- Redaktor masası
- 16 Mart 2022 21:02
- 13 583
Zəngəzur dəhlizinin cənub qolu
Diplomatiyamızın ermənilərin qanını qaraldan, müxalifətin üzünü saraldan uğuru
Azərbaycan və İran diplomatları mükəmməl gediş edərək Naxçıvana yeni dəhliz açılmasında razılaşdılar. Lap bu yaxınlara qədər Azərbaycan və İran arasında yaşanan gərginlikləri, Tehran diplomatlarının İrəvan siyasətçilərini Zəngəzur dəhlizinin açılmasına qarşı çıxışlara həvəsləndirdiyini yada salanda, əldə olunan razılığı yüksək siyasi çeviklik nümunəsi saymamaq mümkünsüzdür. Ermənistanın məğlubiyyət kompleksi, hakim elitasının siyasi səriştəsizliyi və Azərbaycanın manevrlərinə mane olmaq üçün əlində təsirli rıçaqlar olmaması üzündən rəsmi Bakının imzaladığı memorandumun İrəvanda təəccüb və hiddətlə qarşılanması təbiidir. Ancaq əlləri ətəklərindən uzun vəziyyətdə qaldıqlarından daha çox susmağa üstünlük verirlər. Onların yerinə sanki Azərbaycan müxalifəti danışır.
Müxalifətin Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu, avtomobil nəqliyyatı, habelə rabitə və elektrik təchizatı xətlərinin əlaqələndirilməsi üçün yeni marşrut xəttinin yaradılmasına qarşı çıxmaları da ilk baxışda qəribə görsənsə də, əslində analoji səbəblərlə bağlıdır. Məğlubiyyət kompleksi, düşüncə darlığı və intellektual böhran, girəvəçilik və qısqanclıq kimi küçə uşaqlarına məxsus keyfiyyətlərin siyasi dividentlərin qazanılmasında ön plana çıxması Azərbaycan müxalifəti üçün də xarakterik xüsusiyyətlərdir. Əks halda, AXCP sədri Əli Kərimlinin sevinc hissi tarixi memorandumun imzalanmasına yönələr, daha “Zəngəzur dəhlizi açılmayacaq, gündəmdən çıxdı” mənası aşılayan mesajlar verməzdi.
Əli Kərimli və onun ictimai rəyə çürük qoz kimi dığırlanan funksionerlərinin əsas iddiaları budur:
- “İran vasitəsi ilə Naxçıvana yol onsuz da var idi, bu memorandum heç nəyi dəyişmədi”
- “Zəngəzur dəhlizi” açılmadı və “ermənilər istəyinə çatdı”
Azərbaycan ərazicə o qədər böyük dövlət deyil, siyasətlə məşğul olanlar məmləkətimizi qarış-qarış tanımalıdırlar. Əgər tanımırlarsa, heç olmazsa, belə məqamlarda açıb bir xəritəyə baxmalı, yola-irzə fikir verməlidirlər. Axı hər kəs görür və başa düşür ki, 44 günlük müharibədən öncə Naxçıvana quru yolla getmək üçün İrana Azərbaycanın cənub bölgələrindən keçməli idi. Bu yol yüzlərlə kilometr məsafə və saatlarla vaxt deməkdi. Hazırda açılan dəhliz isə muxtar respublikanı İran üzərindən Şərqi Zəngəzur iqtisadi rayonu ilə birləşdirir. Cəmi 50-60 kilometr uzunluqdadır. Əgər əvvəlki yol yalnız avtomobillərin hərəkətinə imkan verirdisə, indi həm avtomobil, həm dəmir yolunun çəkilməsi, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılması nəzərdə tutulur. Başqa sözlə, söhbət avtomobil səfərlərindən yox, yeni yükdaşıma xəttinin - logistika və kommunikasiya dəhlizinin yaradılmasından gedir. Bu, yalnız Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyası yox, həm də regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişiklik deməkdir.
Bu fərqləri, bu fərqlərdən doğan əhəmiyyəti görə bilməyənlər necə siyasətlə məşğul ola, cəmiyyətin, xalqın problemlərinə çözüm istehsal edə bilərlər?
Çözüm istehsal etməkləri qalsın bir qırağa, barı ermənilərlə eyni üslub və arqumentlərlə danışmasınlar!..
Bir neçə kəlimə də ermənilərin bizim siyasi müxalifətlə üst-üstə düşən şərhləri barədə.
Azərbaycan-İran Memorandumunu ermənilərin “uğur” olaraq görməsi tam absurddur və bu pərtlikdən doğan təsəllidən başqa bir şey deyil.
Bu mövzuda Ermənistanı sevindirə biləcək bircə hal var: blokadadan çıxmaq. Məgər Ermənistan blokadadan çıxır? Əksinə, memorandumun imzalanması Yerevanın təcrid olunmuş vəziyyətdə qalması deməkdir.
Digər tərəfdən, Ermənistan uzun illərdir ki, İranla müxtəlif layihələr həyata keçirəcəyindən dəm vurur, ancaq heç birini reallaşdıra bilməyib. Bu baxımdan Azərbaycan-İran Memorandumu erməni-İran layihələrinə dair olan-qalan ümidləri də puç edir. Bundan sonra İran-Ermənistan dəmiryolu, yaxud İran-Ermənistan-Gürcüstan nəqliyyat və enerji dəhlizi haqda arzuların reallaşma ehtimalı yoxdur.
Ən başlıcası, Zəngəzur dəhlizinin açılmasının ləngiməsi də heç bir halda “ermənilərin uğuru” sayıla bilməz. Ən azından ona görə ki, rəsmi İrəvan kommunikasiyaların açılmasına böyük ümidlər bəsləyirdi.
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın çıxışını xatırlayaq:
“... regionda kommunikasiyaların açılması və logistika xərclərinin azalması Ermənistan məhsullarının rəqabətədavamlığını gücləndirə bilər... ... Kommunikasiyaların açılması ilə yaxın perspektivdə Ermənistan iqtisadiyyatı 30% artacaq...”
Deməli, Ermənistanın istəyi dəhlizdən imtina etmək yox, prosesi qəsdən uzatmaq, bunun qarşılığında Azərbaycanı hansısa güzəştlərə məcbur etmək, əlavə dividentlər qazanmaq idi. Ermənistanda belə fikir var idi ki, kommunikasiyaların açılması onların şərtləri əsasında reallaşmalıdır. İndi bu fikrin illüziya olduğu bir daha aydınlaşdı.
Azərbaycan İranla razılaşmanı imzalayaraq Ermənistanı bundan məhrum etdi. Bu olduqca vacib və hatta strateji məqamdır. Çünki 44 günlük müharibədə tarixi Zəfərimizi şərtləndirən məqamlardan biri də illər boyu Ermənistanın bütün sahələrdə tam təcrid olunması idi. İndi bu siyasətin davam etməsinin Ermənistan üçün hansı fəsadlara yol açacağını İrəvana izah etməyə ehtiyac yoxdur. Axı Ermənistanın regional oyunçular üçün logistika baxımından cəlbediciliyi itirməsi İrəvanın mövqelərinin daha da zəifləməsi deməkdir.
“Zəngəzur dəhlizi”nin açılmasının ləngiməsi Ermənistan-Türkiyə açılımını da ləngidə bilər. Çünki Türkiyənin əsas marağı həm də bu dəhlizlə bağlı idi.
Qısacası, proseslərdə udan tərəf həmişəki kimi Azərbaycan, uduzan tərəf isə yenə Ermənistan oldu.
Sonda xüsusi olaraq əlavə edək ki, Ermənistandan keçəcək “Zəngəzur dəhlizi” gündəmdən çıxmayıb, sadəcə, Azərbaycan Ermənistanı bu marşrutdan şantaj üçün istifadə imkanını neytrallaşdırıb. İndi Ermənistan gec-tez Azərbaycanın şərtləri ilə dəhlizin açılmasına razılıq verməli, ya da son 30 ildə olduğu kimi bütün regional layihələrdən kənarda qalmalıdır. 44 günlük savaşla regionda yeni reallıq yarandığından Ermənistanın belə bir “lüks”ü yoxdur. Zəngəzur dəhlizi mütləq açılacaq. Odur ki, Mincivan-İran-Ordubad marşrutuna Zəngəzur dəhlizinin cənub qolu demək daha məntiqlidir.
Taleh ŞAHSUVARLI