Maddi mənfəət güdənlərin QHT sektorunda nə işi var?

Ötən ilin söhbətidir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyin müsabiqə keçirmiş və nəticələri açıqlamış, sosial şəbəkələrdə və internet mediada vənöysə qopmuşdu.

Doğrusu bu vənöysəni qoparanların kim olduğunu tam bilmirdim. Ümumi gedişatdan belə görsənirdi ki, başlanan "etiraz kampaniyası" səmimiyyətdən, obyektivlikdən uzaqdır, üçüncü dairələrin maraqlarına xidmət edir.

O zaman nə bizim QHT qeydiyyatdan keçmişdi, nə də Agentlikdən maddi yardım almışdım.

Odur ki, sırf vətəndaş cəmiyyətinin mənafelərini, ictimai maraqları əsas götürüb QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əleyhinə aparılan kampaniyanın qeyri-obyektivliyini, nöqsanlarını və ziddiyyətlərini göstərdim.

Sən demə, prosesin arxasında dayananlar arasında xatirini çox istədiyim, zaman-zaman mənə yaxşılıqları dəymiş bir insan da varmış. Tam səmimi deyirəm, həmin yazını nə onun əleyhinə yazmışdım, nə də yazanda onunla Agentlik arasında konflikt olmasından xəbərim vardı. Di gəl, adam məndən küsdü, öz yanından "komplo teorilər" düzüb-qoşdu. Hələ də danışmırıq.

Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyi kiçik qrantlar müsabiqəsinin nəticələrini elan edəndə məndən küsmüş dostumun sədri olduğu ictimai birliyi də qaliblər sırasında gördüm. Olduqca sevindim. Əvvəla ona görə ki, istənilən şəxsin istənilən uğuruna sevinən adamam, xüsusən də dostlarımın. İkincisi, bu, ötən il yazdığım yazıda haqlı olduğumu bir daha göstərdi. Çünki məqalədə xüsusi olaraq vurğulayırdım ki, etiraz etmək hər kəsin haqqı olsa da, bir ictimai birlik donorla münasibətlərində narazı qaldığı məsələləri apellyasiya qaydasında, müzakirələrlə, ictimai maraqları əsaslandıraraq tapmalıdır. "Siz mənə pul vermədiniz, indi görün nə edəcəm" məntiqi ilə süni gündəm yaratmaq QHT-lərin mövcudluq və fəaliyyət fəlsəfəsinə kökündən zidd olmaqla bahəm, bütövlükdə vətəndaş cəmiyyətinin reputasiyasına xələl gətirən yanaşmadır.

Çox təəssüf ki, eyni yanaşmanı bu gün də müşahidə edirəm.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2023-cü il üzrə kiçik qrantlar üzrə keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb və sosial şəbəkələr "apellyasiya instansiyası"na çevrilib.

Əlbəttə, başa düşürəm ki, müsabiqə varsa, razılar da, narazılar da olacaq.

Mən onu da çox yaxşı bilirəm ki, etiraz etmək vətəndaş cəmiyətinin təkcə haqqı yox, həm də xüsusiyyətidir.

Hətta bir qədər də irəli gedib deyim ki, öz legitim mənafelərini qoruya bilməyən vətəndaş cəmiyyəti təşkilatı və lideri başqalarının hüquq və maraqlarını da müdafiə edə bilməz.

Zira, əsas sual budur: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin üzərinə yürüş təşkil edənlərin mənafeləri (iştirakçılardan danışmıram, onların bəzisi emosiyaya da qapıla bilər) indiki halda nə qədər legitimdir?

Layihəsi donor tərəfindən dəstəklənmədiyinə və ya tələb olunan məbləğdən az vəsaitlə dəstəkləndiyinə görə, donorun əsaslandırılmış qərarı ilə tanış olmadan, əgər həmin qərarın əsaslandırılmasında naqisliklər varsa, bunu apelyasiya qaydasında şikayət etmədən və nəticəni gözləmədən qarayaxmaya keçmək vətəndaş cəmiyyəti təşkilatının legitim mənafeyi və texnologiyası ola bilməz.

Bəli, bu ölkədə vətəndaş cəmiyyəti quruculuğuna bu gündən start verilməyib və 30 ildir bu işdə saç ağardanlar, cild-cild kitab yazanlar, yüzlərlə, minlərlə təlim keçirənlər, necə deyərlər, yaşayan canlı tarixlər var.

Bu cür adamlardan Novella Cəforoğlu, Səadət Bənanyarlı, Səidə Qocamanlı, Mehriban Zeynalova, əminəm ki durub Agentliyə "siz bizim təşkilata niyə 10 min manat (dəqiq rəqəmi bilmirəm, bir az aşağı, bir az yuxarı ola bilər) vermisiniz" deməz.

Çünki müsabiqənin adı üstündə: KİÇİK QRANTLAR!

Bu cür adamlardan Sabit Bağırov, Əliməmməd Nuriyev, Asif Əsgərli, Xalid Kazımov, Ruhəngiz Hüseynova, Zaur İbrahimli, Emin Həsənli, Samirə Mustafayeva kimi tanınmış VC liderləri heç bir halda ictimai maraqların təmsilçiliyini şəxsi reputasiya və mənfəət diskursuna çəkilməsinə izn verməzlər. Çünki bu adamlar QHT-nin "mənfəət əldə etmək məqsədi olmayan hüquqi şəxs" olduğunu yaxşı dərindən bilirlər.

Kiçik qrantlar müsabiqəsinin qaliblərini bir-bir nəzərdən keçirdim. Adı mücərrəd ifadə edilmiş (layihənin adı məzmununu bəzən tam ifadə etməyə bilər) bir neçə proyekt xaricində vətəndaş cəmiyyətinin qarşısında dayanan çox aktual məsələlərin həlli üçün pul ayrılıb. Elə bizim "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin təqdim etdiyi layihənin müddəti, əhatə dairəsi və tədbirlər planı daha geniş, buna uyğun olaraq xahiş etdiyimiz məbləğ də ayrılandan 2 dəfədən bir qədər çox idi. Amma gördüyünüz kimi, Agentliyin maliyyə ilə bağlı qərarını asıb-kəsmirik, planda, büdcədə düzəliş edib, işləyəcəyik. Çünki məramımız QHT adı altında "dükan açmaq", layihə həyata keçirmək pərdəsi altında qazanc əldə etmək deyil, milli və ictimai maraqlara töhfə verməkdir.

Bu baxımdan heç kimi zənn altında buraxmadan, narazılar sırasında şəxsən tanıdığım, böyük hörmət bəslədiyim və problemlərinin müzakirələrlə çözüləcəyinə inandığım QHT liderlərinin də olduğunu xüsusi vurğulayaraq bir neçə məsələyə diqqət çəkmək istəyirəm.

Xarici donorlar kisə-kisə pullar ayrılanda da, milli donorlar ön plana çıxanda da Azərbaycanda QHT sektorunda çox sayda mənfəətpərəst cəmləşib. Azərbaycan balaca ölkədir, qrant pulları ilə kimin xaricdə, dünyanın ən nüfuzlu istirahət zonalarında mülk sahibləri olduğunu da bilirik, Bakıda çox sayda mənzil, obyekt, bahalı maşın sahibi olduğunu da.

Kimin maliyyə hesabatlarının sənədlərini hazırlamaq üçün hansı hoqqalardan çıxdığından xəbərimiz olduğu kimi, layihə icra etmək bacarığının olmaması bir yana, heç camaatı maarifləndirmək istədiyi mövzularda özünün bir kitabı axıracan oxumamış qranyeyənləri də tanıyırıq.

Bu təbəqə həmişə üç amil üzərində vətəndaş cəmiyyətində at oynadıb.

Əvvəla, vətəndaş cəmiyyətində şəffaflığın olmaması üçün əlindən gələni ediblər;

İkincisi, öz aralarında şəbəkələşiblər.

Üçüncüsü, yerli donorları şantaj edib, xarici donorlara donoslar göndəriblər.

Anladığım qədər Azərbaycan QHT-lərinin əsas milli donorunun şəffaflaşması, şəbəkələrə, donoslara taviz verməməsinə latent fazada göstərilən müqavimət indi gün üzünə çıxıb.

Bu hay-küyün, vənöysənin QHT sektorunun maliyyə dayanıqlığını gücləndirəcəyini zənn etmirəm. Fondreyzinq bu cür üsulları sevmir.

Amma nəyə xeyir verməyəcəyini Mehriban xanım Zeynalova çox yaxşı yazıb: "Müzakirələrin motivi pulda köklənməsi QHT-lərin nüfuzuna zərbədir".

TALEH ŞAHSUVARLI