İki partiyanın sədri baş redaktorun proqnozunu dəyərləndirdi İki partiyanın sədri baş redaktorun proqnozunu dəyərləndirdi

Ermənistan parlamentində azərbaycanlı deputat fraksiyası: HƏDƏFDƏKİ DAHA BİR MƏSƏLƏ

İki partiyanın sədri baş redaktorun proqnozunu dəyərləndirdi

“Bizim bütün hədəfimiz Zəngəzur və İrəvan olmalı, bu yöndə hər bir vətəndaş prezident Əliyevin apardığı tarixi mücadiləyə dəstək çıxmalıdır. Azərbaycan indikindən qat-qat güclü olacaq, Ermənistan isə heç zaman belə zəif olmayacaq. Əlimizdə 3 illik tarixi bir zaman zərfi var. Maksimum 3 ilə Azərbaycan bütün Qarabağa Xankəndi də daxil olmaqla artıq əhalisi ilə birlikdə hakim olacaq. Bu məsələ bitib. Zəngəzur dəhlizi açılmalı və Zəngəzura qayıdış təmin olunmalıdır. Gorus, Qafan, Sisyan, Mehridən, o cümlədən Göyçədən deportasiya olunmuş soydaşlarımız yenidən və kütləvi şəkildə yurdlarına dönməlidir. Ermənistanın növbəti parlamentində Azərbaycan fraksiyası olmalıdır”.

Bu sözləri AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb.

Baş redaktor qeyd edib ki, tezliklə Qərbi Azərbaycanda deportasiya olunmuş soydaşlarımız geri qayıtmalı, qayıtdıqdan sonra Ermənistanın siyasi həyatında fəal iştirak etməli , seçkilərdə iştirak edib fraksiya formalaşdırmalıdırlar.

Bəs, bu prosesin baş verməsi necə mümkün ola bilər?

AzNews.az analitik- informasiya portalının sualını cavablandıran Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev bildirib ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın yenidən öz doğma torpaqlarına qayıtması üçün bir sıra önəmli məsələlər öz həllini tapmalıdır:

“Əvvəlcə iqtisadi münasibətlər, bizə dəyən ziyanla bağlı məsələlər ortaya çıxmalıdır. Hələ ki , bu məsələlərin heç birini ortaya qoymamışıq, zamana ehtiyac var. Ancaq hazırda Ermənistan tərəf sərhəd və sərhədboyu ərazilərdə təxribatlar törədir, atəşkəsi pozur. Onlar bizə Avropanı təzyiq vasitəsi kimi göstərirlər. Ermənilərdə separatçılıq, satqınlıq xəstəliyi var. Ermənilər kim güclüdürsə, onun yanında olub, sonra da xəyanət ediblər. Bugünkü vəziyyətə əsasən demək olar ki, ermənilərin Azərbaycana müqavimət potensialı getdikcə tükənir. Bu bölgədə onların gücü zəiflədiyi üçün özlərinə himayəçi axtarırlar. Onlar əsasən PKK-nı yanına alaraq, bölgədə terror etməyə çalışırlar. Ermənilər Qarabağ münaqişəsində də əlavə gücləri bu proseslərə qatmaq istəyirlər. Lakin əsrin əvvəlində başlayaraq törətdikləri bu cür təxribatların cavablarını alıblar. Zəngəzur 1918-1920-ci illərdə Qarabağ quberniyasına daxil olub. Ermənilər o vaxt da Qarabağda, Zəngəzurda separatçılığa başlayıblar. Daha sonra Zəngəzurun qərb hissəsi Sovet Ermənistanına bağışlanıb. Bu gün üçün bizim əsas hədəfimiz 40 kilometrlik Zəngəzur dəhlizinin yenidən bərpa etməkdir. Bununla Naxçıvan və Türkiyə ilə əlaqələrimizi daha da genişləndirə biləcəyik".

CXP sədrinin fikrincə, Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılması məsələsi tərəflər arasında gərginliyə səbəb olacaq əsas amildir:

"Həmçinin bu gərginliyin fonunda Zəngəzurun Ermənistandan ayrılması dayanır. Belə olduqda bölgədə Azərbaycan- Rusiya, Türkiyə- Rusiya münasibətlərində yeni baxışlar ortaya çıxacaq. Kommunikasiya xətləri açıldıqdan sonra yeni ticari yolların ortaya çıxması, Pekindən Londona qədər uzanan yol üzrərində böyük oyunların oynanılacağı gözləniləndir. Biz böyük oyunlar içərisində öz maraqlarımızı həll edirik. Yəni bu bölgədə gərginlik ocaqlarının yaranması qaçınılmazdır. Bölgə dəyişikliklər ərəfəsindədir. Cənubi Qafqazda yeni müstəvidə birlikdə həll olunması vacib olan prosesləri gedir".

