- Redaktor masası
- 20 İyun 2023 16:04
- 12 937
Nikolun etirafları
Ermənistan parlamentində 2020-ci ildə baş vermiş və Azərbaycanın parlaq zəfəri ilə yekunlaşmış 44 günlük müharibəni araşdıran xüsusi komissiya yaradılıb.
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün istintaq komissiyasında çıxış edib və 44 günlük müharibə ilə bağlı bir sıra detalları açıqlayıb.
Nikol Paşinyanın açıqlamalarını bir cümlə ilə dəyərləndirsək, o, özünə haqq qazandırmaq, ermənilərin Qarabağdakı hərbi və siyasi məğlubiyyətinin məsuliyyətini öz üzərindən atmaq istəyir.
Ümumən isə, Paşinyanın çıxışını üç əsas bənd üzrə belə sistemləşdirmək olar:
1. 44 günlük savaşdan öncə Qarabağla bağlı aparılmış danışıqlara retrospektiv baxış;
2. 44 günlük savaşda Ermənistan ordusunun döyüş qabiliyyətinin aşağı olması və bunun səbəbləri;
3. Üçtərəfli Bəyanatı imzalamaqla Paşinyanın Ermənistanı daha pis ehtimallardan xilas etməsi.
Hər üç istiqamət üzrə Paşinyanın etirafları, açıq və dolayı mesajları bir məsələdən xəbər verir. Ermənistan sülhə hazır deyil və revanşist iddialarını davam etdirmək üçün zaman qazanmağa çalışır. Bunu ilk növbədə Ermənistan parlamentində istintaq komissiyasının təşkil edilməsi və hətta təhqiqata “Artsax prezidenti” Arayik Arutyunyanı da dəvət etmək niyyətinin elan olunması sübut edir.
Arayiklə bağlı məsələ konkretdir. Onu Laçında quraşdırılmış Sərhəd Buraxalış Məntəqəsində Azərbaycanın müvafiq qurumlarının əməkdaşları səbirsizliklə gözləyir. Bu məntəqədən keçməyə cəhd göstərəcəyi halda, Arayikin başına keçiriləcək çuval çoxdan hazırdır. Xankəndidəki hərbi xunta qalıqlarının “lider”inin istintaqa çəkiləcəyi yer İrəvan deyil, Bakıdır.
Nikol Paşinyanın istintaq komissiyasına verdiyi izahatlara dönsək, onun üstündən sükutla keçdiyi bir sual var: Ermənistan ordusu Qarabağda nə gəzirdi ki, 44 günlük savaşda da darmadağın ola, bu gün də parlamentlərində məğlubiyyətlərinin səbəb və səbəbkarları araşdırıla?
Bəli, Ermənistan işğalçı bir dövlət olduğunu etiraf etmək, qonşu xalqa və dövlətə qarşı beynəlxalq hüququ tapdalayaraq cinayətkar siyasət yürütdüyünü boynuna almaq, öz xisləti, ideologiyası və xəstə zehniyyəti ilə üzləşib Cənubi Qafqazı sülh regionuna çevrilməməsi üçün oynadığı rəzil roldan imtina etmək istəmir.
Nikol soruşur: “Biz Qarabağ məsələsini həll etmək istəyirdikmi? Buna paralel olaraq çox fundamental və dərin bir sual ortaya çıxır: Dağlıq Qarabağ məsələsini həll edə bilərdikmi və əgər həll olunarsa, necə”?
Ermənistanın bu sual üzərində baş sındırmasının artıq heç bir əhəmiyyəti qalmayıb. Ona görə ki, Azərbaycan hərbi-siyasi yolla, müzəffər ordusunun gücü ilə Qarabağ məsələsini həll edib. 44 günlük savaşdan öncə aparılmış münaqişəni dinc yolla tənzimləmək üçün irəli sürülmüş, razılaşdırılmış bütün ssenarilər də tarixin zibil yeşiyinə atılıb. Bunu münaqişənin hərbi yolla həll olunmasından başqa Azərbaycana yol qoymamış Ermənistan istəyib. Bundan sonra rəsmi Bakı heç bir halda və formada Qarabağ erməniləri ilə status müzakirəsi aparmayacaq, Ermənistanın revanş planlarını bütün mümkün vasitələrlə alt-üst edəcək.
Odur ki, indi Ermənistan hakimiyyətinin də, müxalifətinin də özünə verməli olduqları sual başqadır: ermənilər digər xalqlar və dövlətlərlə, konkret olaraq Azərbaycan və Türkiyə ilə dinc qonşuluq münasibətləri qurmaq istəyirlərmi?
Əgər qurmaq istəmirlərsə, qarşılığında kvazi dövlətlərinin bütün əsaslarından məhrum olacaqlar.
Əgər “Azərbaycan və Türkiyəyə qarşı heç bir ərazi iddiamız yoxdur, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib beynəlxalq konvensiyaların milli azlıqlara tanıdığı hüquqlardan yararlansınlar, dədə-baba yurdlarından deportasiya etdiyimiz qərbi azərbaycanlılar da tarixi vətənlərinə dönsünlər” deyirlərsə, o zaman bütün bunlar rəsmi mövqeyə çevrilməlidir.
Paşinyan buna hazırdırmı?
Aşağıdakı sözləri göstərir ki, xeyr!
“İkinci variant ondan ibarət idi ki, mən nəinki Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalıyam, həm də təkcə Dağlıq Qarabağ və Ermənistan ətrafında yaradılmış status-kvonun deyil, həm də Dağlıq Qarabağda mövcud status-kvonun ləğvi ilə razılaşmalıyam. Belə bir şeyi bugünkü nöqteyi-nəzərdən də təsəvvür etmək mümkün deyil”, - deyə Ermənistanın baş naziri bəyan edir.
Bəli, indi əsas məsələ Xankəndidəki “status-kvo”nun aradan qaldırılması, yəni qanunsuz və cinayətkar hərbi xunta qalıqlarının ləğv edilməsi, Qarabağdakı erməni mənşəli əhalinin Azərbaycana re-inteqrasiya olunmasıdır.
Azərbaycan prezidentinin qətiyyətli və sistemli fəaliyyəti nəticəsində Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa məcbur olduğu kimi, Ermənistan Xankəndidəki rejimin likvidasiyasına da mane ola bilməyəcək. İki variant var:
1. Qarabağda daha bir eskalasiya baş verir, işğalçı Ermənistan ordusunun qalıqları ordumuzun müasir silahları ilə məhv edilir, seperatçı rejim təslim olur.
2. Xankəndidəki xunta Bakıdan əfv diləyir, amnistiya verilir və onlar hakimiyyəti Azərbaycanın qanuni təmsilçilərinə verərək bölgədən rədd olub gedirlər.
Hər iki halda məsələ həm hüquqi, həm də siyasi baxımdan Azərbaycanın daxili işidir, ancaq təcrübə göstərir ki, Ermənistan ölkəmizin daxili işlərinə qarışmaq vərdişindən əl çəkmək istəmir. Bu da Azərbaycan və Ermənistan arasındakı Qarabağ məsələsinə toxunmayan cari sülh danışıqlarının istənilən anda hərbi toqquşmaya çevrilmək ehtimalını aktual saxlayır. Başqa sözlə, hərbi əməliyyatlar yenidən alovlanarsa, döyüş Ermənistanın sovet dövründə ələ keçirdiyi Qərbi Zəngəzurda gedəcək.
Taleh ŞAHSUVARLI