Azərbaycan Ermənistana "status-kvo" yaratmağa imkan vermir və... Azərbaycan Ermənistana "status-kvo" yaratmağa imkan vermir və...

"Laçın prosesi" bitdi: Prezidentin köməkçisi gün itirmədən Xankəndini gündəmə gətirdi

Azərbaycan Ermənistana "status-kvo" yaratmağa imkan vermir və...

Müharibə nədir?

Bir qrupun öz iradəsini qarşı tərəfə qəbul etdirmək üçün təzyiq formasıdır.

Bu qısa tərifdən də görüdüyü kimi, müharibənin təbiətində təzyiq var.

Ancaq bu təzyiq heç də həmişə silah vasitəsi ilə edilmir, hərçənd təzyiqin arxasında iradə ilə yanaşı mütləq silah və güc dayanmalıdır.

44 günlük savaşda Azərbaycan onu isbat etdi ki, torpaqlarını işğaldan azad etmək üçün İRADƏyə, MÜASİR SİLAHLARA və ÜSTÜN GÜCə malikdir.

Ermənistan 10 noyabr 2020-ci ildə kapitulyasiya aktı imzalayaraq bu gerçəkliyi qəbul etdi.

Ancaq tezliklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün yersiz manevrlər etməyə başladı.

Ermənistan kapitulyasiya aktı kimi imzaladığı Üçtərəfli Bəyanatı "atəşkəs sazişi" kimi görməyə və təqdim etməyə, həmin sənədin əsl mahiyyətindən uzaqlaşıb yeni "status-kvo" yaratmağa cəhd göstərdi.

Ermənistanın yeni "status-kvo" yaratmaq üçün əlindəki əsas rıçaq Laçın şəhərinin və şəhərin ətrafındakı bəzi kəndlərin Rusiya sülhməramlılarının nəzarətində olması və bu səbəbdən də orada qanunsuz məskunlaşdırılmış ermənilərin hələ də qalması idi.

Rəsmi Bakı Üçtərəfli Bəyanatda nəzərdə tutulandan da tez yeni yol inşa edərək Rusiya sülhməramlılarının dislokasiyasını sürətləndirdi, Cenevrə konvensiyasına zidd şəkildə ərazilərimizdə qanunsuz məskunlaşdırılan ermənilərin çıxarılmasını təmin etdi və dünən ordumuz Laçın şəhərində Azərbaycan bayrağını dalğalandırdı.

Üçtərəfli Bəyanata əsasən daha bir prosesi alnımızın təri, biləyimizin haqqı ilə udduq.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rasional siyasəti nəticəsində "Laçın prosesi" bitdi.

Biz də, erməni ekspertləri və şərhçiləri də elə prezident Əliyevin mesajlarına istinadən proqnoz verirdik ki, "Laçın prosesi" bitər-bitməz Azərbaycan Xankəndini nəzarətə götürmək üçün qəti həmlələrə başlayacaq.

Bu gün Şuşada ABŞ və Fransa səfirləri xaric, - onlar dərhal "persona-non-qrata" elan edilməli, Azərbaycana göndəriləcək yeni səfirlərin etibarnəmis isə Prezident Şuşada təqdim olunmalıdır- çox böyük bir diplomatik heyətin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev həmin tədbirdə çox önəmli açıqlamalar verib:

“Azərbaycan müharibə dövründə Xankəndiyə girməyə çox yaxın idi, ancaq biz bunu etmədik. Əlbəttə, hərbi cəhətdən çox çətin qərar idi, ancaq bu, bizim üçün həm də mənəvi məsələ idi. Biz Xankəndidə mülki əhalinin ölümünü görmək istəmədik. Bu, insani məsələ idi”.

Hikmət Hacıyevin açıqlamasının davamına baxaq:

"Qarabağ artıq Azərbaycanın xarici siyasət məsələsi deyil. Bu məsələ artıq həll olunub və ATƏT-in Minsk qrupu tarixin keçmişinə gömülüb. Bu məsələ bizim üçün artıq bitib, biz indi sivil əlaqələrin qurulmasını istəyirik”.

Bilmirəm diqqətinizi çəkdimi, prezidentin köməkçisinin işlətdiyi üç cümlənin hər birində felin keçmiş zamanını qətiləşdirən "ARTIQ" ədatı var.

Yəni, Azərbaycan üçün mühim bir mərhələ Laçın şəhərinin azad olunması ilə bitdi, arxada qaldı.

Prezidentin köməkçisi elə postdur ki, dilindən çıxan hər kəlimə özündən çox dövlət başçısının mövqeyini əks etdirir.

Başqa sözlə, rəsmi Bakı "Laçın prosesi" bitər-bitməz, bir gün də vaxt itirmədən yeni hədəflərini açıqlayır.

"Xankəndi prosesi" başladı!

Hikmət Hacıyevin açıqlaması sadə dildə bu deməkdir:

"Biz erməniləri Xankəndidə qırmadıq, qovmadıq, amma indi məqam yetişib ki, Xankəndi də Azərbaycanın nəzarətinə keçsin"

Azərbaycan bu prosesi aparmaq üçün iki əsas şərt diqtə edir:

1) Xankəndi və çevrəsindəki bütün erməni silahlı çətələri demilitarizasiya olunmalıdır.

2) Xankəndidəki hərbi xuntanın varlığına son verilməlidir.

Hər iki hədəfə nail olmaq üçün Azərbaycanın əlində ciddi resurslar var.

Ermənistan isə Qarabağa təsirini gündən-günə itirir.

Taleh ŞAHSUVARLI