Müxalifətin Lazarus refleksi - ŞƏRH

Azərbaycanın Xankəndinə də, Zəngəzura da yol xəritəsi çoxdan hazırdır

Dövlət isterika ilə, qıyla, sosial şəbəkələrdən verilən ağılla idarə oluna bilməz. Azərbaycan kimi mürəkkəb tarixi dövrdə və coğrafiyada mövcud olan, müstəqilliyini yenicə qazanmış respublikalar isə reflekslərini daha ciddi şəkildə qorumalı və işə salmalıdır. Ötən il baş verən və Azərbaycanın tarixi zəfəri ilə sonuclanan 44 günlük vətən savaşından sonra ən çox üzərində dayanmalı olduğumuz məsələ “dövlət refleksləri” olmalıdır. Qələbəmizi qorumaq, Xankəndində nəzarəti bərpa etmək, Zəngəzur problemini çözmək üçün başqa yolumuz yoxdur. Zaman isbat etdi ki, bu dünyanın ədaləti dəmir yumruğun arasındadır.

Dövlət refleksləri sadəcə siyasi iqtidar təmsilçilərində yox, həm də hakimiyyətə qarşı çıxanlarda- bacardı, bacarmadı, onun yerini tutmaq istəyənlərdə olmalı. Bəlkə də bir az qəribə səslənəcək, ancaq Ulu Öndər Heydər Əliyevin yetirməsi təkcə prezident İlham Əliyev yox, həm də hakimiyyətə qarşı tövründən asılı olmayaraq bütün müxalifət liderləri olmalı idi. Azərbaycanın müstəqilliyini qoruyan və dövlət təşkilatının təməlini atan, öz çapına görə, bizim ərazicə balaca ölkəmizin miqyasından qat-qat böyük olan nəhəng tarixi şəxsiyyətdən fərqli ideologiyaya malik ola, məsələn ondan daha sağda, yaxud solda dayana bilərdilər, amma reflekslərini mütləq mənimsəməli idilər. Bu gün Azərbaycan dövlətinin qarşısındakı ən böyük siyasi sorun məhz budur- müxalifətin dövlət refleksləri əvəzinə, beyin ölümü keçirənlərin əllərini çarpazlamasına deyilən Lazarus refleksinə malik olması. Müxalifətin Marta və Mariya bacıları isə, hələ də İsus Xristosun zühur edəcəyini, illərin ölülərini dirildəcəyini gözləyirlər.

“Uyyy, millət oyan, İlham Əliyev Qarabağı satır”- səsi Bakıya ta okeanın o taylarından gəlir. Özünü öz dediyinə inanırmış kimi göstərmək üçün az qala ağlamsınır da. Bir anlıq fərz edək ki, heç 44 günlük savaş olmayıb, biz bir xalq və dövlət olaraq qalib gəlməmişik.

“Wikileaks” deyilən qaynaqda İlham Əliyevin bağlı qapılar arxasında Azərbaycanın ərazi bütövlüyünü necə qətiyyətlə qoruduğu gün üzünə çıxıb axı...

Mərhum Heydər Əliyevin 1993-cü ilin yayında Bakıya çatar-çatmaz əlini masaya vuraraq “Qarabağı Ermənistana verək, Ermənistan da Rusiyadır demək istəyirsinizmi” deyə Vladimirin Kazimirovun üstünə qışqırmasını elə rus diplomatının özü yazıb axı...

Azərbaycanda dövlət adına bir quruluş olmayanda, Nikol Paşinyan Cıdır düzündə “Yallı” gedəndə yox, Şuşadan Xankəndini ovcumuzun içi kimi görəndəmi torpaqdan vaz keçəcək, bazarlığa çıxardacağıq Qarabağı?

Ötən əsrin sonlarında Azərbaycan torpaqlarının işğal altına düşməsinin əsas səbəbləri bunlar idi:

1) Azərbaycan rəhbərliyinin problemin dərinliyini və münaqişənin miqyasını təsəvvür edə bilməməsi.

