Cavab haqqımızın mədəniyyəti və ya peşə prinsipləri ilə güclü olmaq

Əslində həyatımız belə qurulub - hərənin öz dili ilə danışırıq. Buna məcburiyyət də demək olar, zərurət də. Onu da düşünürəm ki, hərənin öz dili ilə danışmaqla hərəyə öz dili ilə cavab vermək arasında fərq var. Ən azından emosiya fərqi

Biz 30 ilə yaxın müddətdə Ermənistanla danışmadıq, danışa bilmədik, torpaqlarımızın 20 faizini işğal etmiş bir ölkəyə yalnız cavab verdik. Yəqin xəbər sonluqları yadınızdadır - düşmən cavab atəşi ilə susdurulmuşdur. Amma düşmən susmurdu...

Düşmən susmadığı üçün biz torpaqlarımızı işğaldan azad etmək naminə əks-hücum əməliyyatına başladıq. Yəni cavab verdik. Cavabımız sərt alındı. Fikir verdinizsə, ermənilər bu sərtliyi görüb dünya ictimaiyyətində bizim az qala işğalçı olduğumuz barədə rəy formalaşdırmağa çalışdılar. 30 il ərzində yatmış dünya sanki qəflət yuxusundan ayılıb gördü ki, Cənubi Qafqaz bölgəsində müharibə başlayıb. Kimdir hücum edən – Azərbaycan. Aləm qarışdı bir-birinə, çağırışlar, bəyanatlar gəldi ki, müharibə etmək olmaz, filan...

Vətən Müharibəsinin ilk günlərində heç kəs cavabımızdakı haqqın fərqinə varmırdı. İlk baxışdan belə qənaət formalaşırdı ki, Azərbaycanın torpağının işğal olunduğu dünyanın nəyinə lazımdır. Dünyaya o maraqlıydı ki, onun üçün vacib sayılan bölgədə vəziyyət nəzarətdən çıxmasın...

Amma biz sərt cavabımızı arqumentləşdirdik, haqlılığımızı faktlarla ortaya qoyduq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə günlərində dünyanın populyar media orqanlarına müsahibələri hər birimizin yadındadır. Bəli, dövlət başçımız Ermənistana cavabımızın nə üçün sərt olduğunu əsaslandırdı, arqumentləşdirdi, faktlar göstərdi. Əks-hücum əməliyyatına başlamış Azərbaycanı dünyanın işğalçı kimi tanımasına yol verilə bilməzdi...

Bunları ona görə deyirəm ki, hər bir halda cavabdakı sərtliyin ilk baxışdan kənardan adekvat görünməmə ehtimalı daha böyükdür və kimsə sərt davranışda ədalət axtarırsa, onun baxış bucağı istər-istəməz daralır. Baxışlarda sərt cavaba məruz qalanın məzlum, sərt cavabı verənin qəddar, ədalətsiz obrazı canlanır. İndi təsəvvür edin ki, “cavab verirəm” deyib təhqir edənə, aşağılayana münasibət necədir?

*

Keçək mətləbə. Bəli, biz bu gün də cavab veririk. 44 günlük müharibə dövründə Ermənistana və onun havadarlarına cavab verirdiksə, müharibədən sonra da eyni işi görürük. Fərq ondadır ki, müharibə dövründə cavabımız hücum etdiyimiz üçün idisə, hazırda belə bir durum yoxdur. Üstəlik indi daha bir qonşumuz olan İrana da cavab veririk. Daha doğrusu, İranın anti-Azərbaycan, ermənipərəst mövqeyinə, İrandan ölkəmizə yönələn təhdid dolu çağırışlara münasibətdə səsimizi ucaldırıq. Bəzən isə söyüşümüz səsimizi üstələyir...

