- Redaktor masası
- 5 Oktyabr 2023 22:43
- 18 218
Qranada bəyanatı: Köhnə səhvlərlə yeni səhifə açmaq mümkün deyil
İspaniyanın Qranada şəhərində keçirilən və Azərbaycanın qatılmaqdan imtina etdiyi toplantının sonunda bəyanat qəbul edilib.
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın yaydığı bəyanata görə, sənədi imzalayanlar Azərbaycanın (86 600 kv km) və Ermənistanın (29 800 kv. km) suverenliyinin, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
Ancaq bəyanatın bundan sonrakı hissələri "yağlı dil"dən istifadə olunmasına rəğmən, heç də münasibətlərin normallaşmasına xidmət etmir.
Məsələn, bəyanat müəllifləri SSRİ Baş Qərargahının tərəflərə təqdim etdiyi ən son xəritələr əsasında sərhədin demarkasiyası üzərində işin təcili aparılmasının zəruriliyini vurğulayır, bunun üçün qoşunlar arasında məsafənin genişlənməsini məqsədə uyğun sayırlar. Diplomatik dildən sadə dilə çevriləndə bu, Azərbaycan Silahlı Qüvvələrinin şərti sərhəd zonasında indiki ppostlarından geri çəkilməsinə çağırışdır. Digər yandan, "SSRİ Baş Qərargahının tərəflərə təqdim etdiyi ən son xəritələr" də kifayət qədər qeyri-müəyyən və mübahisəli mövzudur. Rəsmi Bakı Azərbaycan və Ermənistan arasında sərhədin daha dəqiq çizilməsi üçün bir neçə, üstəlik, eyni ilə aid olmayan xəritəyə istinad edilməsini vacib sayır.
Bəyanatda başqa bir qəbuledilməz çağırış müəlliflərin Azərbaycanın həbs etdiyi Ruben Vardanyan, Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digər terrorçuları azad edilməsi yönündədir. Sənəddə deyilir:
"Avropa liderləri Ermənistan və Azərbaycanı bütün həbs olunanları azad etməyə və itkin düşənlərin taleyinin həlli və minalardan təmizləmə əməliyyatlarının təşkili üçün əməkdaşlığa çağırıblar".
Qranada toplantısının yekununda qəbul edilən bəyanatda Qarabağı tərk edən ermənilər barədə isə deyilir:
"Bu qaçqınlar heç bir şərt olmadan, beynəlxalq monitorinq altında, tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına hörmətlə yanaşılmaqla, öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüququndan azad şəkildə istifadə etməlidirlər".
Diqqətinizi terminlərə və ifadələrə çəkmək istəyirəm:
- "Qaçqınlar"!
- "Heç bir şərt olmadan"!
- "Beynəlxalq monitorinq altında"!
Əvvəla, kim, harada və necə müəyyən etdi ki, Qarabağı tərk edən ermənilər qaçqındır? Onların böyük bir qismi Qarabağda qanunsuz məskunlaşdırılıb və ya cinayətlərdə iştirak edib və ya Ermənistan pasportunu daşıyır. Bu hallar həmin təbəqəni "qaçqın" kimi tanımağa beynəlxalq hüquq baxımından imkan vermir.
İkincisi, deyilir ki, "qaçqınlar" Azərbaycan ərazisinə qayıtsın, həm də heç bir şərt olmadan qayıtsın. Çox pakizə! Bəs, eyni tələb Ermənistandan qaçqın düşmüş azərbaycanlılar haqqında niyə səsləndirilmir? Erməni törətdiyi cinayətə cavab verməyin qorxusundan Ermənistana üz tutanda qaçqındır, amma azərbaycanlı zorla yurd-yuvasından didərgin salınanda yox?
Üçüncüsü, "beynəlxalq monitorinq"i kimlər, hansı statusla və harada aparacaq? Əgər söhbət Azərbaycan ərazilərində monitorinq aparılmasından gedirsə, Nikol Paşinyanın və digərlərinin nə ixtiyarı var ki, Azərbaycanın suveren torpqalarında hansısa beynəlxalq missiyanın fəaliyyət göstərib-göstərməməsinə qərar verə?
Bəli, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, iki qonşu dövlət arasında yeni səhifənin açılması vacibdir. Ancaq Nikol Paşinyan da, onun Qranadadakı masa yoldaşları da bilməlidir ki, köhnə səhvlərlə yeni səhifə açmaq mümkün deyil.