"Yeni mərhələdə Cənubi Qafqazın NATO, Şərq tərəfdaşlığı , azad ticarət zonaları, Ümumdünya ticarət zonaları ilə bağlı strateji baxımdan Avropa ilə yaxınlaşacaq. Bizim də azad ticarət və investisiya ilə bağlı qərarlarımızda yeni dövr başlayır. Ciddi təzyiqlərə baxmayaraq, islahatlarımızı davamlı aparmalıyıq. Buna maneə olmağa çalışan dövlətlər gec-tez bizimlə münasibətləri normal şəkildə aparmağa məcburdurlar. Çünki kommunikasiya xətlərinin çoxu Azərbaycandan keçir. Azərbaycansız bunu etmək qeyri-mümkündür. Azərbaycan öz gücünü bilir, öz perspektivini görür və bu proseslərdə tədricən öz istəklərinə nail olacaq”, - deyə B. Quliyev əlavə edib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə deyib ki, Ermənistana verilmiş Mehri rayonuna, ardınca Göyçə mahalına və ardıcıllıqla digər ərazilərə soydaşlarımızın dinc qayıdışını reallaşdırmaq mümkündür:

“Tarixi reallıq bundan ibarətdir ki, ötən əsrin 20-ci illərindən başlayaraq müxtəlif dövrlər ərzində indiki Ermənistan adlanan dövlətin ərazisindən yüz minlərlə soydaşımız öz dədə - baba yurdlarından zorla deportasiya olunublar. Bütövlükdə isə bu proses onunla nəticələnib ki, bu tarixi türk torpaqlarında yaşayan azərbaycanlı əhalinin 1988-ci il deportasiyasından sonra Ermənistan faktiki olaraq monoetnik dövlətə çevrilib. Ermənilərin bu ərazilərə sonradan gəlməsi, xüsusilə də 1828-ci il Türkmənçay müqaviləsindən sonra Cənubi Qafqaza köçürülməsi hər kəsə məlumdur. Hətta 1986-cı ildə İrəvan Dövlət Universitetinin buraxdığı "Ermənistan və ətraf rayonların toponomikası" kitabında erməni müəllifiləri özlərini nəzərdə tutaraq açıq surətdə yazıblar ki, bu torpaqlarda məskunlaşan əhalinin 70 faizi gəlmə əhalidir".

Partiya sədrinin sözlərinə görə, bu amil beynəlxalq müstəvidə və diplomatiya sahəsində bütün gücümüzü səfərbər etməyə və beynəlxalq təşkilatlar qarşısında soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması ilə bağlı məsələ qaldırmağa kifayət edir:

"İlkin mərhələ üçün bu olduqca vacibdir və biz hər vəchlə soydaşlarımızın öz yurdlarına qayıtmasına nail olmalıyıq. Necə ola bilər ki, Azərbaycanın beynəlxalq hüquqla tanınmış suveren ərazisində minlərlə erməni təhlükəsiz şəraitdə yaşayır, ancaq yüz minlərlə azərbaycanlı tarixən yaşadığı dədə baba torpaqlarımıza qayıda bilmir?

Düşünürəm ki, yaşadığımız regionda davamlı sülhün və sabitliyin təmin olunmasının əsas şərtlərindən biridir.

Həm də Ermənistan ərazisindən qaçqın düşmüş həmvətənlərimizin öz doğma yurdlarına qayıtmasına bağlı məsələdir. İlk etapda Zəngəzur dəhlizinin keçdiyi Qərbi Zəngəzura, əsasən də saxta və əsası olmayan qərarlarla Ermənistana verilmiş Mehri, Qafan, Sisyan, Gorus rayonlarına, ardınca Göyçə mahalına və ardıcıllıqla digər ərazilərə soydaşlarımızın dinc qayıdışını reallaşdırmaq mümkündür. Onu deyim ki, bu proses eyni zamanda iki dövlət arasında qarşılıqlı etimad mühitini formalaşdıra bilər.

Təbii ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın öz yurdlarına qayıtdıqdan sonra Ermənistanın ictimai-siyasi həyatında aktiv surətdə iştirak etməlidirlər. Hətta obrazlı şəkildə desək, Qafqaz Sülh Evinin əsaslı təməli qoyula bilər. Belə olacağı təqdirdə bütün regional kommunikasiya xətləri açılar və bununla da regionun iqtisadi və siyasi durumu müsbətə doğru köklü surətdə dəyişər. Bundan sonra bölgəmiz də rahat nəfəs alar, dövlətlərimiz də sülhün və barışın məkanına çevrilər. Nəhayət ki, ermənilər bu reallığı başa düşməli və qəbullanmalıdırlar. Əks halda yaxın gələcəkdə Ermənistan özü bir dövlət kimi mövcudluğunu itirə bilər”.

Şəbnəm Zahir