İmzalarımıza uzanan dillər missiyamız qarşısında çox gödəkdir

Azərbaycanda ilk nəşrin adı "Əkinçi" idi.

Quzey Azərbaycan xanlıqları Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra nəhəng imperiyanın ucqar bir əyaləti olaraq məmləkətimiz kapitalizm abu-havasını hiss etməyə başlamışdı.
Güneyli soydaşlarımız Qacar, Anadoludakı qardaşlarımız Osmanlı imperiyasının feodal sistemi içərisində elm və tərəqqidən geri qaldığı bir dönəmdə, rus işğalı Quzey Azərbaycan torpaqlarına istibdadla yanaşı, bir şans da gətirmişdi. Bu şansı heç də şimal imperiyasının xalqımıza sayğısı və sevgisi formalaşdırmırdı. Əksinə xalqın varlı təbəqələri məhv edilir, sərvətlər talanır, insanları azadlıq düşüncəsindən məhrum etmək üçün beyinlər qurudulurdu. Lakin iki amil vardı ki, bunlar təbii şəraitin formalaşmasında əsas rol oynayırdı.

Birincisi, Qacar və Osmanlı imperiyasından fərqli olaraq, Çar Rusiyası hələ I Pyotr dönəmindən başlayaraq Qərbi Avropanın elmi və texniki nailiyyətlərini mənimsəməyə çalışır, feodal sistemdən imtina edirdi. İmperiyanın kapitalistləşməsi onun müstəmləkələrinə də təsir edirdi.

İkincisi, Şimali Azərbaycanın torpaq mülkiyyətçilərinə- xanlara, bəylərə və digər zəngin insanlara qarşı rus imperiyası hər nə qədər repressiya aparsa da, bir gün başa düşdü ki, Qafqazı idarə etmək üçün müsəlman cəmiyyətindən ona savadlı kadrlar lazımdır. Odur ki, Qafqaz müsəlmanlarının nümayəndələrinin təhsil almaq hüququnu tanıdı və bu xalqımızın ziyalı təbəqəsinin formalaşmasına rəvac verdi.

"Əkinci" qəzetinin əsasını qoyan Həsən bəy Göyçay qəzasının Zərdab kəndində doğulmuş, yerli mədrəsədə ərəb və fars dillərini öyrənmişdi. Ancaq onun adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıracaq məqam bu deyildi. Bu təhsillə o uzaqbaşı qəza mollası ola bilərdi. Həsən bəy Şamaxıdakı rus məktəbində dünyəvi təhsil alır, savadı və çalışqanlığı ilə diqqət çəkir. Onu Tiflisə oxumağa göndərmək istəyirlər, ancaq həmin ərəfədə atası Səlim bəy vəfat etdiyindən böyük qardaşlarından izacə ala bilmir. Məsələdən xəbər tutan Səlim bəyin dayısı, çar ordusunun general-leytenantı, şuşalı Fərəc bəy Ağayev işə qarışaraq Moskva Universitetinin fizika riyaziyyat fakültəsinin gələcək tələbəsinin yolunu açır. Bu fakültədə Həsən bəy Zərdabi təbiət elmləri üzrə təhsil alır və Darvin təkamül nəzəriyyəsini mənimsəyir. Bu, olduqca maraqlı nüansdır və Azərbaycan mediasının missiyasında sekulyarlığın bazasını təşkil edir.

Qəzet, daha geniş götürsək, jurnalistika kapitalizmin və urbanizasiyasının araçısıdır. kapitalistləşmə və urbanlaşmaya keçid dövründə feodal və aqrar məna daşıyan "əkinçi" kəliməsinin qəzet isminə çevrilməsi, əslində, kolliziyadır. Fəqət, Həsən bəyin və Həsən bəyin təbirincə desək, "qəzet kimi qəzet, jurnal kimi jurnal olmayan" "Əkinçi"nin əsl önəmi də elə budur ki, həmin kolliziyalar arasında bir missiya ortaya qoydu. Hər il 22 iyul- Milli Mətbuat Günündə "Əkinçi" qəzetindən çoxları bəlağətlə danışır və sözün düzü mən o bəlağətli cümlələrdən belə başa düşürəm ki, müəllifləri ömründə bircə kərə də olsun "Əkinçi"ni oxumayıblar. Fəqət "Əkinçi"nin gücü onun məzmununda deyil, missiyasındadır.

