İlham Əliyev Ermənistanı tısbağa kimi arxası üstünə çevirib İlham Əliyev Ermənistanı tısbağa kimi arxası üstünə çevirib

Cığallıq yox, artıq dığalıq edirsən, Arif Məmmədov!

İlham Əliyev Ermənistanı tısbağa kimi arxası üstünə çevirib

Azərbaycan yenicə müstəqillik qazanmış bir ölkədir. Bizim dövlət müstəqilliyimiz tam olaraq - 100 % vətəndaşın istiqlal məfkurəsinə, azadlıq və ləyaqət anlayışına dayanmır, istinad etmir. Bunun ən sadə örnəyi 1990-cı illərdə cəmi bir neçə ay ərzində Azərbaycanda həm SSRİ-nin saxlanılması, həm də müstəqilliklə bağlı referendumun keçirilməsi, hər iki ümumxalq səsverməsində üzə çıxan nəticələrdir. Əlbəttə, bu o demək deyildi ki, Azərbaycanın istiqlalı xalqın iradəsi deyildi. Tam əksinə, millətimiz SSRİ-nin dağılması prosesinin yaratdığı tarixi şəraitdə öz milli hədəfini doğru müəyyən edərək özgürlüyə qovuşdu. Fəqət Çar Rusiyası və SSRİ dövründə Azərbaycanda formalaşdırılmış bəlli zümrələr var. Bu zümrənin nümayəndələri dünyagörüşlərinə, mənfəətlərinə və keçmiş vərdişlərinə bağlı bir şəkildə yenə də Rusiyaya xidmət edirlər. Üstəlik, müstəqillik dövrünün ağrı-acılarından, siyasi böhranlarından, ideoloji boşluğundan, Azərbaycanın təbii sərvətləri uğrunda gedən geopolitik mübarizədən yararlanan digər regional və qlobal güclər də öz maraqlarını təmin etmək üçün ölkəmizdə “təzyiq qrupları” formalaşdırıblar. Sosial şəbəkələrin Azərbaycan seqmentində bu qrupların mövcudluğu və mütəşəkkilliyi dərhal sezilir. Ölkəmizdə nəsillər dəyişdikcə, dövlət təşkilatı möhkəmləndikcə, müstəqillik yolumuzun üzərində qurulmuş istehkamlar bir-bir darmadağın olduqca, milli davamızda rəqiblərimiz və düşmənlərimizlə eyni cərgədə qarşımıza çıxanlar da böyük məyusluğa uğrayır. Az-çox müşahidə qabiliyyəti olan hər kəs 44 günlük savaşdan sonra Ermənistan kimi, ermənilər kimi dərin hüsrana uğrayan “azərbaycanlı”ları da görə bilər. 30 il torpaqların işğal altında qala, milyonlarla soydaşın, doğman yurd-yuvasından didərgin düşə, on minlərlə şəhid verəsən, cəlb olunduğun qanlı münaqişə ölkənin inkişaf yolunda nəhəng qara daşa çevrilə, bir gün özünü toplayıb, qəddini dikəldib, dəmir yumruğunu düyünləyib düşmənə sarsıdıcı zərbə endirə, onun baş nazirini təslimçilik aktı imzalamağa vadar edəsən, imzalanmış Üçtərəfli Bəyannamənin heç mürəkkəbi qurumamış sapı özündən olan baltaların ağzını itiləyib tarixi zəfərin üstünə göndərərlər. Bunun başqa bir adı yoxdur, namussuzluq, şərəfsizlik, biqeyrətlikdir bu...

Belə biqeyrətlərdən biri də keçmiş səfir Arif Məmmədovdur. Olduqca dayaz və savadsız, normal şərtlər altında nəinki səfir təyin olunacaq, heç sərsəri yerinə də qoyulmayacaq bir tipdir. Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığımız kadr çatışmazlığı bu cür zehniyyət avaralarının səlahiyyət sahibi olmasına, çox təəssüf ki, geniş imkanlar yaratmışdı. Bu günlərdə “sabiq səfir” titulu ilə “klikbeyt” texnologiyaları ilə Azərbaycan ictimai rəyinə erməni propoqandasının tezislərini ötürən “Azad söz” internet kanalının efirinə çıxmış, dövlət başçısı İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərini “təhlil” edir, amma şərhçilik deyil, sözün əsl mənasında, dığalıq edirdi. İnanın, məqsədim, Arif Məmmədovun olmayan şəxsiyyətini təhqir etmək deyil. Sadəcə, erməni mediasını davamlı şəkildə izləyən bir fərd kimi Azərbaycanın 44 günlük savaşda qazandığı tarixi zəfərə qarşı İrəvandakı xüsusi xidmət orqanlarının və analitik mərkəzlərin hansı siyasi texnologiyalar hazırladıqlarını və tətbiq etdiklərini, öz məkrli planlarnı bizim ictimai rəyə kimlər və hansı kanallar vasitəsi ilə ötürdüklərini yaxşı bilirəm. Kim mənə inanmırsa, özü düşünsün: Əgər prezident İlham Əliyev Laçına səfər edibsə, orada sərnişin və yük daşımaçılığı ilə yanaşı hərbi təyinatı da olan bir hava limanının təməlini qoyubsa, Ermənistandakı beyin mərkəzləri bu olayı gözdən salmaq, kiçiltmək, dəyərsizləşdirmək üçün nə edər? Əgər bir balaca ağılları varsa, “İlham Əliyevi Laçına niyə qoymadılar” başlığı ilə müzakirə açdırar, onu “sultan” elan edər, tezliklə hakimiyyətdən devriləcəyi haqqında şayiələr dövriyyəyə buraxar, Azərbaycana qarşı dörd səmtdən edilən həmlələri daha da dramatikləşdirər, Qarabağda inşa edilən hava limanlarını gərəksiz saydırar, Ermənistana demokratik imic yaratmağa çalışar və bu kimi cəfəngiyyatlarla bizim cəmiyyətimizdə təfriqə salmağa cəhd göstərər. Əgər izləmisinizsə, indi Arif Məmmədovun danışdıqlarını, dediklərini bir-bir yada salın, tam bir erməni propoqandası deyildimi?

