Erməni diasporu Azərbaycan əleyhinə kimləri və necə maliyyələşdirir?

Düzgünlükdən və şəffaflıqdan danışanlar NED-dən maliyyələşdiklərini boyunlarına almırlar

u gün Azərbaycana bir neçə cinahdan çox ciddi təzyiqlər göstərilir. Bu təzyiqlərin arxasında dayanan səbəb eynidir. Ötən il baş verən və Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük savaşda torpaqlarımızın işğaldan azad edilməsi ATƏT-in Minsk Qruuna daxil olan ölkələri, o cümlədən cənub qonşumuz İranı məmnun etməyib. Rusiya sülhməramlıları Xankəndi və ətrafında öz mandatlarına uyğun olmayan hərəkətlər edir, İran Arazın qırağında hərbi təlim keçir, Fransa prezidenti Emmanuel Makron həftədə bir neçə dəfə Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edərək “münaqişənin bitmədiyini” söyləyir, ABŞ-ın İrəvandakı səfiri Linn Treysi “Dağlıq Qarabağın statusundan və öz müqəddəratını təyin etmə hüququ”ndan danışır. İranın Azərbaycana təzyiq rıçaqları bəllidir. Mərceyi-təqlid instititu vasitəsi ilə bir çox vətəndaşlarımızın ipini öz əlində cəmləyib, Azərbaycana daxildən təzyiq üçün dindar qruplar formalaşdırıb. Rusiya 2013-cü ildə Moskvadakı azərbaycanlı milyarderlər vasitəsi ilə əvvəlcə “Ziyalılar Forumu” qurdu, ardınca “Milli Şura” adlanan qurumu yaratdı. Ən müxtəlif üsullarla öz təsir dairəsində olanların bir çoxunu həmin quruma cəmləyərək Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə yön verməyə çalışdı. ABŞ və Qərb ölkələri isə, heç kimə sirr deyil ki, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda sivil quruluşlar və vətəndaş cəmiyyəti liderləri formalaşdırmaqla yerli hakimiyyətlərə təzyiq etmək üçün “kolon”lar düzəldir. Bu cür təşkilatlara və “lider”lərə pullar ən müxtəlif fondlardan ötürülsə də, ümumi adları “sorosçu”lardır. Bir də işin içində Ermənistan hökuməti, kəşfiyyatı və xaricdəki erməni diasporası var. Erməni diasporunun fəalları beynəlxalq fondlarla, layihələrlə sıx təmasdadır və onların əli ilə öz mesajlarını Azərbaycanın içinə ötürə bilirlər.

Şəkildə gördüyünüz ABŞ vətəndaşı Krsitina Puşau, yanındakı isə ABŞ-dakı erməni diasporunun başqa bir fəalı Karen Köçəryandır. Foto Dubayda çəkilib. Kristina etnik kökəncə ermənidir, ya deyil, fərqi yoxdur. Ancaq 100 % həqiqətdir ki, Puşau Cənubi Kaliforniya Universitetində təhsil alarkən- 2012-ci ildə ali məktəbdəki Erməni Tələbələr Cəmiyyətinin liderlərindən olub, Azərbaycana və Türkiyəyə qarşı çox saylı tədbirlərin, aksiyaların təşkilatçısı olub. Günlərin birində o keçmiş SSRİ məkanında “rəngli inqilab” layihələrinin simvolu Mixail Saakaşvilinin lobbi fəaliyyətinin təşkilatçısına çevrilir, polit-texnoloq kimi Gürcüstanda siyasətə qarışır və Tiflisdə QHT yaradaraq azərbaycanlıları da başına toplayıb təlim keçir.

Əgər yadınızdadırsa, 2018-ci ilin lap sonlarında “Azadlıq” qəzetinin sabiq əməkdaşı, Avropaya mühacirət etmiş Fikrət Hüseynli Ukraynada hava limanında saxlanılmışdı. Az sonra Hüseynli həmin ölkədən deport edildi, Hollandiyaya qayıtdı və “azadlığa qovuşması üçün” Kristina Puşauya xüsusi təşəkkür etdi. Erməni diaspor quruluşlarından birinin açıq və fəal nümayəndəsinin tumanını başına çırmalayıb Avropada yaşayan azərbaycanlı siyasi fəalın müdafiəsinə qalxması, bütün əlaqələrini işə salıb onun Hollandiyaya göndərilməsinə nail olması iki “sirr”in üzünü açır. Birincisi, Azərbaycanda insan haqları, siyasi plüralizm, media, mülkiyyət, etnik və dini haqlar kimi mövzuların qara rənglə qabardılması erməni diasporunun maraq dairəsindədir. İkincisi, bu istiqamətdə fəaliyyət göstərənlərə erməni diasporu təmasda olduğu fondlar vasitəsi ilə ciddi dəstək verir.

