Beynəlxalq qurumlardan soruşmaq yerinə düşər: kimdir müstəqil, siz ya biz? Beynəlxalq qurumlardan soruşmaq yerinə düşər: kimdir müstəqil, siz ya biz?

Mediamız “Ukrayna savaşı”nda necə qalib gəldi?

Beynəlxalq qurumlardan soruşmaq yerinə düşər: kimdir müstəqil, siz ya biz?

İstənilən hərbi qarşıdurma həm də informasiya müharibəsi və “psixoloji hərəkat” deməkdir. Yeni müharibələrdə isə, tərəflərin bu istiqamətlərdəki mübarizəsi təkcə cəng meydanındakı qoşunların hərəkət və motivasiyasına təsir etməyə yox, eyni zamanda, cəmiyyətlərin içinə, beynəlxalq ictimaiyyəti səfərbər etməyə yönəlir.

Bu baxımdan fevralın 24-dən başlayan Rusiya-Ukrayna savaşı öz hibrid xarakteri ilə bütün dünya mediasının peşəkarlığını test edir.

Bəs, Azərbaycan mediası bu sınaqdan necə çıxır?

Bu suala cavab verməzdən öncə müqayisələr aparmağa ehtiyac var.

Ukrayna mediası təbii ki, öz dövlətinin maraqlarından çıxış edir, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərarganının məlumatlarını, yerli hakimiyyət nümayəndələrinin açıqlamalarını tirajlayır. Rusiyanın təbliğat maşını isə Ukraynadakı “xüsusi hərbi əməliyyat”ı əsaslandırmağa, uğurla getdiyinə və Moskvanın öz məqsədlərinə tam nail olacağına inam aşılamağa çalışır. Qərb mediası Ukrayna prezidenti Vladimir Zelenskinin “şoumen” yox, əsl “dövlət xadimi”, “sərkərdə” olması barədə analizlər yayır, informasya savaşında necə deyərlər, Ukraynadan çox Ukraynanın tərəfini tutur, Rusiyadan verilən açıqlamaları skeptik və yarğılanmış şəkildə təqdim edir, yaxud görməzlikdən gəlirlər.

İşin ən maraqlı tərəfi isə budur ki, istər sosial şəbəkələr tətbiq etdiyi alqoritmlərlə, istərsə də ənənəvi media qlobal informasiya məkanında plüralizm, tərəflərin mövqeyinə əsaslanan balanslı xəbər anlayışından tamamilə uzaqlaşmış vəziyyətdədir.

Belə bir vəziyyətdə isə, şişirdilmiş məlumatlar və feyk xəbərlərin gerçəkləri üstələməsi qaçılmazdır.

Azərbaycan medisasında isə vəziyyət tam fərqlidir.

Əvvəla, yerli mediamız Ukrayna savaşı ilə bağlı bütün tərəflərin- Rusiyanın, Ukraynanın, ABŞ-ın, Mərkəzi və Şərqi Avropa ölkələrinin, Çinin, Türkiyənin və digər geopolitik aktyorların fəaliyyətini izləyir, hər kəsə tribuna verir.

Bu, Azərbaycan izləyicisini operativ və hərtərəfli informasiya ilə təmin edir.

İkincisi, obyektivlik prinsipindən çıxış edərək bütün tərəflərə eyni imkan yaradılması ilə izləyicilər gerçəkləri fərq etmiş olurlar.

Üçüncüsü, Azərbaycanda bir neçə media quruluşunun müxbiri Ukraynadan birbaşa reportajlar verir ki, bu da “sahədə vəziyyət necədir” sualına izləyicilərin cavab tapmasına yardım edir. Eyni zamanda, Ukraynadakı soydaşlarımızdan “ştatdankənar müxbir” statusunda mütəmadi məlumat almaq təcrübəsi də özünü göstərir.

Hərbi və siyasi şərhçilərin mövqeyinə də dövlət tərəfindən hər hansı müdaxilə yoxdur.

İstər çap mediasında, istər portallarda, istərsə də youtub kanallarında istənilən ekspert öz doğru bildiyi mövqedən çıxış edir, hətta opponentlər arasındakı fikir ayrılıqlarının son dərəcə kəskinləşdiyi məqamlar da olur.

Əlbəttə, mediamız bu praktikada da nöqsanlardan xali olmadı, emosinal və yarımçıq yanaşmalar, İP dalınca qaçaraq qəlp xəbərlərin yayımlanma hallarına rast gəlindi. Ancaq mənim diqqətimi o çəkdi ki, bizim Ukrayna savaşı barədə fikir yürüdən ictimai rəy yaradıcılarımız kifayət qədər intellektual bazaya malikdirlər.

Azərbaycan cəmiyyətində, kobud desək, “dövlət ağlı” çatışmazlığı var.

Nə anlamda?

İzah edim.

Qardaş Türkiyəni götürək. Çox sayda diplomatın, generalın, təqaüddə olan kəşfiyyatçının, keçmiş nazirin və digər “dövlət ağlı” daşıyıcısının mediaya çıxmaq imkanı var. Azərbaycan isə gənc dövlət olduğundan bu təbəqə yetərincə formalaşmayıb. Nəticədə sosial şəbəkələrin yaratdığı imkanlar populistləri bilik və təcrübə sahibi olanlardan önə çıxarır.

Ukrayna savaşı onu göstərdi ki, Azərbaycanda peşəkar media mənsubları ictimai rəy yaradıcılığı kontekstində “dövlət ağlı”nın həm əsas daşıyıcıları, həm də müdafiəçiləridir.

Bir məsələni də vurğulamağa xüsusi ehtiyac var.

“Media haqqında” qanun qəbul olunarkən bir çoxları layihənin əleyhinə sözün əsl mənasında qaralama kampaniyası apardı.

Ancaq hazırkı təcrübə göstərir ki, yeni qanun jurnalistlər üçün nəinki hər hansı problem yaradır, tam əksinə, media mənsublarının müstəqilliyini möhkəmləndirib. Digər tərəfdən, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində görülən işlərin səmərəsi hiss olunmağa başlayıb.

Sonda Azərbaycanda media azadlığını hesabatlarının ən aşağı pillələrində “dəyərləndirən” beynəlxalq qurumlardan soruşmaq yerinə düşər?

Kimdir müstəqil, siz ya biz?

Taleh ŞAHSUVARLI