Ehtimal olunan İran-İsrail savaşında kim qazana bilər? Ehtimal olunan İran-İsrail savaşında kim qazana bilər?

İRAN ZURNANIN "ZIRT" DEDİYİ DƏLİYƏ DÜŞÜB

Ehtimal olunan İran-İsrail savaşında kim qazana bilər?

İran mollalarının 44 günlük Qarabağ savaşında zəfər qazanmış Azərbaycana "göz dağı" vermək üçün Araz boyunca hərbi təlim keçməsi, mollalarının dilindən Azərbaycanı hədələməsi gözlənilməz deyil. Bu addımlar hər nə qədər gözlənilməz olmasa da, məntiqli və rasional da deyil. Belə ki, Azərbaycan əhalisinin çoxu müsəlman və şiə olan bir ölkədir, məntiqə görə, İran hər addımda Ermənistanın yox, bizim yanımızda olmalı idi. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra tam əksini görürük.

Müstəqil Azərbaycan üç böyük imperiyanın varisi olan üç böyük ölkə ilə sərhədə malikdir- Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, İran İslam Respublikası.

SSRİ-nin dağılması və Azərbaycanın müstəqilliyinin qazanılması ərəfəsində TC öz etnik qardaşlarının istiqlaliyyətinə barmaqarası baxırdı. Əvvəla ona görə ki, Ankara SSRİ-nin dağılmasından sonra Rusiyanın Qafqazın ipini buraxacağından əmin deyildi, Qafqaz uğrunda savaşa girib Rusiya ilə pisləşmək istəmirdi. Osmanlı-Rusiya savaşlarında hər zaman məğlubiyyətə düçar olmuş, ərazi itirmişdilər, o üzdən bir qədər özlərinə inanmırdılar. Ancaq tezliklə Ankara başa düşdü ki, SSRİ-dən sonra Rusiyanın özünə gəlməsinə çox uzun illər lazımdır və dünyanın dəngələri sürətlə dəyişir. O üzdən Azərbaycanın istiqlaliyyətinə dəstək çıxdı. Ancaq bu dəstək Ərdoğan iqtidara gələnədək heç zaman birmənalı və umacaqsız olmadı. Bircə onu yada salmaq lazımdır ki, 1995-ci ilin mart hadisələrində Türkiyə kəşfiyyatı yaxından iştirak etmişdi. Ərdoğanın xarakteri ilə Türkiyənin ali dövlət maraqlarının birləşməsi Azərbaycan üçün şansa çevrildi. Azərbaycan və Türkiyə gerçəkdən "bir millət-iki dövlət" oldu.

1993-cü ildir. Heydər Əliyev iqtidara yeni gəlib. Rusiya diplomatları işğal altına düşən Qarabağla bağlı danışıqlar aparmaq üçün Əliyevin qəbulundadırlar. Danışıqlar çox gərgin keçir. Heydər Əliyev səsini ucaldır və diplomatik heyətin rəhbərindən qətiyyətli tonla soruşur:

"Doğrudanmı, siz anlamırsınız ki, artıq I Pyotrun zamanı deyil?"

Rusiyanın bunu anlaması üçün 30 ilə yaxın zaman lazım oldu. Haradasa 30 ildən sonra Rusiya Qarabağda başlayan hərbi əməliyyatlara bir müddət neytral qaldı və Azərbaycan ordusu Xankəndiyə dirənənə qədər Ermənistanı yola verdi. Bu gün Rusiyanın sülhməramlıları Qarabağdadır. Bu, əlbəttə, problem yaradan məsələdir. Ancaq geostrateji baxımdan bu həm də o deməkdir ki, Rusiya Qarabağda öz mundiri ilə mövcuddur, erməni seperatçılarının saxta poqonu altında fəaliyyət göstərmir. Münasibətlərin şəffaflaşması bizim lehimizədir ona görə ki, RF-nın Ermənistana ehtiyacı azalıb.

İran İR isə, bizimlə münasibətdə daha mürəkkəb ölkədir. Çünki bu dövlətin qüdrətli imperiya keçmişi- Səfəvilər, Əfşarlar və Qacarlar biz Azərbaycan türklərinin xanədanlarıdır. Şərqin bu üç qüdrətli imperiyasının etnik varisləri bizik- Azərbaycan türkləri. Təbriz, Qəzvin, İsfahan və Tehran kimi paytaxtları məhz biz Azərbaycan türkləri paytaxt etmişik, fars mollaları yox. Bununla belə, imperiyanın "hüquqi" varisi Azərbaycan deyil, Azərbaycan Xalq Cümhuriyyətindən 61 il sonra elan olan İİR-dır. Normal məntiqlə yanaşsaq, nə cür ki Azərbaycanın müstəqilliyi Türkiyə üçün cazibədardır, eyni davranışı dini baxımdan İİR göstərməli idi. Amma göstərmədi, göstərmir, göstərməyəcək də!

Nədən?

Bunun kökləri tarixə- Qarabağ xanı Pənahəli xana gedib çıxır. Əfşarların çöküşündən sonra tarixi bir sual meydana çıxmışdı: İran coğrafiyasındakı türk imperiyasının paytaxtı Tehran olacaq, yoxsa Şuşa? Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumunun əsas hədəfi də bu idi. Məsələ çözülməli idi. Bu hücum Qarabağ xanlığının Səfəvi və Əfşar imperiyalarının siyasi varisinə çevirilməsinə imkan vermədi, amma Ağa Məhəmməd şah Qacar da Şuşadan sağ çıxmadı. Əgər Qacarlar və Cavanşirlər arasındakı mücadilədə zəfər Qarabağ xanlarının olsaydı, Səfəvi Məhəmməd Xudabəndədən sonra türk imperiyalarının boğazına keçmiş fars bürokratiyası dövlət təşkilatından kəsilib atılacaqdı.

Əgər diqqət edirsinizsə, şimali Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunandan sonra, Qafqaza çox sayda erməni ailəsi köçürüldü və onlar əsasən Qarabağla İrəvan xanlığında yerləşdirildilər. İran bu məsələyə daxilən müsbət yanaşdı. Çünki Rusiyanın məqsədi bölgədə etnik passionarlığı və aristokratik zümrələri aradan qaldırmaq idi ki, bu, elə getdikcə daha çox farslaşmaqda olan Şərq imperiyasındakı bürokratiyanın da maraqlarına uyğun görünürdü. Bu gün Azərbaycana və Ermənistana münasibətdə Osmanlının, xeyli dərəcədə rus imperiyasının baxışı dəyişib, yeni reallıqlara uyğun siyasət anlayışı meydana çıxıb. Amma Tehran "dediğım dedıxdır" deyib dayanıb. Bunun ən önəmli səbəbi isə budur ki, İran dünyadan dışlandığına görə, çağdaşlıqdan geri qalıb.
Bəli, İranın vəziyyəti ağırdır. Şimalda müstəqil və qalib Azərbaycan, digər yanında Türkiyə var. Uzun illər müharibə apardığı İrak ən böyük düşmənlərinin kontrolundadır. Suriyada vəziyyət lehinə deyil. Əfqanıstanda sünni antipodu "Taliban" iqtidara gəlib. Pakistanla heç vaxt səmimi münasibətdə olmayıb. Türkmənistan KTMT-də Rusiyanın yanındadır, ayrıca, Rus ordusu şimal sərhədlərinin də bir addımlığındadır. Bir sözlə, İran tam mühasirədədir və mühasirədə olan ölkənin ən çox qorxduğu Azərbaycan-Türkiyə- Rusiya-Pakistan hərbi ittifaqıdır. İsrail-ABŞ- Böyük Britaniya ittifaqı ilə yanaşı belə bir anti-İran blokunun meydana çıxması, Əfqanıstan və Türkmənistanın da oyundan kənar qalmayacağını nəzərdə alanda İranın iflası deməkdir.

İranın ən böyük düşməni İsraildir. ABŞ və Böyük Britaniya daha çox İranda rejim dəyişikliyini hədəfləyərkən İsrail İranın parçalanmasını təklif edir. Bu baxımdan İsrailin strateji maraqları Azərbaycanla tam üst-üstə düşür.

Ehtimal olunan İran-İsrail savaşında kim qazana bilər?

İsrailin İranla birbaşa sərhədi yoxdur. Odur ki, assimmetrik savaş gedəcək. İran donanması İsraildən güclüdür. Onun bir neçə zəif gəmisini Aralıq dənizində İran tezliklə məhv edə bilər. İran İsrailə dənizdən hücum etmək üçün uzun yollardan keçməlidir. Əgər çata bilsə, İsrail Aralıq dənizi savaşında tək olmayacaq, müttəfiq donanmalarla birgə hərəkət edəcək. Bu zaman İranın İsraili donanma ilə işğal etmək imkanı "0" olacaq.

İranın İsrailə ciddi uçaq və PUA zərbələri endirməsi mümkün deyil. İsrail HHM sisteminə görə dünyanın ən güclü qalxanına malikdir. İranın Suriyadan və digər quru ərazilərdən İsrailə atacağı raketlər şahmatdakı "təsəlli şahverməsi" adlanan gedişlərə bənzəyəcək. Bunun müqabilində, İsrail İranın bütün əsas hərbi obyektlərini, arsenalını, infrostrukturunu məhv edərək İraq üzərindən bu ölkəyə girəcək. Bu əsnada başqa bir hadisə də baş verəcək. Güney Azərbaycan türkləri ayağa qalxaraq İran rejimindən azad olmaq istəyəcək.

Bütün bunlar dünyanın aparıcı analitik nəşrlərində, hətta Youtub kanallarında çoxdan müzakirə edilən versiyalardır.

Odur ki, heç kəs narahat olmasın, Arazın güney sahilində təlim keçən İİR zurnanın "zırt" dediyi dəlikdədir. Nə olur-olsun o dəlikdən "zırt"dan başqa səs çıxmayacaq.

Taleh ŞAHSUVARLI