Bu günlərdə başıma bir hadisə gəldi. Leyla Yunusun əri Arif Yunusun “CivilNet” adlı erməni internet saytına verdiyi video müsahibəni izlədim. Təəssüratlarımı öz Facebook profilimdə də paylaşaraq Arif Yunusun müsahibəsinin Azərbaycanın milli maraqlarına qarşı yönəldiyini vurğuladım. Təsəvvür edin, 10 noyabr 2020-ci ildən sonra erməni propoqandası Azərbaycanın qələbəsini gözdən salmaq üçün nəyi planlayıbsa, Arif Yunus onların hamısnı tutuquşu kimi təkrarladı. İndi Avropada sığınacaq almaq istəyən,- bəlkə də artıq alıb- bir nəfər var, köhnə jurnalistlərdəndir, açığı onu pis adam kimi tanımırdım. Cənab əvvəlcə Arif Yunusun belə bir müsahibə vermədiyini iddia etdi, link atdım, intervyüdəki məqamları tuta bilməsi üçün erməni propoqondasının əsas tezisləri barədə öz təhlil yazımı da göndərdim. Üstündən bir xeyli keçdi, mühacir həmkarım mənə dişinin dibindən çıxanı yazdı ki, bəs, sən niyə Arif Yunusa şər atırsan, o, “CivilNet”-ə verdiyi müsahibədə Azərbaycan hakimiyyətinə qarşı çıxıb, milli maraqların əleyhinə yox. Blok elədim getdi. Çünki həmin şəxs Leyla Yunusun əli ilə qrant almaq hayında olduğunu bilirdim.

Leyla Yunus hər fürsətdə eks-prezident, mərhum AXCP sədri Əbülfəz Elçibəyin “KQB agenti” olduğunu iddia edir. Əbülfəz Elçibəyin başçılıq etmiş olduğu partiyanın hüquqi varisi – AXCP isə onunla Milli Şura adlanan qrupda təmsil olunur. Aydın məsələdir ki, AXCP sədri Əli Kərimlinin istəyi olmasa, o, Milli Şura üzvü olaraq heç bir gün də qala bilməz. Bəs, onda Elçibəyin siyasi irsinə iddiaçı olan Əli Kərimli Leyla Yunusu Milli Şuradan uzaqlaşdırmaq üçün niyə hərəkətə keçmir? Axı ən azından onun Elçibəyi “KQB agenti” çıxarmasını opponentləri hər fürsətdə Əli Kərimlinin üzünə vururlar?!. Əli Kərimli bu ittihamlarla qarşılaşmaq istəməyəcək qədər, Anadolu türkləri demiş, titizdir, deməli, ortada başqa səbəb var. Səbəb Leyla Yunusun Rusiyada və Qərbdə bağlantılı olduğu dairələrdir. Biri hərbi-siyasi güclərdir, digəri geniş maliyə qaynaqlarıdır. Məsələ yenə gəlib çıxdı paraya.

“The National Endowment for Democracy” adlanan və ictimai sektorda qısaca NED kimi tanınan bir ABŞ fondu var. Milli Şuranın sədri, Azərbaycanda prezidentliyə namizəd olmuş Cəmil Həsənli bu fonddan kisə-kisə pullar alır. Fond hər il illik maliyyə hesabatı açıqlayır, bütün ölkələrdə kimə pul verdiyini göstərsə də, Azərbaycandakı ələ və sözə baxanlarını məxfi saxlayır. Üstəlik, ölkəmizdə xaricdən alınan qrantlarla bağlı prosedura sərt olduğundan, onun Azərbaycana leqal şəkildə keçirilməsi də sual altındadır. Hər il NED-in azərbaycanlı ələ və sözəbaxanlarına verdiyi milyon dollardan çox vəsaitin qoy tən yarısı xaricdə qalsın, amma digər hissəsi ki ölkəyə keçir?!. Bu pulların bir qismi, əlbəttə, yeyilir, mənimsənilir, amma bütün hallarda ortaya nə isə qoymaq da lazımdır. Odur ki, bir çox hallarda verilən qrantları özünə Bakıda və xaricdə mənzillər almağa sərf edənlər kompüterin arxasına keçib fantaziyalarını işə salır, məsələn, Azərbaycanda etnik qarşıdurma yaratmağa xidmət edən saxta hesabatlar hazırlayib beynəlxalq təşkilatlara göndərirlər. İşdə bu! Tərəflər məmnun içindədir, alan da, verən də!

İndi isə həmin NED təşkilatının bu ilin əvvəllərində yayımladığı, 2020-ci ildə Azərbaycan üçün nə qədər və nəyə pul xərclədiyinə baxaq. Hamısına yox, bir qisminə.

NED ötən il Azərbaycanda insan haqlarının işgəncələrlə pozulması hallarına qarşı 46,163; Siyasi məhbus siyahılarının tutulmasına 52,812; Azərbaycanda siyasi elitanın korrupsiyalaşmasının tədqiqi üçün 36,506 min dollar pul ödəyib.

Fond həmçinin Azərbaycanda müstəqil informasiya portalının yaranmasına 90 min dollar qrant ayırıb. Bu hansı saytdır? Düzlükdən və şəffaflıqdan danışanlar boyunlarına almırlar. Ancaq bu ölkəmizdə “medianın inkişafına” ayrılan məbləğin heç də hamısı deyil. Cəmiyyətdə siyasi diskussiyaları gücləndirmək üçün NED-dən başqa bir portala da pul verilib- 39,600 $. Məqsədi “Azərbaycanda informasiya azadlığını təmin etmək” olan digər bir layihəyə isə 126,083 dollar sərmayə qoyulub. Gənclərin sosial şəbəkədə aktivləşdirilməsi, başqa sözlə, müxalifətə “troll” briqadalarının yaradılması üçün sözügedən fond tərəfindən 61,145 $ ayrılıb.

Tam siyahı ilə buradan tanış ola bilərsiniz:

https://www.ned.org/region/eurasia/azerbaijan-2020/

Taleh ŞAHSUVARLI