...cavabı media formalaşdırır, yəni cəmiyyətə əslində İrana və Ermənistana necə cavab verilməsinin mesajını verir, insanları bir növ, qəlibə salır. Söhbət yalnız İrana və Ermənistana cavabdan getmir. Məsələ ümumən cavabın özündədir. Yaxşı yadımdadır, Azərbaycanda vaxtilə siyasilər arasındakı mübarizə qəzet səhifələrinə çıxırdı. Təhqirlər və böhtanlar adi hal almışdı. Biz cəmiyyət olaraq bundan nə isə qazandıqmı? Vəziyyət elə davam etsəydi, söyüşlə və təhqirlə danışan nəsil formalaşacaqdı ki, həmin nəsil üçün siyasi etika anlayışı tam mənasız olacaqdı. Şükür ki, vəziyyət müsbətə doğru dəyişdi. Amma durum istədiyimiz kimidir?

Durum həm də ona görə istədiyimiz kimi deyil ki, hazırda sosial şəbəkələr var və bu da bir reallıqdır ki, söyüş, təhqir, böhtan, mənəvi terror mərkəzi kimi məhz onlar çıxış edirlər. Ancaq gəlin, düşünək, görək, sosial şəbəkələrdəkilər böyük ölçüdə kimlərdir? Sıravi insanlar və onlar kimisə söymək, tutalım İranı təhqir etmək, Ermənistanın düşmən obrazını yaratmaq üçün özlərinə düşüncə bazasını haradan formalaşdırırlar? Cavab birmənalıdır – mediadan.

Baxın, Ermənistan ombudsmanı sosial şəbəkələrin Azərbaycan seqmentini araşdırır və orada ölkəsinə yönələn düşmən fikirlərlə bağlı hesabat hazırlayaraq həmin hesabatı nüfuzlu beynəlxalq təşkilatlara təqdim edir. Bu, siyasi məqsəd naminə manipulyasıyadır. Yəni erməni ombudsman deyir ki, baxın, azərbaycanlılarda ermənilərə qarşı pataloji nifrət var. Demək, Azərbaycan rəsmilərinin Qarabağdakı erməni əhaliyə vətəndaş münasibəti göstərməsi mümkünsüzdür və s. Bu kimi faktların mövcudluğu heç də o demək deyil ki, kimsə bizə nə isə söyləyər deyə öz haqq bildiyimizi etməyək. Edək, amma düşünərək edək...

*

Baxın, bu gün Azərbaycan cəmiyyətində anti-İran ovqatı hökm sürür. Bunun yaranma səbəbi məlumdur. O da məlumdur ki, səbəbin kökləri ötən illərə gedib çıxır. İran Ermənistanı işğalçı kimi tanımayıb, Azərbaycana qarşı səmimi mövqe tutmayıb və s. Bəli, İrandan Azərbaycana münasibətdə aşağılayıcı mesajlar da var. Ola bilər ki, İran Azərbaycanın daxili ictimai rəyinə təsir göstərmək, hansısa hərbə-zorba niyyəti üçün əsas qazanmaq fikrindədir...

Unutmayaq ki, İrandakı türk faktoru böyük faktordur. Orada milyonlarla soydaşımız var. Onlar siyasi proseslərdən kifayət qədər xəbərdardırlar. Buradakı soydaşlarına dəstəklərini ifadə edirlər. Müharibə dövründə də etdilər.

Onlar gözlərini açıb İranı özlərinə vətən biliblər. Yəni İran ölkəmizə hədyan yağdıranların vətənidirsə, eyni zamanda soydaşlarımızın – 40 milyonun da vətənidir. Sözüm budur - İranda bizə qarşı çıxan qüvvələr Azərbaycan mediasına və ya sosial şəbəkə profillərinə nəzər salıb elə rəy formalaşdıra bilməsinlər ki, həmin 40 milyonun vətəninə qarşı təhqir var. Həmin 40 milyon bizi əvvəllərdə olduğu kimi özününkü bilsin. Bu özününkülük isə mədəniyyətə, insanpərvərliyə əsaslanmış məsələdir.

*

Bəli, biz tarixdə olanları yadda saxlamalıyıq, tarixdən dərs çıxarmalıyıq. Mən düşünmürəm ki, yaxın zamanlarda Ermənistana, ümumən ermənilərə münasibətimizdə pozitiv dəyişiklik ola bilər. Buna heç ehtiyac da yoxdur. Bizim nəzərlərimizdə erməni torpağımızı istila edən, onu 30 il işğalda saxlayandır. Yaddaşın belə qalması çox vacibdir. Həm də ona görə vacibdir ki, erməni cəmiyyəti bizdəki bu baxışı dəyişmək üçün hələlik heç bir müsbət addım atacaq səviyyə və düşüncədə deyil. Erməni cəmiyyətinin təfəkkür tərzi bəsitdir, ənənəvi xəstəliyi bir kənara qoya bilmir. Amma bir az da onu düşünək ki, biz Cənubi Qafqazdan köçüb gedən deyilik. Heç ermənilər də harasa getməyəcəklər. İran dağılacaq, ya dağılmayacaq bu da önəmsizdir. Fakt odur ki, İran cənub qonşumuzdur.

Biz bu coğrafiyada yaşamalıyıq, özü də sülh və dinclik şəraitində yaşamalıyıq. Və onu da nəzərə alaq ki, yaşadığımız məkanı dünyanın xarabazara çevrilmiş ölkələrindən biri kimi görmək istəyən qüvvələrin sayı-hesabı həddən artıq çoxdur. Bu reallığı şübhəsiz ki, Azərbaycan dövləti gözəl anlayır və fəaliyyətini düzgün, ölçülüb-biçilmiş şəkildə qurur. Bəs cəmiyyəti formalaşdırmalı olan media üçün düzgünlük, ölçülü-biçili fəaliyyət nədir?

*
Cavab birmənalıdır - peşə davranışı qaydaları. Necə ki, bütün sürücülər müxtəlif xasiyyətlidirlər, fərqli xarakterə malikdirlər, ancaq onların fəaliyyətini yol hərəkəti ilə bağlı qanunvericilik tənzimləyir, biz ayrı-ayrı baxışlara malik jurnalistlər üçün də tənzimləmə vasitəsi etik prinsiplərdir, peşə dəyərləridir, qısaca peşəkarlıqdır.

44 günlük Vətən Müharibəsini biz biləyimizin deyil, eyni zamanda biliyimizin gücü, informasiya ilə işləmək bacarığımızla qazandıq. Dünya gördü ki, biz onu yaxşı tanıyırıq. Beynəlxalq aləm yalnız gücümüzlə hesablaşmadı, eyni zamanda əks arqumentlərimizə hörmətlə yanaşmaq məcburiyyətində qaldı.

Biliyimizin güclü olması üçün siyasilər və rəsmilər jurnalistlərlə təmasda olmalı, onları ümumən dövlətin siyasi xətti barədə ətraflı məlumatlandırmalıdırlar. Bir növ, dövlət jurnalistikanı faktlarla, arqumentlərlə silahlandırmalıdır. Bəzən dövlətin deyə bilməyib amma deməli olduğunu kütləvi informasiya vasitələri diqqətə çatdırmalıdır. Ümumi maraqlar naminə media-dövlət həmrəyliyi sivil dünyanın bir çox yerlərində var və kifayət qədər tutarlı təcrübə kimi sınaqdan çıxarılır. Həm bu təcrübədən irəli gələn mətləblərin, həm də medianın özünün fəaliyyətindən doğan məqamların vurğulanması yalnız peşəkarlığa əsaslanmalıdır.

Nəzərə alaq ki, söz deməyin, ümumən yaradıcılığın sərhədləri həddən artıq genişdir. Fərqi yoxdur etirazımız kimə ünvanlanır, kimi hədəf seçirik, biz arqumentlərimizlə, faktlarımızla, sağlam düşüncəmizlə öndəyik, güclüyük. Bu yolla cəmiyyətə, dövlətimizə, ümumən dövlətçiliyimizə faydamız daha çoxdur.

Əflatun Amaşov