- Redaktor masası
- 8 Avqust 2023 00:05
- 11 472
"Artsax terror təşkilatı" rəsmi Bakını güc tətbiqinə sövq edir
Azərbaycan öz suveren ərazisində- Laçın rayonunda SBM quraşdırmaqla Ermənistandan Xankəndiyə hərbi yüklər daşınmasının qarşısını almaqla bərabər, İrəvanın seperatçılara verdiyi iqtisadi dəstəyi əngəllədi və təbii sərvətlərimizin talan edilərək xaricə daşınmasının qarşısını aldı. 44 günlük savaş zamanı Şuşanın azad edilməsi hərbi baxımdan Azərbaycan ordusunun Qarabağa nəzarət etməsinin təsdiqi olduğu kimi, Laçın SMB quraşdırılması ilə seperatizmin mədə-bağırsaq sisteminə gedən ağız yumuldu. Bu, rəsmi Bakının verdiyi son dərəcə qətiyyətli qərar idi və bu qərardan sonra yaranan reallıq Ermənistanla Azərbaycan arasında münaqişənin uzanmasında maraqlı olan bütün tərəflər üçün sürpriz oldu.
Xankəndidəki seperatçı rejimin Laçın SMB ilə bağlı saldığı hay-həşir, imzaladığı müracətlər, Arayik Arutyunyanın bəyanatları və müsahibələri tualet kağızından başqa bir şey deyil. İkinci Qarabağ savaşını dayandıran Üçtərəfli Bəyanatda qondarma "Dağlıq Qarabağ Respublikası" adlı bir tərəf yoxdur. Məlum olduğu kimi, Üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçının boşaldılaraq Azərbaycana təhvil verilməsi Ermənistanın mükəlləfiyyəti olub. Bununla da Ermənistan sözügedən bəyanatda işğalçı tərəf olaraq tanınıb. Xankəndidəki hərbi xunta işğalçı Ermənistana əlaltılıq edən cinayətkar dəstədən başqa bir şey deyil. Bu dəstənin yeni "spiker"i David İşxanyana Ermənistan parlamentinin sədri tərəfindən təbrik göndərilməsi və qondarma parlamentin daşnak rəhbərinin Azərbaycanın ünvanına "düşmən dövlət" ifadəsini işlətməsi rəsmi Bakını sərt addımlar atmağa təhrik edir.
Üçtərəfli Bəyanatda çox maraqlı bir nüans var. Bu barədə dəfələrlə yazmışam və eyni zamanda Azərbaycanın savadlı hüquqçularından olan Fuad Ağayevin bu məsələ barədə maraqlı bir yazısını xatırlayıram. Bəyanatın 4-cü maddəsində deyilir: "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir". Diqqət edirsinizsə, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması Ermənistanın Respublikası tərəfindən həyata keçiriləcəyi halda, burada söhbət erməni silahlı qüvvələrindən gedir. Odur ki, Ermənistanın "yalandan mənim Azərbaycan ərazisində qoşunum yoxdur" deməklə hazırda Qarabağda mövcud olan qanunsuz hərbi birləşmələrin məsuliyyətini öz üzərindən atmasının heç bir hüquqi əsası yoxdur. Bu, eyni zamanda, Rusiya Sülhməramlı Kontingentinin bölgədəki 2025-ci ilə qədərki müvəqqəti mandatını da şübhə altında qoymaqla, qanunsuz erməni birləşmələrinin ləğvi üçün Rusiyanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsinin göstəricisidir.
Bölgədə diqqət çəkən başqa bir siyasi akter Beynəlxalq Qırmızı Xaç Cəmiyyətidir. Bəli, BQXC son davranışları ilə humanitar missiya daşımır və siyasi rol sahibi kimi çıxış edir. Cəmiyyətin Xankəndi ofisini Bakıya tabe etdirməməsi, Laçından keçiddə israr etməsi və Ağdam yolundan istifadə ilə bağlı rəsmi Bakının təkliflərinə birmənalı cavab verməməsi konfliktdə siyasi iştirakçılıqdır. Odur ki, BQXC-nin Azərbaycanın suverenliyinə qarşı siyasi fəaliyyətinə dərhal son verilməlidir.
