Azərbaycanın tarixi zəfərinə qarşı qurulan koalisiyada kimlər var? Azərbaycanın tarixi zəfərinə qarşı qurulan koalisiyada kimlər var?

Bir Fətullah Gülən qalmışdı, onun da quyruğu görsəndi! - ŞƏRH

Azərbaycanın tarixi zəfərinə qarşı qurulan koalisiyada kimlər var?

Ali Baş Komandan İlham Əliyevin əmri ilə ötən il gerçəkləşdirilən və Azərbaycana tarixi zəfər qazandıran “Dəmir yumruq” əməliyyatının uğurla başa çatmasında bir əlavə səbəb də vardı. Ermənistanın hamiləri işğalçı ordunun belə qısa müddətdə darmadağın ediləcəyini, çox ciddi şəkildə yaradılmış istehkamların tezliklə yarılacağını, Azərbaycanın itkilərinin sayının gözləniləndən dəfələrlə az olacağını təxmin edə və ildırım sürəti ilə aparılan əks-hücum əməliyyatına çevik reaksiya verə bilmədilər. Müharibə Azərbaycanın bir mənalı şəkildə hərbi qələbəsi ilə yekunlaşdı, Qafqazda yeni reallıq yarandı və hazırda prezident İlham Əliyev mükəmməl diplomatik gedişlərlə bu reallığın şərtlərini Ermənistana diqtə edir.

Bəli, torpaqlarımızı 30 il işğal altında saxlamış Ermənistanın bu gün istər hərbi, istər diplomatik, istərsə də sosial-iqtisadi və demoqrafik baxımdan Azərbaycanın qarşısında duruş gətirmək, bizimlə nəinki düşmənçilik, hətta rəqabət aparmaq imkanı yoxdur. Amma başqa bir reallıq da var: Ermənistanı “Ermənistan” edən – yaradan, qoruyan, işğalçı dövlətə çevirən xarici güclərdir. Bu güclər neçə əsrdir ki, ermənilərdən Osmanlıya və ardınca Türkiyəyə qarşı maşa kimi istifadə edir, 20-ci əsrin əvvəllərindən isə, həm də Azərbaycana qarşı qoyur. 44 günlük müharibə Ermənistanın hamilərinə də başa saldı ki, Qafqazın bu süni və qondarma dövlətinin Azərbaycanla hərbi müstəvidə danışması artıq mümkün deyil. Amma atalar yaxşı deyib, it itliyindən əl çəkər, sümsünməyindən yox. Nə torpaqlarımızdan it kimi qovduqlarımız sümsünməklərindən əl çəkir, nə də onları Azərbaycanın üstünə qısqırdanlar!

Öz sülhməramlılarını Xankəndidəki ermənilərin qoruyucusuna çevirmiş Rusiya Qarabağda, yumşaq desək, çoxbaşlı oyun oynayır. Bu günlərdə Qələbənin bir illiyini qeyd edəcəyik, ancaq üç dəfə komandan dəyişmiş rus sülhməramlıları Xankəndi və ətrafında qalmış Ermənistanın işğalçı qoşunlarının qalıqlarının bölgədən çıxarılma qrafikini Bakıya təqdim etməyib. Niyə və nəyi gözləyirlər?

Rusiyadan fərqli olaraq, İran heç gözləmə mövqeyində də deyil. Bütün addımları və açıqlamaları ilə Ermənistanı müdafiə edir, Azərbaycanın öz torpaqlarını azad etməsindən pərt olduğunu ortaya qoyur. İslam respublikasının narkobaronları Avropaya Qarabağdan gedən tranzit xəttinin sıradan çıxması və nəticədə milyardlar itirmələri ilə barışa bilmirlər. Araz sahilində keçirdikləri təlimlərlə Azərbaycana qarşı hərbi güc nümayiş etdirir, informasiya savaşı açır, diplomatik və psixoloji təsyiqlər göstərirlər. Başda prezident İlham Əliyev olmaqla, Azərbaycan dövləti, hakimiyyəti, diplomatiyası, mediası, cəmiyyəti İrana ustad dərsləri keçir. Artıq dünyanın nüfuzlu və ixtisaslaşmış analitik nəşrləri də bu sətirlərin müəllifinin neçə vaxtdır dediyini eynilə təkrar edərək bildirir ki, Tehrandakı molla rejimi ehtimal olunan bir savaşda Azərbaycanı tək və zəif görməklə yanılır. Əgər İran Azərbaycana qarşı hərbi əməliyyatlar başlayarsa, Bakı öz müttəfiqləri ilə birgə “islam respublikası”na qalib gələcək. Sual oluna bilər, əgər İran hərbi kontingentinə görə, Azərbaycandan öndədirsə, biz necə qalib gələcəyik? Cavab aydındır: çünki asimmetrik müharibə aparacağıq!

Bu gün istər Ermənistanla, istər onun cənubdakı, şimaldakı, qərbdəki və okeanın o tayındakı hamiləri ilə asimmetrik savaş davam edir. Bu savaşda Azərbaycana və Bakının formalaşdırdığı Azərbaycan-Türkiyə-Pakistan-İsrail blokuna qarşı ənənəvi “erməni cəbhəsi”ndə yer alanlar arasında Fətullah Gülən Terror Örgütü də var. Türkiyədəki məlum dövlət çevrilişi cəhdindən sonra bu şəbəkənin Azərbaycanda da ciddi şəkildə sıxışdırılmasına rəğmən təsir gücü qalmaqdadır. Bu qrup Azərbaycana qarşı assimetrik savaşda İranın uzun illər ərzində kisə-kisə pul xərcləyərək ölkəmizdə yaratdığı təzyiq rıçaqları, Qərbin və Rusiyanın “5-ci kolonlar”ı ilə birdir. Əliyevə və Ərdoğana qarşı nifrətdən qovrulan erməni diasporu bir-birinə zidd bu dairələrin maraqlarının koordinasiya edilməsində rol alır, Ermənistan özü isə törətdiyi və törədəcəyi təxribatlarla Azərbaycanın qazandığı qələbəni gözdən salmağa ümid edir.

Məlum olduğu kimi, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdıb və həbs edilib. Mişa bir zamanlar prezidenti olduğu dövlətin sərhədlərini qanunsuz keçməklə sübut etdi ki, onun avantüra meyli dövlət hissiyatını çox-çox böyük ölçüdə üstələyir. Ardınca on minlərlə insan Tiflisdə meydana çıxaraq Saakaşviliyə dəstək nümayiş etdirdi. Bütün bunlar spontan, bir günün, bir həftənin içində planlaşdırılan məsələlər deyil. Demək ki, keçmiş SSRİ məkanında rəngli inqilabların ikinci dalğası hazırlanır. Azərbaycan Qarabağ savaşını ona görə qazana bildi ki, siyasi macəralara yuvarlanmayıb tarixi hədəflərinin arxasınca getdi, mərkəzi hakimiyyətin avtoritetini, daxili sabitliyi qorudu, xalqımız istənilən situasiyada prezident İlham Əliyevə dəstək oldu.

Baş verənlərə diqqət edək:

- Ölkəmizdə Pakistan əleyhinə rəylər dövriyyəyə buraxılır.

- İran Azərbaycanın İsraillə dostluq münasibətlərini sərinlətmək üçün iki ayağını bir başmağa dirəyib.

- Türkiyə və Ərdoğan əleyhdarlığı kimsəyə sirr olmayan Fətullah Gülənin Azərbaycandakı kimliyi bəlli simpatizanları Prezident Administrasiyasına və hüquq-mühafizə orqanlarına “test həmlələri” edir.

- Atası Bəxtiyar Vahabzadəyə el hörmətinə sığınaraq siyasətə atılan İsfəndiyar Vahabzadə 30 ildən sonra Jirinovskiyə cavab verməyə qalxır, rus cəmiyyətindəki anti-Azərbaycan mövqeyini gücləndirməyə çalışanlara tutarğa verir.

- Mixail Saakaşvili sosial şəbəkələr vasitəsi ilə Azərbaycan ictimai rəyində yenidən romantizasiya olunur.

- Feministlər və bu kimi marginal, amma sistemli çalışan qruplar Azərbaycanın güc strukturlarına qarşı gündə bir həştəqlə kampaniya aparırlar.

- Prezident İlham Əliyevin ictimai rəy qarşısındakı müdafiəçiləri ən müxtəlif formalarda linç edilir, etibarsızlaşdırılır, məhkəmələrə çəkilir.

- Prezident İlham Əliyevə və ailə üzvlərinə qarşı Qərb mediasında açıq qaralama kampaniyasına start verilib.

- Xaricdən yayımlanan kanallar efirə “canlı şahidlər” çıxararaq Azərbaycanda məmurlara qarşı “kompromat savaşı” aparır. Prezidentin irəli çəkdiyi, mühüm vəzifələr həvalə etdiyi yeni kadrları ictimai rəydə etibarsızlaşdırmaq üçün hər yola əl atılır.

- Müharibədən çıxmış, Qarabağı faktiki olaraq sıfırdan inşa edəcək bir ölkədə sosial-iqtidasi vəziyyətin tənzimlənməsi üçün hakimiyyət bəzən qeyri-populyar qərarlar da qəbul etməyə məhkumdur. Bu cür qərarları sosial narazılıq dalğasına çevirmək üçün “erməni cəbhəsi” əlindən gələni əsirgəmir.

Bütün bunlar vahid bir ssenarinin tərkib hissəsi kimi görünmürmü?

Bütün bunlar Azərbaycana, tarixi zəfərə və Azərbaycanı qələbələrə daşıyan bir liderə- İlham Əliyevə qarşı asimmetrik savaşın simptomları deyilmi?

Zənnimcə, ölkəmizə qarşı bu savaş Fətullah Gülən simpatizanlarının hərəkətə keçməsi ilə artıq yeni mərhələyə qoyub. Dövlət öz reflekslərini tam şəkildə işə salmalıdır. Çünki Azərbaycandakı gülənçilər Xomeyniyə "ağam" deyənlərdən, marginallaşmış qrant yeyənlərdən və sovet DTK-nın təsir agentlərindən fərqli olaraq, cəmiyyətin yüksək və orta təbəqələrində “karyera və mənfəət şəbəkəsi” kimi formalaşıblar. Odur ki, Gülən şəbəkəsinin ümumi zehniyyətinə bir daha nəzər salmaqda fayda var.

Gülənçilərin ilk xüsusiyyəti budur ki, adi vaxtlarda dövlətlə yaxşı keçinməyə, mövqe tutmağa, yüksək dairələrə öz xidmətlərini təklif etməyə çalışırlar. Ancaq üzdə olan mövqe ilə daxili münasibət hər zaman təzad təşkil edir. Quyruqları bir balaca qapı arasında sıxışan kimi, “müasir, təhsilli və xoş görsənişli dindarlar” bir andaca əfi ilana dönür, hər cür aqressivlik üçün hazır vəziyyətə gəlirlər.

Gülənçilərin ikinci özəlliyi “təqdiri-ilahi” anlayışı ilə öz maraqları naminə dövlətə aqressiv hücum zamanı başqalarının zərər görəcəyindən əsla rahatsızlıq duymamalıdır. Necə deyərlər, məqsəd onlar üçün həmişə vasitəyə bəraət qazandırır. Vahid həyat tərzinə malik bir cameə deyillər. Təsadüfi deyil ki, Türkiyədə aparılmış bir araşdırmada gülənçilərin seks mağazalardan alver edən əsas kütlələrdən olması üzə çıxmışdı. Öz sapıqlıqlarını “halallaşdırmaq” onları üçün adi haldır.

Gülənçilərin üçüncü cəhəti öz planlarını həmişə hiyləgərcəsinə gizləyə bilmələridir. Yalan və riyakarlıq Fətullah Gülən tərəfindən onlara caiz bilinib. Öz yalanlarına və riyakarlıqlarına çevrəni inandırmaq problemi ilə üzləşəndə “emosional partlama” yaşayırlar.

Dördüncü mühim məqam xeyriyyəçilik görüntüsü verərək tərəfdar və maddi qaynaqlar toplamalarıdır.

Beşinci. Psixonalitik baxımdan travmalıdırlar. Daxili miskinlikləri və təlatümləri, maddiyyat hərisliyi ilə elit görünmək çabaları arasında hər zaman bir uçurum var. “Seçilmiş adam” təlqini ilə eqoları şişirdildiyindən kimsəni özlərindən öndə görmək istəməz, uğurlarını həzm etməzlər. Ancaq narsist eqolarını “fədakarlıq” qılafına bürünərək gizlətməyə çalışırlar.

Nəhayət, bir dini cameə olaraq gülənçilər enişli-yoxuşlu yol keçiblər. Ən ağır zərbələr qarşısında belə, yenidən toparlanmağa çalışırlar. Başqa sözlə, Türkiyədə və Azərbaycanda sıxışdırılmaları onları yeni bir yapılanmaya və həmlə hazırlığına sövq edib.

2013-cü ilin prezident seçkilərindən bir neçə sənə öncə, Azərbaycanda Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi kimi ortaya çıxacağını, bu alınmayanda isə, o dövrlərdə hakimiyyətə loyal və deputat olan Cəmil Həsənlinin önə veriləcəyini söyləsən, adama gülərdilər. Bu gün də eyni vəziyyətdir. Azərbaycanda daxili qarışıqlıq yaratmaq, siyasi prosesləri küçəyə daşımaq istəyənlər gözləmə mövqeyindədirlər. Projenin əsas “qəhrəmanları”nı hələ açıqlamayıb, piyasaya sürməyiblər. Ancaq mənim fəhmim deyir ki, o, məhz Gülən şəbəkəsinin üzvü olacaq. Sadəcə, ortam hazırlanır. Bu şəraitin yaranmaması üçün hakimiyyət desentralizasiyaya qarşı kəskin mövqe tutmalı, öz dərisini qorumağı dövlətin ali maraqlarının müdafiə etməkdən üstün tutanlara qarşı profilaktik tədbirlər görməlidir. Prezident Əliyevin reytinq problemi yoxdur, əksinə, savaşın nəticələri ona xalq dəstəyini ən yüksək həddə çatdırıb. Dövlət və hakim komanda şantaja boyun əyməməlidir. Əminəm ki, məhz belə də olacaq!

Taleh ŞAHSUVARLI