Azərbaycanda “balıq qırğını”: Milli Məclisin komitə sədrinə müraciət edirəm!

Qanunsuz balıq ovunun illik dövriyyəsi 100 milyon manatdan çoxdur

Prezident və Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə ötən il gerçəkləşən “Dəmir yumruq” əməliyyatı Azərbaycanın tarixi zəfəri, torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə başa çatdı. İşğal altında qaldığı müddətdə Azərbaycanın ən dilbər guşələrində yerləşən bir-birindən gözəl kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz təkcə dağıdılaraq viran qoyulmamış, eyni zamanda, ekoloji yağmaya məruz qalmışdı. Prezident İlham Əliyev və xanımı, birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunan torpaqlarımıza etdikləri səfərlərdə bütün bunları həm şəxsən görür, həm də xalqımıza və dünyaya çatdırılması üçün əzmlə çalışırlar. Qarabağın bərpasının, məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasının, vətənimizin ayrılmaz parçası olan ərazilərimizdə ekoloji mühitin sağlamlaşdırılmasının, sözün bütün mənalarında, yüksək səviyyəli dövlət xadimi olaraq Mehriban xanım üçün nə qədər böyük əhəmiyyət və məna daşıdığını hər bir vətəndaşımız kimi mən də görür və səmimiyyətlə təqdir edirəm.

Birinci xanım, Heydər Əliyev Fondunun rəhbəri, birinci vitse prezident olaraq göstərdiyi prinsipial, xeyirxah və vətənpərvər fəaliyyət nəticəsində cəmiyyətimizdə son dərəcə aktual problemlərin həlli ilə bağlı “əgər Mehriban xanım bunu bilsə, mütləq qarşısı alınacaq” kimi bir inam formalaşıb. Bu inamı mən də bölüşürəm. Ancaq hesab edirəm ki, ölkəmizdəki bir çox problemlər dövlət başçısının, birinci vitse prezidentin işə qarışmasına qədər həll oluna bilər və olunmalıdır. Bunun üçün prezident İlham Əliyevin dəfələrlə vurğuladığı ictimai nəzarət amilinə parlamentarilər də həssas yanaşmalı, ictimai təşəbbüsləri Milli Məclisin müzakirəsinə çıxarmalıdırlar. Odur ki, bu məqaləni- açıq məktubu parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin rəhbəri Sadiq Qurbanova ünvanlayıram.

Nəzərə çatdırmaq istədiyim son dərəcə ağrılı, ekoloji fəlakət həddinə çatmış problem budur ki, Xəzər kimi bir dənizə, Kür və Araz kimi iri çaylara, bu çayların yüzlərlə qoluna, çox sayda gölə, anbara və kanala malik olan ölkəmizdəki bütün hövzələrdə biomüxtəliflik qəddarcasına məhv edilir, balıqların kökü kəsilir, suda yaşayan canlıların artması və böyüməsi üçün şərait amansızlıqla sıradan çıxarılır. Heç 30 il işğal altında qalan bölgələrimizdə erməni vandalları belə su hövzələrimizə bu qədər amansızlıqla zərbə vurmayıblar. Hazırda balıq ovu mövsümüdür. Sosial şəbəkələrdə mövcud olan müvafiq səhifə və qruplarda gedən müzakirələrdən çox aydın görünür ki, Azərbaycandakı on minlərlə balıq ovu həvəskarları su hövzələrinin sahillərində, sadəcə, vaxt itirir, evə ya əliboş, ya da təsadüfi ovlarla qayıdırlar. Keçmiş SSRİ məkanına daxil olan ölkələrdəki balıq ovu həvəskarlarının yaratdığı səhifə və qruplarda isə, tamamilə fərqli mənzərə qarşımıza çıxır. İnsanlar təbiətlə ünsiyyətdə olur, ekoloji mühiti qoruyur, fəal və yaxşı istirahət edir və əlbəttə, ovları da uğurlu olur. Zira, Azərbaycanın su hövzələrində canlıların kökü o dərəcədə kəsilir ki, belə davam etsə, insanlarımız bir neçə ildən sonra balıqları ancaq və ancaq internetdəki videolarda, yaxud bazar piştaxtalarına süni nohurlarda yetişdirilərək çıxarılmış formada görəcəklər. Bu, təkcə mənim yox, məsələdən agah olan bütün həvəskar və professional ovçuların qəti fikridir ki, Azərbaycanda dəhşətli balıq qırğını gedir, su canlıları soyqırım təhlükəsi ilə üz-üzədir.

