“Şuşanı “Şuşa” edən ilk növbədə onun sakinləri idi” “Şuşanı “Şuşa” edən ilk növbədə onun sakinləri idi”

“Xankəndidə ermənilər mənə Heydər Əliyevin adamı kimi baxırdılar”- MÜSAHİBƏ

“Şuşanı “Şuşa” edən ilk növbədə onun sakinləri idi”

30 il Şuşa Rayon Mədəniyyət Şöbəsinin müdiri işləmiş, hazırda Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Şuşa rayonu üzrə nümayəndə işləyən Zahid Abbasov AzNews.az analitik-informasiya portalına müsahibə verib. Müsahibəni təqdim edirik:

- Zahid müəllim, 44 günlük müharibənin başlamasından artıq bir il ötür. Əvvəlcə istəyirik Zəfərdən danışaq. Qarabağ zəfərini, Şuşanın 30 il sonra işğaldan azad olması xəbərini necə qarşıladınız?

- 30 ilə yaxındır ki, hər bir azərbaycanlının ürəyində gəzdirdiyi bir Qarabağ, Şuşa nisgili var idi. Şükürlər olsun, bu nisgil üzərimizdən götürüldü. Bu nisgili müzəffər ordumuz, Ali Baş Komandanımız üzərimizdən götürdü. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan can sağlığı diləyirəm. Əlbəttə ki, bu sevinci bizə ilk növbədə onlar bəxş etdilər. Birinci Qarabağ müharibəsi veteranı kimi tam səmimi olaraq onu qeyd etmək istəyirəm ki, bu döyüşdə iştirak etmək üçün hər bir azərbaycanlı can atırdı. Hamı doğma torpaqlarımız uğrunda döyüşməyə hazır idi. Mən birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda vuruşmuşam. 1992-ci ildə məcburiyyət qarşısında qalaraq Şuşanı ən axırıncı tərk edənlərdən biri olmuşam. Son saatlara qədər Şuşanın müdafiəsində aktiv iştirak etmişəm. Ən fərəhli anlardan biri odur ki, elə şəhərə qayıdan ilk adamlardan da biri mən oldum. 8 noyabr Şuşa alındı, 10 noyabrda mən artıq Şuşada idim.

- Siz Şuşada bir çox məsul vəzifələrdə , keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Komsomol komitəsində çalışmısınız. Necə oldu orada fəaliyyətə başladınız?

