Şərqi Zəngəzur dağlarında yeni möcüzə - Laçından reportaj

Laçın şəhərinə Qubadlı yolundan girdik. Dədə yurdumuza ikinci səfərim olduğundan bu yola az-çox bələd idim artıq. Səfərdə sürücülüyü öz boynuna götürmüş qardaşım Sərxan işğaldan azad olunan rayonları keçdikcə ermənilər tərəfindən xaraba qoyulmuş kəndlərə dərindən heyfsilənir və eyni zamanda ordumuzun 44 günlük müharibədə bu qədər məsafəni bir addım da geri çəkilmədən qət etməsinə təəccüblənərək deyir: “Bu, əsl möcüzədir”. Bizi qarşıda daha bir möcüzə gözləyir- Laçın şəhəri!

Laçın şəhəri indi nəhəng tikinti meydanıdır. 1992-ci ilin mayında Ermənistanın işğal etdiyi bu şəhərdə müəyyən qədər yaşayış olduğundan evlərin heç də hamısı dağıdılmamışdı, ancaq infrastrukturdan əsər-əlamət qalmamışdı. Şəhər azad olduqdan sonra Prezident İlham Əliyevin tapşırığı ilə sakinlərin öz yurd-yuvasına qayıdışı üçün abadlıq işlərinə start verildi. Artıq onlarla ailə Laçın şəhərinə dönüb. Həm də olduqca nəfis dizaynla yenidən tikilmiş, bərpa və təmir edilmiş evlərə. Son dərəcə gözəl relyefə malik Laçın şəhərində bu evlərə tamaşa etmək üçün iki göz bəs eləmir. Aura ovsunlayır adamı. “Bu da prezident İlham Əliyevin ikinci möcüzəsidir” deyirəm qardaşıma.

Rastlaşdığımız, hal-əhval tutduğumuz sakinlər də eyni fikirdədir. 30 illik işğaldan sonra Laçına döndüklərinə, Laçında yuxuya getdiklərinə, Laçında oyandıqlarına, gəzdiklərinə, dolandıqlarına inanmırlar. “Laçın prezidentimizin sayəsində Azərbaycanın ən gözəl şəhəri olacaq”, - əminliklə deyirlər və bu inamı bölüşməmək mümkün deyil. Dağların qoynunda çox gözəl bulvar salınır. Qurban bayramında yerli sakinlər üçün konsert təşkil edilib, söz-söhbəti hələ də gedir. Gorusun Dığ və Goranzur kəndləri dağların arasından diqqətimi çəkir. Durbinlə yaxınlaşdırıram. O kəndlərə durbinlə baxmayacağımız günlərin uzaqda olmadığına inanlardanam. Məgər Zabuxa, orada bizim evləri dağıtmış ermənilərin saldıqları qəsəbəyə internetdən az baxmışdıq? İçimdəki inam həmin inamdır.

Zabuxda sıra ilə, səliqə ilə göz oxşayan evlər tikilir. Texnika və insanlar arı kimi çalışır. Arı demişkən Laçında olduğumuz iki gündə onlarla arıçılıq təsərrüfatına rast gəldik. Bal hələ süzülməyib, şan avqustun ortasında kəsiləcək. Keçən il məhsuldarlıq çox yüksək olub, ancaq yağışlar bildirki rekordun yenilənməsinə imkan verməyəcək deyirlər.

“Müəllim, ora bax ey, Ağoğlan kilsəsidir”!- yol yoldaşımız, məşhur rəssam, torpaqlarımız işğal altında olduğu dönəmdə alban məbədlərini kətana köçürərək beynəlxalq sərgilərə çıxarmış Yusif Mirzəyə səslənirəm. Yusif Mirzənin kətana köçürdüyü alban məbədlərdən biri də məhz Ağoğlan kilsəsidir. “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının sədri Rəşad Məcidin evindədir o tablo. Rəssam öz tablosu ilə üz-üzə! Maraqlı, duyğulu andır. Fürsəti qaçırmayıb Yusif Mirzədən təəssüratlarını bölüşməyi xahiş edirəm. Rəssam əsərin tarixçəsindən danışır. Mən də öz rəyimi əlavə edirəm, rəssamın tablosunda səs olmur, amma gerçək tabloda, Tanrının tablosunda Ağoğlan çayının qıjıltısı da var... O səsi tutub gedirik. Bir azdan Qarıqışlaq kəndindəki tarixi məscidin qalıqları önündə dua edəcəm.

Uşaqlıq illərində yay tətillərim Qarıqışlaq kəndində - Cabbar həkimin evində keçib. Yenə onlara düşürük. Evin altındakı “Şivlik” bağından əsər-əlamət yoxdur. Cabbar dayıgilin evi, tövlələri, həyət-bacası, bostanı da tarümardır. Evlə bostanın arasında bir yekə qaya parçası vardı, gözüm onu axtarır. Üstündə oturmaq, şəkil çəkdirmək istəyirəm. Kolların arasından tapıram, amma keçə bilmirəm.

“Hə, Kərim, bu gün bizim yurddasan, gəloxçuların qonağısan. Gün o gün olsun, sizin yurdda sən bizi qonaq edəsən”- Qarıqışlaqda “Nəcəfalıların bağı”nda deyirəm köhnə dostuma. Nəcəfalı ulu babamdır, soy adım Şahsuvarın atasıdır. Kol-kos basmış bu bağı da o salıb, əcdadlarımın alın təri, əl qabarı, ayaq izi var bu yerdə. Çəmənlikdə uzanıb Çinar qayanı, Ağ qayanı, Qarıqışlağı, Eyvazlı obasını, Şahsuvarın qara dam yerini seyr edirəm. Genetik yaddaşım oyanır. Bizi Qərbi Zəngəzura- Kərimin də yurduna, Qarakilsənin Comərdli kəndinə çağıran da odur. Mənim dədə yurdumdan dostum Kərimin doğulduğu kəndə heç 60 kilometr olmaz.

Qorçuda inşa edilən hava limanına Laçın şəhərindən təxminən bu qədər məsafə var. Minkənd İstisuyunda şam etdikdən sonra Laçın şəhərinə qayıtmış, gecəni yenicə quraşdırılmış kotejlərdə qalmışdıq. Hacısamlı-Şəlvə qolunu heç görməmişdim. Gözəl, çox gözəl yerlərmiş. Buradan Hoçaz yüksəkliyi daha əzəmətli görünür. Enlədilən yolun hər iki tərəfində bir neçə dağ silsiləsi uzanır. Ermənistanın bütün əhalisini bu dərələrdən birinə toplasan, yarısı boş qalar.

Görəsən, onları nə təhrik edirmiş əldə saxlaya bilməyəcəkləri bu qədər torpağı tutmağa? Sualın cavabını Ərikli kəndinin üstündəki alban məbədinin qənşərində tapıram. Ermənilər Qarabağda, Göyçədə, Qərbi Zəngəzurda alban məbədlərini qriqoryanlaşdıra bildilər, amma Laçın və Kəlbəcərdə bacarmadılar! Çar Rusiyası dövründə erməni kilsəsinin planları yarımçıq qalmışdı, SSRİ dağılanda arzularını çin etmək istədilər.

Qohumlarımızdan biri Qorçu kəndinin yaxınlığında, çayın qırağında alaçıq qurub, mal-heyvan aparıb saxlayır. Arı pətəkləri də var. Bizi gülərüzlə qarşılayır, quzu kəsmək istəyir. Çox isrardan sonra imkan vermirik. Qantəpərli, kəklikotulu çay içirik Söhbət kişi ilə. “Bu dağların hər daşı, qayası bir səngərdir, görün, cəmiyyət olaraq nə qədər əfəl, sistemsiz olmuşuq ki, bir ovuc erməni gəlib yaxşı-yaxşı dağlarımızı zəbt edib” deyirəm. Söhbət kişi qısa cavab verir: “Əfəlliyimiz onda oldu ki, Heydər Əliyevi vaxtında hakimiyyətə gətirə bilmədik”!

Taleh Şahsuvarlı,

Bakı-Laçın-Bakı

QEYD: Məqalə işğaldan azad olunmuş ərazilərə "Büyük Qayıdış" sahəsi üzrə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanmışdır.