Cənablar, bəs, fəxri məzunlar harada idi? Cənablar, bəs, fəxri məzunlar harada idi?

Nazirliyin və Vidadi İsayevin xəlvəti məktəb açılışı

Cənablar, bəs, fəxri məzunlar harada idi?

Əslində xoş, olduqca xoş bir gündür.

Elə bir gündür ki, heç bir şəkildə üstünə kölgə salmaq mümkün deyil.

Bərdə rayonunun Qaradəmirçi kəndində yeni orta məktəb binası istifadəyə verilib.

Dünən!

Xəyal məni uşaqlıq illərinə aparır.

Altı cırıq idman ayaqqabılarında palçıqlı yollarla nə qədər məsafə qət edir, soyuq, darısqal, heç bir təminatı olmayan “məktəb” adlanan binada dərs keçirdik.

Sonra məktəb təzələndi, yeni bina tikildi, amma...

Ortaya düşən Qarabağ müharibəsi zamanı qaçqınlar və məcburi köçkünlər həm yeni, həm də köhnə məktəb binasında məskunlaşdığından şagirdlər çöldə qaldılar.

Mən Bakıya gəldim, təhsikimi paytaxtda davam etdirdim, amma hər dəfə rayona gedəndə, sinif yoldaşlarımla görüşəndə onları köhnə klubun, kolxoz idarəsinin binasında, soyuq divarlar arasında büzüşən gördüm.

Şükür bu günə!

Fəqət...

Yeni məktəb binası açılır, xəlvət-xəlvət.

AzərTAC rəsmi məlumat yayıb bu barədə, şəkillərə baxıram.

Azərbaycan dövlətinin büdcəsindən maliyyələşərək tikilən məktəb binasının açılışını bu qədər urvatsız şəkildə etmək başqa cür mümkün deyildi.

Tədbirdə iştirak edir: Məktəb direktoru, nazir müavini, yerli təhsil şöbəsinin nümayəndələri, icra başçısı, bir də bizim camaatın hər dərdinə-sərinə yanan millət vəkili Zahid Oruc.

Bəs, hanı bu məktəbin fəxri məzunları?

Bu məktəbin test üsulu ilə BDU-ya daxil olan ilk məzunu mən olmuşam. Məndən öncə və sonra ali təhsil alanlar olub, amma test üsülu ilə ilk ən yüksək nəticəni mən göstərmişəm. Təhsildəki ilk uğurlarımı Qaradəmirçi məktəbindən xüsusən Roza müəlliməyə və Sərdar hocama, daha sonra Nizami, İsmayıl, Ələsgər, Möhübbət, Vaqif, Əvəz müəllimlərə, Alidə, Gülxanım, Solmaz, Yeganə, Səyyarə, Ziyafət, Xavər, Ulduzə, Münəvvər, Zəminə, Cəmilə müəllimələrimə borcluyam. Aralarından rəhmətə gedənlər də var, yerləri behişt olsun. Əgər kimlərinsə adını çəkmədimsə, bağışlasınlar, məqsədim hörmətsizlik etmək deyil.

Sayğı ilə andığım müəllimlərdən biri də elə direktor Hakim müəllimdir. Mən 7-ci sinifdə oxuyanda yuxarı siniflərin həll edə bilmədikləri tənlikləri çözmək üçün məni dərsdən çıxardıb öz sinfinə çağırar, nümunə göstərərdi. Öyünmək olmasın, məni nümunə şəklində Qaradəmirçi kəndinin bütün müəllimləri göstərib. Məhz bizim- Mahirin, Vüqarın, Anarın, Vəfanın və digərlərinin yaratdığı nümunə ilə Bərdənin Qaradəmirçi kənd məktəbi bu gün ölkəyə ən çox tələbə verən təhsil ocaqlarından biridir.

Bu məktəbin məzunları 44 günlük Vətən savaşında iştirak edib.