- Şuşa şəhərində doğulmuşam. Uşaqlıq illərimz, eləcə də gəncliyim Şuşada keçib. Şuşanın hər məhəlləsinə, hər daşına, meşəsinə, çeşmələrinə, bulaqlarına yaxşı bələdəm. İndi də yaxşı yadımdadır ki, hansı kolun altında nə vaxt bənövşə açır, harda yaxşı böyürtkən bitir. Bu saat Topxana meşəsində əzgilin vaxtıdır. Soruşursunuz ki, mən gənc yaşımda necə oldu ki, keçmiş Dağlıq Qarabağ Vilayət komitəsinə məsul vəzifəyə irəli çəkildim, deyim. 1982-ci ilin yanvar ayı idi. Mən onda Şuşa şəhəri komsomol komitəsində katib işləyirdim. Ulu öndər Heydər Əliyev Şuşaya, Molla Pənah Vaqifin məqbərəsinin açılışına gəlmişdi. Mənə də onun gəlişi ilə bağlı işlər tapşırılmışdı. Özü də ən məsul işlərdən biri. Onda mənim 25 yaşında bir gənc idim. Həmin vaxt qismət oldu, unudulmaz lider Heydər Əliyevlə görüşdüm. Elə həmin ilin iyul ayının 29-da Heydər Əliyev ikinci dəfə Şuşaya gəldi, Vaqifin poeziya günlərində iştirak etdi. Mənə yenə də həmin vəzifəni icra etmək tapşırılmışdı. Heydər Əliyev şəhərə gəldi, tədbirdə iştirak etdi. Mənə yenə də onunla görüşmək qismət oldu. Sən demə, onun xatirində qalmışam. Əlini mənim çiynimə qoyub dedi, cavan oğlan sən yenə burdasan? Çox həyəcanlı idim amma o dahi insan elə sadə dildə danışırdı ki, bütün həyəcan üzərimdən götürüldü. “Xoş gəlmisiniz” dedim. Adımı soruşdu, dedim. Üzünü o vaxtkı Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin 1-ci katibi Gevarkova tutub dedi, bəs deyirsən, ali təhsilli azərbaycanlı kadr yoxdur!? O isə “aydındır, aydındır” deyib mənim qoluma girərək kənara çəkdi, dedi ki, səhər 9-da gələrsən Xankəndiyə mənim yanıma. Mən hələ başa düşə bilmirdim ki, nə baş verir. Sən demə, H. Əliyev tapşırıb ki, mənə vilayət mərkəzində məsul vəzifə versinlər. 29 iyulda H. Əliyev Bakıya qayıtdı. 30 iyul səhər 9:00 da mənim axramca maşın gəldi və məni gətirdilər Xankəndiyə. Vilayət Partiya Komitəsinin qarşısında bir nəfər məni qarşıladı və soruşdu ki, “Abbasov sənsən”? Dedim, bəli. Həmin şəxs dedi ki, bəs, tez qalx 3-cü mərtəbədə 1-ci katibin yanına, o, səni gözləyir. Səni artıq Vilayət Kommsamol Komitəsinə şöbə müdiri vəzifəsinə təyin etmişik. Sonralar bildim ki, bu mənimlə söhbət edən Vilayət komsomal komitəsinin 1-ci katibi V. Nersesyandır. Qalxdım 3 mərtəbəyə qəbul otağına , dedim, Gevarkovun yanına gəlmişəm. Katibə görəndə mən cavan adamam, rus dilində dedi ki, çıx çölə sən hardan gəlmisən bura. Elə bu vaxt Gevarkovun köməkçisi içəri girdi. Katibəyə dedi ki, Şuşadan Zahid gəlib gözləyir. İçəri daxil oldum rus dilində salam verdim. O isə mənə Azərbaycan dilində dedi ki, xoş gəlmisən əmrini verdilər? Dedim, bəli. Gevarkov mənə söylədi ki sənin işlərin və hərəkətlərin H.Əliyevin xoşuna gəlib. Mənə tapşırıq verib ki, sənə gənc kadr kimi bütün köməkliyi edim. Hələlik Vilayət Komsamol Komitəsində işlə, tez bir zamanda səni Vilayət Partiya Komitsində işə dəvət edəcəm. Sonra dedi ki, sənədlərini düzəlt, apar ver işlər idarəsinə, tapşırmışam sənə Xankəndində mənzil də versinlər. Dedim ki, sağ olun mənim Şuşada mənzilim var. Hər gün gedib gələrəm. Sonra soruşdu ki, ayrı nə istəyirsən?. Heydər Əliyev mənə tapşırıb ki, sənin nə arzu, nə istəyin varsa, həyata keçirim. Dedim bir arzum var, kömək edin Ali Partiya Məktəbinə qəbul olum. O vaxt ora ancaq göndərişlə getmək mümkün idi. O arzum da həyata keçirildi. Elə həmin il Ali Partiya Məktəbinə qəbul oldum. Məni aparıb təqdim etdilər və işə başladım. Tamam başqa bir mühit idi. Hamısı ermənilər, bir mən azərbaycanlı. Ermənilər arasında pıça-pıç düşmüşdü. Hamısı bir-birinə deyirdi ki, görəsən bu kimdir ki, Heydər Əliyev kimi bir şəxsiyyət özü bunu bura göndərib. Mən də çox çalışırdım ki, özümü təmkinlə aparım, göstərilən etimadı doğruldum. Elə də oldu. Günlər, aylar keçdi mən göstərilən etimadı tam doğrultdum. Rus dilini bilirdim, tez bir zamanda erməni dilini də öyrəndim. Çünki rayonlara ezamiyyətə gedəndə erməni dilində danışmaq məcburiyyətində qalırdım. Hamı məni “Heydər Əliyevin adamı” kimi tanıyırdı. Şuşada deyirdilər ki, Heydər Əliyev Şuşada bir bəxt quşu uçurtdu, o da gəlib Zahidin başına qondu. Xankəndidə aparatda isə, hamı mənə rişxəndlə baxırdı. Elə həmin il Heydər Əliyevi Moskvaya işə dəvət etdilər. Yaxşı xatirimdədir, o vaxt ermənilər mənim otağıma gəlib deyirdilər ki, dayın getdi. Mən də deyirdim dayımın vəzifəsini daha da böyütdülər. Bu minvalla 1988-ci il hadisələri başlayana kimi mən keçmiş Dağlıq Qarabağ Vilayət komitəsində müxtəlif məsul vəzifələrdə çalışdım. Hər zaman Ulu öndər Heydər Əliyevin mənə göstərdiyi etimadı doğrultmağa çalışmışam. Bu gün də məhz bunu davam etdirirəm.

- Uzun illərdir Şuşa şəhər mədəniyyət sahəsinə rəhbərlik edirsiniz. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə səbəb olan amillərindən danışaq. Sizcə Şuşanı bu qədər xüsusi edən nədir?

- Çox mürəkkəb və maraqlı sualdır. Qeyd etdiyim kimi, mən Şuşada doğulmuşam. Şuşanın bütün xarakterini, məhəllələrini, onun adət-ənənələrini yaxşı bilirəm. Yaddan çıxarmaq olmaz ki, Şuşaya gözəllik verən ilk növbədə onun sakinləri idi. Pənahəli xan tərəfindən bünovrəsi qoyulan Şuşa ta qədim vaxtlardan öz ziyalıları ilə fərqlənirdi. Çünki Pənahəli xan özü də çox yaradıcı adam olub. Musiqiyə, poeziyaya , sənətə və sənətçiyə qiymət verən adam olub. Məhz ona görə də XVIII əsrin ortalarından başlayaraq Azərbaycanın, eləcə də İranın bəzi bölgələrindən sənətçilər və sənətkarlar Şuşaya gəliblər. Məşhur memar Kərbəlayı Səfixan Qarabaği Ərdəbildən Şuşaya gəlmişdi. Şuşanın qala divarlarının tikilməsi ona həvalə edilmişdi. Eyni zamanda qalada 17 məhəllə vardı, hər məhəllənin özünün məhəllə bulağı, məhəllə təndiri, məhəllə hamamı tikilmişdi. Tikililər hamısı yerli qaya daşlarından tikilirdi. Qarabağda elə memarlıq nümunələri yarandı ki, əsrlərdir həmin məhəllələr öz simasını itirmədi. Şuşa elə belə Azərbaycanın mədəniyyət paytaxtı olmayıb. Möhtərəm Prezidentimiz bu yaxınlarda Şuşa haqqında danışanda çox gözəl bir ifadə işlətdi ki, ermənilər nə qədər dağıtsalar da, Şuşanın milli ruhunu dağıda bilmədilər. Bu həqiqətən belədir.

- Bəs, “yeni Şuşa”nı necə təsəvvür edirsiniz?

- Bu gün Şuşa şəhəri yenidən qurulur. Yeni planla mən də tanış olmuşam. Çox gözəl tikililər var, burada qədimliklə müasirlik birləşir. Bu, Şuşaya çox xüsusi görkəm verəcək. Hər bir yer, şəhər, onun sakinləri ilə gözəlləşir. Şuşa şəhərinin milli ruhu çox maraqlıdır. Onu maraqlı edən elə o şəhərin sakinləridir. Çox yaxşı olardı ki, şəhərin abadlaşdırılmasında əlaqədar təşkilatlar Şuşa sakinlərini işə yaxından cəlb etsinlər. Şuşalılar arasında da yaxşı sənətkarlar, mühəndis, otel işçisi, bilikli kadrlar var. Şuşanın mədəniyyəti, incəsənəti, memarlığı, kulinariyası, milli ruhda tikilmiş iaşə obyekləri, parkları Şuşanın ruhuna uyğun gəlməlidir. İnşallah, məhz belə də olacaq.

- Dediniz ki, Şuşaya ilk qayıdanlardan biri Siz olmusunuz. Dağıdılmış Şuşanı görəndə nə hisslər keçirdiniz?

- Əslində, mən bu 30 ildə bir gündə olsun Şuşadan ayrılmamışam. Şuşadan cismən ayrılmışdım. Ruhən həmişə Şuşada olmuşam, şuşalı olmuşam. Siz təsəvvürünüzə gətirin ki, mən 1990-ci ildə Şuşada şəhər mədəniyyət şöbəsinin müdiri təyin olunmuşam. Bu müddət ərzində Şuşanı nə də onun mədəniyyətini bir gündə olsa tərk etməmişəm. Bu da mənim daxilimdə həm Şuşa adına, həm də Şuşa mədəniyyətinə olan dərin hörmət və rəğbətimdən irəli gəlir. Çox sarsılan zamanlarım olub. Əlimizdə olmayan şəhərin mədəniyyətini qorumaq mənim üçün nə qədər ağır olubsa, bir o qədər də şərəfli olub.

- İşğal dövründə Şuşa Mədəniyyət Mərkəzi hansı istiqamətdə fəaliyyət göstərib? Şuşanın tarixi , mədəniyyəti ölkə və beynəlxalq arenada necə təbliğ edilib?

- Əlimizdə olmayan Şuşa kimi bir şəhərin mədəniyyətinə rəhbərlik etmək işğaldan sonra onu Bakı şəhərində sıfırdan qurub inkişaf etdirmək rahat başa gəlməyib. Şuşanın bütün mədəniyyət müəssələrinə yer tapıb, 55 rayonda məskunlaşan mədəniyyət işçilərinin hamısını bir araya gətirmək, onların hamısını işlə təmin etmək respublikanın qaynar mədəniyyət həyatına qatılmaq mənim üçün elə də asan olmayıb. Bu 30 il ərzində 20 kitabın müəllifi olmuşam. Bu kitabların hamısı Şuşanın mədəniyyətinə , incənətinə , xalçaçılığına , turizminə , musiqisinə və s. aid olub. Şuşalı uşaqlar bir gündə olsun musiqi təhsilindən ayrılmayıblar. Elə olub ki, heç oturmağa adi stul da olmayıb. Uşaqların “teksun” adlı yağ qutularını kəsərək üstündə oturub, tar çaldıqları vaxtlar olub. Bu gün dövlətimizin şəxsən möhtərəm Prezidentimiz İlham Əliyevin köməkliyi və qayğısı sayəsində uşaq musiqi məktəblərinə ən müasir binalar ayrılıb. Kitabxanalarımız ən müasir avadanlıq və kitablarla təmin olunub. Gənc şuşalılar Respublika və Beynəlxalq musiqi müsbiqələrində həmişə iştirak ediblər. Həmişə qalib olublar. 15 ildir ki, Şuşanın “Təbəssüm” rəqs qrupu Türkiyədə keçirilən “23 Nisan- Çoçuklar Festivalında” iştirak edir və adətən, qalib olur. Bu illər ərzində 25-dən çox xarici ölkədə şuşalı gənclər müsabiqələrdə iştirak edib. Beynəlxalq tədbirlərdə 4 dəfə qızıl medala layiq görülüblər. Getdiyimiz xarici ölkələrdə qədim Şuşanın tarixini əks etdirən “Şuşa şəhəri tarixi abidələr şəhəridir” mövzusunda yağlı boya ilə çəkilmiş rəsm əsərlərinin sərgisi keçirilib. “Şuşa- Tarixi və mədəniyyət incisindir” mövzusunda hər il elmi konfranslar keçirilib. Gördüyümüz işlər çoxdur onların hamısını yazıb qurtarmaq mümkünsüzdür. Bir onu deyə bilərəm ki, Şuşasız yaşadığımız bu illərdə Şuşanın öz adına layiq onun mədəniyyətini qoruyub saxlamışıq. 3-4 il öncə Budapeştdə dünya folklar festivalı keçirildi.55-dən çox ölkənin böyük folklor ansamblları orada iştirak edirdi. Azərbaycandan da Şuşa. Bizim Budapeştdəki səfirimiz Vilayət Quliyev bizi qəbul edəndə dedi ki, baxdım Fransa çıxdı səhnəyə sonra Çin, Brazilya, Macarıstan , Kolumbiya və.s Ürəyimdə sıxıntı keçirdim ki, bunların qarşısında Şuşa nə edəcək, yəqin biraz utanacağıq. Şuşa çıxış edib qurtarandan sonra mən zala baxdım ki, hamı ayağa qalxıb. Vilayət Quliyev dedi mən dəhşətə gəldim ki, mən bayaqdan içimdə sıxıntı keçiridim ki, görəsən necə olacaq. Heç bilirsiniz nə qədər material toplamışam. Bu 30 ildə döymədiyim qapı qalmayıb. Şuşa haqqında söz bitəndə mən Şuşa deyib nərildəmişəm. Car çəkmişəm bütün dünyaya. Olub ki, bəzən məni ruhadan salıblar. “Olmayan şəhərin mədəniyyətini necə yaşadırsınız. Olmayan şəhərin mədəniyyət rəhbərisən. Şuşa var?” Bu sözləri çox eşitmişəm. İndi həmin sözü mənə deyənlər bir də görürsən ki, Şuşaya qaçıb şəkil çəkdirirlər. Mən o adamlara burdan deyirəm, gördünüz ki, Şuşa var imiş!!! Bu yaxınlarda Şuşada M.P. Vaqifin məqbərəsinin 2-ci dəfə açılışında iştirak etdim. Mənə bu dəfə də hörmətli prezidentimiz İlham Əliyevlə görüşmək qismət oldu. İşlərimiz haqqında da cənab Prezidentimizi məlumatlandıra bildim. Bildirdim ki, 30 ildə Şuşanın mədəniyyətinin əmanət kimi qoruyub, saxladıq. Bu həmin əmanəti öz doğma şəhərimizə qaytarırıq. Bundan gözəl nə ola bilər?

- Erməni vandalizminə məruz qalan tarixi-mədəni abidələr, məktəb və muzeylər, mədəniyyət ocaqları, xəstəxana və sanatoriya-kurort kompleksləri necə bərpa ediləcək?

- Şuşa da dövlət tərəfindən qorunan 248 tarixi abidə var. Təkcə keçən əsrdə Şuşa 4 dəfə təpədən dırnağa yandırılıb. 1905, 1918, 1948, 1992. Dünyada elə şəhər yoxdur ki, bir əsrdə 4 dəfə yandırılsın . Görün bu şəhər necə gözəl şəhərdir ki, onun üstündə bu qədər qırğınlar gedib. Görün bu şəhər nə qədər dözümlü şəhərdir ki, dözür. 1969-cu ildə Ulu öndər hakimiyyətə gələndə çox çalışdı ki, Şuşa şəhərini inkişaf elətdirsin. Amma maneələr var idi, ayrıca Şuşa üçün vəsait ayırmaq olmurdu. Heydər Əliyev Şuşada kurort kompleksinin inkişaf etdirilməsi pərdəsi adı altında Şuşanın bütün tarixi abidələrini, uçuqlarını, qala divarlarını təmir etdirdi. Mənim uşaqlığım həmin o dağınıq şəhərdə keçib. Bu qərardan sonra Şuşa inkişaf etməyə başladı. Şuşada sanatoriyalar, istirahət evləri tikildi və Şuşa belə inkişaf etməyə başladı. Ev muzeyləri, Qarabağ Dövlət Tarix muzeyi açıldı. Şuşa əvvəlki aurasına qayıdırdı ki, ermənilər yenə dağıtdı, gözləri götürmədi. Bunları ona görə danışıram ki, bu ilk deyil. Şuşa yenə öz əvvəlki görkəminə qayıdacaq.

- Şuşalılar səbirsizliklə öz doğma torpaqlarına qayıdışı gözləyirlər. Necə düşünürsünüz, şuşalıların Şuşada məskunlaşması nə zaman baş verəcək?

- Əsas odur ki, Şuşa işğaldan azad olunub. Şuşa bizimdir! Yəqin ki, yaxın zamanlarda sakinlər öz doğma dədə-baba yurdlarına qayıdacaqlar. Onda qədim Şuşa da, şuşalılar da yenidən nəfəs alacaqlar. Biz yenə də o dadlı-duzlu sakinləri gülərüz görəcəyik. Hansı ki, 30 ildə ürəkdən gülə bilmirdilər. Bütün bunlar üçün mən bir daha Ali Baş Komandan sevimli və hörmətli Prezidentimiz İlham Əliyevə, müzəffər ordumuza , torpaqlarımızın azadlığı uğrunda vuruşan əsgərlərimizə şuşalılar adından minnətdarlığımı bildirirəm.

Şəbnəm Zahir