- Siyasi müzakirə
- 17 Oktyabr 21:52
- 2 998
“Trumpın sülh planının ilk 5 bəndi icra olunub” - Abutalıb Səmədov

“Trumpın təqdim etdiyi 20 bəndlik sülh planının ilk 5 bəndi icra olunub. İsrail öz qoşunlarını Qəzzadan müəyyən qədər çəkib, girovlar və həbsdə olan fələstinlilər azad olunub. Növbəti bəndlərin müzakirəsi hələ qabaqdadır. Əsas problemlər də növbəti bəndlərlə bağlıdır və burada HƏMAS-ın mövqeyindən, Trumpın təklif etdiyi və İsrailin qəbul etdiyi plan arasında müəyyən uyğunsuzluqlar var. Birincisi, problem Həmasın təksilah olunması ilə bağlıdır ki, bunun kifayət qədər əleyhdarları var. İkincisi, Qəzzanın idarə olunması məsələsidir. Plana görə, fələstinlilərdən və beynəlxalq ekspertlərdən ibarət texnokrat bir idarəedicilər qrupu yaradılmalıdır və onlar Qəzzanı idarə etməlidirlər, onlara da Sülh Şurası nəzarət etməlidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Xatırladaq ki, Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsi hələ də regionda sabitliyə əsas maneədir. ABŞ Prezidenti Donald Trumpın 20 bəndlik sülh planı yeni diplomatik cəhd olsa da, HƏMAS-ın tərksilahı, Qəzzanın gələcəyi və Fələstin dövlətinin yaradılması məsələləri tərəflər arasında ziddiyyətlər yaradır. ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff vurğulayıb ki, HƏMAS qəti şəkildə tərksilah olunmalı, döyüşlərdən sonrakı mərhələ isə Qəzza xalqı üçün yeni imkanlar yaratmalıdır.
Siyasi şərhçi qeyd edib ki, bu şuraya Trump, Tony Blair və digər tanınmış dövlət xadimlərinin daxil olması planlaşdırılır, lakin HƏMAS bunu qəbul etmir.
"Qəbul etmədiyi məsələlərdən biri də budur. Beynəlxalq qüvvələrin yerləşdirilməsi planı var. Hələlik bir neçə dövlətin bu missiyanı yerinə yetirmək istəyi ifadə olunub, onlardan biri də Azərbaycandır. HƏMAS silahları təhvil verib ərazidən çıxıb getməlidir və Qəzzanın idarə olunmasına bir daha qarışmamalıdır. Son bəndlər Fələstin dövlətinin yaradılması ilə bağlıdır. 19-cu bənddə Qəzza sektorunun bərpasından və islahatlar proqramının icrasından sonra Fələstin dövlətinin yaradılması üçün real şərtlər formalaşmalıdır. Yəni, bu proses təbii ki, xeyli uzanacaq. Ancaq bunu reallaşdırmaq mümkündür, çünki dünyanın bütün nüfuzlu dövlətləri bu planı qəbul ediblər, bir İrandan başqa. Türkiyə, Rusiya və digər dövlətlər də bu planı qəbul ediblər və bu səbəbdən icra olunması mümkündür. Əgər HƏMAS plana etiraz eləsə, Trump bir daha hədələdi, ona qarşı qəti tədbirlər görüləcək. Yəni, HƏMAS bunu xoşluqla qəbul etməlidir, yaxud zorla planın qəbul olunması təmin ediləcək. Nəzərə alsaq ki, Trumpun planını dünyanın bütün nüfuzlu qüvvələri dəstəkləyir, HƏMAS-ın plana qarşı çıxmaq şansı son dərəcə aşağıdır və bu, Qəzza bölgəsində sülh yaratmaq və gələcəkdə Fələstin dövlətini yaratmaq üçün ən real plandır. Ümid edək ki, bu plan sonuna qədər reallaşacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az