- Redaktor masası
- 22 Sentyabr 15:37
- 15 014
Biz qalib yaşayacağıq, onlar qalıb yaşayacaq!

Möhtərəm oxucular!
Bir daha yazıram, dönə-dönə yazıram.
44 günlük müharibədən sonra, antiterror əməliyyatı keçirilməzdən öncə formalaşmış bütün paradiqmalarınızı dəyişin, stereotiplərinizi qırın!
44 günlük müharibədə qazandığımız qələbəyə kölgə salmaq üçün dəridən-qabıqdan çıxan zatıqırıqlara, "Qarabağ kimindir?" sualına "gələcək göstərər" deyə cavab verərək erməni fitnəsini körükləyən sapı özümüzdən olan "Gündüz" adlı kor baltalara, işğaldan azad olunmuş ərazilərimizə kəşfiyyat qrupu göndərməklə, mina döşətməklə polislərimizin, mülki şəxslərimizin həlak olmasına bais olan erməni terrorçularının ağzı ilə danışan, Ali Baş Komandanımızı beynəlxalq məhkəmələrlə hədələyən Sevinc Osmanqızılara, Beydulla Manafovlara, anti-terror əməliyyatını "Ermənistanla real sülh şəraitinin pozulması" kimi "şərh edən" Tofiq Yaqublu kimi savadsız, primitiv, cahil siyasi psixopatlara, milli həmrəyliyə ən çox ehtiyacımız olan gündə Azərbaycan dövlətinin və xalqınınn bir parçası olmaqdan imtina edən AXCP kimi partiyaların trollarına əsla əhəmiyyət verməyin, onları adam yerinə belə qoymayın.
Dünya hərb tarixində daha bir şanlı səhifə açaraq 24 saat çəkmədən dövlət müstəqilliyimizi, suverenliyimizi, hər birimizin ömrünü-gününü sarsıtmış, 30 ilimizi qana boyamış cinayətkar hərbi xuntanı ağ bayraq qaldırmağa məcbur etmişik. İşğalçıların Şuşanın girişində heykəl kimi qoyduqları tank Azərbaycan kranının qarmağında yellənir. Bu, həm də məşhur Türkmənçay müqaviləsindən sonra torpaqlarımıza köçürülmüş Vaspurakan erməniləri ilə Qarabağdakı münaqişəmizin final görüntüləridir. Bəli, dövlət suverenliyimiz Azərbaycan Respublikasının bütün ərazisində bərpa olunub. Daha "o kənd bizim nəzarətimizdədir", "bu kənddə erməni var" söhbətləri bitib. Böyük hərflərlə yazıram:
BÜTÜN ƏRAZİLƏRİMİZİN DE-YURE VƏ DE-FAKTO SAHİBİ BİZİK!
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisindəki qanunsuz hərbi birləşmələrin tərk-silah edilməsi və qondarma irrendentist rejimin buraxılmasının, Azərbaycanın dövlət strukturlarının bölgədə fəaliyyət göstərməsinin texniki tərəfləri icra olunur. Üçrəngli bayrağımızın Xankəndidə dalğalanması, öz dərin zəkası, siyasi məharəti, sarsılmaz xarakteri, tarixdən silinməyəcək liderlik və sərkərdəlik qabiliyyəti ilə ermənilərin "miatsum" ideologiyasını əbədi olaraq darmadağın etmiş Azərbaycan Prezidentinin Xankəndiyə xüsusi nümayəndə təyin etməsi artıq an məsələsidir.
Bəli, şanlı Silahlı Qüvvələrimizin yüksək peşəkarlıqla, rəşadətlə, qanı bahasına apardığı antiterror əməliyyatının nəticəsi olaraq Xankəndidəki cinayətkar xunta ağ bayraq qaldırdı, təslim oldu, kapitulyasiya etdi.
Bununla da "Artsax" adlandırdıqları çiban tarixin kanalizasiyasına axdı.
Hər şeydən öncə bu dastanlaşacaq əməliyyata 44 günlük müharibənin davamı kimi baxmalıyıq.
Bu gün-sabah Xankəndidə dalğalanacaq bayrağımız öz şanlı yerinə "44+1" formulu ilə qoyulacaq.
44 günlük savaşda beli qırılmış, yarıdan çoxu məhv edilmiş Ermənistan ordusunun Ermənistandakı hisssələri antiterror əməliyyatlarına müdaxilə etməyə cəsarət göstərə bilmədi. Çünki cavablarını Göyçədə və Zəngəzurda alacaqlarını çox yaxşı bilirdilər. Üçtərəfli Bəyanatın imzalanmasından sonra işğalçı ordusunun Qarabağda qalmış 10 minlik tör-töküntüsünə güvənərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan, Xankəndidə yaratdığı cinayətkar rejimi üstümüzə qısqırdan Ermənistanın yeni status-kvo yaratmaq üçün bütün çabaları birdəfəlik iflasa uğradı.
Əgər İkinci Qarabağ Savaşında, yəni Ağdam, Kəlbəcər və Laçın tam şəkildə bizdə olmadan Ağdərə-Əsgəran- Xocavənd- Xankəndi sektorunda əməliyyat keçirsəydik, itkilərimizin sayı indiki antiterror tədbirində olduğundan minlərlə can çox olacaqdı. Asimmetrik savaş həm də budur: Zamanında dayanmaq, zamanı çatanda həmlə etmək və öz ordunu, xalqının övladlarını qorumaqla düşməni hərbi, siyasi, ideoloji və diplomatik cəhətdən tam məhv etmək!
Zamandan bir resurs kimi düzgün istifadə etmək tələsməmək bacarığıdır. Müqayisə üçün düşünün ki, indi bir növ Laçın şəhərinin, Zabux qəsəbəsinin Azərbaycana təhvil verilməsi prosesi gedir. Sadəcə, bir fərq var. Bu dəfə ərazilərimizin üstündə mülki ermənilər də bizə təhvil verilir. İndi dövlətimiz və beynəlxalq ictimaiyyət üçün əsas məsələ Qarabağdakı erməni mənşəli sakinlərin Azərbaycan qanunları çərçivəsində yaşamının təmin olunmasıdır. Dövlətimizin və prezidentimizin verdiyi mesajlar fonunda erməni isterikası bu baxımdan da gülüş doğurur.
Biz heç kimi qovmuruq, qovmağa da hazırlaşmırıq. Qarabağ ermənilərindən kim istəyirsə, dövlətimizi, Ana Yasamızı, vətəndaşlığımızı qəbul edirsə, qalıb yaşasın.
30 illik münaqişənin son cümləsi budur:
Biz qalib yaşayacağıq, onlar qalıb yaşayacaq!
Taleh ŞAHSUVARLI