"Nağıyev və Usubovun açıqlamaları göstərir ki..."- Taleh Şahsuvarlıdan operativ şərh

'Bu qrupların hərəkətə gəlməsi üçün açıq müstəvidə "influencer"lərin olması da gərəkdir'

"Bu gün Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Azərbaycanda sabitliyin pozulmasına çalışan qüvvələrin olması, DTX rəisi Əli Nağıyev isə, mövcud sabitliyin pozulmasına yönələn hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcəyini açıqlayıb".

Bu sözləri AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb. O, daha sonra bildirib:

"Açıqlamanın müəllifləri yetərincə məlumatlı, peşəkar və təcrübəli generallardırlar. Demək ki, sabitliyə qarşı yönələn təhdidlərin miqyası adi vətəndaşların, jurnalistlərin, analitiklərin müşahidə edə biləcəyindən daha geniş miqyasdadır. Ancaq gözlənilməz də deyil. 44 günlük savaşda Azərbaycanın qazandığı tarixi zəfərə qarşı ən böyük həmlənin daxili sabitliyi pozmaq cəhdlərindən ibarət olacağını dəfələrlə vurğulamış, proqnozlaşdırmışam. "Bizi içəridən vurmağa çalışacaqlar" deyə açıq-açıq yazmışam. Açığı, siyasi müxalifətin belə bir gücü yoxdur, onlar daha çox fon səciyyəsi daşıyır. Əsas təhdidlər yəqin ki, qeyri-sistemli müxalifətdən gəlir. Ölkəmizdə marağı olan ən müxtəılif ölkələrin illərcə yemlədikləri təsir qrupları var. Bu qrupların hərəkətə gəlməsi üçün açıq müstəvidə "influencer"lərin olması da gərəkdir. Bu, aksiomdur. "İnfluencer" kimi istifadə olunan şarlatanların bir qismi isə son zamanlar özlərini hakimiyyətə yaxınlaşmış kimi göstərərək Prezident Əliyevi ictimai rəy qarşısında ardıcıl müdafiə edənlərə qarşı linç kampaniyaları təşkil edir, jurnalistləri, politoloqları, yüksək vəzifəli məmurları, ayrı-ayrı dövlət qurumlarını və millət vəkillərini şantaj edir, hətta bu məqsədlə məhkəmələrdən də təzyiq kimi istifadə edirlər. Odur ki, dəfələrlə yazdığım fikri bir daha deyirəm: Dövlət, hakimiyyət, prezidentə sədaqətli vəzifə sahibləri şantaja boyun əyməməli, İranla, Fətullah Gülənlə, sovet KQB-si ilə əməkdaşlığı barədə cəmiyyətdə ciddi qənaətlər olan, xarici fondlardan maliyyələşən "influencer"-lər barədə ciddi tədbirlər görülməli, onlara dövlətin və prezidentin müdafiəçilərinin üstünə "xod" getmələrinə imkan verilməməlidir. Əgər bu ölkədə erməni diasporası Azərbaycana uzanan əllərini ifşa etdiyi üçün bir jurnalisti məhkəməyə çəkə bilirsə, deməli, müəyyən boşluqlar var. Hakim elitadakı kadr dəyişikliklərindən sonra bu boşluqların meydana çıxması qaçılmaz idi. Ancaq prezidentin yeni köməkçisi Hikmət Hacıyev uğurlu kadr oldu, qısa zamanda situasiyanı dəyişə bilmək üçün əzmlə çalışdı, cəmiyyətlə pozitiv kommunikasiya qurdu. Fəqət sabitliyi pozmaq istəyən qüvvələrə meydan açılmaması üçün bu zəmin tamam qurudulmalıdır. Bunun üçün isə, prinsiplərin və qaydaların həm sabitliyinə, həm də aydınlığına ehtiyac var. Əks halda məlumdur, sabitliyi pozmaq istəyən qüvvələr həmişə bulanıq su axtarır..."

AzNews.az