Vaşinqton Bakıya təzyiq göstərərsə, Azərbaycan “uzaq qohumdansa, yaxın qonşular”ı üstün tutacaq Vaşinqton Bakıya təzyiq göstərərsə, Azərbaycan “uzaq qohumdansa, yaxın qonşular”ı üstün tutacaq

Linn Treysi İrəvanda səfirdir, yoxsa portfelsiz nazir?

Vaşinqton Bakıya təzyiq göstərərsə, Azərbaycan “uzaq qohumdansa, yaxın qonşular”ı üstün tutacaq

Amerika Birləşmiş Ştatlarının İrəvandakı səfiri Linn Treysinin fəaliyyəti diplomatik missiyanın çərçivələrini aşmış kimi görünür. Əlbəttə, hər kəs yaxşı başa düşür ki, hər hansı bir dövlətin münasibətləri düşmənçilik səviyyəsində olan iki müxtəlif ölkədəki səfirləri yerli xalq və hakimiyyətlə münasibətlərini yaxşı saxlamaq üçün şəraitə uyğun açıqlamalar verirlər. Ancaq bəlkə də İrəvana səfir göndərilməzdən öncə məruz qaldığı ABŞ-daki erməni diasporasının maraqlarından çıxış edən Bob Menendez kimi senatorların çək-çevirinə bir daha düşməmək üçün sovetşünas diplomat özünü Ermənistan siyasətçisi, hətta bir az da qabağa gedərək yerli hökumətin “portfelsiz nazir”i kimi aparmağa başlayıb. O, sanki diplomatik mandat sahibi kimi yox, məhz portfelsiz nazir kimi Ermənistanın dörd tərəfini gəzir, ermənilər arasında Azərbaycana qarşı mövcud olan ksenofobiyanı körükləyir, hakim və siyasi elitaya yol göstərir, sərhəddə Azərbaycan əsgərinin atəş məsafəsinə gələrək daha bir “qəhrəmanlıq medalı”nı da Nikol Paşinyandan almaq istəyir.

Budur, Treysi Azərbaycana, əslində, Azərbaycanla yanaşı Türkiyə və Rusiyaya da barmaq silkələyərək deyir:

“Biz hər şeyi edirik ki, tərəflər Minsk Qrupunun danışıqlar masasına qayıtsın. Çünki biz hesab edirik ki, mövcud problem ancaq danışıqlar yolu ilə nizamlanmalıdır. ”

O, sözlərinə belə davam edir:

“Dövlət katibi Blinken bizim bu qətiyyətimizi çatdırıb. Əlbəttə, 30 illik müharibə şəraiti və gərginlik bir gecədə sonlana bilməz. Xüsusi məqamlar var ki, biz onlara ciddi əhəmiyyət veririk. Xüsusən, biz hesab etmirik ki, Dağlıq Qarabağın status məsələsi həll olunub. Bu məsələ Minsk Qrupunun gündəliyində qalmaqda davam edir”.

Beləliklə, Linn xanımın hədəsindən belə məlum olur ki:

- ABŞ Qarabağ münaqişəsinin bitməsini qəbul etmək istəmir;

- ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə “sülh danışıqları”nın bərpa olunmasını təkidlə tələb edir;

- Danışıqların əsas mövzusunun “Dağlıq Qarabağ”ın statusu olmasını istəyir.

Treysinin bəyanatında çox incə bir məqam var. Diqqət edin, o, qeyd edir ki, 30 illik müharibə şəraiti və gərginlik bir gecədə sonlana bilməz. Gəlin, baxaq, doğrudanmı, Qarabağ savaşı “bir gecədə” sonlanıb?

Əlbəttə, yox!

Əvvəla, Azərbaycan ABŞ səfirinin nəzərdə tutduğu gecəyə- 10 noyabr 2020-ci ilə qədər 44 günlük əks-hücum əməliyyatı aparıb, ordusuna “irəli” əmri verib, ölkədə səfərbərlik elan olunub, minlərlə şəhid və qazinin qanı bahasına öz torpaqlarını düşmən işğalından azad edib. 10 noyabr gecəsi 44 sutka yatmayan bir xalqın, bir ordunun, bir Ali Baş Komandanın BMT-nin və digər beynəlxalq təşkilatların 30 ilə yaxın bir müddətdə icra olunmayan qətnamələrinin, qərarlarının gerçəkləşdirilməsidir.