İndi hər kəsi maraqlandıran əsas sual budur: bu işlərin axırı necə olacaq?
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatları rəsmi sülh müqaviləsinə çevrilməyincə, başına enmiş dəmir yumruğun təkrarlanma qorxusu ilə edilən blefdir. Nə Ermənistan cəmiyyətinin ümumi ovqatı, nə də Nikol Paşinyanın şəxsi və yetərsiz iradəsi Azərbaycanla sülh müqaviləsinin imzalanacağına ümid yaradır. Ancaq dərindən baxanda, belə bir sülh müqaviləsinin imzalanması heç bizim üçün də əsas məqsəd deyil. Bizim əlimizdə Ermənistana qarşı çox ciddi rıçaqlar var. Ermənistan işğal etdiyi və taladığı Azərbaycan torpaqlarına görə təzminat ödəməlidir. Bu təzminat yüz milyardlarla vəsait deməkdir və Ermənistan bunu ya on illər ərzində ödəməli, ya da əvəzini torpaqla verməlidir. Hər iki halda, Ermənistanın hulqumu yaxın 100 il ərzində Azərbaycanın əlində olacaq.
Odur ki, bizim əsas vəzifəmiz Xankəndidə işğalçı Ermənistanın yaratdığı Artsax terror təşkilatını məhv etmək, sadə erməni mənşəli şəxsləri reinteqrasiyaya cəlb etməkdir. Bunun üçün Azərbaycanın nə Ermənistanla, nə də terrorçularla anlaşmağa ehtiyacı var. 2025-ci ilin birinci yarısında rəsmi Bakı Üçtərəfli Bəyanatdan bütün hallarda imtina etməlidir. Çünki bəyanatın müddətinin uzadılması Ermənistanı Azərbaycan əraziləri ilə bağlı qərar verən tərəf kimi saxlamış olar. Şuşanın, Laçının və Kəlbəcərin hərbi strateji mövqeyi elədir ki, Xankəndidə, Ağdərədə və digər məntəqələrdə mövcud olan qanunsuz erməni birləşmələrini hərbi güc tətbiq edərək likvidasiya etmək 44 günlük müharibə ilə müqayisədə dəfələrlə daha rahat olacaq. Ermənistanın isə Laçın və Kəlbəcəri yenidən işğal etmək ehtimal sadəcə olaraq yoxdur. Əksinə, bu rayonlarımıza edilən hər hansı irimiqyaslı hücum Qərbi Zəngəzurda Azərbaycan bayrağının dalğalanması ilə nəticələnəcək.
Beləliklə, yaxın vədə, yəni bu ilin sonuna qədər rəsmi Bakı bir neçə taktiki addım atmalıdır.
1) Qarabağdakı qanunsuz birləşmələrə zərbə endirməli və nəticədə konkret təqvim əsasında onların tam ləğvina nail olmalıyıq;
2) Ermənistan banklarının dərhal Qarabağdan çıxarılması üçün İrəvanın qarşısında qəti tələb qoyulmalı və bu tələbin yerinə yetirilməsi üçün mexanizmlər işə salınmalıdır;
3) Xankəndidəki rejim "Artsax terror təşkilatı" kimi rəsmən tanınmalı və Xankəndidəki terrorçu dəstə üzvlərinə qarşı xüsusi əməliyyatlar keçirilməlidir.
4) Ağdam-Xankəndi marşrutu açılmalı və mülki ermənilərin gündəlik tələbat malları Bakıdan təmin edilməlidir;
5) Qarabağdakı erməni mənşəli şəxslərin vətəndaşlaşdırılması üçün xüsusi dövlət proqramı elan olunmalıdır.
Taleh ŞAHSUVARLI