Azərbaycanın “Krım Platforması”nda iştirak etməməsi ciddi müzakirələrə yol açıb Azərbaycanın “Krım Platforması”nda iştirak etməməsi ciddi müzakirələrə yol açıb

Azərbaycan "Krım Platforması"nda niyə iştirak etmədi? - SƏBƏBLƏR

Azərbaycanın “Krım Platforması”nda iştirak etməməsi ciddi müzakirələrə yol açıb

Bəziləri rəsmi Bakının bu addımını uğursuz hal kimi qiymətləndirir. Əslində isə nə baş verir? Azərbaycan “Krım Platforması”na qoşulmamaqla doğru, yoxa yanlış addım atmış oldu?

Öncə qeyd edim ki, Krımı işğaldan çıxarmağın yollarının müzakirəsini nəzərdə tutan platformada 40-dan çox ölkə və beynəlxalq təşkilat iştirak edir.

Bəs Azərbaycan “Krım Platforması”na niyə qoşulmadı?

Birincisi, “Krım Platforması” Ukraynanın təşəbbüs layihəsidir və Krımın Rusiya tərəfindən işğal edildiyinə diqqət çəkmək məqsədi daşıyır. Platforma heç bir praktiki yük daşımır. Belə olan halda, platformada iştirak etməməklə diplomatik təmkin nümayiş etdirmək Azərbaycanın dövlətçilik maraqlarına tamamilə uyğundur.

İkincisi, Azərbaycan Qoşulmama Hərəkatında təmsil olunur. “Krım Platforması”nın sonunda isə yekun bəyannamə imzalanacaq. Qoşulmama Hərəkatına rəhbərlik edən bir ölkənin bu platformadakı iştirakı beynəlxalq hüquqi normalara da cavab verməzdi. Bu baxımdan, ölkəmizin atdığı addım təqdirəlayiqdir.

Üçüncüsü, platformada iştirak edən ölkələrin əksəriyyətinin Rusiya ilə bərpası mümkün olmayan gərgin münasibətləri var. Məsələn, bu məsələdə Gürcüstanın Azərbaycanla müqayisə olunması tamamilə məntiqsizdir. Sual olunur, Gürcüstan niyə bu platformada iştirak etdi? Gürcüstan başa düşür ki, Cənubi Osetiya və Abxaziyanın taleyi birdəfəlik həll olunub. Hətta Rusiya Abxaziyanın müstəqilliyini rəsmən tanıyıb. Abxaziyanın müstəqilliyinin digər beş ölkə (Suriya, Nauru, Nikaraqua, Venesuel, Vanuatu) tərəfindən tanınması da məhz Rusiyanın iradəsi daxilində baş verib. Qarabağ isə Azərbaycanın tərkib hissəsidir, 44 günlük müharibədən sonra bu torpaqlar güc yolu ilə geri qaytarıldı və 10 noyabr 2020-ci il tarixində Rusiyanın da imzaladığı razılaşmada Qarabağ Azərbaycan ərazisi kimi təsdiqini tapmış oldu. Burada bircə Xankəndi və hələ də işğal altında olan digər ərazilərimizin taleyi məsələsi diqqət çəkir. Məsələ bundadır ki, Rusiya sülhməramlıları hazırda Qarabağdadır və şimal qonşumuzun üzərinə götürdüyü öhdəliklər var. Təxminən 3 il sonra Rusiya Azərbaycan torpaqlarını tərk etməlidir. Özü də erməni silahlı birləşmələrini təmizləmək şərtilə... Təsəvvür edin, biz hazırda Zəngəzurla bağlı ciddi proses aparırıq. Yox əgər Rusiya bölgədəki situasiyanı dəyişəcəksə, o zaman Xankəndinin gələcək taleyi sual altında qalacaq. Diqqət ediriksə, Rusiyanın əleyhinə yönələn haqlı tənqidlərimizdən dərhal sonra “Dağlıq Qarabağın silahlı birləşmələri...” ifadəsi və Qarabağ probleminin hələ də bitməməsi ilə bağlı fikirlər ortaya atılır. Yəni, hazırki situasiyada Rusiya ilə konfliktə getmək doğru olmazdı. Nəzərə almaq lazımdır ki, Azərbaycan “Krım Platforması”nda iştirak etsəydi, bu, Rusiya-Azərbaycan münasibəltərini gərginləşdirəcəkdi. Ancaq bu o demək deyil ki, Azərbaycan gələcəkdə öz torpaqlarını itirmək bahasına olsa belə, Rusiya ilə münasibətlərini heç vaxt gərginləşdirməyəcək. Elə deyil. Biz ortaya qətiyyət qoymuşuq, Dövlət başçısının konkret tələbləri gündəmdədir. Azərbaycan heç kəsin, xüsusilə də, Rusiyanın işğalçı, irtica siyasətini qəbul etməyəcək. Qısası, ölkəmizin məlum platformada iştirak etməməsi dəqiq konturlara hesablanmış addımdır və bu məsələdə Ukraynaya zərər verəcək heç bir hal yoxdur.

Dördüncüsü, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, hətta beynəlxalq təşkilatlarda Ukraynanın lehinə səs verib. Bütün bu məsələlər beynəlxalq sənədlərdə də öz əksini tapıb. “Krım Platforması” tövsiyə xarakterli bir tədbirdir və Ukraynanın növbəti atacağı addımları bilmədən tədbirdə iştirak etmək mənasız addım olardı.

Beşincisi, Azərbaycanın öz milli maraqları var və atılan bütün addımlar, ən xırda tədbirdə rəsmi iştirak belə, ölkənin xarici siyasətinin mühüm elementinə çevrilir. Ukraynanın strateji tərəfdaşı hesab olunan Çin də bu tədbirdə iştirakdan imtina edib. Regional, milli və dövlətçilik maraqları tərəfdaş mövqeyinə qurban verilməməlidir. Bu məsələdə Azərbaycanı qorxaqlıqda ittiham edənlər bu suala cavab versinlər: Çin də Rusiyadan qorxduğuna görə bu platformada iştirakdan imtina etdi?

Altıncısı, Türkiyənin "Krım Platforması"ndakı iştirakı Azərbaycanın bu məsələ ilə bağlı gələcəkdə verə biləcək ciddi qərarlarının mesajı idi. Rusiya nəticə çıxarmalıdır, biz yox!

Samir Feyruzov