İkincisi, madam 10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyanat Vaşinqtonu məmnun etməyib, o zaman sualı özünə verməlidir ki, nədən ötən 30 il boyunca Azərbaycanın rəsmən tanıdığı ərazi bütövlüyünün bərpası, BMT qətnamələrinin yerinə yetirilməsi üçün heç bir təsirli addım atmayıb, işğalçıya qarşı sanksiyalar tətbiq etməyib?

Üçüncüsü, nədən 30 davam edən “müharibə şəraitinin və gərginliyinin” birdəfəlik aradan qalxması üçün ən sadə resepti- Azərbaycanın və Ermənistanın bir-birinin dövlət müstəqilliyini, ərazi bütövlüyünü tanımasını, bunun üçün Bakının İrəvana göndərdiyi “Sülh müqaviləsi”nin imzalanmasının vacibliyi vurğulanmır, tam əksinə, bölgədə yeni eskalasiya təhlüksi yaradan “status” məsələsi gündəmə gətirilir?

Xanım Treysi də bilməlidir ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur. Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyan bütün dövlətlər, o cümlədən ABŞ suveren hüquqlarımıza hörmət etməli, bu gerçəklə barışmalıdırlar. Yox, ABŞ status məsələsinə belə çox həssasdırsa, Los Ancelesdə ermənilərin kompakt yaşadığı Qlendeylə istədiyi statusu versin, canı çəkirsə, Arayik Arutyunyanı da Xankəndindən aparıb ora rəhbər təyin etsin.

Heç kimə sirr deyil, 44 günlük savaşdan sonra Xankəndində hərbi-cinayətkar xuntanın qalıqları müvəqqəti olsa da, qalmaqdadır. Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyan bütün dövlətlər, o cümlədən ABŞ Üçtərəfli Bəyanata əsasən, cinayətkar ünsürlərin beynəlxalq hüququn subyekti olan bir dövlətin ərazisində ələ keçirmiş olduğu hakimiyyətə son verilməsinə dəstək çıxmalıdırlar.

“Soyuq müharibə”dən sonra özünü dünyanın “ədalət jandarmı” elan etmiş ABŞ-ın İrəvandakı səfirinin açıqlaması isə, Azərbaycanın suveren hüquqlarına qarşı böyük və kobud hörmətsizlik olmaqla yanaşı, Ermənistanı revanşa, Xankəndindəki hərbi-cinayətkar dəstələrin qalıqlarını isə, separatizmə həvəsləndirmək, bununla Qafqazı yenidən qanlı münaqişələr ocağına çevirmək cəhdidir.

ABŞ-ın “Qafqaz siyasəti” heç zaman dolğun, prinsipial və ardıcıl olmayıb.

SSRİ-nin süquta uğrayacağını proqnozlaşdıran ABŞ ən böyük rəqibinin tarix səhnəsindən silinməsi üçün istifadə etdiyi kartlardan biri də məhz ermənilər idi. Məlum olduğu kimi, ermənilər ABŞ-da böyük maliyyə qaynaqlarına malik olan xüsusi şəbəkədir. Diaspor erməniləri SSRİ-nin ABŞ-a, ABŞ-ın isə, SSRİ-yə qarşı kəşfiyyat oyunlarında əsas alətlərdən idi. ABŞ diaspor təşkilatları vasitəsi ilə ermənilərin ərazi iddialarını qızışdıraraq SSRİ dağılması üçün həssas bölgələrdən olan Qafqazın güneyində münaqişə ocağı yaratdı. Elə ki SSRİ dağıldı, ABŞ müstəqillik qazanmış keçmiş sovet respublikalarının çoxunu taleyin ümidinə buraxdı.

ABŞ SSRİ-nin dövlət müstəqilliyini tanıyanda Baltikyanı ölkələr Moskvaya tabe deyildi. Sovet imperiyasının dağılması ərəfəsində ABŞ Moskvaya “biz sizi dövlət olaraq Baltikyanı ərazilərlə birgə tanımamışıq. Bu respublikaların ərazisi işğal edilib. Onların müstəqilliyinə xələl gətirilməməlidir” deyə təzyiqlər edir, qalanlarını isə, Rusiyanın nüfuz dairəsində görməkdən narahatçılıq keçirmirdi. Qafqazdakı etnik ərazi münaqişələri həm də məhz bu səbəbdən müşkülə döndü. Məhz ABŞ-ın dolğun, prinsipial və ardıcıl olmayan Qafqaz siyasəti ilə Gürcüstan Abxaziya və Cənubi Osetiyanı itirdi. Azərbaycan isə, Gürcüstandan fərqli olaraq, rəngli inqilablar avantürasına meyillənmədi, dəngələri düzgün qiymətləndirdi, çevik və qətiyyətli siyasət yürüdərək müstəqilliyini genişləndirdi, ərazi bütövlüyünü təmin etmək üçün zəmin formalaşdırdı. Azərbaycan Rusiya və İranla müstəqillik uğrunda kəllə-kəlləyə gələndə ABŞ Azərbaycana qarşı maliyyə sanksiyaları tətbiq edir, Ermənistana isə, kisə-kisə pullar göndərir, Xankəndindəki hərbi xuntaya yardımlar edirdi.

Halbuki, ABŞ-ı xeyli dərəcədə Orta Şərqin enerji ehtiyyatlarına asılılıqdan qurtaran Azərbaycan idi. ABŞ Qafqaza ciddi baxışlarla nəzər salmağa vadar edən Rusiyanın for-postu Ermənistan, yaxud Bakının dəstəyi olmasa, Ermənistandan betər for-post olacaq Gürcüstan deyil, məhz Azərbaycan idi. Azərbaycanın müstəqilliyi Qafqazı nüfuz dairəsinə salmaq üçün ABŞ-a böyük şans yaratmışdı, Vaşinqton bu tarixi fürsəti qaçırdı. Yəqin ki, mərhum Heydər Əliyevin hakimiyyətinin ilk illəri yadınızdadır. Azərbaycan nefti və qazı Qərb bazarına çıxmalı idi, açıq dənizlərə çıxışı olmayan ölkəmiz üçün enerjinin nəqli üçün qurudan keçən marşurutlara ehtiyac vardı. Ən optimal yol Ermənistandan keçirdi. Bunun üçün isə, Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalı, Ermənistan işğalçılıq siyasətindən əl çəkib torpaqlarımızı qaytarmalı idi. Qafqazın açarı ABŞ-ın əlinə düşmüşdü. İtirdi. Özündə saxlamağı bacarmadı, bacarmağı istəmədi.Bakıdan Ceyhana kəmər Tbilisidən çəkildi. Bununla da ABŞ Dağlıq Qarabağ münaqişəsini nizamlayan vasitəçi tərəf kimi öz rolunu strateji baxımdan Rusiyaya uduzdu. Azərbaycan isə neft ixracından əldə etdiyi pulları hərbi büdcəsinə yönəltdi və yaranan ilk fürsətdə Rusiyanı neytrallaşdıraraq torpaqlarını azad etdi.

Qarabağda qarı düşmən əzilib, qapı örtüləndən sonra, ABŞ-ın Azərbaycana məşhur “kökə və dəyənək” siyasəti ilə yanaşması heç bir halda, “Ağ ev” üçün səmərəli olmayacaq.

İlk növbədə ona görə ki, Azərbaycan Rusiya və İran kimi dünyada hegomoniya uğrunda ABŞ-a qarşı çıxan dövlətlərlə, o cümlədən NATO üzvü olmasına baxmayaraq, anti-amerikanizmin güclü olduğu Türkiyə ilə qonşudur. Müstəqillik məsələsində ABŞ bizim üçün “uzaq qohum”dur, ancaq Vaşinqton Bakıya təzyiq göstərərsə, Azərbaycan bu “uzaq qohum”dansa, “yaxın qonşular”ı üstün tutacaq.

Digər tərəfdən, Azərbaycanda İran və Rusiyanın bütün cəhdlərinə rəğmən, heç zaman anti-amerikanizm dalğası formalaşmayıb. 44 günlük savaşda qalib gəlmiş bir xalqın qurmuş olduğu dövlətə ərazi bütövlüyü ilə bağlı təzyiqlər göstərmək Azərbaycanın ideoloji sistemində anti-amerikanizmin əsas platformalardan birinə çevrilməsinə təkan verəcək. Bu, uzun illərdir Azərbaycana teokratiya ixrac etmək istəyən İran üçün xüsusi imkanlar yaradır. Böyük tabloya baxanda isə, ABŞ-ın Azərbaycan problemi yoxdur, İran problemi var.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru