- Redaktor masası
- 14 Mart 2022 14:19
- 22 487
Səbinə Əliyeva erməniləri necə fakt qarşısında qoyur? - BİZİM RƏY
Ombudsmanın hesabatları: Qarabağda erməni vandalizmini əks etdirən mühüm araşdırmalar
Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərimizdəki bütün mülki obyektlər, o cümlədən tarixi-mədəni və dini abidələr işğal dövründə dağıdılaraq məhv edilib.
Apardığımız müşahidələrə, mütəmadi olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəsmi internet səhifəsində yerləşdirilən və kütləvi informasiya vasitələrində yayımlanan məlumatların təhlilinə əsasən qeyd etmək istərdik ki, Ombudsman Səbinə Əliyevanın fəaliyyətində mühüm yerlərdən birini də Ermənistanın dinc azərbaycanlılara qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarının və insan hüquqlarının kobud şəkildə pozulması faktlarının yerində araşdırılması tutur.
Yeri gəlmişkən, Vətən müharibəsindən bugünədək həmin araşdırmaların yekunu olaraq Ombudsman tərəfindən beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara 15 hesabat və 21 bəyanat hazırlanıb ünvanlanmışdır. Sözsüz ki, görülən bu işlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Təqdirəlayiq haldır ki, Ombudsman Səbinə Əliyeva Ermənistanın Birinci və İkinci Qarabağ müharibələri dövründə törətdiyi müharibə cinayətləri nəticəsində insan hüquqlarının pozulması faktları barədə dünya ictimaiyyətinin məlumatlandırılması sahəsində fəaliyyətini uğurla davam etdirir.
Bu barədə danışarkən diqqəti Azərbaycan Ombudsmanının işğaldan azad edilmiş ərazilərimizdəki dağıdılmış qəbiristanlıqlarda həyata keçirdiyi yerində araşdırmaların nəticələrinə dair sonuncu hesabatına yönəltmək istərdim.
Ombudsmanın faktoloji materiallar əsasında hazırlayaraq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına təqdim etdiyi həmin hesabatda Füzuli şəhərində və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər, Zəngilan rayonunun Məmmədbəyli və Ağalı, Ağdam Şəhidlər xiyabanında və rayonun Qarağacı və Uzundərə qəbiristanlıqlarında aparılmış monitorinqlər zamanı işğal dövründə Ermənistan tərəfindən məzarların vandalizm aktlarına məruz qalaraq kütləvi şəkildə dağıdılması və təhqir olunması ilə yanaşı, əzizlərinin məzarını ziyarət edəcək insanlar arasında ölüm hallarının baş verməsi məqsədilə həmin ərazilərin minalanması faktları da öz əksini tapıb.
Hesabatda diqqətə çatdırılıb ki, Ermənistanın işğalı altında olduğu dövrdə Azərbaycan vətəndaşlarına həmin ərazilərdə öz yaxınlarının məzarlarını ziyarət etməyə imkan verilməyib, ümumilikdə 900-dən çox qəbiristanlıq ya tamamilə dağıdılaraq yerlə bir edilib, ya da cəsədlər çıxarılaraq təhqir olunub, qəbirüstü abidələr talanıb.
Bundan əlavə hesabatda Ermənistanda azərbaycanlılara qarşı uzun illər ərzində formalaşdırılan etnik zəmində nifrət və dözümsüzlük siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının öz doğma yurdlarını tərk etməyə məcbur edildiyi, Ermənistan hakimiyyətinin qərəzli və planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bu insanlara maddi və mənəvi zərər vurulması ilə kifayətlənmədiyi, eyni zamanda onlardan geriyə qalan mədəni irsinin də məhv edildiyi qeyd olunub.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarlıqların olması ilə bağlı məlumatlar da hesabata daxil edilib.
Hesabatın sonunda Ombudsman işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki dini abidələrin, qəbirstanlıqların dağıdılaraq təhqir edilməsi, eyni zamanda həmin ərazilərin minalanması faktlarını şiddətlə qınadığını bildirib. Səbinə Əliyeva aidiyyəti beynəlxalq təşkilatları, milli insan hüquqları institutlarını bu kimi çoxsaylı vandalizm əməllərini törətməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına rəvac vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlər görülməsi üçün qəti mövqe nümayiş etdirməyə çağırıb.
Apardığımız təhlil nəticəsində bu qənaətə gəldik ki, Ombudsmanın apardığı yerində araşdırma nəticəsində toplanmış təkzibedilməz dəlillər əsasında və fotomateriallardan istifadə edilməklə hazırlanmış növbəti hesabatda Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı müharibə cinayətlərinin törədilməsi, o cümlədən işğal dövründə azərbaycanlılara məxsus qəbirstanlıqlardakı məzarların kütləvi şəkildə dağıdılaraq məhv edilməsi, talan və təhqir olunması faktları əyani şəkildə sübut edilib.
Ümid edirik ki, Ombudsmanın bu hesabatı ilə tanış olan dünya ictimaiyyəti, aidiyyəti beynəlxalq təşkilatlar və digər səlahiyyətli qurumlar nəhayət ikili standartlardan əl çəkərək, azərbaycanlı mülki əhaliyə qarşı uzun illərdir sülh və insanlıq əleyhinə, habelə müharibə və digər çoxsaylı cinayətlər törətməklə beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını heçə saymış Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində zəruri addımlar atacaqlar.
AzNews.az