Abramoviçin İstanbuldakı missiyası Abramoviçin İstanbuldakı missiyası

Dolmabaxça danışıqları Azərbaycanı necə haqlı çıxardı?

Abramoviçin İstanbuldakı missiyası

Dünən İstanbulda tarixi bir gün yaşandı.

Rusiya və Ukrayna Türkiyənin təşkil etdiyi danışıqlar masasına oturdu.

Müzakirələrdən sonra Türkiyə diplomatları ilə yanaşı Moskvadan və Kremldən verilən açıqlamalar, prosesi diqqətdə saxlayan media quruluşlarının şərhləri də göstərir ki, Hamletin məşhur sualı qarşısında qalmış tərəflər ortaq məxrəcə gəlmək yönündə psixoloji baryerləri aşa biliblər.

Əgər bir dövlət başqa bir ölkədə hərbi əməliyyata başlayır, müharibə aparırsa, silahların susması üçün ya qoşunlar birtərəfli qaydada geriçəkilməli, ya dirəniş göstərən tərəf təslim olmalı, ya atəşkəs haqqında razılıq əldə edilməli, ondan sonra hər iki tərəfi qane edən sülh müqaviləsi imzalanmalıdır.

Dolmabaxçada bunların heç biri baş vermədiyindən Ukraynada cəng davam edir. Bəs, belədə Türkiyənin təşkil etdiyi müzakirələri əhəmiyyətli edən nədir? Rusiya diplomatlarının açıqladığı, Ukrayna nümayəndələrinin isə təsdiq etdiyi məlumatlara görə, irəli sürülən şərtlərdə tərəflərin savaşı dayandırmaq üçün konsensus əldə olunacaq məsələləri ön plana çıxarılır. Həmçinin hər iki dövlətin xarici işlər nazirliklərinin Putin-Zelenski görüşünün baş tutmasına ümidli olması vurğulanır, hazırda diplomatlar üçün açıq olan məsələlərlə bağlı prezidentlər səviyyəsində qərar verilməsi gözlənilir. Əlbəttə, bu ümidlər doğrula və tökülməkdə olan qanı dayandıra da bilər, daha şiddətli çatışmalar üçün tərəflərə vaxt qazandıra da...

Hazırda cəng meydanında vəziyyət belədir ki, Rusiya qoşunları istədikləri sürətlə irəliləyə bilmir, şəxsi heyət və texnika itirir, üstəlik, iri şəhərlər işğal olunarsa, üzləşəcəyi müqavimət qarşısında daha da əldən düşəcək. Ukrayna isə hava məkanına nəzarət etmədiyindən və hücum silahlarına malik olmadığından əks həmləyə keçə bilmir. Rusiya Müdafiə nazirliyinin “hər şey qaydasındadır” açıqlaması və elan etdiyi rəqəmlər xeyli dərəcədə şübhəli olsa da, Ukraynanın hərbi gücünü önəmli ölçüdə itirməsi, sosial və iqtisadi fəlakətlə üz-üzə qalması faktdır. BMT-nin raportlarından da göründüyü kimi, Rusiyanın Ukraynaya hücumu nəticəsində yüzlərlə mülki vətəndaş həlak olub və yaralanıb, milyonlarla insan ölkəni tərk edib.

Şərtlər tərəfləri ortaq məxrəcə gəlməyə sövq etsə də, savaşın uzanmasında maraqlı olanlar da var. Bu ilk növbədə Ukraynaya göndərilmiş legionerlərdir ki, rəsmi Kiyevin onları nə qədər kontrol etməsi sual doğurur. Həmin legionerləri səfərbər edən və Ukraynaya göndərən ABŞ “madam Rusiyanın quyruğunu qapı arasında sıxmışam, məsələ daha da uzansın” məntiqi ilə hərəkət etdiyi də sirr deyil. ABŞ prezidenti Co Baydenin Dolmabaxça danışıqlarına skeptik yanaşması və ardınca digər güclü ölkələrin rəhbərləri ilə telefonla danışması bu qənaəti daha da möhkəmləndirir. Ancaq məsələ budur ki, əgər Ukrayna savaşına dialektik yanaşsaq və Rusiyanın hücumunu “nəticə” kimi götürsək, eskalasiyaya səbəb olan əsas amillər yerində qalıb. Bu amillərdən biri də məhz odur ki, Vladimir Putin Rusiyanı ABŞ-a saydırmaq istəyir və elə bu səbəbdən də öz suallarına Vaşinqtondan cavab almaq istəyir. Vaşinqton isə “dünya bir qütblüdür və bir qütblü dünyanın lideri mənəm” əyarı verərək Rusiya ilə birbaşa üz-üzə gəlmək istəmədiyi kimi, onunla müzakirə aparmağa da həvəs göstərmir. Başqa sözlə, Ukrayna bir şahmat taxtasıdır və bu taxta üzərində ABŞ və Rusiya nüfuz savaşı aparır.

Dünən tarixi Dolmabaxça sarayında şahmat taxtasının üzərində “qəribə” bir fiqur peyda oldu- rusiyalı oliqarx Roman Abramoviç. Əlbəttə, son dərəcə ciddi güvənlik tədbirlərinin alındığı, dünyanın diqqət mərkəzində olan məşhur saraya milyarder elə-belə gəlməmişdi. Rusiyalı oliqarxın danışıqlarda iştirak etməsini ilk dəfə Ukrayna təklif etmiş, Kreml etiraz bildirməmişdi. İşin ən önəmli xüsusları oliqarxın rus deyil, yəhudi olması, üstəlik Rusiyadan və hətta Portuqaliyadan savayı İsrailin də pasportunu daşımasıdır. Onun Böyük Britaniyada ciddi sərmayəsi var, lap bu yaxınlara qədər məşhur “Çelsi” futbol klubunun da sahibi idi. İcazənizlə, Abramoviçin "təmsil etdiyi", qeyri-rəsmi "mandatını daşıdığı" ölkələrə baxaq: Rusiya, Ukrayna, İsrail, Britaniya və yəhudilərin əlində olan qlobal maliyyə şəbəkəsinin ən güclü olduğu ölkə - ABŞ. Abramoviçin İstanbulda kameralara görüntü verməsi sübut edir ki, silah istehsalçılarından fərqli olaraq, qlobal maliyyə şəbəkəsi Ukrayna savaşının ən qısa zamanda yekunlaşmasında maraqlıdır. Yada salım ki, tədbir Türkiyədə keçirilir, ilk effektiv razılaşmalar da məhz orada- İstanbulda əldə edilir. Bundan bir gün öncə isə Ukrayna prezidenti Azərbaycanın dövlət başçısına növbəti açıq təşəkkürünü edir. Diqqət edirsinizsə, adlarını çəkdiyim ölkələrin hər biri 44 günlük savaşda Azərbaycana ya birmənalı dəstək verib, ya da bizim mövqeyimizi nəzərə alıb. Çox incə bir məqam da var. Xeyli vaxtdır ki, Fransa prezidenti İmmanuel Makron Rusiya-Ukrayna danışıqlarını insiativinə almaq istəyir, ancaq buna nail ola bilmir. Tərəflər danışıqlar masasını təşkil etməyi Türkiyə prezidenti Ərdoğana həvalə etdilər. Ərdoğan isə Dolmabaxçada söylədiyi nitqdə Türkiyənin “vasitəçi” kimi çıxış etmədiyini, tərəflərdən gələn təşəbbüslərə əsasən ev sahibi missiyasını üzərinə götürdüyünü vurğuladı. Bütün bunlar Ukrayna məsələsində əlini gücləndirməyə çalışan Fransanın təhriki ilə Xankəndi və çevrəsində gərginlik yaratmağa başlamış Ermənistan üçün zərbədir.

Hal budursa, Azərbaycanı Rusiya-Ukrayna savaşında tərəf olmağa çəkənlərin, bununla İlham Əliyevin dünyanın supergclərinin qəzəbinə gələcəyini düşünənlərin milli maraqlarımız baxımından nə qədər təhlükəli bir oyun oynadıqlarının fərqindəsinizmi? Fəqət prezident Əliyevi sosial şəbəkələrdə “fırtına qopartmaqla” belə intriqalara çəkmək mümkün deyil. Ona görə mümkün deyil ki, İlham Əliyev Azərbaycanda dünyanın gerçək üzünü ən yaxşı tanıyan, dünyanı ən dərindən oxuya bilən liderdir. Kəsəsi, sonrakı mərhələdə Ukraynada eskalasiya artsa da, azalsa da, Azərbaycan ilk etapdan uğurla çıxdı. Əgər yadınızdadırsa, İlham Əliyev demişdi: “Beynəlxalq arxitektura çöksə də, yerində qalsa da biz bütün ehtimallara hazırıq”!

Taleh ŞAHSUVARLI