- Redaktor masası
- 1 Avqust 2023 09:00
- 12 440
Cəmil Həsənli- Sorosun 200 dollarlıq "ziyalı"sı
Vaxtilə Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd kimi xalqa sırımaq üçün Rusiyadakı bəzi qüvvələr tərəfindən ərsəyə gətirilmiş, əsas variant işə keçməyəndə “B”planı üzrə düzülüb-qoşulmuş, cəmiyyət tərəfindən çoxdan çıxdaş olunsa da, hələ də formal mövcudluğunu saxlayan Milli Şuranın sədri Cəmil Həsənlini mümkün qədər izləməməyə çalışıram. Yuxarıda sözünü etdiyim “B” planına əsasən 2013-cü ildə prezidentliyə namizəd olmuş Cəmil Həsənli ötən 10 ildə ictimai rəğbət şkalasının neytral xəttindən o qədər aşağıya enib ki, haçansa ehtiram bəslədiyim bir alimin siyasi metastaz verməsinə gerçəkdən üzülürəm. Həmkarım Anar Miriyievin onunla bağlı sosial şəbəkədəki paylaşımından sonra isə bir daha əmin oldum ki, kim Cəmil Həsənlinin qayğısına qalırsa, ona mütləq yolun qırağıyla siyasətdən çəkilməyi məsləhət görməlidir. Mən Cəmil Həsənlinin dərdini çəkənlərdən deyiləm. Odur ki, siyasətdə qalıb-qalmaması onun adına mənim üçün maraqlı məsələ deyil. Söhbət milli və ictimai maraqlardan gedir və Cəmil Həsənli bu maraqları heç bir mənəvi-psixoloji əziyyət çəkmədən tapdalamağa müntəzir olduğunu urvatsız bir şəkildə Rusiyanın Milli Şura layihəsinin başına keçməyə razılıq verməklə isbat edib.
Budur, Cəmil Həsənli deyir:
“Bakıda fəaliyyət göstərdiyi zamanda mən Soros fondunun İdarə Heyətinin üzvü idim və ayda 200 dollar maaş alırdım”.
Əgər Cəmil Həsənli sıradan bir alim, ictimai fəal olsaydı, onun bu etirafının başına ip salmamaq olardı. Amma bir ölkədə dövlət müşaviri vəzifəsi tutmuş, parlament üzvü olmuş, prezidentliyə namizəd göstərilmiş bir şəxsin qlobal maliyyə maxinatoru və “rəngli inqilablar” ixracatçısı kimi dövlətlərin müstəqilliyinə qənim kəsilmiş Corc Sorosdan 200 dollar qamarlamaq üçün belə öz bioqrafiyasına hörmət etməməsi siyasət adına böyük utancdır. Əlbəttə, 1992-ci ilin prezident seçkilərində AMİP lideri Etibar Məmmədovun vəkili olduğu halda, aldığı vəzifə təklifi qarşısında Elçibəy komandasına sıçrayan, vəfatı ərəfəsində Əbülfəz Elçibəyin göndərdiyi təkidli ismarıclara rəğmən Bütöv Azərbaycan davasını yox, Əli Kərimlinin qrant şəbəkəsində qalmağı seçən, Əli Kərimlinin müavinliyini deputat mandatına dəyişən, daha bir seçkidə Fərhad Əliyevlə münasibətlərindən dolayı iqtidarın mandat qazanması üçün şərait yaratmayacağını sezib yenidən müxalifət düşərgəsinə qayıdan Cəmil Həsənlidən belə həyalı davranış gözləmək əbəsdir. Odur ki, məsələyə sırf hüquqi kontekstdə baxmalıyıq.
