- Redaktor masası
- 4 Fevral 2022 18:40
- 13 190
İlham Əliyevin yeni manifesti - Taleh Şahsuvarlı yazır
Gələcəyə verilən yönün arxa planındakı gerçəklər
Rus çarı I Pyotrun öz xalqı və dövləti üçün tarixi xidmətləri danılmazdır. 1696-сı ilədək hakimiyyəti formal olaraq qardaşı İvanla birgə idarə etməsi də hər kəsə məlumdur. Fəqət İvan yox, məhz o bir gün fərq etdi ki, rəhbəri olduğu xalq və dövlət xritstian dünyasında geri qalır, tərəqqi ilə ayaqlaşa bilmir. Qollarını çırmaladı və rus dövlətini yenidən qurmaq üçün gəmidə fəhləlik belə etdi. İzləri bu gün də davam edən yeni sistem qurdu. Ancaq apardığı bütün islahatlara rəğmən I Pyotr imperiyanı tam mənada çağdaş Qərb dövlətinə çevirə bilmədi. O sadə səbəbə görə ki, əlahəzrət imperator öz hədəfləri baxımındn ən vacib faktora yetərincə diqqət etməmiş, xalqı arxasına almamışdı. 20-ci yüzilin böyük fikir adamlarından olan Erik Hofferin I Pyotrun bu uğursuzluğunun səbəbinə verdiyi izahat olduqca sərrastdır:
“Xalq kütlələrinə əzm və həyacan aşılaya bilməmişdi. Görünür, bunun lazım olduğunu ya düşünməmiş, ya da məqsədini müqəddəs hədəf halına gətirməyin yolunu bilmirdi”.
Bizim Liderin- prezident İlham Əliyevin həm uzun illər hakimiyyətdə qalmasının, həm ölkəmizi keçmədiyimiz tarixi mərhələlərin yaratdığı boşluqlardan sürətlə adladıb modernləşdirməsinin, məğlub cəmiyyəti qalib xalqa çevirməsinin, istehlakçı topluma istehsal vərdişləri qazandırmasının sirri də, əslində, amerikan filosofunun dediyi məqamlardadır. İlham Əliyev topluma əzm və həyacan aşılamağı, öz yüksək intellekti və dünyagörüşü ilə Azərbaycan ictimai-siyasi düşüncəsini çox-çox qabaqladığından vaxtında müəyyənləşdirdiyi strateji məqsədləri milli hədəf halına gətrməyi, milli hədəflər uğrunda cəmiyyəti səfərbər etməyi, yönəltməyi, “minimum resurslarla maksimum fayda” prinsipi ilə nailiyyətə çatdırmağı bacarır. 20 yanvar qətliamından sonra Ulu öndər Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyində mətbuat konfransı keçirərkən o, keçmiş SSRİ-nin ən önəmli dövlət xadimlərindən olan atası ilə birgə idi. Azərbaycanın qan ağladığı günlərdə elitar bir ailədə dünyaya göz açmış, heç zaman maddi sıxıntı çəkməmiş, yaxşı təhsil görmüş, bu gün haqqında bizim tarix kitablarından oxuduğumuz adamları- məsələn, Andrey Qromıko kimi BMT-nin qurulmasında birbaşa iştirak edən simaları şəxsən tanımış İlham Əliyev xalqa doğru yaddaşlardan silinməyəcək bir addım atmışdı. Zənnimcə, hər şey elə o andan, o addımdan başladı və İlham Əliyevin fitrətindəki xalq adamlığı onun şəxsiyyətinin əsas özəlliyi kimi gün üzünə çıxdı. Heydər Əliyev təkcə siyasi yox, həm də siyasətdənkənar həyat təcrübəsinə görə zirvəyə böyük zəhmətlə yüksəlmişdi, xalqın içindən çıxan bir lider idi, vaxt olmuşdu, ruzisini qazanmaq üçün çiynində ağır yük də daşımışdı. Karyerasını pillə-pillə yüksəldən Heydər Əliyevin çiynindəki o yük bir gün Azərbaycanın tarixi, sosial-iqtisadi, siyasi və mədəni problemlərinə dönmüş, Ulu Öndər istər birinci, istərsə də ikinci hakimiyyət dönəmində xalqla çiyin-çiyinə verərək, sadəcə, xarizmasını, səriştəsini, bacarığını deyil, bütövlükdə həyatını yeni Azərbaycan üçün ortaya qoymuşdu. Heydər Əliyevi məhz azərbaycanlı olduğu üçün SSRİ-nin birinci şəxsi olmasına imkan verməyənlər Nobel Sülh Mükafatı alsalar belə, tarixdə qanlı cəllad kimi qaldılar. Əliyev isə Azərbaycana döndü, məmləkətinə qayıtdı, Azərbaycanın istiqlal bayrağını yenidən ucaltdı, qazanılan müstəqilliyi yenə də xalqla çiyin-çiyinə verərək qorudu. Dünyadan köçəndə çiynindəki ağır və tarixi məsuliyyəti həvalə edə biləcəyi, Azərbaycan kimi mürəkkəb coğrafiyadakı gənc dövlətin problemlərini çözəcəyindən əmin olduğu bir DAVAMÇI yetişdirmişdi.
Bir bürokratla bir lider arasında ən önəmli fərq ondadır ki, bürokratlar, sadəcə, dövlətlərin, hökumətlərin qarşılaşdığı problemləri çözər, liderlərin vəzifəsi isə, sadəcə, problem həll etmək deyil, proses yaratmaq, cəmiyyəti dəyişmək, gələcəyə yön verməkdir. Gələcəyə verilən yönə yaşanmamış bir zaman üçün xəyali situasiyalar qurmaq bacarığı kimi yanaşmaq prinsipcə yanlış deyil, amma yetərsizdir. Məsələ o zaman müsbət həllini tapır, bir macəradan, fantaziyadan o zaman gerçək hədəfə dönür ki, o yönü dinamik, rasional, uzun dövrləri proqnozlaşdırma qabiliyyətinə malik, formal hakimiyyət bazasının, hətta legitim səlahiyyətlərin fövqündə YETKİN bir lider versin. YETKİN DAVAMÇI İlham Əliyev ordusunun önündə gedərək, xalqın bayraqdarına çevrilərək Azərbaycana tarixi bir zəfər qazandırdı. 44 günlük ikinci Qarabağ savaşında qazanılan qələbə ilə yüzilləri əhatə edən çibanı kökündən çıxartdı- “Şərq məsələsi” Qafqaz üçün də, daha geniş region və beynəlxalq münasibətlər sistemi üçün də əhəmiyyətini böyük ölçüdə itirdi. Azərbaycan prezidenti lap elə bu yaxınlarda kimsənin gözləmədiyi bir bəyanat verdi: “Beynəlxalq arxitekturanın çökməsi ehtimalına belə hazırıq”! Bu, qətiyyən sıradan bir bəyanat, bir dövlət başçısının, bir siyasi hərəkat liderinin xalqa, komandasına və xarici güclərə təsəlli kimi verdiyi ismarıc deyildi, tam əksinə, yüz ölçülüb, bir biçilmiş, arxasında nəinki sadə vətəndaşın, hətta ən təcrübəli siyasətşünasların, beynəlxalq məsələlər üzrə ekspertlərin belə görə və təxmin edə bilmədiyi proseslərə Azərbaycan dövlətinin hazırlıq siqnalı idi.
Azərbaycan prezidenti Ukraynaya səfər etməklə dövlətimizin yeni dünyaya hazırlığını nəzəri müstəvidəb praktik müstəviyə çəkdi, oyunqurucu dövlət olmaq əzmini nümayiş etdirmiş oldu. 44 günlük savaşdan sonra Azərbaycanın oyunqurucu dövlət kimi Qafqazdan çıxmasına, dünyaya açılmasına və sərhədlərindən uzaq məsafədə özünü isbat etməsinə ehtiyac vardı. Dövlət başçısının Ukraynaya səfəri, səfərin erməni diaspor təşkilatlarının təsirli olduğu Rusiyada belə xeyli dərəcədə tolerant qarşılanması göstərdi ki, İlham Əliyevi Kiyevə heç də bir çoxlarının düşündüyü kimi, təkcə müstəqilliyi qoruma instinktləri aparmayıb, onsuz da ən böyük təhdidi dəf edəndən, torpaqlarımız işğaldan azad ediləndən sonra Azərbaycan bağımsızlığının davamlılığına daha inamlıdır. Söhbət geopolitik düzəni dəyişən dünyada rol almaqdan gedir. Azərbaycanın beynəlxalq arenada rolu, deməli, həm də siması dəyişir.
Bəli, ölkəmizdə əsrin təxminən 1/5-ni əhatə edən zaman dilimində “yeni” deyə biləcəyimiz hər nə varsa, birmənalı olaraq İlham Əliyevin adı ilə bağlıdır. Paytaxtda və regionlardakı yeni infrastruktur, toplumun yeni keyfiyyətləri, dövlətin yenidən təşkilatlandırılması bir liderin zamanla yarışında Azərbaycana qazandırdığı yeni görkəmdir. İlham Əliyev, sadəcə, Azərbaycanı “Ukrayna meydanı”, “Ərəb baharı” sayaq rəngli inqilablarla nəhəng güclər və Corc Soros kimi manipulyatorlar tərəfindən idarə edilən xaosun parçasına çevrilmək təhlükəsindən yayındırmır, dərin milli köklərə, amma kövrək siyasi ənənələrə malik bir toplumun tərəqqi modelini yaratmır, eyni zamanda, bu prosesi ədalətli cəmiyyət hədəfinə kökləyir. Bunun üçün ilk növbədə gənc, enerjili, müstəqillik dövrünün yetirmələri olan kadrları önə çıxarır və Azərbaycanın hakim elitasının simasını dəyişir. Samir Nuriyev, Anar Ələkbərov, Mikayıl Cabbarov, Hikmət Hacıyev, Ceyhun Bayramov, Emin Əmrullayev, Anar Kərimov, Fərid Qayıbov, Teymur Musayev, Rəşad Nəbiyev kimi prezidentin etimad göstərdiyi, yüksək postlara gətirdiyi 10 yeni kadrın ümumi yaş ortalaması 45 civarındadır. Bu, Azərbaycanın hakim elitasının təkcə simaca yenilənməsi yox, həm də çoxəsrlik nepotizm ruhundan qurtularaq, “oliqarxiyanın dəmir qanunu”nun qətiyyətlə sındırılaraq meritokratlaşması deməkdir. Sosioloq Mixail Yunqun 1958-ci ildə elmi ədəbiyyata daxil etdiyi “meritokratiya” anlayışı günümüzdə savadlı, bacarıqlı, qabiliyyətli insanların idarəçilyə daşınmasını, statusunun möhkəmləndirilməsini, insan resurslarının layiqlik üzərindən dəyərləndirilməsini ehtiva etməklə bir növ “sosial məqsəd” sayılır. Ancaq bu məqsəd nə cəmiyyətdə, nə də elitada birdən-birə formalaşmır və formalaşa da bilməzdi. Çünki merotokratiyanın yüksəlişi üçün ilk növbədə toplumların feodal zehniyyətdən xilas olub səneyələşməsi, istehsala keçməsi, informasiya çağına adlaması üçün bazanın yaradılması zəruri idi. Başqa sözlə, biz bu gün ortalama yaşı 45 və hər biri öz sahəsində peşəkar olan kadrları prezidentin komandasında görürüksə, bu, Azərbaycanda ənənəvi toplumu dəyişməyə sövq edən iqtisadi-siyasi komplektasiya deməkdir.
Azərbaycanda ənənəvi toplumun dəyişməsi yeni ictimai müqavilə ilə mümkündür. Bu gün hörmətli həmkarım, intellektinə hələ Bakı şəhərindəki 20 saylı məktəbdə oxuduğumuz günlərdən bələd olduğum Eynulla Fətullayev öz saytında “Əliyev yeni ictimai müqavilə təqdim edir” başlıqlı bir məqalə yayımlayıb. Eynullanın məqaləsi hələ ötən il avqustun 25- də qələmə aldığım yazıda
LİNK: https://www.aznews.az/news/editorsdesk/259867.html
ifadə etdiyim fikirlərə dönməmə vəsilə oldu. Sitat:
“Azərbaycan böyük sınaqlar qarşısındadır. Bir şərq toplumu, şərq dünyasında çağdaşlaşmaq əzmini hər fürsətdə prinsipal şəkildə ortaya qoymuş mübariz xalq və gənc dövlət olaraq tarixi döngələrdən keçmək üzrəyik. Xalqımızın minillikləri əhatə edən ağrılı-acılı inkişaf yolunun üstündə qalaq-qalaq toplanmış problemlər, sürətlə dəyişən dünyanın qlobal çağırışları, bu çağırışları müşayiət edən elmi-texniki tərəqqi fonunda cəmiyyətimizin gözləntilərinin kökündən dəyişməsi, analitik və çevik düşünmək keyfiyyətləri olduqca yüksək olan yeni yaş nəslinin xüsusi elektoral seqment kimi önə çıxması yeni tarixi mərhələyə yeni sosial sözləşmə- ictimai müqavilə ilə adlamağımızı labüd edir”.
Əgər bir cəmiyyət yeni sözləşməyə hazırlanırsa, bu, obrazlı desək, həm də yeni söz çəpləşməsi ilə müşayiət olunacaq. Köhnədən yeniyə keçid edən heç bir toplum, dövlət və iqtidar bundan qaça bilməyib, qaçması mümkünsüzdür. Açıq və gizli şəkildə etiraz edən, qarşı çıxan, müqavimət göstərən fərdlər, qruplar və mərkəzlər olacaq. Statuslarını, mənbəyi naməlum gəlirlərini, vəzifənin verdiyi imtiyazları itirənlər Azərbaycanın missiya və viziyasını rahatlıqla həzm edə bilməyən xarici güclərin təhrikini stimul sayaraq həm prezidentin, həm dövlət başçısının təqdim etdiyi meritokratik komandanın, həm də hədəf auditoriyası “qalib xalq" olan yeni ictimai müqavilənin qarşısında yer alacaqlar. Prezident Əliyevin gənclərlə görüşündə Corc Sorosdan söz etməsi bu baxımdan heç də təsadüfi deyil. Düzdür, Azərbaycandakı ən müxtəlif “5-ci kolon”lar ictimai meydanda ifşa olunub, ancaq dövlətin dəhlizlərində qalanlar da var. Onların da sıradan çıxması zaman məsələsidir. Azərbaycanın həm toplum, həm də dövlət olaraq müstəqillik dövrünün keşməkeşlərində qazandığı yaxşı bir təcrübə var. Xalqın öz liderinin arxasında durması, liderin isə xalqa verdiyi sözü tutması Azərbaycanı qələbəyə daşıyan əsas amil olub. Bu açıdan baxdıqda, prezident Əliyevin çıxışları yeni manifest, yeni yol rəhbəri kimi görünür. Odur ki, İlham Əliyevi müdafiə etmək Azərbaycanın milli və strateji maraqlarını qorumaq, sınaqdan zəfərlə çıxmış liderlə yeni çağa birgə addımlamaq deməkdir.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru