- Redaktor masası
- 7 Avqust 2023 11:44
- 12 212
ARA və PARA "ZİYALI"LARI
Cəmiyyət bir çox hallarda tapdığı ifadələrlə geniş izahata yer qoymur.
Məsələn, “ara mahnıları” deyərək deyərək Azərbaycanın estetik dünyasına şit, bayağı, dingiş “musiqi parçaları” sırıyan xeyli bəstəkarı, ifaçını, çalğıçını ifşa edir.
Dünən axşam saatlarında özünü “kinodramaturq” kimi təqdim edən Eldəniz Quliyevin öz Facebook səhifəsindən paylaşdığı Qubad İbadoğlunun həbsi ilə bağlı müraciəti oxuyanda ara mahnılarını ərsəyə gətirmiş ara sənətçiləri yadıma düşdü. Az qala 150 nəfərə yaxın titul və peşə sahibi hüquq şüuruna zidd dedi-qoduları müraciətə çevirməklə siyasi dingişlik etmiş, ara ziyalıları olduqlarını sərgiləmişdilər. Əlbəttə, müraciətə imza atanlar arasında hörmət bəslədiyim, hətta şəxsi münasibətlərimin yaxşı olduğu, tələbəlik dövründən yaxından tanıdığım şəxslər də var. Üzə və küyə düşənlər də az deyil. "Mən də varam" deyə iqtidardan bac almaq istəyənlər də bəlli. Fəqət söhbət imzaların əksəriyyətindən gedirsə, maraqsız şairlərin, qrafoman yazıçıların, “reket” kimi tanınan jurnalistlərin, seperatçı hüquq müdafiəçilərinin, “Soros” şəbəkəsinin MƏDƏn filiallarının nümayəndələrinin arasında peşəkar iqtisadçıların olmaması diqqətimi çəkdi. Eldəniz Quliyevin siyasi tüfeyliliyi heç kimə sirr deyil- ölkədəki müxalifət çayxanalarda nə qədər birlik, mərkəz yaradıbsa, hamısından qənd çırpışdırıb. Amma müraciət müəlliflərinin diqqət çəkdiyi Qubad İbadoğlunun “zəngin bioqrafiyası” onun ixtisaslı həmkarları tərəfindən bölüşürmürmüş. Bu, əslində çox şey deməkdir. İlk növbədə o deməkdir ki, Fətullah Gülən şəbəkəsi ilə bağlı əməliyyat-axtarış tədbirlərində hüquq-mühafizə orqanlarının diqqətinə düşmüş İbadoğlunin “iqtisadçı” kimi peşəkarlığı barədə rəy bildirən ən kompetent şəxs “Asif, Vasif, Ağasif” filmindəki bağça müdirəsi imiş.
“Real” partiyasının sədri İlqar Məmmədov, məlum olduğu kimi, bir müddət həbsxanada yatıb. İlqar həbsdə olanda çevrəsi belə bir irreal təbliğat aparırdı ki, guya iqtidar “Real”dan qorxduğu,- bəli, məhz belə deyirdilər- üçün yeni siyasi təşkilatın sədrini həbs edib. “Real” funksionerlərindən Natiq Cəfərliyə həm iqtisadçı, həm də tənqidə dözümlü, tolerant şəxs kimi sayğım var. Bu sayğının doğurduğu ərklə Natiqlə mübahisə edir və deyirdim ki, İlqar Məmmədovun liderlik potensialı “Real” qapalı dostlar klubundan açıq siyasi təşkilata çevriləndə ortaya çıxacaq və bəlli olacaq ki, hakimiyyətin sizin partiyanızdan çəkinməsi üçün heç bir obyektiv səbəb yoxdur. Belə də oldu. İnsafən, siyasətçi kimi tərəzinin bir gözünə İlqar Məmmədovu, digərinə qardaşı Qaliblə birlikdə Qubad İbadoğlunu qoysan, “Real” sədri ağır gələr. İlqar indi azadlıqdadır, “Real” isə 5 min üzv toplayaraq “Siyasi partiyalar haqqında” yeni qanuna əsasən qeydiyyatdan keçə bilmir. Qubad İbadoğlunun ADR-i də eyni səbəbdən özünü buraxıb. 5 min üzv Azərbaycanda ümumi seçicilərin 0,1 %-i təşkil edir. Partiyasını buraxmaqla 0,1 % tərəfdara malik olmadığını rəsmi şəkildə ifadə eləmiş Qubad İbadoğlu Qarabağı işğaldan azad etmiş İlham Əliyev tərəfindən niyə siyasi rəqib olaraq ciddiyə alınmalıdır ki? Bu sualı verən təkcə mən deyiləm. Xalq hərəkatının, Müsavat Partiyasının, ADR-in tanınmış isimlərindən olan Səxavət Əlisoy da məsələni məhz bu cür qoyur və çox təəssüflər olsun ki, məntiqin heç bir işə yaramadığı müxalifət düşərgəsindən əsaslı bir cavab ala bilmir.
