Yurdlar köçkün düşmüşdü, yoxsa adamlar? Yurdlar köçkün düşmüşdü, yoxsa adamlar?

Malikin dağları dolanan səsi

Yurdlar köçkün düşmüşdü, yoxsa adamlar?

O evin qarşında nə vaxtsa qollu-budaqlı bir ağac vardı, kəsilmişdi, kökü qalmışdı. Elə evin özündən də qalan təkcə divarlar idi, divarların da yarısı uçurulmuşdu. Nə qapısı vardı, nə pəncərəsi, nə də pilləkanları. Damsız, adamsız bir ev idi. Haçansa, lap dəqiqi o dağlar, o binələr düşmən tərəfindən işğal olunana qədər ev olmuşdu, eşik olmuşdu, bağ olmuşdu, bağat olmuşdu. İndi nişanəsi qalmışdı. Bir də xatirələri. Az qala bütün günlər yaddaşına yazılmışdı, hafizəsində elə bil bir quyu qazılmışdı, bütün xatirələr qaça-qaç düşəndə o quyunun içinə sızmışdı. Sızıldayırdı illərdir. Bəzən buz tutub donur, bəzən qarlı qış axşamında kəndin kəsilən işıqları kimi sönür, dərhal alışdırılan neft lampasının şöləsi kimi sehrə, ovsuna çevrilir, bir də gördün ilıqlaşır, qaynayır, buğlanır, yuğlanır, yuxalanırdı. Üstünü ot basmış, kol-kos basmış bir cığır idi o xatirələr, örkən kimi adamı çəkib indi nişanası qalmış evlərin damına, kötüyü duran ağacların budaqlarına aparırdı. O dama çıxanda, o ağaca dırmananda bir kənd görünərdi. Dağların qoynunda bir kənd...

Haradır bura?

Kimdir oxuyan?

Bilmirdim.

Bir səs gəlirdi uçuq evin haçansa eyvan çıxarılmış daşlarının üstündən.

Bir səs gəlirdi gövdəsindən çoxdan ayrı düşmüş kötüyün altından...

Bir səs gəlirdi içində ilan-çəyən yuva salmış divarların arasından...

O səs kimsəsiz, şenliksiz dağlarda əks-səda verərək evə qayıdırdı.

O səs torpağı canlandırır, cığırları ürəkləndirir, kötükləri toxdadır, ocağı közərdir, nişanəsi qalmış obanı oyadırdı.

Yox, oxumaq deyildi bu, oxumaq belə olmazdı.

Naləydi- işğal altında düşmüş yurdun naləsi!

Haraydı- binələrə həsrət qalan dağların harayı!

Mərsiyəydi- illərdir bir duaya, bir surəyə, bir “Fatihə”yə möhtac qalan məzarlara oxunan mərsiyə.

Bu, ən dərin quyulara düşmüş və səsin sahibindən başqa heç kimin duymayacağı çalınan kamanın müşayiəti ilə yaranan avazdı.

Bu, ən dərin quyuların dibinə sızan suyun şırıltısından ən zilə- Tanrıya çatana qədər ovsuna çevrilən zəngulə idi.

Bu, zümzümə idi, zümzümə.

Bir insanın ayağına ilk dəfə tikan batdığı, sərçələrə ilk dəfə daş atdığı, bənizinin ilk dəfə üşüdüyü, dərsdən beş alanda evə qaçıb özünü öydüyü, bəzən də məktəbdə müəllim qarşısında gözünü döydüyü, pis iş tutanda atasının qarşısında əsdiyi, qonaq-qara gələndə böyüklərə qoşulub heyvan kəsdiyi, yekəlməyə, adam olmağa tələsdiyi bütün dağ uşaqlarının havası idi.

Həm də Səxavətin yerinə oxumaqdı...

Həm də Qədirin əvəzinə oxumaqdı...

Həm də Məhəbbətin diliylə oxumaqdı...

Həm də Xudayarın nəfəsi ilə oxumaqdı...

Özünü oxumaqdı ən çox, ən doğma, ən içdən...

Kimdir özünü oxuyan?

Əvvəl bilmirdim, sonradan öyrəndim.

Harada qıy çəkirmiş dağların başına dolanaraq?

Əvvəl bilmirdim, sonradan öyrəndim.

Malik Həsənov imiş.

Öz zənguləsi ilə dağları o titrədirmiş.

Öz zümzüməsi ilə çeşmələri o açırmış.

Öz duası ilə ruhlara o təsəlli verirmiş.

1985-ci ildə Kəlbəcərdə, Şurtan kəndində doğulubmuş.

8 yaşının içində köçkün düşübmüş.

Allahın bəxş elədiyi səsin dalınca düşüb, Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecini bitirib.

Dövlət Televiziyasının solistidir.

“Yutub”da axtarıram.

Bir-birindən gözəl ifalar.

Ustad sənətçilərdən alqış alacaq “Çahargah”lar, “Segah”lar, şikəstələr, xalq mahnıları...

Hələ bir “Bayatı-Şiraz” oxuyur, adamın bütün sarı simlərini tərpədir.

Toylara gedir, konsertlər verir, efirə çıxır, yəni, tanınmaz, bilinməz biri də deyilmiş.

Amma Azərbaycan onu öz yurdunda, öz evində, öz ocağında kəşf elədi.

Bilmirəm, heç diqqətnizi çəkibmi, bəzən eşidirdik: “Laçın köçəndə, Kəlbəcər köçəndə, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan köçəndə...”

Formal məntiqlə baxsaq, köçən adamlardı, rayonlar, yurdlar deyil.

Amma dil məntiqin sınırlarını keçib hər şeyi öz yerinə qoymuşdu.

Köçən, köçkün düşən, əslində, adamlar yox, elə düzənlər, dağlar, çaylar, göllər- yurd idi.

Obrazlı desək, lələ köçüb, yurdu qalmamışdı, yurd köçmüş, lələ qalmışdı.

Lələ eldən-elə, əldən-ələ, dildən-dilə qalmışdı.

Malikin zümzüməsi, avazı, zənguləsi- yuxarıda söz gəlişi oxumaq yazdım, amma oxumaq deyildi bu, Tanrıya səslənməkdi- köçkün düşmüş dağları yerindən-yuvasından olmuş adamların haylaması idi.

Onun avazı dağları özünə gətirdi, çayları məcrasına saldı, torpağın qırışığını açdı, suyun sinəsini qabartdı.

Qarşında nə vaxtsa qollu-budaqlı bir ağac olan, kəsilən, kökü qalan kötük dünyadan naçar getməyəcəyinə şükr elədi.

İşğalçı- budaqları kəsə bilər, amma kötüklərə gücü çatmaz.

İşğal- evləri qapısız, pəncərəsiz, pillənkənsiz, damsız, eyvansız qoymaq deməkdir, amma bünövrədən yan keçər.

Dönüş- ocağın başına dönmək, ocaq daşlarının başına dolanmaqdır.

Xanəndəmiz necə oxuyurdu?

“Başına mən dolanım...”

İntizar bitdi!

Həsrət çox çəkdi, illər çəkdi, amma 44 günə bitdi!

Nə mahnı dağlarda qaldı, nə dağlar mahnıda!

Dağlar Maliklə ağız-ağıza verib dərdini açdı və aşdı.

Taleh ŞAHSUVARLI