Bəli, Prezident İlham Əliyevi “Laçın şəhərinə səfər etməyə qoymadılar” demək nadanlıq deyil, məkrdir. “Azərbaycan ordusu niyə Xankəndinə girmədi” sualı ilə qələbəmizə salınan kölgənin uzantısı, “Xocalı niyə bizdə deyil” demoqogiyasının davamıdır. Azərbaycan Silahlı Qüvvələri 44 günlük savaşda Ermənistanın işğalçı ordusunun 60-70 faizini məhv edib, “bufer zona”nı tam nəzarətə götürüb, İranla dövlət sərhədimizi bərpa edib, Ağdərə və Əsgəran istiqamətlərində irəliləmək üçün Hadrutda və Suvoquşanda iki yeni cinah yaradıb, Şuşaya bayraq sancıb və Xankəndini ovcunun içinə salıb, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçında dövlət sərhədlərimizə çıxıb, Şərqi Zəngəzurun ən uca zirvələrində mövqe tutaraq Ermənistanı topun lüləsi altında qoyub. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəlik məharəti, diplomatiyada ustalığı, xalqın lideri kimi milli hədəflər uğrunda ardıcıl mübarizə aparması sayəsində mümkün olub. Kimsə İlham Əliyevi bu yürüşdən qoparda, bu xalqdan ayıra, xalqımızın bu şanlı zəfərin məmnunluğundan çıxarda bilməz. İlham Əliyev Laçın şəhərinə ona görə getmədi ki, Laçın şəhəri hazırda ordumuzun deyil, Rusiya sülhməramlılarının nəzarətindədir. Üçtərəfli Bəyanata əsasən, 3 il ərzində Laçından Xankəndinə yeni yol çəkiləcək, həmin yol işə düşdükdən sonra şəhər sülhməramlılar tərəfindən bizə təhvil veriləcək və yerli əhalinin qayıdışı başlanacaq. Üçtərəfli bəyanatdakı bu şərt bizim lehimizədir. Əvvəla ona görə ki, Laçın kimi çətin relyefə və iqlimə malik bir ərazini hücum əməliyyatı keçirmədən, itki vermədən almışıq. İkincisi, Azərbaycanın 3 il ərzində yenidən, necə deyərlər, sıfırdan inşa etməli olduğu nə qədər ərazi var. Bu ərazilər yenidən qurulana qədər Laçın şəhəri də ixtiyarımızda olacaq, yəni inşa və qayıdış prosesi səngiməyəcək, davamlı şəkildə gedəcək. Üçüncüsü, Rusiya sülhməramlıları hər hansı səbəbdən günü sabah Qarabağdan çıxarsa, Ermənistanın sınıq-salxaq ordusunun nə Laçın şəhərini, nə də Laçın dəhlizini nəzarətə götürmək imkanı yoxdur. Müharibəni təkcə dəmir yumruqla deyil, həm də dəmir məntiqlə, soyuqbaşla, səbrlə, ağıllı qərarlarla udurlar. Mən əminəm ki, ən uzağı iki il ərzində İlham Əliyev və Mehriban xanım Əliyeva Laçın şəhərindən, bir qədər sonra isə Xankəndindən görüntülər yayımlayacaq. Zira bu gün cığalllıq da yox, məhz dığalıq edənlər o zaman da bir bəhanə tapacaqlar. O gün “İlham Əliyev Qarabağın bir kəndini alsa, qulağımı kəsəcəm”, “Azərbaycan Ordusu müharibəyə hazır deyil, hakimiyyətə gəlsək, savaşa başlamayacağıq”, “Azərbaycan Ordusu böyük itkilər verəcək, uduzacaq, İlham Əliyev Qarabağı birdəfəlik ermənilərə təslim etmək üçün savaşa başlayıb” deyənlər deyil, yenə biz - Ali Baş Komandanın Azərbaycan davasına könül verənlər qalib gələcək.

