Kamal Qılıncdaroğluna "Azərbaycan vetosu"

Türkiyə seçkilərində II turda nələr olacaq?

İndi sosial şəbəkələrin Azərbaycan seqmentində bu sual çox aktualdır.

Məsələyə ilk növbədə nəzəri aspektdən yanaşaq.

İkinci tur seçkilərinin taleyini iki əsas amil həll edir:

1) Elektoral axın hansi namizədin ətrafında yoğunlaşır?

2) Hansı namizəd seçicidən daha çox veto alır?

İlk tur seçkilərinin əsas həlledici amili, yəni bir namizədin ən çox səs alması birinci sualın cavabından asılıdır. Yəni, elektoral axın Ərdoğanın ətrafında yoğunlaşdığı üçün o, ilk turda ən çox səs aldı. İndi Ərdoğanın seçkiləri udmaq üçün ilk işi bu tendensiyanı qorumaqdır.

Bu tendensiyanı qorumaq üçün Ərdoğanın yetərincə imkanları, resursları var.

Əvvəla, Ərdoğanın lideri olduğu partiya parlament seçkilərdə qalib gəlib. Təşkilat seçki motivasiyasını qoruyur.

Digər tərəfdən, AKP-nin parlamentdə çoxluq qazanması müxalifətin əsas vədinin- parlamentar sistemə qayıdış perspektivinin üstündən xətt çəkib.

Nəhayət, Ərdoğan uzun illərdir iqtidardadır və təmərküzləşmiş bir elektorata sahibdir. Xarizmatik lider olaraq Ərdoğan bu elektoratı daim mobil saxlayır.

Ana müxalifət lideri Kamal Qılıncdaroğlu üçün mənzərə tam fərqlidir. CXP-nin maliyyələşdirdiyi sosioloji araşdırma şirkətləri yaydıqları sorğularda Kamal Qılıncdaroğlunı Ərdoğandan önə çıxartmaqla müxalif düşərgədə "qazanırıq" eyforiyası yaratdı və evdəki yanlış hesab çarşıda pozuldu. Eyforiya apatiya ilə əvəzləndi.

Birinci turun nəticələri göstərdi ki, Ərdoğanın yanından qoparaq müxalifətə keçmiş fiqurların yaratdıqları partiyalar heç bir elektoral dəstəyə malik deyil.

Kamal Qılıncdaroğlunun səslərini CXP-nin səslərindən yüksək edən əsas kütlə İYİ partiya və YSP-nin tərəfdarları idi.

- Kamal Qılıncdaroğlunun Ərdoğana davamlı uduzmasından usanan CXP tərəfdarlarının mühüm bir qismi seçkiyə getməyəcək.
- Kamal Qılıncdaroğlunun Ərdoğanı yenəcək lider olmadığına lap əvvəldən inanan İYİ partiya seçicilərinin mühüm bir qismi seçkiyə getməyəcək;
- Parlamentdə mandatları bəlli olan YSP-nin Ümid Özdağın CXP ilə anlaşmasına təpki göstərən tərəfdarlarının mühüm bir qismi seçkiyə getməyəcək.
- İlk turda seçkiyə gedən, amma nə Ərdoğana, nə də Kamal Qılıncdaroğluna səs verən, Sinan Oğanı dəstəkləyən təbəqənin önəmli bir qismi səsverməyə qatılmayacaq.

Bütün bunlar isə o deməkdir ki, Kamal Qılıncdaroğlu bazar günü ilk turda aldığı səslərin həcmini qoruya bilməyəcək və elektoral dəstəyi 20 milyon civarında sabitləşəcək, hətta mümkündür ki, bundan da aşağı düşəcək.

Verəcəyim proqnozda xəta payının 2 % ola biləcəyini göz önündə tutaraq təxmin edirəm ki, CXP lideri bazar günü 40 % civarında səs alacaq, Ərdoğan isə eyni qaydada 60 % toplayacaq.

Bu nisbətin dəyişməsi ancaq o zaman mümkün ola bilər ki, seçicilər Ərdoğana Kılıncdaroğludan daha çox veto qoysun. Ancaq bu baş verməyəcək.

Niyə?

Birinci tur göstərdi ki, Sinan Oğan elektoral dalğalanmaya təsir göstərən bir fiqurdur. İndi bu dalğalanmaya təsir göstərən fiqur Ərdoğanın yanındadır. Burada Sinan Oğan nə qədər səs almışdı, o səsləri kimdən almışdı, o səslərin hamısı Ərdoğana yönələcəkmi kimi suallar ikinci dərəcəlidir. Əsas məsələ dalğalanmanı yaradan amillər və o amillərə adekvat olan fiqurun Ərdoğanın lehinə seçim etməsidir. Seçicilərin Ərdoğana veto qoymasını aradan qaldıran və onu yeni elektoral seqmentə yönəldən başlıca şərt budur.

Milli-sekulyar səslərin həllediciliyini görən CXP lideri çox sürətlə milliyətçi çıxışlar etməyə başladı, özünü hətta türk siyasətçilərindən birinin dediyi kimi, əlacı olsa, ata minib "Mehtər marşı" ilə Vyanaya hücum edəcək kimi göstərdi. Bununla belə, PKK-nın güdüyündəki YSP ilə ittifaqa girməsi artıq Qılıncdaroğluya qarşı "veto səsləri" formalaşdırıb.

Qılıncdaroğluya qarşı "veto kütləsi"ni genişlədən başqa bir amil isə, onun qurduğu masanın Türkiyəyə sabitlik vəd etməməsidir.

Ən nəhayət, Türkiyə seçkilərinin ilk turu ilə bağlı şərhlərimdə göstərirdim ki, Azərbaycan amili oradakı səsvermənin taleyini müəyyən edəcək əsas tendensiyalardan biri olacaq. Əgər Türkiyə cəmiyyətində milli-sekulyar düşüncə güclənirsə, Azərbaycan və Türkiyənin birgə uğurları elektoral davranışların əsas motivlərindən birinə çevrilməyə bilməz. Diqqət edin, bu sətirləri yazdığımda Türkiyənin PUA istehsal edən "Baykar" şirkətinin çox sevdiyimiz sahiblərindən Haluk Bayraqdar sosial şəbəkələrdə Kamal Qılıncdaroğluna sitəm dolu bir məktub ünvanlamışdı. Azərbaycanın hərbi müdafiə sistemi önəmli bir ölçüdə "Bayraqdar"ın üzərində qurulub və Qılıncdaroğlu iqtidara gələrsə, bu şirkəti sıradan çıxarmaq üçün planlar açıqlayıb. Türkiyənin Azərbaycanı Türkiyə qədər sevən milli-sekulyar kəsimi bu plana "əvət" deyə bilərmi? Əlbəttə, yox! Çox təəssüflər olsun ki, bir çox CXP yandaşları problemi Qılıncdaroğlunun zehniyyətində görməyərək "İlham Əliyev iç işlərimizə qarışır" deyə bir anti-Azərbaycan propoqandasına başlayıblar. Fatih Portağallar, Nagehan Alçılar və daha bir neçə provakativ isim içlərindəki FETÖ və erməni yanğısının küllərini Azərbaycana sovurmağa çalışır. Nəticədə Azərbaycan Kamal Qılıncdaroğlu üçün veto səslərinin ümumi adı olur.

Qılıncdaroğlu bütün bunları vaxtında görə, fərq edə bilmədisə, onun elə Türkiyə prezidenti seçilməməsi yaxşıdır.

Taleh ŞAHSUVARLI