Türkiyə isə birbaşa sahənin içərisindən əldə etdiyi nəticələri Azərbaycanla bölüşür Türkiyə isə birbaşa sahənin içərisindən əldə etdiyi nəticələri Azərbaycanla bölüşür

Ramil Usubovun mövqeyindəki tezislər - TƏHLİL

Türkiyə isə birbaşa sahənin içərisindən əldə etdiyi nəticələri Azərbaycanla bölüşür

Azərbaycanın Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində Azərbaycan-Türkiyə əməkdaşlığına dair bir neçə tezis səsləndirib.

Birinci tezis: Türkiyənin Cənubi Qafqazdakı postmünaqişə dövründə fəal hərbi-siyasi təmsilçiliyi ilə əlaqədardır.

Türkiyə 10 noyabr bəyanatına özünün maraqlarını daxil edə bilib, bu, razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması ilə nəticələnib.

Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ankara ilə Moskvanı birgə sülhməramlı baxış ortaya qoymağa vadar edir, Türkiyə isə birbaşa sahənin içərisindən əldə etdiyi nəticələri Azərbaycanla bölüşür.

Həmin Mərkəzin fəaliyyətinə dair müddəa Şuşa Bəyannaməsinə da salınıb. Amma bundan sonra Türkiyə Silahlı Qüvvələrini təmsil edən Xidmət Qrupu tam yeni format və tərzdə Azərbaycanda fəaliyyətə başlayıb ki, bu da Ankaranın regiondakı təsirlərini çoxaldan əlavə istiqamət yaradıb.

İkinci tezis: Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan və Türkiyə təhlükəsizlik şuralarının iclasları keçiriləcək. Bu iclaslar əsasən regional təhdidlərin ram edilməsi, qlobal təhlükəsiz sistemindəki manevrlərlə ayaqlaşmaq məqsədi daşıyır.

Ramil Usubovun dedikləri ona dəlalət edir ki, Azərbaycan və Türkiyənin təhlükəsizlik şuraları mütəmadi olaraq birgə iclaslar keçirir, hərçənd ki, həmin iclasların stenoqramları yoxdur.

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyəni daxili sabitliyə, terrorçu, dini-ekstremist strukturların fəaliyyətinin qarşısını almaq üçün konsepsiya hazırlamağa da təşviq edəcək.

Üçüncü tezis: Ramil Usubov bildirir ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına maneə yaratmaq imkanları itir.

Bunun hərbi kontekstdə izahını qeyd edək. Azərbaycan 2021-ci ilin mayından etibarən Ermənistanla sərhədə çıxış əldə etdikdən sonra özünün mövqelərini əhəmiyyətli dərəcədə irəli çəkdi və bu proses Naxçıvan istiqamətində də getdi.

Bu isə Ermənistanı Zəngəzur dəhlizinin “ya güc yolu ilə, ya da xoşluqla” açılması dilemması qarşısında qoyur.

Hər iki halda isə Zəngəzur dəhlizi açılacaq, İrəvan isə qara-qura mövqedən əl çəkməlidir və bunun faydasını düşünməlidir.

Üçüncü tezis: Azərbaycanın İranla imzaladığı sənəd, yəni İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat qovşağı Zəngəzur dəhlizinin əhəmiyyətini artırır.

Ramil Usubov deyib: “Ermənistan hakimiyyəti belə düşünür ki, yeni nəqliyyat qovşağı məsələsində guya üstün mövqedədir və şərtləri o diktə etməlidir. Ancaq möhtərəm Prezidentimiz cəmi 5 kilometr coğrafi fərqlə bu nəqliyyat qovşağının istifadəyə veriləcəyini bəyan etdi və Ermənistan növbəti dəfə hesablarında yanıldı”.

Azərbaycanın Təhlükəsizlik Şurasının katibinin dediklərindən gələ biləcəyimiz qənaət:

1. Azərbaycan-Türkiyə-Rusiya üçbucağındakı maraqlar qənaətbəxşdir (Birgə Monitorinq Mərkəzi kontekstində),

2. Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsində tərəflərin üzərinə qoyulan vəzifələri həyata keçirirlər və yeni istiqamətlər üzrə birgə fəaliyyət planı hazırlanacaq,

3. Azərbaycan-İran razılaşması Zəngəzur dəhlizinin açılması üçün Ermənistana əlavə təzyiq mexanizmidir. Bu isə Türkiyə ilə birgə işin nəticəsidir, yəni memorandum Azərbaycan-Türkiyə-İran formatında Ermənistan üzərində iqtisadi rıçaq yaradır.

Aqşin Kərimov