansısa dələduzun, hansısa saxtakarın, hansısa həyasızın şantajına boyun əyən məmur, hələ-hələ çox yüksək post tutan məmur, sabah hansısa kritik anda dövlət başçısına da sipər olmayacaq.

Bu baxımdan bir daha əmin oldum ki, Sahil Babayevə nazir kimi etimad göstərməklə dövlət başçısı olduqca doğru qərar vermiş olub.

İndi növbə bizimdir və biz hamımız özümüzə bir sual verməliyik: nə istəyirik?

Biz bu ölkənin şəffaflaşmasını, korrupsiyadan qurtulmasını, 44 günlük savaşda qazandığımız tarixi zəfərin sosial sferaya da daşınmasını arzulayırıq, yoxsa çirkin maraqları naminə hər cür şayiə uydurmağa, duyğu sümürməyə hazır olanları yuxarı başda görməyə?

Dərinə getməyəcəm, Azərbaycanda “yeyib-doymaq”la bağlı illərdir söz-söhbət dolaşır.

Sahil Babayev bu söz-söhbətlərin fövqündə dayanan iqtidar nümayəndələrindən biridir. Çünki köklü-köməcli bir ailənin övladı olaraq əlilin yardımına, qocanın təqaüdünə, kasıbın haqqına əl uzatmağa mənəviyyatı yol verməz, nəfsi toxdur, buna heç maddi ehtiyacı da yoxdur. Başqa sözlə, Sahil Babayev o nazirlərdəndir ki, dövlətin, prezidentin siyasətini şəxsi maddi mənfəətlərini düşünmədən reallaşdıra bilir və açığı, öz sahəsində dönüş də yarada bilib.

İndi mən bütün bunları deyirəm, bəlkə də kimlərsə düşünəcək ki, bu, dünənki qəbuldan sonra qarşılıqlı jestdir. Hərçənd belə bir jest etməyə də bizim- 44 günlük Vətən Savaşında hərbi qulluqçu kimi iştirak eləmiş media nümayəndələrinin tam mənəvi ixtiyarı var. Çünki Sahil Babayev bizi geniş tərkibdə qəbul edən, dinləyən, dərd-sərimizlə maraqlanan ilk nazirdir.

Amma bu qənaətə gəlməyə tələsməyin, qətiyyən, sağlıq olsun, Sahil Babayevin intellektual potensialının, dövlətçi xarakterinin və islahatçı dünyagörüşünün millətimizə nə qədər gərəkli olduğunu Qarabağda reinteqrasiya tədbirləri gerçəkləşəndə daha aydın görəcəksiniz.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru