İran məsələsi və Etibar Məmmədovun dövlət ədəbi

Azərbaycana qarşı informasiya savaşı molla rejiminin sonunu hazırlayır

Dünən Müsavat TV-nin efirində həmkarım Sevinc Telmanqızı mükəmməl bir veriliş təqdim etdi. Artıq bunu neçənci dəfədir yazıram, Sevincin verilişini izləyəndə adama elə gəlir ki, Türkiyənin gününə milyonlarca para xərclənən telekanallarında efirə gedən müsahibələrə, debatlara tamaşa edirsən. Zənnimcə, uzun illərdir efirə çıxmayan, çıxanda isə, adətən, suallardan yayınmağa çalışan Azərbaycanda ilk siyasi partiyanın- AMİP-in qurucusu Etibar Məmmədovu, belə deyək, danışdırmağı bacarması Sevincin aparıcı kimi yaradıcılıq uğurları sırasına yazılmalıdır.

Bəribaşdan deyim ki, mən Etibar Məmmədovun bu gündən sonra aktiv siyasətə qayıdacağını, hakimiyyət uğrunda mübarizəyə başlayacağını zənn etmirəm. Belə bir qərar vermək Etibar Məmmədov üçün heç bir perspektiv vəd etmir. Bu qatar meydan hərəkatının üzə çıxardığı bütün siyasətçilər, o cümlədən Etibar Məmmədov üçün çoxdan gedib. Azərbaycanda Heydər Əliyev siyasi platformasının davamlılığına ehtiyac var və bu davamiyyəti İlham Əliyevdən sonra Mehriban xanım Əliyeva təmin edə bilər.

Görünür, Etibar Məmmədov özü də siyasətə dönüşünün perspektivsizliyinin yetərincə fərqində olduğundan, suallara rəğmən, efirdə siyasətə qayıtdığının və qayıdacağının anonsunu vermədi. Lakin bir müsahib kimi yaratdığı təəssüratlar, fikrimcə, bütün obyektiv izləyicilər üçün ümumən müsbət oldu. AMİP qurucusu siyasi təcrübəsinin, intellektual hazırlığının rasional və milli mövqe ilə bütünləşməsi fonunda qarşımıza həm də pozitiv bir obrazda çıxdı. “Youtub” kanallarında efirə çıxan “zəhər tuluq”ları ilə tutuşduranda Etibar Məmmədovun gülərüzlüyü və bəzən istifadə etdiyi sarkazm yaddaqalan oldu.

Onun iç siyasət qovğalarının fövqündə dayanıb strateji məsələləri bir tarixçi kimi dəyərləndirməsinə bu günlərdə dövlətin də, cəmiyyətin də ehtiyacı vardı.

1. Heç zaman hakimiyyətdə olmamış Etibar Məmmədov Azərbaycanı güclü və getdikcə daha çox güclənən dövlət kimi xarakterizə etdi, prezident İlham Əliyevin fəaliyyətinə kölgə salmaq istəyənlərdən fərqli olaraq, bununla səmimiyyət və siyasi ədəb göstərdi.

2. İrandan və digər dövlətlərdən səslənən ittihamlara Azərbaycan prezidentinin şəxsən cavab vermək məcburiyyətində qalmamasını vacib saydı. Bu, həqiqətən də önəmli məsəlidir. Tehranın ölkəmizə qarşı addımlarını soyuqqanlı bir şəkildə təhlil edərək xarici təhdidlər qarşısında dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi.

3. Uzun illər Azərbaycanda siyasi dəngələrin formalaşmasına əsas təsir göstərən bir fiqur olmasının avantajı ilə bu günə qədər ekspert cameəsinin üstüörtülü danışdığı bir məsələni- İranın Azərbaycanı içdən qarışdırmaq xətti tuta biləcəyini açıq şəkildə söylədi, müvafiq qurumları bu yöndə hazırlıqlı olmağa səslədi, İranın daxildə yaratdığı təzyiq qruplarını bir an öncə zərərsizləşdirməyi təklif etdi.

Bəli, Azərbaycan yeni tarixi mərhələyə, prezdent İlham Əliyevin rəhbərliyi ilə milli tərəqqinin yeni dövrünə qədəm qoyur. Yeni dövr həm də yeni risklər, yeni konfliktlər deməkdir. Belə bir ərəfədə Etibar Məmmədovun, necə deyərlər, çəkici Ali Baş Komandanla eyni zindana vurması Azərbaycana yağı kəsilənləri öz hesablamalarını bir daha nəzərdən keçirməyə sövq edəcək addımdır.

Məmmədovun çıxışında bir məqam vardı ki, onun üzərində xüsusi dayanmaq faydalı olar. Bu, II Qarabağ savaşında qazandığımız tarixi zəfərdən sonra İranın artıq çuvalda gizlədə bilmədiyi cidanı- mizrağı ölkəmizə tuşlamasının səbəblərini dərindən anlaya bilməyimiz üçün olduqca vacib paradiqmadır.

Heç kimə sirr deyil ki, İran milli dövlətə- ulus dövlətə çevrilə bilməyib. Müsəlman şərqində ilk demokratik respublika olan, suverenliyini itirsə də, coğrafi və siyasi vahidliyini SSRİ dövründə də saxlayan, SSRİ-nin dağılmasından sonra yenidən özgürlüyünə qovuşan Azərbaycan isə, 44 günlük savaşın qalibi olaraq ordu-dövlət kimi çıxış etməyə başlayıb. Azərbaycan sözün tam mənasında ulus (xalq + ərazi anlamında) dövlətdir, qələbənin verdiyi təkanla millətləşmə, dövlətləşmə və bütövləşmə müstəvisində yeni uğurlara can atır. Zira, İran köhnə nağıllardan bezmiş dünyaya yeni hekayələr danışa bilməyən pəltək ravi vəziyyətindədir.