2) Güclü mərkəzi hakimiyyətin olmaması;

3) Nizami ordunun, əmr-komanda zəncirinin və peşəkar hərbi taktiki planların olmaması;

4) Ermənilərin Qarabağın işğalına bizim Qarabağı qorumaq imkanlarımızı aşan dərəcədə yaxşı hazırlaşması;

5) Rusiyanın birmənalı olaraq ermənilərin arxasında yer alması;

6) SSRİ nin dağılması kimi nəhəng prosesdə lokal ərazi mübahisələrinin dünyaya "kiçik hadisə" kimi görünməsi;

7) Azərbaycanın müstəqil dövlət kimi yaşamasına inamsızlıq. Bir çoxları etnik, dini, hakimiyyət uğrunda klan savaşlarında Azərbaycanın parçalanacağını, hər hissəsinin bir qonşu dövlətin payına düşəcəyini zənn edirdi. TMR-i yada salın.

Ötən müddətdə Azərbaycan öz coğrafi, siyasi, demoqrafik, iqtisadi resurslarını Ermənistandan fərqli olaraq DÖVLƏT MÜSTƏQİLLİYİnə çevirdi. Azərbaycan çox vaxtında fərq etdi ki, sülh danışıqları imitasiyadan başqa bir şey deyil, 100 il də keçsə, güc tətbiq etmədən torpaqlarını geri ala bilməyəcək. Odur ki, Azərbaycanı sülh danışıqlarında yola verməyə çalışanları rəsmi Bakı da yola verməyə başladı. Bunun qarşılığında hərbi gücünü artırdı və bu gücü tərbiq etməyə ortam hazırladı.

Bundan sonra Qarabağda erməni separatizminin heç bir perspektivi yoxdur. Erməni revanşizmi o zaman güclənə bilər ki, Azərbaycanda mərkəzi hakimiyyətin avtoriteti zəifləsin.

Məhz hakimiyyətin, prezident Əliyevin xalq arasındakı dayaqlarını zəiflətmək üçün illər boyu “hakimiyyət işğal olunmuş əraziləri azad etmək iqtidarında deyil” deyənlər 44 günlük müharibədən sonra da Qarabağ istismar etməyə çalışırlar.

Yeni reallıqları görə, dəyərləndirə, özlərini torpaqlarına sahib çıxmış Azərbaycana uyğunlaşdıra bilmirlər. Vaxtilə Qarabağ problemini həll etmək üçün Finlandiyaya möhtac idik. Finlər cinləri şüşədən çıxarmağa iddialı idi. İndi hər kəsin Azərbaycana təskinlik verdiyi günlər deyil. Əlbəttə, 30 ildir Qarabağ münaqişəsinin iki hərbi, üç siyasi tərəfi olduğunu vurğulayan Rusiyanın Xankəndindəki hərbi cinayətkar dəstəni Azərbaycana “bayram sovqatı” göndərəcəyini düşünmək sadəlövh olar. Amma Üçtərəfli Bəyanat da “indi atəşi dayandıraq, savaşı bitirək, sonrasına sonra baxarıq” məntiqi ilə imzalanmış bir sənəd deyil. Azərbaycanın Xankəndinə də, Zəngəzura da yol xəritəsi hazırdır. Ermənistanda Argişti Kiviryan adlı bir analitik var. Onun sözüdür: “Azərbaycana qarşı atacağımız hər addım başımıza böyük bəla ola bilər. Çünki bizim ordumuz artıq yoxdur”!

O ordu təkcə şücaət, rəşadət, cəsurluq kimi amillərlə darmadağın edilməyib.

O ordu təkcə “Bayraqdar”la, “Harop”la da məhv edilməyib.

O ordu Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif təyanatlı qoşun növlərinin döyüş tapşırıqlarını inteqrasiya olunmuş şəkildə yüksək peşəkarlıqla yerinə yerirməsinin nəticəsi olaraq “yoxa çıxıb”. Düz bir ildir torpaqlarımızdan leş daşıyırlar, hələ bir neçə il də sümük qırıntıları axtarası olacaqlar.

Siz heç bilirsiniz Şuşanı sıldırım qayalıqlarına əliyalın dırmaşan cəngavərlər harada, necə, nə qədər vəsaitə təlim keçmişdi?

Taleh ŞAHSUVARLI