- Redaktor masası
- 20 İyul 2023 16:17
- 13 110
Arayik “sərt” olub nə yeyəcək?
Bu yazımda sizə üç lətifə danışacam.
Birini lap başda, digərini ortada, üçüncüsünü də sonda.
Deyir bir gün dovşan tövşüyə-tövşüyə avtobusa minir. Nəqliyyatda basa-bas olduğundan oturmağa yer tapmır. Gedib durur ayının başının üstündə və qışqırır: “Həzərat, ya kimsə durub mənə yer versin, ya da ötən dəfəki kimi olacaq”!!!
Ayı dovşanın cır səsindən diksinir və qalxıb yerini ona təklif edir. Dayanacaqda düşəndə ayı dovşandan soruşur: “Bax, qulaqları haça qardaş, sənə yer verdim, amma marağıma görə bağışlayın, bilmək istəyirəm ki, keçən dəfə nə olmuşdu?”
- Əşi, heç nə, keçən dəfə bu boyda yolu ayaqüstdə getmişdim.
Xankəndidəki hərbi xunta qalıqlarının lideri Arayik Arutyunyan rəsmi Bakını, bölgədəki Rusiya Sülhməramlı Kontingentini və beynəlxalq ictimaiyyəti hədələməklə əslində dovşanlıq edir.
Axı 44 günlük müharibəni bitirən Üçtərəfli Bəyanatda onu heç dovşan yerinə də qoyan olmayıb. Onun hədəsinin arxasında dayanan qanunsuz hərbi birləşmələrin şəxsi heyətini 44 günlük müharibədən yaxşı tanıyırıq. Leşləri və silahları döyüş meydanında qalmayanlar Azərbaycan ordusunun qabağından dövşan kimi qaçırdılar. Arayik özü isə siçan kimi hansı dəlikdə gizlənmişdi, Allah bilir. Çətə lideri “yoxsa keçən dəfəki kimi olacaq” deyirsə, o günləri yada salsın və başa düşsün ki, bu dəfə gizlənməyə dəlik də tapmayacaq. Çünki Xankəndi və ətrafındakı bütün dəlmə-deşiklər müzəffər Azərbaycan ordusunun müşahidəsi altındadır. Ən müasir cihazlar vasitəsi ilə Qarabağın dağlıq hissəsində kimin qapısında neçə toyuq olmasına qədər bütün məlumatları rəsmi Bakı çoxdan dəqiqləşdirib.
Toyuqdan söz düşmüşkən, bunu da deyim. İrəvan mediası Xankəndidə yumurta qıtlığı barədə məlumatlar yayır, ərzaq mağağazaların qarşısındakı izdihamlı növbələrin fotolarını tirajlayır. Çox pakizə, bəs, bir ovuc əhalinin yumurta ehtiyacını qarşılamağa bir toyuq ferması saxlaya bilməyən “Artsax” özünü “dövlət” kimi necə saxlayıb və saxlaya bilər? Üç-beş toyuq saxlamağa qabiliyyəti olmayanları seperatçı kimi saxlamaq üçün dənini-suyunu on illər ərzində kimlər verib əcəba?
Sual, əlbəttə, ritorikdir və cavabı məlumdur.
O da məlumdur ki, Arayik özünü “tərəf” kimi, “güc sahibi” kimi göstərmək istəyir.
Bu da başqa bir lətifəni yada salır.
Biri evində popuqay saxlayırmış və bu popuqay ancaq “ibnə” deyə bilirmiş.
Söz vaxtına çəkər, yay günlərinin birində sahibi popuqayı eyvana qoyur və eyvanın altından keçən bir nəfərə quş “ibnə” deyir. Yoldan keçən səsini atır başına, ev sahibinə “popuqayın məni təhqir edib” deyə hədə-qorxu gəlir, 10 manatını alıb gedir. Dişində şirə qalmış yoldan keçən səhər yenə qəsdən eyvanın altından keçir, popuqay ona yenə “ibnə” deyir, axırda da ev sahibi yenə 10 manat ziyana düşür. Ancaq bu dəfə saxladığı quşu bərk-bərk tənbeh edir ki, o adama bir də “ibnə” desən başını üzəcəm-filan. Üçüncü gün qırmızı onluğun həvəsinə həmin şəxs yenə yolunu popuqayın yanından salır. Tənbeh edilmiş quş cınqırını çıxarmır. Adam o tərəfə, bu tərəfə keçir, popuqay mısmırığını sallayıb durur. Niyyətinə çatmayacağını anlayan adam popuqaya səslənir:
- Adə, tanımadın, ibnəyəm də!
Doğrusu, mən heç zaman Arayiki, - Xankəndidə və İrəvanda fəaliyyət göstərən digər bəzi ermənilərdən fərqli olaraq- ciddi fiqur, savadlı siyasətçi, dərin adam saymamışam. Ağıllı, savadlı, dərin adam, düşmən də olsa, dəyərləndirilməlidir. Arayik isə intellekti plintusdan da aşağı səviyyədə olan narkotik alverçisidir. Onun son hədəsi, əslində, Azərbaycan üçün əlavə arqumentlər yaradır.
Əvvəla, prezident Əliyev Ağdam- Xankəndi yolunun açılması təklifi ilə çıxış edib və bu təşəbbüsə cavab olaraq həmin yola bloklar düzülüb. Təcrübə göstərir ki, Əliyev irəli sürdüyü təklifləri mütləq gerçəkləşdirir: gərəkəndə güc tətbiq edərək, gərəkəndə diplomatik yolla. İndi Azərbaycan üçün əlavə arqument ona görə yaranıb ki, Ağdam- Xankəndi yolunun Azərbaycan ordusunun gücünə açılması və işləməsi üçün məsuliyyət seperatçıların üzərinə düşəcək.
İkincisi, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin öz mandatından və Azərbaycanın göstərdiyi marşrutdan kənara çıxmağa heç bir hüququ yoxdur. Rəsmi Bakı hələ xeyli müddət öncə BQXC-ə Azərbaycanın suveren hüquqlarına hörmət göstərərək Xankəndidəki ofsini Bakıdakı mərkəzinə tabe etdirməyə çağırmışdı. BQXC bu xoş məramlı təklifi dəyərləndirə bilmədi və bunun bir səbəbi Laçın yolunda SNBM quraşdırıldıqdan sonra üzə çıxdı. Sən demə, BQXC Xankəndiyə qaçaq mal daşıyırmış. BQXC-nin Bakıdakı ofisindən bildirildi ki, qaçaq mal daşıyan avtomobilləri təşkilat icarəyə götürübmüş. Ancaq bu cavab son dərəcə absurddur. Təsəvvür edin, bir şirkət icarəyə avtomobil götürür və onunla narkotik daşıyır. Polis avtomobili müəyyən edir, narkotiki ələ keçirir, şirkət isə deyir həmin avtomobil bizim deyil, icarəyə götürmüşük. Hüquqi baxımdan bu, şirkətin məsuliyyətini azaldırmı? Xeyr!
İndi Arayik və çətəsi BQXC-nin Ağdam-Xankəndi marşrutundan istifadə etməsini əngəlləməyə çalışır və dolayı yolla Qarabağdakı ermənilərə humanitar yardım çatdırılmasına qarşı çıxır. Bu da bir daha onu sübut edir ki, Qarabağ erməniləri, əslində, Arayik və çətəsinin girovlarıdırlar və Azərbaycanın öz ərazisindəki insanları girovluqdan azad etməsi humanitar məqsədlər daşıyır.
İrəvan mediası Arayik və çətəsinin anti-humanitar bəyanatlarını 1988-ci illərə qayıdış kimi təqdim etdi. 44 günlük müharibəni sonlandıran Üçtərəfli Bəyanat imzalandıqdan sonra “1988-ci illərə qayıdış” ssenarisi Azərbaycan ekspertləri üçün də mümkün versiyalardan biri idi. Ancaq həm o dövrdə, həm də indi mən bu ehtimalı real hesab etməyənlərdənəm. Qarabağ münaqişəsi üçün 1988-2020-ci illər arasındakı bütün mərhələlər bir daha təkrar olunmayacaq. Prezident Əliyevin dəfələrlə vurğuladığı kimi, 44 günlük savaşdan sonra yeni reallıq yaranıb və bu reallıq tamamilə fərqli şərtlər formalaşdırıb.
Sözügedən dövrə retrospektiv nəzər salaq. 1988-ci ildə:
- Azərbaycan elitası və rəhbərliyi mürəkkəb qlobal dəyişikiklər qarşısında hazırlıqsız, sistemsiz və dişsiz idi;
- Azərbaycanın SSRİ-nin dağılması prosesində Ermənistana ərazi iddiası və bu iddiaları gerçəkləşdirməyə səfərbər olunmuş institutları yox idi;
- Azərbaycan xaricdən Ermənistana və erməni çətələrinə verilən hərbi dəstəyi neytrallaşdırması üçün diplomatiya dünyasında sambala və təcrübəyə malik deyildi, Ermənistan üçün isə bu işi diaspor quruluşları görürdü.
İndi bu neqativ faktorların hər biri Azərbaycan üçün keçmişdə qalıb. Ölkəmizin güclü mərkəzi hakimiyyəti, dünyanı doğru oxuyan lideri, geniş iqtisadi imkanları, güclü ordusu və yaxşı beynəlxalq əlaqələri var. Azərbaycan istər ideoloji-siyasi, istərsə də hərbi baxımdan tarixi ərazisi- Qərbi Zəngəzuru ana vətənə birləşdirməyə hazır və qadirdir. Gələcək qarşısında dayanan sual Azərbaycanın parçalanması yox, Ermənistanın bir dövlət kimi Cənubi Qafqazda qalıb-qalmayacağıdır.
Odur ki, Arayik istər mülayim olsun, istər sərt, bundan sonra nə yeyəcəyi bəllidir.
Yazının əvvəlində üç lətifə söz vermişdim, mülayimlik və sərtlik barədə olanı daha yazmayım, özünüz bilirsiniz.
Taleh ŞAHSUVARLI