Bu məktəbin məzunları 44 günlük savaşda polkovnik rütbəsində Azərbaycan ordusunun artilleriya hücumlarının taktikasını hazırlanmasında iştirak edib.

Bu məktəbin məzunları BDU, ATU, ADNSU, BANM, ADU, APU, UNEC, Xəzər, GAU, GDU kimi ölkənin ən yaxşı universitetlərini bitirərək öz sahələri üzrə mükəmməl kadr kimi yetişiblər.

Sadəcə, özləri deyil, harada təhsil almasından asılı olmayaraq, övladları da çox yüksək nəticələr göstərib. Mənim bir övladım BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində ingiliscə təhsil alır, digər övladım isə ABŞ-ın Corciya Universitetinin proqramı ilə ADNSU-nun İqtisadiyyat və Menecment fakültəsində ingiliscə oxuyacaq.

Bunlar hamısı ənənədir.

Bu ənənənin təməli “məktəb” deyilən müqəddəs ocaqda formalışıb.

Roza müəllimə məktəbə getdiyim ilk gün nəinki kiril, hətta ərəb qrafikasının bütün hərflərini tamamən bildiyimdən agah olub məni arxa partalardan ön cərgəyə keçirməsəydi, Allah bilir, indi hansı küllükdə eşələnirdim.

Bəzən bir jest insanın bütün həyatını dəyişir.

Doğma məktəbimizin açılışı olub.

Sizlərə səslənirəm, cənab Təhsil naziri, dostum Emin Əmrullayev, Bərdə Təhsil Şöbəsinin adını belə bilmədiyim yalançı qəhrəmanları- bu sözümdən inciməyin, bütün ölkədə olduğu kimi, Bərdədə təhsilin uğur göstəriciləri repetitorlar yaradır,- möhtərəm icra başçısı Vidadi İsayev, məktəb direktoru, müəllimim Hakim Ələkbərov, necə nümayiş etdirdiniz təhsildə ənənələrin rolunu bizim pırıl-pırıl cocuqlara?

Sizin ümumiyyətlə, elmdən, təhsilin təşkilindən azacıq da olsa anlayışınız varsa,- olduğuna əsla şübhə etmirəm- bilirsiniz ki, biliklər nəsildən-nəsilə ötürülən informasiya məcmusudur və bu səbəbdən də təhsildə ənənələrə istinad etmək mütləqdir.

Ənənə var idimi Qaradəmirçi kəndinin yeni məktəbinin açılışında?

Yox idi!

Süni, saxta, başdangetdi səhnələr quraşdırmışdınız.

Bu məktəbin şəhid məzunlarının valideynləri harada idi?

Bu məktəbin döyüşçü oğlanları, əsgər anaları harada idi?

Bu məktəbin fəxri olan məzunlar harada idi?

Bu məktəbin tikintisinə cənab Prezident pul ayırıbsa, axı siz kimsiniz ki, yaxşı ənənəsi olan bir təhsil ocağımın yeni binasının açılışını bu cür xar, bu cür urvatsız edəsiniz?

Örkəniniz özünüzə uzun görsənir?

Lap yaxşı, "qara maskalılar"ın sayəsində “doğanaq”dan keçərsiniz bir gün!

Mənim bu günə qədər nə Bərdənin icra başçısı Vidadi İsayevlə, nə də digər həmyerlilərimlə bir sorunum olub.

Əksinə, həmişə qahmar çıxmışam ki, el-obadır.

O cümlədən Təhsil naziri Emin Əmrullayevlə şəxsi tanışlığım var, yeri gələndə, güvəndiyim adamdır.

Amma madam nümunəvi bir məktəbin açılışını bu qədər urvatsız etdilər, qırmızı qulluqlarına iradlarımızı ərz etmək lazımdır.

Görərik, qulluq sahibi nə qədər olacaqlar.

O məktəb bütün hallarda, mənə doğmadır!

Bütün şagirdləri təbrik edirəm!

Taleh ŞAHSUVARLI