Buna səbəb istisnasız olaraq bütün su hövzələrində qurulan torlar, balıq sürülərinin göründüyü yerlərdə suya elektrik cərəyanı buraxmaqla təbiətə qarşı edilən cinayətlər, brokonyerlikdir. Çayları, kanalları, gölləri və anbarları “kimlərinsə haqqını verərək” zəbt edən, su hövzələri üzərində qanunsuz monopoliyalar yaradan işbazlardan, brokonyerlərdən ibarət xüsusi qruplar təşəkkül tapıb. Su hövzələrinin kənarında cəmi bir neçə saat müşahidə aparmaqla xüsusi avadanlıqlara malik bu şəxslər və onların qanunsuz əməlləri barədə ətraflı məlumat toplamaq mümkün olduğu halda, illərdir davam edən balıq qırğınına qarşı heç bir təsirli addım atılmır. “Xüsusi himayə” ilə Xəzər sahillərində, Kür və Araz çaylarında, Qarabağ, Şirvan, Mil-Muğan və digər kanallarda, göllərdə, Mingəçevirdəki, Şəmkirdəki və digər yerlərdəki su anbarlarında qurulmuş o torları, gecə və gündüz tonlarla qanunsuz balıq ovlayan qayıqları adi vətəndaş, övladları, dostları ilə fərqli bir gün keçirmək istəyən həvəskar balıq ovçuları görürsə, bəs, müvafiq dövlət qurumları niyə hərəkətə keçmir, törədilən ekoloji soyqırıma göz yumurlar? İlk baxışdan “laqeydliyin nəticəsi” kimi görünən bu problemin ortaya çıxmasında çox böyük məbləğləri əhatə edən maddi maraqlar var. Qanunsuz balıq ovu sənədləşmədiyindən və nəticədə məhsulun bazar dövriyyəsi statistikaya daxil olmadığından, rəsmi məlumatlara görə, Azərbaycanda balıq ətinin istehlakı dünya üzrə orta göstəricilərdən 2 dəfə az- adambaşına ildə 7,3 kiloqramdır. Yenə ötən ili əhatə edən rəsmi məlumatlara baxsaq, Azərbaycanda balıq və balıq məhsullarının 1 kiloqramının qiyməti orta hesabla 6,5 manat olub. Ölkəmizdə bazara ən aşağı təxminlə 15 min ton qanunsuz ovlanmış balıq əti çıxarılsa, rəsmi məlumatlarda əks olunan ortalama qiymətə nəzərən hesablasaq, bu, ildə 100 milyon manatdan çox bir məbləği əhatə edir.

Bioloji tədqiqatlara görə, bir çoxlarının “sazan” kimi tanıdığı çəki balığının dişisi suya minimum 100 min ədəd olmaqla 500 minədək kürü buraxmağa qadirdir. Azərbaycanda, sadəcə, cəmi bir neçə yüz dişi çəki balığının artması və böyüməsi kifayətdir ki, ölkəmizdəki su hövzələri balıqla dolub-daşsın, həvəskar balıq ovu ilə bağlı turizm genişlənsin, insanlarımızın aktiv istirahət etmək, emosional gərginlikdən uzaqlaşmaq imkanları şaxələnsin. II Qarabağ savaşında dövlətimiz, ordumuz və xalqımız böyük rəşadət göstərməklə yanaşı, həm də ağır stress yaşayıb. Səfərbərlikdən orduya cəlb edilmiş yüz minlərlə gəncimiz var. Müharibənin dəhşətlərini görmüş gənclərimiz üçün mədəni tədbirlər- turlar, yarışlar, festivallar təşkil etmək, onları kiçik və orta biznes sahələrinə yönəltmək hər bir bələdiyyə və dövlət qurumunun, sosial yönümlü ictimai təşkilatların qarşısında mühüm vəzifə kimi dayanır. Azərbaycanda həvəskar balıq ovunun önündəki ən böyük maneə- yuxarıda qeyd olunan qanunsuzluqlar aradan qalxarsa, həm bu məsələlər öz həllini önəmli ölçüdə tapar, həm də gənclərimiz arasında narkomaniya və digər bu kimi pis vərdişlərin yayılmasının qarşısı alınar. Axı təbiətdə olduğu kimi, cəmiyyətdə də müxtəlif komponentlər bir-birinə sıx bağlıdır, birinin yaxşıya, yaxud pisə doğru dəyişməsi digərinə də birbaşa və eyni qaydada təsir edir.

Odur ki, bir deputat, parlament komitəsinin sədri kimi Sizə səslənirəm, hörmətli Sadiq müəllim. Xahiş edirəm, Milli Məclisdə qaldırın bu məsələni, səssiz balıqların harayını çatdırın bütün lazımi və sükuta qərq olmuş qurumlara. Hamımız əl-ələ verməli, qorumalıyıq gözəl təbiətimizi, Tanrının dilsiz-ağızsız canlılarını. Mənim inancıma görə, təbiətdə hər şeyin - otun da, ağacın da, həşəratların da, balıqların da insanlar kimi ahı var. Vallah, bir gün tutacaq o ah bizi bir cəmiyyət olaraq, əgər ölkəmizdəki balıq soyqırımını dərhal dayandırmasaq!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru,

Dövlət Xüsusi Mühafizə Xidmətinin nəzdindəki Hərbi Ovçuluq İttifaqının üzvü,

II Qarabağ savaşının iştirakçısı, ehtiyatda olan baş leytenant