- Redaktor masası
- 26 İyun 2023 19:18
- 18 160
Muxtar Babayevin müsahibəsi: “Fəzilət siqnalçı”larına mükəmməl cavab!
Gədəbəyin Söyüdlü kəndində baş verən insidentdən sonra Baş nazir Əli Əsədovun qərarı ilə məsul komissiya yaradıldı. Bu barədə yayılan rəsmi məlumata əsasən, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxil edildi. Komissiyaya sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində müraciətlərin araşdırılmasını təmin etmək, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq təkliflər hazırlamaq tapşırıldı. Dünən, yəni iyun ayının 25-də Baş nazirin yanında komissiyanın ilkin iclası keçirildi, Muxtar Babayev qısa müddətdə göstərilən fəaliyyətlə bağlı hesabat verdi. Bazar günü Ekologiya və Təbii Sərvətlər Naziri Real TV-nin efirində tanınmış jurnalist Mirşahinin suallarını cavablandırdı. Müsahibəni böyük maraqla izlədim.
Cənab Babayevin açıqladığına görə, Gədəbəyin Söyüdlü kəndi əhalisinin narahatlıq, təklif və tələblərini 3 istiqamət üzrə qruplaşdırmaq olar:
1. Sağlamlıq məsələləri;
2. Kənd təsərrüfatı və sosial məsələlər;
3. Ekoloji məsələlər.

Bu üç istiqamətdə mövcud olan və olmayan problemlər Söyüdlü hadisələrinin əsas motivlər bazası idi. Ancaq nazirin açıqlamalarından belə məlum oldu ki, heç bir istiqamətdə Söyüdlü kəndində, obrazlı desək, “bıçağı sakinlərin boğazına dirəyən”, qəfil kəskinləşən formada etiraza səbəb olmağa layiq problem mövcud deyil. Əlbəttə, həyatın öz qanunları var və kimsə bu dünyada xəstəlikdən və ölümdən sığortalanmayıb. Nə qədər ki dünya var, insan var, xəstəlik və ölüm də olacaq. Ancaq məsul komissiyaya təqdim olunan statistik məlumatlar təsdiq edir ki, Söyüdlü kəndində xəstəlik və ölüm halları Gədəbəyin digər kəndləri, qonşu rayonlar və ümumilikdə respublika üçün səciyyəvi olan göstəricilərdən kəskin fərqə malik deyil. Hətta olsaydı belə, bunun səbəbini yaxınlıqdakı sionidli su axıdılan süni göldə axtarmaq müasir tibb elminin gəldiyi nəticələr baxımından vaxt itkisindən savayı bir şey olmazdı. Azərbaycan dünyadan təcrid olunmuş bir ölkə deyil və müasir informasiya texnologiyaları da istənilən iddianın elmi cəhətdən əsaslı olmasını və ya olmamasını isbatlamağa imkan verir. Dünyanın ən nüfuzlu tədqiqat müəssisələrindən olan ATSDR (Agency for Toxic Substances and Disease Registry/Zəhərli Maddələr və Xəstəliklərin Qeydiyyat Agentliyi, həm də EPA (U.S. Environmental Protection Agency/ABŞ Ətraf mühiti Mühafizə Agentliyi) illərdir haray salır ki, qızıl mədənləri ətrafında yaşayan insanların təşvişə düşməsinə əsas yoxdur, elm süni göllərdə təmizlənmək üçün toplanan sionid maddəsinin xərçəngə, hamiləliyin erkən bitməsinə, qüsurlu doğuşa, ümumiyyətlə, hər hansı uzun müddətli xəstəliyə səbəb olmasını təsdiq etmir. Bu məsələni sadə dildə belə izah etmək olar: sionid çox güclü zəhərləyicidir. Bir fincan suya qarışsa və siz onu içsəniz, öləcək, dozası az olsa, həkimə düşəcəksiniz. Ancaq fincandan kənara sızmasa, onun sizi hər hansı formada zəhərləmək, yatağa salmaq baxımından təsiri yoxdur. Bəs, Söyüdlü ətrafındakı süni göldən kənara sızma varmı?
Qızıl təkcə Azərbaycanda çıxarılmır və dünyada harada altun emal olunursa, orada sioniddən də istifadə olunur. Deməli, müxtəlif ölkələrin təcrübəsinə nəzər salmaq olar. Sionid o halda süni göllərdən kənara sıza bilər ki, ya gölün altından, yan hissələrindən kənarlara bulaqvari axın olsun, ya da üst hissədən daşsın. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cari hadisələrə qədər yaydığı açıqlamalarda belə hallarla bağlı deyilənlər öz təsdiqini tapmamışdı. İndi Baş nazir tərəfindən görəvləndirilmiş komissiya daha dərindən, daha ətraflı araşdırır. Götürülmüş analizlərin nəticələri yaxın zamanlarda açıqlanacaq. Ancaq nəzəri əsaslara görə, ehtimal etmək olar ki, hadisədən öncə “Azadlıq” radiosunun və bəzi provakativ bloqqerlərin iddia etdiyi sayaq, “camaatı göz-görə qıran”, “Qərb bölgəsini təhlükə altına salan” səviyyədə çirklənmə və sızıntı üzə çıxmayacaq. Ancaq o artıq dəqiq məlumatdır ki, Söyüdlü sakinlərinin ixtiyarında o qədər böyük örüş sahələri var ki, hətta yeni süni göl tikilmiş olsaydı belə, bu, kənddə saxlanılan mal-qaranın ac qalmasına səbəb olmazdı. Bəli, Azərbaycanın digər kəndlərində olduğu kimi, Söyüdlü də sosial problemlər var. Mədənətrafı kənd kimi Söyüdlüdə müəyyən ekoloji problemlər də olmamış deyil. Ancaq bu problemlər diqqətdən və nəzarətdən kənar deyil, yaxud o həddə diqqətdən və nəzarətdən kənarda deyil ki, vətəndaşlar polisə hücum edəcək qədər coşsunlar. Odur ki, Söyüdlü insidentinin arxa planına nəzər salmaq zəruridir, vacibdir.
İPUCUNU PLAKATLAR VERDİ
Söyüdlü hadisələri ilə bağlı ilk informasiyanın bu şəkildə idi, Azərbaycanın dilbər guşəsi olan Gədəbəydəki qızıl mədənindən axıdılan zəhərli su sözügedən kəndi camaat qarışıq məhv edir, bundan qəzəblənən əhali dinc etiraz aksiyası keçirib, ancaq polis amansız şəkildə aksiyanı dağıdır. Artıq yayımlanan səs yazılarından məlum olduğu kimi, informasiyanı məhz bu cür təqdim etmək, sosial şəbəkələrə ötürmək üçün əvvəlcədən bəzi jurnalist və bloqqer kəndə aparılmışdı. Həmin jurnalist və bloqqerlərin hadisələrin inkişafını qayçılayıb, DİN əməkdaşlarına atılan daşları görməzlikdən gəlib çevik polis əməkdaşının yaşlı qadının gözünə qaz sıxmasının görüntülərini yaymaları ictimaiyyət üçün hadisələri bir andaca dramatikləşdirdi. DİN öz əməkdaşının qəbahətini qəbul etdi, araşdırmalara başladı, ancaq hadisələrin miqyasını böyütmək, digər kəndlərə, rayonlara, hətta paytaxta daşımaq arzusunda olanlar kirimədi. Zira, görüntülər artdıqca, diqqətdən yayınmayan bir nüans oldu. Aksiya iştirakçılarının qaldırdıqları ekoloji məzmunlu plakatlar heç də qısa müddətdə və guya etiraza spontan çıxmış kənd sakinlərinin gerçək tələblərini əks etdirən şəkildə hazırlanmamışdı. Bircə detal: “Kür zəhərlənir” deyə plakat hazırlayanlar, əcəba, aksiya iştirakçılarını həmin gün xüsusi ilə narahat edən saxlanılan şəxslər barədə nədən bir cümlə yazmamışdılar? Plakatların poliqrafik keyfiyyətləri və məzmunu ona işarə edirdi ki, kəndin ayağa qalxması icmanın təbii refleksləri deyil. Süni təbliğatla qızışdırılmış, kompensasiya vədi ilə şirnikləndirilmiş sadə əhalinin aksiyası kənardan idarə olunur. O zaman sual meydana çıxdı:
HADİSƏLƏRİ KİM VƏ NƏ MƏQSƏDLƏ TƏŞKİL EDİB?
Az-çox düşünmək qabiliyyətinə malik şəxslər üçün məqsəd aydındır. Azərbaycanın ekoloji arqumentlərlə Şuşa yolunda keçirdiyi aksiya Laçının yolunda SBM quraşdırılması ilə başa çatmışdı. Ağdərədə uzun illər boyunca qanunsuz talanan mədənlər və ABŞ sərmayəsi ilə Naxçıvanın bir addımlığında- Arazdəyəndə inşa edilən metallurgiya zavoduna qarşı da məhz ekoloji yönümlü QHT-lər etiraz səsini ucaldır, kampaniya aparırdı. Hadisəni planlaşdıranlar və təşkil edənlər bizi öz silahımızla vurmaq istəmişdilər. Təxribatın təşkilatçıları, təşkilatçılarının köməkçiləri haqqında Azərbaycan Dövlət Televiziyası, nüfuzlu Musavat.com saytı geniş araşdırma təqdim edib. Bu araşdırmada çəkilən adları təkrarlamadan qeyd edim ki, Söyüdlü kəndində baş vermiş hadisənin-polislə qarşıdurmanın hüquqi adı kütləvi iğtişaşdır. Kütləvi iğtişaş təşkil etmək cinayət məsuliyyəti yaradan əməldir və zənnimcə, hüquq-mühafizə orqanları bu işdə təqsiri olanların hər birini aşkarlayaraq qanun qarşısında cavab verməsini təmin edəcək. Söhbət emosional vəziyyətlərindən, sosial rahatsızlıqlarından sui-istifadə olunan iştirakçılardan yox, lokal insidentlər törətməklə Azərbaycan dövlətinin Qarabağ və Zəngəzurla bağlı böyük planlarını iflic etmək üçün hərəkətə keçənlərdən gedir. Əlbəttə, bütün bunlar, Gədəbəyin icra başçısını və məmurlarını siyasi, qızıl mədənini işlədən şirkəti isə koorporativ və əgər məsul komissiya pozuntular aşkar edərsə, hüquqi məsuliyyətdən azad etmir. Bu baxımdan millət vəkili Qüdrət Həsənquliyevin o fikri ilə tamamilə şərikəm: siyasi postlara siyasi təcrübəsi olan şəxslər təyin olunmalıdır ki, ekstremal şəraitlərdə əhali ilə düzgün kommunikasiya qura bilsinlər.
MEDİA və “FƏZİLƏT SİQNALÇILARI”
Kommunikasiyadan söz düşmüşkən, Söyüdlü hadisələrində Azərbaycan mediası yetərincə soyuqqanlı və peşəkar davrandı, cəmiyyətimizə təqdim edilən süni gündəmin yedəyinə düşmədi, hadisələrin körüklənməsinin qarşısını aldı. Ancaq eyni sözləri sosial media platformaları haqqında demək, orada sağlam, ictimai maraqların müdafiəsi baxımından əlverişli bir mühit olduğunu söyləmək mümkün deyil. Bu mühiti bircə cümlə ilə xarakterizə etməli olsaq, vəziyyət belədir. ABŞ-ın ən nüfuzlu elmi tədqiqat qurumları sionidin xərçəngə səbəb olmamasını vurğuladığı, bu cür şayiələrə qarşı cəmiyyətlərin məlumatlılığını vacib saydığı halda, sosial şəbəkədəki sözügedən kimyəvi maddənin adını ilk dəfə Söyüdlü hadisələri zamanı eşidənlər ehkam kəsməyə başlayır. Elə bir atmosfer yaranır ki, orta statistik vətəndaş elmə deyil, fatmanisəyə, tədqiqatlara yox, şayilərə meyillənir. Bunun qarşısını almaq isə ona görə çətinləşir ki, istənilən ekstremal şəraitdə ayrı vaxt dövlətçilikdən dəm vuranlar öz qınına çəkilir və emosiyaları istismar olunan kütlənin qarşısına çıxmağı cəmi bir neçə öz vicdan borcu bilir. Bu zaman isə gerçəyin müdafiəçiləri ingiliscə, “virtue signalling”, yəni “fəzilət siqnalçıları”nın adlanan həmlələrə tuş gəlir. Bu “fəzilət siqnalçıları” isə əsasən media sektorunun ya uğursuz, savadsız, qeyri-sabit tipləri, ya da Novella Cəfəroğlunun məşhur təbirincə desək, “həm ərə gedib, həm də qız qalmaq” istəyənlər, yəni hakimiyyətə yaxın quruluşlarında çalışdıqları halda “öz imicini qorumaq”, özünü xalqa yanımcıl göstərmək istəyən, amma hakimiyyətin ünvanına açıq tənqidlər səsləndirməyə cəsarəti çatmayıb, dolayı yolla layk qazanmaq istəyənlər olur. Müşahidələr göstərir ki, sosial şəbəkə istifadəçilərinin marginal paylaşımları məhz bu “fəzilət siqnalçıları”nın sayəsində gündəmə çevrilir. “Fəzilət siqnalçıları” öz həmkarlarına qarşı mənəvi-əxlaqi hücumlar etdiyindən, əvvəla, hüquq pozurlar. Bu əməl həm Mülki, həm də Cinayət məcəlləri baxımından hüquq pozuntusudur. İkincisi, Azərbaycanda yeni qəbul olunan “Media haqqında qanun”a və Jurnalistlərin Peşə Etikasına ziddir. Redaksiyalar, tanınmış və tanınmamış baş redaktorlar zəhmət çəkib öz əməkdaşlarının sosial şəbəkə fəaliyyətlərinə nəzarət etməlidirlər. “Bu, mənim, yaxud redaksiyanın fikri deyil. Plüralizmdir, demokratik haqqdır” deyə qeyri-professional bəhanələr gətirməyə gərək yoxdur. Media etikasının formalaşdığı əsas ölkələrdən İngiltərədə BBC kimi nəhəng quruluş öz əməkdaşlarına sosial şəbəkə ilə bağlı etik qaydalar tətbiq edirsə, bizim media kapitanları bu təcrübəni nəzərdə almalıdırlar.
Taleh ŞAHSUVARLI