Masaya Xankəndi çıxır - ANALİZ

Rəsmi Bakı "yumşaq güc"ə keçir

Prezident İlham Əliyev İsmayıllıya etdiyi səfər zamanı Az.TV-nin suallarını cavablandırdı.

Dövlət başçısı müsahibəsində 10 noyabr 2020-ci ildə Üçtərəfli Bəyanatın imzalanmasından sonra həllini tapmamış bir sıra məsələlərə toxundu.

İlham Əliyev bütün azərbaycanlıları, xüsusən də tarixi Zəngəzur mahalının bir parçası olan Laçın əhalisini hədsiz dərəcədə sevindirən bir müjdə verdi:

"Dövlət komitəsinə göstəriş vermişəm ki, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq".

Azərbaycan prezidentinin Ermənistanın kapitulyasiyasından sonra Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalmış Laçın şəhəri və çevrəsindəki kəndlərin tezliklə nəzarətimizə keçəcəyi və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdacağı barədə açıqlamaları İrəvan mediasında da geniş əks-səda doğurdu.

Bu açıqlamaya qədər əgər Ermənistan mediasında prosesə mane olmağın mümkünlüyü barədə çağırışlar, şərhlər, məqalələr dərc olunurdusa, İlham Əliyevin son çıxışından sonra revanşist qüvvələr də tam anladılar ki, məsələni çək-çevirə salmağın artıq heç bir mənası yoxdur.

Bəli, Laçın şəhərinin və çevrəsindəki kəndlərin yenidən nəzarətimizə keçməsi olduqca böyük hadisə, tarixi nailiyyət, Xankəndiyə gedən yolun rəsmi açılışıdır.

Avqustun əvvəllərində Azərbaycan "Qisas" adlı əks-hücum əməliyyatı keçirdi və yarım gün çəkən döyüşlərdə Qarabağ dağlarındakı bütün önəmli yüksəklikləri tam nəzarətə götürərək hərbi-strateji baxımdan mövqe savaşını tamamladı. Bundan sonra istər Xankəndi və çevrəsində, istərsə də Ermənistanla sərhəddə Azərbaycan ordusu istənilən hücum və əks hücum əməliyyatına, necə deyərlər, müsbət hesab fərqi ilə başlayacaq.

Digər tərəfdən, yeni marşurutun açılması ilə köhnə yol boyu Ermənistandan Xankəndiyə çəkilmiş qaz və elektrik xəttləri də nəzarətimizə keçmiş olacaq.

Ermənistanın bu gündən sonra Qarabağa yeni xəttlər çəkməsi mümkün deyil. Rəsmi Bakı buna heç vəchlə icazə verməz. Odur ki, Laçın şəhəri və çevrəsindəki kəndlərimizə qayıdışla birgə Xankəndinin sosial infrostrukturunun Azərbaycana inteqrasiyası prosesinin başlanacağını proqnozlaşdıra bilərik.

Əgər diqqət etdinizsə, Azərbaycan prezidenti müsahibəsində Qarabağdakı erməni mənşəli potensial vətəndaşlarımıza çox ciddi mesajlar verdi.

Dövlət başçısı bildirdi ki, Xankəndidəki hərbi xunta qalıqlarının və İrəvandakı revanşist qüvvələrin Azərbaycandan hər hansı status alacağına ümid bəsləməsi yersizdir:

"Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə".

Sözün açığı, Ermənistan rəsmiləri Qarabağ ermənilərinin müstəqilliyi və ya statusu barədə artıq xeyli müddətdir ki, ən yaxşı halda alt pərdədən danışırlar. Nikol Paşinyanın təbirincə desək, "planka"nı endiriblər. Suren Petrosyan adlı populist və revanşist siyasətçilərin Zabuxdan etdiyi çağırışlara Ermənistan cəmiyyətinin laqeyd qalması isə onu göstərdi ki, "Bayraqdar"ın "Qisas" əməliyyatı zamanı qanunsuz hərbi hissələrə endirdiyi zərbələr İrəvanda bir çoxlarına doğru nəticə çıxarmaq üçün imkan yaradıb. Digər tərəfdən, Azərbaycan haqlı və doğru olaraq Ermənistanı Qarabağ məsələsinə müdaxilə etmək imkanlarından məhrum edir. Bunun ən bariz isbatı yeni yolun çəkilməsində Ermənistanın fikrinin soruşulmaması və Ermənistanla aparılan normallaşdırma danışıqlarında Qarabağ məsələsinin gündəm maddəsi olmamasıdır.

Prezident Əliyevin Az.TV-yə verdiyi müsahibədə iki məqama da diqqət yetirək:

- "Əslində, bu tarixi Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər bizdən xahiş etmişdilər".

- "Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin".

Bu nüanslar onu göstərir ki, Azərbaycan faktiki olaraq re-inteqrasiya prosesinə start verib və Qarabağ erməniləri ilə Ermənistansız əlaqə qurur.

Prezident bu barədə deyir:

"Bu hadisələrin nəticələrindən, önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və atacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir".

Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasının iki ön şərti var.

Birincisi, rus sülhməramlılarının məsuliyyət zonasındakı erməni silahlı birləşmələri tam ləğv olunmalı, demilitarizasiya getməlidir. Bu uzaqbaşı bir ay çəkə biləcək prosesdir.

İkincisi, Xankəndidəki hərbi və cinayətkar xuntanın qalıqlarının varlığına son qoyulmalıdır. Bu da Azərbaycan xüsusi təyinatlı qüvvələrinin əlində yarımgünlük işdir.

Ancaq bölgədə ermənilərin yaşamasında maraqlı olan Rusiya demilitarizasiyanın və Xankəndidə Bakıya tabe olan ierarxiyanın qurulmasını ehtiyyatla həyata keçirilməsinə tərəfdar görünür. Odur ki, Azərbaycan hakimiyyəti "yumşaq güc" vasitələrindən istifadə edərək Xankəndiyə doğru irəliləyəcək.

Prezidentin çıxışından sonra gəldiyim qənaətə görə, dövlət başçısının masasında Xankəndidən Bakıya "birgə işləyə bilərik" mesajı vermiş bir neçə fiqurun artıq adı var. Bu adlar barədə təxminlərim də var, amma prosesə mane olmamaq üçün indi açıqlamağı düzgün saymıram.

Xankəndidə isə hərbi xunta daxilində gərgin maraqlar toqquşması mövcuddur. Bir neçə gün öncə Xankəndidə Ermənistan mediasının üstündən sükutla keçdiyi etiraz aksiyası baş verib. Aksiyada hərbi xuntanın "xarici işlər naziri" David Babayanın, "dövlət naziri" Arteq Bəyləryanın, maliyyə nazirinin və hərbiçi Cəlal Arutyunyanın şəhər polis rəisi olan qardaşının istefası tələb olunub. Bu isimlərin hər biri "revanşist qanadı" təmsil etməklə kirli əlaqələrə malikdirlər və Nikol Paşinyanın bir müddət öncə Xankəndiyə ayrılan pulların aqibətini izləmək zərurətindən danışması ilə maliyyə nazirinin istefa tələbi arasındakı bağ onu göstərir ki, İrəvan Arayikdən canını qurtarmaq üçün fürsət axtarır.

Taleh ŞAHSUVARLI