"Biz bu sevincə, xoşbəxtliyə sizin sayənizdə qovuşduq, cənab Prezident"

Əslən Laçın rayonundan olan rəssam Yusif Mirzə Prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir: "Sizə, Laçında doğulub böyümüş, burada ilk təhsilini alan, işləyib çalışan, yaşayan bir laçınlı, Azərbaycan vətəndaşı kimi müraciət edirəm. Hörmətli Prezident İlham Əliyev, düz 31 il sonra həsrətlə, nisgillə, kədərlə, ağrı-acıyla tərk etdiyimiz doğma Laçını ziyarət etdim. Yurdumuzdan ayrı düşdüyümüz bu illər ərzində Laçını yuxularımda görür, yaşadığımız faciə üzündən yanıb-yaxılır, bəzən əlacsızlıqdan, çarəsizlikdən nə edəcəyimi bilmirdim. Həmişə bu günün həsrətiylə yaşamış, lakin heç zaman ümidimizi itirməmişdik. Bu illər ərzində yeganə bir arzum olub. Laçını, o dağları yenidən görmək. 2 iyul 2023-cü ildə bu böyük arzuma çatdım.

Bundan müqəddəs bir ziyarət ola bilməz. Mən xoşbəxtəm. Qəlbim, ruhum, varlığım doğma yurdunu illər sonra ziyarətin sevincini yaşayır. Mən əminəm ki, yurdunu, torpağını yenidən ziyarət edən hər kəsə bu hisslər tanışdır. Biz bu sevincə, xoşbəxtliyə Sizin sayənizdə qovuşduq, cənab Prezident, əziz İlham Əliyev. Biz Sizə həyatımız boyu minnətdarıq. Çox sağ olun, var olun. Bir dövlət başçısı, ölkəmizin Prezidenti kimi Sizdən çox razıyıq. Sizin ağıllı, düşüncəli, məntiqli siyasətinizi bəyənirik və gərgin zəhmətinizi qiymətləndiririk. Müzəffər Ali Baş Komandan, 44 günlük İkinci Qarabağ müharibəsindəki Böyük Zəfərin yaradıcısı və müəllifi kimi Sizinlə qürur duyur, fəxr edirik. Siz bizim Qəhrəmanımızsınız".

Müraciətdə bildirilib ki, Azərbaycan xalqının Zəfərində Ulu öndər, Ümummilli liderimiz Heydər Əliyevin çox böyük xidmətləri var. Şübhəsiz ki, Ümummilli liderimizin ən böyük xidməti Azərbaycan xalqını dövlətçiliyimizin itirilməsi fəlakətindən qurtarmasıdır. Elə həmin andan Azərbaycanın ərazi bütövlüyünün bərpası, döyüş qabiliyyətli ordu quruculuğu başlandı. Ulu Heydər Əliyevin ən böyük xidmətlərindən biri, layiqli bir Varis yetişdirərək ölkəni və xalqı Ona əmanət etməsidir. İndi hər kəs anlayır ki, xalqımızın böyük qələbələrinin uğurlarının təməlində Heydər Əliyev siyasətinin düzgün, düşünülmüş şəkildə davam etdirilməsi, inkişaf etdirilərək zənginləşməsi dayanır: "Ümummilli liderimiz Heydər Əliyevə və ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizə allahdan rəhmət diləyiyirik.

Allah Zərifə xanım Əliyevaya rəhmət eləsin. Xalqımıza, Vətənimizə Xilaskar bir övlad bəxş etdiyi üçün onun ruhu qarşısında baş əyirik. Bütün qazilərimizə şəfa və cansağlığı arzulayırıq. Şanlı ordumuza, qəhrəman əsgər və zabitlərimizə Zəfər savaşında zəhməti keçən hər kəsə minnətdarıq.

Cənab Prezident Laçına gedərkən, xarabalıqların içərisindən dirçələrək bərpa olunan, abadlaşan və son dərəcə gözəlləşən yeni bir Laçın gördüm. Şəhər tamamilə yenidən qurulur, abadlaşır və gözəlləşir. Bilirik ki, bu, Sizin diqqətiniz, qayğınız və son dərəcə ciddi nəzarətiniz altında həyata keçirilir. Artıq Laçın şəhəri sakinlərini qəbul etməyə başlayıb. Laçına qayıdan ilk sakinlərə evlərinin açarlarının təqdim olunması heç vaxt unutmayacağımız, tarixə yazılacaq gözəl bir bayram təntənəsi idi.

Cənab Prezident İlham Əliyev, Laçında olarkən ərazinin, sərhədlərimizin müdafiəsindən tutmuş, yolların çəkilişinə qədər, evlərin bərpası, tikinti və abadlıq işlərinə qədər hər bir işdə Sizin qayğınız, dövlət, xalq, ölkə mənafeyi uğrunda yorulmaz fəaliyyətiniz və iş üslubunuz görünür, duyulur. Bu işləri yüksək qiymətləndirik. Biz əməyi, zəhməti keçən hər bir insanın fəaliyyətini unutmur və onlara təşəkkür edirik. Yeni, abad Laçın Sizin əsərinizdir. Yaşı 100-ə yaxınlaşan Laçının ikinci doğuluşu Sizin adınızla bağlıdır. Sizə hər zaman dönə-dönə təşəkkür edirik. Azərbaycan dövlətçiliyi uğrunda gördüyünüz böyük işlərdə uğurlar arzulayırıq. Çox sağ olun. Var olun".