Zəkası zəkasını, əxlaqı əxlaqını izləyən adam

Bu gün tanınmış telejurnalist və millət vəkili Sahib Alıyevin doğum günüdür

Sağ olsun, Mark xatırlatdı.

Bu gün Sahib Alıyevin doğum günüdür.

44 günlük Vətən savaşından sonra Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin məlumatlarında adı tez-tez keçən Basarkeçərin Şorca kəndində 1964-cü ilin bu günündə anadan olub.

Mən Göyçəni, Basarkeçəri, Şorcanı, Şorcada məktəb olmadığından Sahib Alıyevin orta təhsilini aldığı və Azərbaycana onlarla görkəmli alim, pedaqoq, mədəniyyət xadimi bəxş edən Daşkənd köyünü görməmişəm, ancaq təsəvvürümdə canlandıra bilirəm.

Nədən və necə canlandırıram, deyim, siz də bilin.

Tarixə baxaq: əgər bir qitədən başqa bir qitəyə köç edən insanlar öz dilllərini, inanclarını, dəyərlərini qoruya bilsəydilər, mədəni kimliklərini mühafizə etmiş olacaqdılar. Ancaq qoruya bilmədilər, mədəni kimliklərini itirdilər və bioloji əlamətləri ilə fərqləndilər. Demək ki, həm fərdi, həm də ümumi planda tarixi yaddaş, həmin yaddaşın insanın doğulduğu mühitdə nə qədər aparıcılıq edə bilməsi , eyni zamanda, lokal mühiti aşan və zamanca genişlənən müstəvidə qarşıya çıxan kimlik sorunu çox mühimdir. Belə deyək, bir insanın, ailənin fiziki yaşam üçün evə - daimi və güvənli məkana ehtiyacı olduğu kimi, mənəvi-psixoloji nöqteyi-nəzərdən də sığınacağa- kimliyə, mənliyə ehtiyacı var. O kimliyin, o mənliyin əsasını həm sosial, həm də coğrafi baxımdan mühit qoyur, belə demək mümkündürsə, mühit özünü yaddaşlaşdırıb adamlara transfer edir. Bu mənada kəndlər, qəsəbələr, şəhərlər özünü övladlarına yansıdıb. Biz o övladlardan birini tanıyanda, yaxşıca tanıyanda həmin yurd yerlərinin hafizədən kimliyə dönmüş coğrafi və sosial özəlliklərini də təsəvvür edə bilərik. Bu təsəvvürü yaratmayan, yarada bilməyən insan gerçək bir şəxsiyyət kimi formalaşmayıb, demək.

1995-ci ilin may ayında, 18 yaşıma keçəndən iki ay sonra, birinci kursun sonlarında tələbə yataqxanasından tanıdığım bir tanışımın tanışı vasitəsi ilə “Avrasiya” qəzetində çalışmaq istədiyimi izhar etmək üçün Sahib Alıyevin yanına getdim. Bir tərəfdən o zamanın ən populyar nəşrlərinin biri olan “Avrasiya”da yarım gün çalışmaq şərti ilə işə götürüləcəyimə tam inanmırdım, bir yandan da redaksiyaya- “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsinə çatanda gördüm ki, məndən bir neçə yaş böyük, ali məktəbi bitirmək ərəfəsində olan bir nəfər də işə düzəlmək üçün Sahib Alıyevi gözləyir. Məndən fərqli olaraq, o, həddən artıq inamlı idi, inamının da əsasında dayanan ən əsas amil o idi ki, qardaş da Sahib Alıyev kimi Göyçədə doğulmuşdu, hətta dərinə getsən, qohum çıxardılar. Baş redaktor bizi birlikdə qəbul elədi, politologiyadan bir neçə sual, danışdığı qısa bir hekayəni xəbərə çevirmək üçün azca vaxt verdi. “Rəqib”imdən fərqli olaraq suallara ətraflı cavab verdim, hətta Azərbaycan şəraitindəki anologiyalarını sadaladım. Üstəlik, qısa xəbəri də tez və daha dolğun yazdım. Nəticədə “Avrasiya”da işə mən başladım. Sahib müəllimin yerlisi və dərindən axtarsan qohumu olan məzun arxadaş isə, başqa bir redaksiyada iş tapmalı oldu. İndi haradadır, düzü, bilmirəm, amma onu xatırlayıram ki, həmin adam “yeraz”ı qoyub, başqa bölgədən olan birini işə götürdüyü üçün uzun müddət sağda-solda Sahib Alıyevin qarasına danışırdı. Təsadüfə baxın ki, çox illər sonra baş redaktor olaraq mən də oxşar bir seçim qarşısında qaldım. Əvvəldən tanıdığım, mediada təcrübəsi və yaxşı münasibətlərimiz olan bir tanışımı deyil, istedadlı bir tələbəni işə götürdüm, “Gündəlik Teleqraf”ın yüksək iş tempindən qorudum, yönəltdim və bir imza kimi formalaşması üçün əlimdən gələni əsirgəmədim. Necə ki, bütün bunları Sahib Alıyev mənim üçün etmişdi!..

Mənə gəlir ki, Sahib Alıyevin doğulduğu mahalda bir qədim məbəd var, o məbəd yəqin ki, uçuq-sökük bir alban kilsəsidir, həmin kilsəni ermənilər öz adlarına çıxmaq istəsələr də, bərpa etməyiblər, eləcə ağzıgünə qalıb. Niyəsə mən uçuq-sökük, damında gəvən bitən, ziyarətçisiz məbədlərin adam əlindən içərisində iynə atsan, yerə düşməyən məscidlərdən, kilsələrdən, sineqoqlardan daha müqəddəs, daha qutsal olduğunu, onun aurasının ətrafa, mühitə, insanlara, kimliklərə daha çox sirayət etdiyini düşünürəm. Məncə, damında gəvən göyərən, çevrəsində atlar otlayan, üstü ot-ələf basmış cığırlarından biri Göyçə gölünəcən uzanan o qədim kilsəsinin aurası ilə Sahib Alıyevin kimliyində bir DAD EVi qurulub və DAD EVinə malik bir kimlik kiməsə, kimlərəsə təmənnalı, umacaqlı, mentalitetimizə hopmuş “əl-əli yuyar, əl də üzü” prinsipi ilə yanaşa bilməz.

Onu 26 ildir tanıyıram. Necə deyərlər, bir igidin ömrü sayılacaq illər ərzində Sahib Alıyevin bir Allahın quluna nə pislik, mərdimazarlıq, nə də təmənnalı yaxşılıq etdiyinə şahid olmuşam. Bu qədər nəfsi tox, əli və niyyəti düz olmaq, AzTV-də işləyəndə də, deputat mandatına malik olanda da TƏMİZ ADAM kimi qalmaq, əxlaq və dəyərlər sistemindən kənarda bir işə qol qoymamaq insanın özünə, özülündə işığa SAHİB olmasını istəyir, deyilmi?

Bu gün Azərbaycanda ictimai mənada Qazanılmış İmmun Çatışmazlığı Sindromu var.

Biz bir cəmiyyət olaraq ictimai müstəvidə İmmun Çatışmazlığı Sindromunu Çar və sovet imperiyasının müstəmləkəsi olmaqla qazanmışıq.

Müstəqillik dövründə dəyərli bir nəsil yetişib, düzdür, amma sosial şəbəkələr anarxiyasında yalançı ziyalıların, qəlp professorların, saxta vətənpərvərlərin illərcə işıqlı və özünə SAHİB olan adamlarla latent konfliktləri saldırğanlığa çevrilib.

İşığa, aydınlığa SAHİB olanlar Alıyevin timsalında təmizdir, dürüstdür, millidir, öz fəaliyyətində əxlaq kodekslərini, intellekti, dövləti və cəmiyyəti gələcəyə hazırlayan, gələcəyi hazırlayan dövlətin və cəmiyyətin maraqlarını əsas götürür, müsbət ənənələrin ötürücüsü kimi çıxış edirlər.

İçi qaranlıq, xarakteri zəli, yolu zəlil olanların saxta vətən sevgiləri isə, Nüsrət demiş, gec-tez saxta sənəd kimi tutulur, bu sənədlərdən isə, Azərbaycana qarşı təzyiq rıçaqlarını əlində saxlayanların imzası çıxır.

Azərbaycanın ictimai həyatındakı Qazanılmış İmmun Çatışmazlığı Sindromunu aşmağın, yenməyin yolu İNTELLEKTdən keçir.

Azərbaycanda Sahib Alıyev səviyyəsində, dərinliyində nə qədər İNTELLEKT var?

Obrazlı deyəcəm: Bakıdakı M.F. Axundov adına kitabxananın yerini az qala hər kəs, oradakı kitabların yerini isə, kitabxanaçıları bilir.

İntellektual, mənim aləmimdə, nə kitabxananın, nə də kitabların yerini bilən deyil, heç oxuyanların da hamısı deyil, mütaliəsini dünyagörüşə çevirə bilənlərdir.

Bax, bu adamlar çatışmır, azdır mətbuatda, ictimai-siyasi həyatda, bütövlükdə ölkəmizdə.

Amma nə qədər az olsalar da, sağdan-soldan nə qədər basqı altına düşsələr də, bir cığır aça, nümunə yarada bilirlər.

Albert Kamyu deyirdi ki, intellektual - zəkası zəkasını izləyən insandır.

Kamyunun ruhu qarşsında bir az həddimi aşıb əlavə etmək istəyərəm ki, intellektual təkcə zəkası zəkasını izləyən deyil, eyni zamanda, əxlaqı əxlaqını gözətləyəndir.

Doğum gününüz qutlu olsu, zəkası zəkasını, əxlaqı əxlaqını izləyən adam!

Sizi bu həyatda daha çox illər izləməyə dəyər!

Taleh ŞAHSUVARLI