Çar Rusiyası, Osmanlı, Avstriya-Macarıstan kimi imperiyalarla yanaşı Səvəfi, Əfşar, Qacar kimi türk sülalalərinin qurduğu imperiyalar da çoxmillətli idi. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları yeni çağın çağırışlarını aydın hiss etdilər, Azərbaycanı respublika elan etməklə həm İrandan, həm Osmanlıdan, həm də Rusiyadan sıyırıb fərqli bir inkişaf relsinə saldılar. Rusiyadakı oktyabr inqilabından sonra bolşeviklər çar Rusiyasındakı təbəə xalqların azadlıq haqqını tanıdılar, amma sözlərini tuta bilmədilər. Bununla belə, Romanovlar, bolşeviklər və post-sovet Rusiyası arasında yeni rus dövlətçilik ənənəsinin yaratdığı bir bağ var. Osmanlıda Atatürk meydana çıxdı, məğlub bir imperiyanın qurucu xalqını müstəmləkə olmaqdan xilas edib respublika qurdu. Bununla Türkiyə ulus dövlət modelinə keçdi. İran üçünsə belə bir ənənə və bağ olmadığı kimi, belə bir şəxsiyyət də meydana çıxmadı. Səfəvi, Əfşar, Qacar xanədanlarının timsalında türk dövlət gələnəklərinə son qoyan Rza Pəhləvi həm respublikaçılıqdan qorxmaqla, həm də “icad etdiyi yeni ənənəni” sosial struktura yerləşdirə bilməməklə öz rejiminin sonunu hazırladı. Bu boşluq ilk dəfə Pəhləvilər üçün II Dünya savaşı zamanı üzə çıxdı. Rza şah Afrikaya qaçmalı oldu. Lakin Məhəmməd Rza şah da tarixin diqtə etdiyi böhranı çözə bilmədiyindən 1979-cu ildə taxt-tacını islam inqilabçılarına uduzdu.

İranı farsların hegemonliq etdiyi ulus dövlətə çevirmək üçün Xomeyninin də tarixi imitasiyaya və yeni ənənə icadına ehtiyacı vardı. O, toplumun bütünlüyünü respublikaçılığı imitasiya etməklə, cəfəriliyi hakim və bütünləşdirici ideologiyaya çevirməklə təmin etmək istəyirdi, lakin ulus dövlətin ehtiyacı duyduğu yeni ənənə icad edə bilmədi, əvəzində pəhləvilərin “ariçilik” konsepsiyasını dövlətin dərin siyasətinə çevirdi. Bu siyasətin ən bariz nümayişi 1971-ci ildə Məhəmməd Rza Pəhləvinin Əhəmənilər xanədanının qurucusunun heykəli önündə dayanması və ona səslənərək özünü Kirin varisi elan etməsi idi. Absurda bir baxın: Xomeyni İranı şiələrin 12-ci imamı, qeybə çəkilmiş Mehdinin vəkili kimi idarə edirdi, amma Kirin taxtında oturmuşdu.

“Ənənə icadı” məfhumunu tarix elminə gətirən məşhur ingilis marksisti Erik Hobsbaum sənaye inqilabından sonrakı dövrlərdə icad edilmiş ənənələri üç qismə bölür:

- Toplumun birlik və bərabərliyini təmin edən, qrup aiddiyyatı yaradan və simvolizə edən ənənələr;

- Qurumları, statusları və avtoritetləşmə münasibətlərini yaradan və leqallaşdıran ənənələr;

- Ana məqsədi inancların, dəyərlərin və davranış təmayüllərinin təlqin edilərək nəsildən-nəsilə ötürən ənənələr;

Pəhləvilərin və Xomeyniçilərin “arilik” konsepsiyası bu üç ənənədən ilk ikisi ilə başlanğıcdan təzad təşkil edir. Çünki ariçilik türk mənşəli xanədanların ərsəyə gətirdiyi imperiya keçmişi ilə heç cür ötüşmür. Xomeyninin ideologiyaya çevirdiyi üçüncü “icad” isə, nə ərəb ölkələri, nə də qonşuluqda mövcud olan Türkiyə, yenidən müstəqilləşən Azərbaycanla müqayisədə İranı ayaqda saxlaya bilər. Çünki ərəb ölkələrindən fərqli olaraq, İran çoxmillətli dövlətdir, ən başlıcası, dövlət ənənəsi indiki hakim etnosa aid deyil. Dövlət ənənəsinin sahibi olan xalq Azərbaycana və Türkiyəyə- öz soydaşlarına boylandıqda, modern cəmiyyətlər görür və bununla İrandakı teokratik rejimin əyarı pozulur.

Zənnimcə, İran İslam Respublikasının Azərbaycana qarşı informasiya savaşı elan etməsi, psixoloji şiddət gerçəkləşdirməsi bumeranq effekti verərək öz daxilində krizis çıxaracaq. Buna səbəb informasiya müharibəsinin və psixoloji savaşın 100 ildir ki ulus dövlətə çevrilə bilməyən İranda azərbaycanlıların milli hərəkatını körükləməsi olacaq.

Taleh ŞAHSUVARLI