Bir daha deyirəm. Hər bir şəxsin təqsirsizlik prezumpsiyası var və əməlinin cinayət olması məhkəmədə sübut olunmayana qədər Qubad İbadoğlu da daxil hər bir Azərbaycan vətəndaşı suçsuzdur. Ancaq istənilən bir şəxsin suçlu olub-olmamasına qərar verən instansiya məhkəmədir. Açılan cinayət işi ilə tanış olmadan, irəli sürülən ittihamı yaradan dəlilləri görmədən, ibtidai və məhkəmə istintaqının bitməsini, hakimlərin verəcəyi hökmü gözləmədən Qubad İbadoğlu və ya hər hansı tutulan barəd qəti bəyanatlar vermək ədalət mühakiməsinin uzurpasiyasından başqa bir şey deyil. Bunun əksini iddia edən istənilən peşəkar hüquqçu qarşısında, sadəcə olaraq, boşboğazdır.
Qayıdaq “ara ziyalıları”na və imzaladıqları müraciətə. Müraciəti imzalayanlardan biri Tərlan Eyvazovdur. İndi Kürdəxanı həbsxanasında şikayətçilərindən üzr istəmək üçün bər-bər bəyirən Nazim Bəydəmirlinin statuslarının altında trolluq edir, necə deyərlər, ayağını suya salıb mənim həbs edilməyimi arzulayırdı. Belələrinin arzusunu mən hər zaman öz dürüstlüyümlə, təmizliyimlə, ləyaqətli yaşamımla puç çıxarmışam. Ancaq maraqlıdır ki, küçədə görsəm, üzünü tanımasam da, naziməxlaq olduğunu dəqiq bildiyim bu günaşırı rəssam- dostlarının yazdığı “tərif”ə görə, bir gün rəssamlıq, bir gün hərbi ekspertlik edir- bir vaxtlar bizim Jurnalistlər Binasının zirzəmisinə göz dikmiş, “emalatxana” adı ilə qamarlamaq istəyirdi.
Müraciətdə bir cümlə diqqətimi çəkdi: “... erməni işğalına qarşı haqq mübarizəmizdə sərgilədiyimiz ədalətli mövqe... “
İnformasiya-kommunikasiya texnologiyalarının yüksək səviyyədə olduğu bir zamanda yaşayırıq. Çox xahiş edirəm, “erməni işğalına qarşı haqq mübarizəsi aparmış” bu ziyalıların adını erməni hərfləri ilə Google-də axtarışa verin, görün birinin əleyhinə erməni mediasında bircə cümlə görə biləcəksinizmi? Əminəm ki, görə bilməyəcəksiniz, çünki onlardan biri, məsələn, Rövşən Kəbirli haçansa ortabab jurnalist olsa da, yaddaşım məni yanıltmırsa, çalışdığı son qəzetin internet çağından qabaq dayanmışdı. Ali Baş Komandan İlham Əliyev Azərbaycan torpaqlarını “smart war” apararaq azad edibsə, internetdə bir samballı məqaləsi üzə çıxmayan çapını çoxdan dayandırmış “Müxalifət”in redaktoru hansı mövqe sərgiləyib ki, indi də hakimiyyətin boynuna onun minnətini qoyur? Ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünü amal hesab edənlərin imzasının seperatçı, rəsmi açıqlamalara görə, 1992-ci ildən etibarən İranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərmiş, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait almış Hilal Məmmədovun adının yanında nə işi ola bilər?
Taleh ŞAHSUVARLI