Amerika Birləşmiş Ştatlarında “Xarici agentlər haqqında” qanun var. Başqa ölkələrdə də var, ancaq sözügedən qanunun vətəni Birləşmiş Ştatlardır və orada indi də qüvvədədir. Bu qanuna görə, xarici dövlətlərdən, fondlardan və digər sərhəddən qıraqdakı mənbələrdən maliyyə əldə edən ictimai-siyasi xadimlər “FARA” adlanan sistemdə “xarici agent” kimi qeydiyyatdan keçməlidir ki, cəmiyyət onların dəsti-xəttindəki kənar təsirlərdən agah olsun. Soros şəbəkəsi ilə bağlarını, bu münasibətlərin ayda 200 dollar çərçivəsinə sığmadığı barədə bütün mümkün gümanları qoyaq bir qırağa, Cəmil Həsənli NED adlanan və Azərbaycanda illeqal yollarla ildə bir neçə milyon pul ayıran beynəlxalq donorun pulunu soranlardandır. Əgər Azərbaycanda “Xarici təsir agentləri haqqında” qanun qəbul edilmiş olsaydı, Cəmil Həsənlinin adı qeydiyyat sistemində başda yazılacaqdı. Nəticədə, onun ictimai-siyasi fəaliyyətinə xarici ölkələrin açıq təsiri cəmiyyət nəzdində hüquqi qiymət olaraq təsdiqini tapacaqdı. Ancaq çox təəssüf ki, belə bir qanun ölkəmizdə yoxdur və əgər layihə gündəmə gələrsə, Gürcüstanda olduğu kimi, Azərbaycanda da xarici maliyyə qaynaqlarının şəffaflığından qaçanlar tumanlarını başına keçirəcəklər.
Bir zamanlar Cəmil Həsənli parlamentdə Aynur Camalqızı ilə eyni otaqda əyləşərdi. Bu günlərdə Cəmil Həsənlinin ağsaqqalı, başbiləni, ziyalısı, professoru olduğu düşərgədəki gədələr Cəmil Həsənlinin övladı yaşındakı Aynura qarşı çirkin iftiralar tirajlayırlar. Traybalizm və eynilə Fərhad Əliyevin həbsi məsələsində olduğu kimi, maddi maraqlar müqabilində Qubad İbadoğlunu (daha doğrusu onun arxasındakı qüvvələrin paraları) müdafiə edən Cəmil Həsənli iki cümləlik bir statusla keçmiş həmkarının təəssübünü çəkmir, ictimai əxlaq kriteriyalarını müdafiə etmir. Doğrusu, bu mövzunu çox da dərinləşdirmək istəmirəm. Ancaq onu lap ovcumun içi kimi yaxşı bilirəm ki, ictimai rəyə “görkəmli ziyalı”, “böyük tarixçi alim” kimi təqdim olunan Cəmil Həsənli ziyalı kimi də, alim kimi də çoxdan axırını və axarını itirib. Kim bilməsə də mən çox yaxşı bilirəm ki, Cəmil Həsənli bu dünyada bəlkə yeganə “tarixçi”dir ki, olanlar yox, olmayanlar, deyilənlər yox, deyilməyənlər üzərindən elmi opponentlərinə hücum çəkir və öz uydurmalarını pafosa qatıb “dəlil” kimi göstərir. Hər halda onun bir neçə çalışması ilə tanışam və açığını deyim ki, heç bir tarix monoqrafiyası onun yazdıqları qədər zəhləmi tökməyib. Çünki oxuduqca dərhal başa düşürəm ki, müəllif analitik təhlil qabiliyyətindən uzaq, tədqiq etdiyi dövrün dialektikasını mənimsəmədən arxivdə ancaq vaxt itirib. Bax, bu nüanslar Cəmil Həsənlinin təkcə tamahı ucbatından yox, həm də iddiası və potensialı arasındakı kəskin ziddiyət üzündən xarici maliyyənin və həmin maliyyəni idarə edən dairələrin təsiri altına düşdüyünü söyləməyə imkan yaradır.
Hə, sonda yadıma düşmüşkən bir tarixi hadisə də danışım. Səhv etmirəmsə, İskəndər bəy Münşidən oxumuşdum, təfsilatı dəqiq yadımda qalmayıb, qısa məğzi belədir.
Osmanlı hünkarı Sultan Süleymanın Bəyazid adlı bir oğlu Səfəvilərə sığınır. Bir gün Şah Təhmasibin qarşısına çıxır və deyək ki, ondan 200 qızıl sikkə borc istəyir. “Osmanlı taxtina oturanda, qaytaracam” deyə Şaha and-aman edir. Təhmasib Bəyazidi başından edir və Osmanlı şahzadəsi sarayı tərk edəndən sonra əyanlarına deyir:
“Bu gənc elə bilir ki, 200 qızılla taxt-tac sahibi olmaq olar”.
Corc Soros ayda 200 yox, 2 milyon dollar versə də, Cəmil Həsənli və onun düşərgəsi Azərbaycanda iqtidar ola bilməz!
Taleh ŞAHSUVARLI