Emin Əmrullayev, əslində, yaxşı bir işin anonsunu verib Emin Əmrullayev, əslində, yaxşı bir işin anonsunu verib

Məktəblərdə dilənçilik olsun, yoxsa xeyriyyəçilik?- Baş redaktordan nazirə dəstək

Emin Əmrullayev, əslində, yaxşı bir işin anonsunu verib

Təhsli nazirliyini imkan düşdükcə tənqid edirəm.

Hərçənd nazir Emin Əmrullayevi və komandasının bir çox üzvlərini uzun müddətdir ki, şəxsən tanıyır, intellektlərinə, bacarıqlarına hörmətlə yanaşıram.

Bu baxımdan tənqidlərimin ünvanı nazirin və çevrəsindəki kadrların şəxsiyyətləri, kimlikləri deyil, orta və ali məktəb sistemindəki qüsurlardır.

Bir neçəsini təkrar edim.

İki övladım ali məktəbdə oxuyur. Biri BDU-da, biri ADNSU-da. Onların tələbə adını qazanmasında təhsil aldıqları orta məktəblərdən daha çox, hazırlıq kursları, mənim boğazımızdan kəsib repetitorlara ödədiyim pullar rol oynayıb.

Yaxud kiçik qardaşım BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində oxuyub. Hazırda ali təhsilini tamamlayıb və Ermənistanla sərhəd bölgələrimizin birində əsgərdir. Təhsil haqqına görə BDU-ya borclu qaldığından diplomunu almayıb, amma bu gün düşmənlə üz-üzədir. Nə qədər belə məzun- əsgər var ki, təhsil haqqını tam ödəyə bilmədiyindən diplomunu əldə edə bilmir.

Ən azı bu kateqoriyadan olan gəncləri ödənişdən bir dəfəlik azad etmək olmazmı?

Azərbaycanın Ana Yasasına, müzəffər ordusuna, qalib xalqına, qüdrətli dövlətinə, bu dövlətin gənc və islahatçı təhsil nazirinə yaraşan da məhz bu deyilmi?

Nədən təşəbbüs irəli sürülmür, dövlət büdcəsindən səmərəsiz xərcləmələrlə müqayisədə olduqca kiçik görsənən bir məbləğ ali təhsilini tamamlayıb hərbi xidmətə yollanan, qışın bu oğlan çağında düşmənlə qarşı səngərdə yatan əsgərlərimizə “halalınız olsun” deyilmir?

Bəli, Azərbaycanın təhsil sistemində də, təhsil nazirliyində də çox ciddi problemlər var.

Bu problemlərin həlli üçün çalışmaq Emin Əmrullayevin nazir kimi vəzifə borcu, məsuliyyətidir.

Prezident məhz bunun üçün ona etimad göstərib.

Dünən prezident Əliyev təhsil sistemi ilə bağlı ciddi qərarlar verdi, sərəncamlar imzaladı.

Bu gün cənab Əmrullayev bu qərarları xalqa çatdırmaq, cəmiyyətə izah etmək üçün kameraların önünə keçdi.

Olan da elə bundan sonra oldu.

Sosial şəbəkələrdə elə fırtına qopub ki, Emin müəllimin özünün dediklərinin cəmiyyətə düzgün kommunikasiya olunmasına ehtiyac var.

Nazir deyib: “Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Valideynin verdiyi ödəniş könüllü olmalı və şəffaf mexanizmlə tənzimlənməlidir”.

Dostlar, qardaşlar, bacılar, lütfən bir dəqiqə əl saxlayın, cin atınızın cilovunu çəkin.

Bütün səmimiyyətimlə deyir və sözümün üstündə də dayanıram.

Təhsil naziri çox ciddi bir islahatın, çox yaxşı bir addımın anonsunu verib.

Bəli, içi mən qarışıq bütün valideynlər yaxşı bilirik ki, Azərbaycan məktəblərində dilənçilik, talançılıq hökm sürür.

Hər müəllimin, müəllimənin öz “bayram məzənnəsi” var.

Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, şagirdlər məktəbə deyil, hazırlığa getmək, hazırlaşarkən məktəbdə vaxt itirməmək üçün tədris hissə müdirlərinə, direktorlara haqq verirlər.

