Dövlətin üstünə gəlməyə küçə axtaranlar barədə Dövlətin üstünə gəlməyə küçə axtaranlar barədə

QƏLƏBƏMİZƏ TƏHDİDLƏR - CÜMƏ TƏHLİLİ

Dövlətin üstünə gəlməyə küçə axtaranlar barədə

44 günlük müharibə Azərbaycana təkcə savaş meydanında qələbə qazandırmadı. Ordumuzun 30 ildir torpaqlarımızı işğal altında saxlayan düşməni təslim olmağa vadar etməsi millətləşmə, dövlətləşmə və bütövləşmə hərəkatına təkan verməklə Azərbaycan üçün yeni səhifə açdı. Döyüşlərdə şəxsi heyətini və arsenalını böyük ölçüdə itirmiş, artıq İrəvanda da müxtəlif səviyyələrdə etiraf olunduğu kimi, toparlanması üçün on illər lazım olacaq Ermənistan ordusunun velinin qırılması Azərbaycanı diqtə edən tərəfə çevirdi. Erməninstan mediasını davamlı izləyənlər çox aydın görürlər ki, qarşı tərəfdəki bütün samballı ekspertlər, analitiklər öz hökumətlərini Azərbaycanın diqtəsindən yayınmağa, vaxt udmağa, “belə zəif və çarəsiz vəziyyətdə” Bakının tələblərini yerinə yetirməklə məğlubiyyətin miqyasını genişləndirməməyə səsləyirlər.

Azərbaycan savaşı udub, öz hərbi qələbəsini Ermənistana 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatla qəbul etdirib, situasiyanı kökündən dəyişmək üçün qalib tərəf kimi İrəvanın qarşısına qoyduğu şərtlərin həyata keçməsi üçün diplomatiyanın imkanlarından maksimum istifadə edir. Ermənistana məğlubiyyətin miqyasını genişləndirməmək, cəngdə aldığı sarsıdıcı zərbələri tədricən sağaltmaq və diplomatik masada Bakının tələblərini maksimum mübahisələndirmək lazımdırsa, bizə də Qələbəni qorumaq və möhkəmləndirmək və ordumuzun İrəvanın qapısına təyin etdiyi penalti zərbələrini dəqiqliklə tamamlamaq gərəkdir.

Azərbaycanın hərbi qələbəsinə əsaslanan tələblərdən Ermənistanın diplomatik masada yayına bilməsi üçün İrəvandakı beyin mərkəzlərinin istifadə edə biləcəyi və etdiyi siyasi texnologiyaları çeşidləmək o qədər də mürəkkəb məsələ deyil. Ermənistandan yönləndirilən anti-Azərbaycan propaqandasının ana tezisi Rusiya sülhməramlılarının Qarabağa girməsinin Azərbaycanın dövlət müstəqilliyini şübhə altına alması barədə rəy yaratmağa xidmət edir. Əlbəttə, heç bir dövlət öz ərazisində başqa bir dövlətin ordu bölmələrini görmək istəməz. Ancaq 44 günlük savaşda qazanılan zəfərin qorunması üçün Azərbaycanın Rusiya sülhməramlılarına ölkəyə giriş izni verməsi qaçılmaz idi. Hazırda İran İslam Respublikasının Azərbaycana Ermənistandan daha çox Ermənistanlıq etməsi onu göstərir ki, rus sülhməramlılarının Qarabağdakı mövcudluğu Azərbaycanı Tehrandakı teokratik rejimin basqılarından mühafizə edən amillərdən biridir. Eyni zamanda, Rusiya atəşkəsə təminat verən tərəf olaraq Qarabağdan işğalçı ordunun qalıqlarının çıxarılması və re-inteqrasiya prosesində üzə çıxacaq problemlərin çözülməsi üçün prinsip etibarı ilə Azərbaycanın mövqeyinə yaxındır. Hər nə qədər çoxbaşlı kombinasiyalar qursa da!.. Bu, Rusiyanın bölgəyə yanaşmasında ciddi paradiqma dəyişikliyidir və sözügedən dəyişiklik Azərbaycanın deyil, Ermənistanın kağız üzərindəki müstəqilliyini daha ciddi suallar qarşısında qoyub. Ermənistan danışıqlar masasında əksər hallarda formal baxımdan oturur, odur ki, İrəvan bu formallığı öz lehinə “normallaşdırmaq” üçün bir gözü ilə İrana, digər gözü ilə ATƏT-in Minsk Qrupuna kiprik endirir. Bütün proseslər onu göstərir ki, “6-lıq formatı”nda Qafqazda yeni konfiqurasiya qurulur. Bu konfiqurasiyada Ermənistan İranla, Azərbaycan Türkiyə ilə vahid səs olacaq, Gürcüstan daha çox Ermənistanla rəqabət aparacaq, Rusiya isə orbitr rolunda çıxış etməyə üstünlük verəcək. Azərbaycan yeni konfiqurasiyada istər Ermənistan və İran, istərsə də Rusiya ilə açıq və qətiyyətli danışa bilməsi üçün arxa fonda güclü müttəfiqlərə malikdir. Masada olacaq Türkiyədən savayı, bu müttəfiqlər İsrail və Pakistandır. Pakistan və Türkiyə hərbi gücünə görə, dünyada 10 və 11-ci pillələrdə qərar tutur, İsrail isə 20-ci yerdədir. 140 dövlət arasında Qafqaz ölkələrindən Azərbaycan 63, Gürcüstan 92, Ermənistan isə 100-cüdür. Başqa sözlə, “6-lıq formatı”nda Ermənistan ən zəif tərəfdir.

Odur ki, Ermənistanın əsas hədəfi Azərbaycanla Rusiya arasında ixtilaflar törətmək (Azərbaycanın Krım platformasına qoşulmamaqla bu baxımdan çox doğru qərar verdi), Azərbaycan-Türkiyə-Pakistan-İsrail müttəfiqliyinin regiona təsirini azaltmaq üçün İrana sığınmaq, Fransanın timsalında Qafqaza yeni və təsirli oyunçular cəlb etməkdir. Beləliklə, Azərbaycanın və eləcə də qalan 6-lıq dövlətlərinin strateji maraqlarında Ermənistanla ciddi bir ziddiyyət meydana çıxır. Azərbaycan və digər 4 dövlət regiona regiondakı dövlətlərin təsirli olmasında maraqlı olduğu halda, Ermənistan öz zəifliyini və təpərsizliyini sığortalamaq üçün qlobal oyunçulara üz tutur. Lakin yeni dünya düzəninin “problem meykeri” Fransa istisna olmaqla, Ermənistan heç bir nəhəng güc üçün cəlbedici deyil. Dünyanın super gücləri Ermənistandan hər zaman Türkiyəni cızıqda saxlamaq üçün Ankaraya təzyiq vasitəsi kimi istifadə ediblər, ancaq Rəcəb Tayyib Ərdoğanın yüksək liderlik keyfiyyətləri və qətiyyətli xarakteri ilə Osmanlının varisləri həm Qərb, həm də Şərq dünyası qarşısında şax dayanmağı bacarıb.

Pakistanı “terrorçu dövlət” çıxarmaq, Ərdoğanı “sultan”, İlham Əliyevi “Bakı diktatoru” elan etmək erməni propoqandasının Azərbaycanın qələbəsinə qarşı informasiya savaşında bir növ nəqarətidir. Yayda Türkiyədə baş verən yanğınlara sosial şəbəkələrin erməni seqmentində həm də ona görə sevinirdilər ki, Anadoluda çıxan atəş siyasi müstəviyə daşınır, AK Partiyanın sosial dayaqlarına zərbə endirilirdi. Bu günlərdə isə erməni mediasında Ərdoğanın səhhəti haqqında dezinformasiya yayıldı və Türkiyə prezidentinin siyasi səhnədən çıxmasının Ermənistan üçün “göydəndüşmə fürsət” olacağı vurğulandı. Ermənistan cəmiyyətinin aktiv kəsimləri çox yaxşı başa düşür ki, vəziyyəti dəyişmək üçün onlara çəkingən Türkiyə, Azərbaycan xalqının prezident İlham Əliyevə dəstəyinin azalması, Bakıda mərkəzi hakimiyyət böhranı və desentralizasiya lazımdır.

Gürcüstanın eks prezidenti Mixail Saakaşvili Tiblisiyə qayıtdı və həbs olundu. Öz ölkəsinə qaçaq yolla girən Saakaşvili əslində Azərbaycanın nə iqtidarına, nə müxalifətinə örnək göstəriləcək fiqurdur. Saakaşvili “4 günlük müharibə”ni uduzaraq Abxaziya və Cənubi Osetiyanı Gürcüstandan felən qoparmış, öz məğlubiyyəti ilə keçmiş SSRİ məkanındakı konfliktlər baxımından təhlükəli nümunələrin formalaşmasına zəmin yaratmış, Azərbaycanın ərazi bütövlüyünü sual altına alan neqativ presidentlərin ortaya çıxmasına təkan vermiş biridir. Bizim bəxtimiz onda gətirib ki, Azərbaycanın rəhbəri Mixail Saakaşvilidən nə isə öyrənməyə heç bir ehtiyacı olmayan, öz intellekti, peşəkarlığı və liderlik keyfiyyətləri ilə dünyanı daha düzgün qiymətləndirən, ölkəmizin tərəqqi prosesini son dərəcə ustalıqla yönəldən İlham Əliyevdir. Ölkəsini tərk edərək başqa bir dövlətin vətəndaşlığını qəbul edən, orada vəzifə tutan, günlərin birində bir zamanlar rəhbərlik etdiyi dövlətin sərhədlərini Allah bilir hansı xarici kəşfiyyatın dəstəyi ilə xəlvətcə keçən birini İlham Əliyev kimi dövlət ədəbini və maraqlarını hər şeydən üstün tutan müzəffər liderə qarşı “üfürmək” hətta heç polemikalıq mövzu da deyil. Əgər Mişanın “qəhrəmanlığı” həbsə düşməkdirsə, Azərbaycan müxalifətində Etibar Məmmədovdan İlqar Məmmədova, İsa Qəmbərdən Əli Kərimliyə, Pənah Hüseyndən Sərdar Cəlaloğluna, Arif Hacılıdan İqbal Ağazadəyə qədər “içəri”ni görməyən kimsə yoxdur. Çox pakizə, bəs, Saakaşvili kimə və niyə misal çəkilmək üçün mədh olunur?

İlk baxışdan məsələyə o qədər də aiddiyyatı varmış kimi görsənməyəcək. Amma “feministlər” deyilən bir qrupun Daxili İşlər Nazirliyinin inzibati binasının önünə tabut qoymasını xatırlayırsınızmı? Feminizm, əslində, tarixin inkişafından doğan bir hərəkatdır. Qadınlarla kişilərin eyni hüquqlara malik insan kimi dəyərləndirilməsi Azərbaycanın Ana yasasında da təsdiq və təsbit olunduğundan bizim respublikamızı həm də “feminist dövlət” adlandırmaq mümkündür. Ancaq “feminizm” adlanan bəşəri hərəkatın elə alt cərəyanları var ki, onlar bir dövlətdə qadın-kişi bərabərliyi uğrunda deyil, dövlətin özünün varlığına qarşı mübarizə aparırlar. Vaxtilə inqilabçı Mixail Bakuninin “çiçəkləndirdiyi” anarxist feminizm kanadalı kommunist Susan Brounla yeni dalğaya çevrilib və indi bizim qarşımıza çıxan məhz bu axının ləpələridir. İfrat solçuluqla və anarxizmlə birləşən, digər ölkələrdən “copy-paste” edilən feminist şüarlar Azərbaycanda marginallaşmağa məhkumdur. Ancaq necə olur ki, marginal bir qrup DİN kimi qüdrətli bir nazirliyin qapısına tabut qoymaqla dövlətə “ideya xırdalayır”? Bax, bu sual bizi “qeyri-sistemli müxalifət” anlayışına yönəldir. Bu kateqoriyaya nəzər yetirdikcə aydın olur ki, ilk baxışda bir-birinə zidd olan qütblər- İranın əyalət mollasına züy tutanlarla Qərbə məxsus “8 marş” aksiyasına çıxanlar eyni orqanizmin müxtəlif funksiyalar yerinə yetirən əzalarıdırlar. Bu “külliyyat”a Saakaşvilini mədh edənlər də daxildir, Avropadan Azərbaycana söyüş və nifrət yağdıranlar da, Azərbaycanın Ali Baş Komandanının müzəffərliyini şübhə altına almaq istəyənlər də... Və onların hamısı sosial şəbəkələri özünə məkan seçərək dövlətin, hakimiyyətin, qələbənin üstünə gəlməyə KÜÇƏ axtarırlar.

Bu məqamda dövlət dövlətliyini, hakimiyyət hakimiyyətliyini, cəmiyyət cəmiyyətliyini və hamısı bir arada bizim üçün tarixi vəzifə olan QƏLƏBƏNİ QORUMAQ üçün nə etməlidir? Cavab sadədir: Dövlət şantaja boyun əyməməli, hakimiyyət ictimai rəylə işləyən səmimi tərəfdarlarını siyasi flügerlərin ayağına verməməli, cəmiyyət populistlərdən və avantüristlərdən uzaq durmalıdır. Bu üç halın prezident İlham Əliyevin sistemli fəaliyyəti ilə birləşməsi Azərbaycana Qərbi Zəngəzuru vəd edir.

Taleh ŞAHSUVARLI