Azərbaycanın siyasi sistemi dəyişməli, cəmiyyətimiz mayası satqınçılıqla, xəyanətlə, uğursuzluq və xəbisliklə yoğrulmuş “müxalif” zehniyyətdən qurtulmalıdır. 2013-cü ildə Rusiyanın bəzi dairələrinin siyasi və azərbaycanlı milyarderlərin maddi dəstəyi ilə yaradılmış Ziyalılar Forumunda, o forumun Milli Şura adı altında siyasi bloka çevrilməsində iştirak edənlər dövlətin bütün qapılarından qovulmalı, ictimai-siyasi müstəvidə təcrid olunmalıdırlar. Elə bir yeni siyasi sistem formalaşmalıdır ki, milli iradə Azərbaycanın müstəqillik və dövlət maraqlarına potensial təhlükə yaradan istənilən qrupu dərhal hakimiyyət uğrunda mübarizə meydanından kənarlaşdırsın, dışlasın. Niyə qərb ölkələrində kənar güclər Azərbaycandakı Milli Şura sayaq xarici mərkəzlərdən mədət uman, hakimiyyət iddiasını Vladimir Jirinovski, Arif Məmmədov kimi siyasi təlxəklər üzərindən gerçəkləşdirməyə çalışan qütblər formalaşmır? Çünki siyasi sistem elə formalaşıb ki, sağçısı da, solçusu da bəlli bir nöqtədən sonra DÖVLƏT ŞÜURUnun daşıyıcısıdır. 44 günlük savaş Azərbaycanda da, regionda da, dünyada da yeni reallıq yaradıb, yeni səhifə açıb. Əvvəlki dövrləri lap qoyaq bir qırağa, Zəfərdən sonra Azərbaycan müxalifətinin çıxışlarında DÖVLƏT ŞÜURUnun elementlərini kim görür? Şəxsən mən görmürəm, görmək, hətta yazmaq istəyirəm, görə bilmirəm. Başa düşün, elə mesajlar var ki, elə bəyanatlar var ki, onu dövlət başçısı deməməlidir, səsləndirməməlidir. Məsələn, bu ərəfədə müxalifət yapışmalıdır iqtidarın yaxasından və soruşmalıdır ki, niyə Azərbaycan Ordusu Gorusa, Qafana, Basarkeçərə, Qarakilsəyə girmir? Azərbaycan müxalifəti Şərqi Zəngəzuru inzibati vahidə çevirən prezidentdən Qərbi Zəngəzuru tələb etməli, “hakimiyyətə gələn kimi İrəvana qoşun yeridəcəyik” deyə dövlət başçısına ötürmələr etməlidir. Yaxşı, bunu demirsiniz, deyə bilmirsiniz, canınız cəhənnəmə, İlham Əliyev özü deyir, düşmənə şəxsən meydan oxuyur, bəs, siz niyə narahat olursunuz? Vallah, billah, ağıla gəlməzdir, İlham Əliyevin Qərbi Zəngəzurla, İrəvanla bağlı bəyanatları ermənilərlə yanaşı niyə bizim müxalifəti də yerindən dingildətməlidir axı?

Bəli, milli hədəflər bir günün, beş günün içində reallaşmır. Uzun zaman, davamlılıq, ardıcıllıq, varislik, ənənələr tələb edir. Ermənistan adlı süni dövləti tarix səhnəsindən silmək bu gün və gələcəkdə Azərbaycanda siyasətlə məşğul olan hər bir insanın qafasında ən önəmli hədəf olmalıdır. Məşhur bir deyim var, tısbağını ya öldürdün, ya arxası üstündə çevirdin, eyni şeydir. İlham Əliyev tarixi şəraiti düzgün qiymətləndirib, qətiyyətli davranıb, dəmir yumruğu ən ağır halı ilə düşmənin başına endirib, bağanı arxası üstünə çevirib. İndi ATƏT-in Minsk Qrupu, girəvəyə saldıqca, Rusiya, İran yenidən ayaqları üstdə qoymaq istəyir, dövlət başçımız kimisi ilə xoş, kimisi ilə zor dilində danışaraq, obrazlı desək, “tısbağaya yaxın gəlməyin” mesajı verir, bizim gah əyninı narıncı köynək geyinən, gah da başına əməmamə bağlayan müxalifət “ekoaktivist” görkəm alır... Ancaq bu tısbağa yenidən ayağı üstünə dönsə, nə olacaq? Zəif gedəcək, sürətsiz hərəkət edəcək, amma yenə öz yolu ilə davam edəcək, yəni Azərbaycana qarşı ərazi iddiallarını sürdürəcək. Nə qədər ki, imkan var, hamilərinin başını arxası üstündə çevrilmiş tısbağaya qatıb, biz yolları ələ keçirməliyik. İlham Əliyev məhz bunu edir!

Taleh ŞAHSUVARLI