“Müəllimin maaşı azdır” deyirik, amma direktorlar var ki, on yerdə ev, villa sahibidirlər, ən lüks “cip”lər sürürlər.

Soruşmaq eyib olmasın, haradandır?

Odur ki, bütün bunları görən, bilən, öz həyatında daha çoxuna şahid olan valideynlər, valideyn olacaq insanlar nazirin dediklərini qəbul etmək, üzərində düşünmək istəmirlər.

Haqlıdırlar, haqlı olmaq azdır, həm də gələcəyə baxmaq lazımdır.

Bir məsafə qət etmək, birlikdə uğura imza atmaq, nəyisə dəyişmək istəyiriksə, yaxşı təcrübələrə istinad etməliyik.

Azərbaycan dövləti icbari və pulsuz orta təhsilə təminat verir.

Bunun üçün büdcədən təhsil sisteminə pul ayırır.

Azərbaycanın bir dövlət olaraq nə gəliri, nə də büdcə ayırmaları nəinki iri dövlətlərlə, hətta böyük transmilli şirkətlərlə müqayisədə yüksək sayıla bilər. Məsələn, ABŞ-dakı Harvard Universiteti 36 milyard dollarlıq büdcəsi ilə Azərbaycan Respublikasından daha zəngindir.

Təhsilin yüksək keyfiyyətə malik olduğu Qərb ölkələrində “məktəbə sədaqət” anlayışı var.

Orta məktəblər, kolleclər, universitetlər öz məzunları ilə davamlı ünsiyyət saxlayır, onlardan ianələr toplayır, topladıqları vəsaitlə cari xərclərinin bir qismini qarşılayırlar.

Çünki büdcədən vəsait məktəblərin tikintisinə, təmirinə, saxlanmasına, pedoqoji kollektivin maaşına, dərs vəsaitlərinə və s. gedir, reallıqda isə başqa tələbatlar da üzə çıxır, xərclər həmişə bir az artıq olur.

Eyni təcrübə qardaş Türkiyədə də var.

Valideynlər, məzunlar, xeyriyyə təşkilatları, tanınmış şəxslər məktəblərə maddi yardım göstərirlər.

Bunun üçün xüsusi fondlar yaradılır, o fondların fəaliyyəti şəffaf mexanizmlərlə qurulur.

Odur ki, təhsil nazirinin sözlərini süngü ilə qarşılamaq əvəzinə gəlin bu barədə öyrənək, düşünək və görək ki:

Məktəblər üçün ianələr necə toplanır? Fiziki və hüquqi şəxslərin verdikləri ianə qarşılığında, məktəblərdən gözləntiləri nədir? Məktəblər maddi yetərsizliyi hansı istiqamətlərdə çəkir və toplanan ianələr bu problemlərin həllində təsirli olurmu? İanələr pedoqoji kollektivlə şagirdlərin münasibətlərinə, təhsilin keyfiyyətinə necə təsir göstərir?

Razılaşaq ki, bu sualların hər birinin önündə dağ boyda komplekslər var. Amma bu kompleksləri aşmaq, işə bir yerdən girişmək lazımdır.

Təklifim məktəblərdə Məzunlar Şurasının yaradılmasıdır. Bu Şuraya məktəbin kollektivindən heç kim daxil olmamalı, eyni zamanda, valideynlərdən ianə toplanmamalıdır.

Belədə, yalnızca məzunlar öz keçmiş məktəblərinə ianə verəcək və həmin ianələrin necə xərclənməsinə nəzarət edəcəklər.

Bu, həm də məktəblərdə korrupsiyanın qarşısının alınmasına yardım edər.

Məzunun biri mən.

Mən görəndə ki, məktəb direktoru qohum-qardaşının adını işə yazdırıb pul silir, məktəbin inventarını satıb kimlərəsə rüşvət kimi çatdırır, şagirdlərdən pul toplayıb maşın krediti ödəyir, o məktəbə bir qara qəpik də vermərəm!

Amma nazir Əmrullayev məktəblərdəki dilənçiliyi xeyriyyəçiliklə əvəz edəcəksə, sözügedən mexanizmi quracaqsa, ona birmənalı dəstək ifadə edəcəm.

Taleh ŞAHSUVARLI