Azərbaycan ulusunun formalaşmasında ən böyük rol Şah İsmayıl Xətaiyə məxsusdur. Şahımız Osmanlının getdikcə bürokratikləşən sisteminə sığmayan türk ellərini öz ətrafında birləşdirib Azərbaycan taxtını qurdu. Səfəvi xanədanına hötəkilər qabağında süquta uğrayanda meydana Nadir şah çıxdı. Nadir şah Azərbaycan bəylərbəyliyi yaradaraq Arazın hər iki sahilindəki türk tayfalarını "Azərbaycan" coğrafi ismi ilə identifikasiyalaşmasına zəmin yaratdı. Millət- kapitalizmin məhsuludur və milli identifikasiya prosesi Azərbaycanda çar rusiyası dövründə getdi. Abbasqulu Ağa Bakıxanov Azərbaycan xalqının tarix şüurunun, Mirzə Kazım bəy dil şüurunun inkişafına öncüllük etdi. Mirzə Fətəli Axundov modernizm yaratdı. Həsən bəy Zərdabi isə tarix və dil şüurunun, modernizm fəlsəfəsinin kütləviləşmə vasitəsi olan mətbuatın əsasını qoymaqla millətləşmə prosesi üçün ən təsirli mexanizmi formalaşdırdı. Həsən Bəy Zərdabinin kürəkəni, milli burjuaziyamızın görkəmli nümayəndəsi Hacı Zeynalabdin Tağıyevin satın alaraq xalqımıza ərməğan etdiyi "Kaspi" qəzetinin baş redaktoru Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə məhz bu cığırda yürüyərək MİLLİ CƏBHƏ yaratdılar və mücadilənin ideoloqu oldular. 28 may 1918-ci ildə varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra indi adını xatırlamağa çətinlik çəkdiyim xarici diplomatlardan biri Azərbaycan türklərinin öz milli müqəddəratını təyin etməsinə olduqca maraqlı və sərrast bir qiymət vermiş və demişdi ki, Qafqaz müsəlmanları gürcülərlə müqayisədə siyasi baxımdan yaxşı təşkilatlanmasalar və ermənilərdən fərqli olaraq hərbi birliklərə malik olmasalar belə, öz milli hədəflərini mətbuat vasitəsi ilə xalqa aşılamışdılar. İsmayıl bəy Qaspıralının türkçülük məfkurəsu Məmməd Əmin Rəsulzadənin "Açıq söz" qəzetinin lokomotiv ideyasına çevrildiyi kimi, onun kürəkəni Nəsib bəy Yusifbəyli Rusiyadakı fevral inqilabından dərhal sonra Gəncədə Ədəmi-mərkəziyyət firqəsi yaratmış, təşkilatın proqramı şah Abbas məscidinin qarşısında elan olunarkən izdiham bir ağızdan hayqırmışdı: "Yaşasın Azərbaycan Cümhuriyyəti"!

Bu xatirəmi dəfələrlə danışmışam və yenidən bölüşməkdə fayda var. Bir dəfə Bərdəyə ezam olunmuşdum və rayondan reportaj hazırlamaq istəyirdim. Bərdədə yerli qəzetin redaksiyasının yanından keçəndə düşündüm ki, hazırlayacağım reportajda əyalət nəşrlərinin vəziyyətini əks etdirmək də faydalı olar. Redaksiyaya daxil oldum, çox yaxşı qarşıladılar, çay təklif etdilər, baş redaktorla bir az söhbət etdik. O zaman hətta Bakıdakı redaksiyalarda olmayan şəraitləri, zövqlü mebelləri, müasir avadanlıqları vardı, xeyli əməkdaş çalışırdı. Bununla belə, qəzet müasir texnologiyaya malik olmayan mətbəətdə çap olunan bir qoşa vərəqdən ibarət idi ki, dörd səhifəsindən üçündə AzərTac-ın rəsmi xəbərləri, qalan hissədə icra başçısının tərifi yer almışdı. İndi mən yazım ki, həmyerlilərimin xətrinə dəyməsin? bu barədə çox düşündüm və yazdım ki, "Bərdə" qəzetinin yaxşı iş şəraiti var, ancaq qəzet "New-York Times"la müqayisə oluna bilməz. Reportaj çap olunandan sonra baş redaktor məni aradı və ağzından gələni dedi. Sən demə, icra başçısı həmkarımızı çağırıb yanına və qəzəblənib: "Sənə bir həftə vaxt qoyuram, ya qəzeti "New-York Times" səviyyəsində çıxart, ya da ərizəni yaz!.."

Azərbaycan mətbuatının hazırkı durumunu müzakirə edənlər iki əsas cəbhəyə bölünür. Bir qism özünü "bilən" kimi göstərərək daş atıb-başını tuturlar ki, bizim media "New-York Times" səviyyəsində deyil.

Bir qism də iki ayağını bir başmağa dirəyir ki, əslində, biz "New-York Times"dan güclüyük, sadəcə, bu fərqi isbat etməyə bir az para lazımdır. Bu paranı əvvəl KİVDF, indi MEDİA verir və elə buna görə də mətbuat günlərində həmin qurumların bayram ovqatını təlx etmək istəyənlər həmişə tapılır. Ancaq istər KİVDF dövründə, istərsə də indi mən hər iki cinahın təmsilçilərinə Bərdənin sözünü etdiyim həmin sabiq icra başçısının mənəvi qohumları kimi baxmışam. Səbəbini deyim.

Əvvəla, mətbuatin istər iqtisadi, istərsə də siyasi müstəqilliyi cəmiyyətin, cəmiyyətin içində isə media industriyasının ənənələrinə bağlıdır. "New-York Times"ın ilk sayı 18 sentyabr 1851-ci ildə işıq üzü görüb və hazırkı sahibləri qəzeti 1896-cı ildən idarə edirlər.

İkincisi, yuxarıdakı tarixlərə istinad etsək, bu dövrdə Azərbaycan feodalizmdən kapitalizmə, kapitalizmdən sosializmə, sosializmdən yenidən kapitalizmə keçməklə üç dəfə formasiya dəyişib, iki dəfə dövlət müstəqilliyi qazanıb, elitası iki dəfə rus imperiyasının repressiyasına məruz qalıb, üç dəfə ermənilərlə etnik savaşda demoqrafik məhrumiyyətlər yaşayıb. Belə bir cəmiyyətdə, bir qədər aydın desəm, milli aristokratiyası iki dəfə qırılmış, yeni milli burjuaziyası hələ formalaşmamış və azad bazarı oturuşmamış bir mühitdə medianın kənar güclərdən- İrandan, Rusiyadan, Sorosdan asılı olmasındandırsa, oliqarxların maraqlarının müdafiəçisinə çevrilməsindəndirsə, müstəqil və milli dövlətin maliyyə dəstəyi ilə ayaqda qalması daha faydalıdır. Çünki "Əkinçi"dən bəri bizim ictimai münasibətlər sistemində yaşayan, qırılmayan bircə ənənə var- aydınlatmaq missiyası! Ustad Mirzə Cəlilinin "Molla Nəsrəddin"i kommunist ideologiyasının ruporuna çevriləndə, "Kommunist" qəzeti məcburi abunə ilə Azərbaycanın ən ucqar kəndlərində yayılanda belə bu missiya davam edib. Bu gün Ocaq Necatın, Fətullah Gülənin, Sorosun Azərbaycan ictimai rəyini manipulyasiya etmək üçün xərclədiyi kisə-kisə pulların qarşısında milli düşüncə sistemimizin duruş gətirməsinin əsas səbəbkarları da məhz bu missiyanı daşıyanlardır. Azərbaycanın müstəqillik illərində doğulan nəsil Qarabağı işğaldan azad etdisə, deməli, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan mediası öz missiyasına sadiqdir.

Bəli, jurnalistikanın işi bilgiləndirmək və aydınlatmaqdır. Deməli, jurnalistika öz təbiəti gərəyincə cəhalətlə fasiləsiz əlaqədədir. Srağagün və dünən olduğu kimi, bu gün də qarşımızda cəhalət və qaragüruh var. Cəhalətin və qaragüruhun üstünə yürüyən, qələm sahibləri, bayramınız qutlu olsun!