AXCP-nin xalq üçün edə biləcəyi bir şey yoxdur! - ANALİZ

Əli Kərimlinin sədri olduğu siyasi təşkilatın- AXCP-nin meydana çıxmasının tarixi üç böyük sosial-siyasi böhrana bağlıdır. Bunlardan ilki SSRİ-nin birinci şəxsi Mixail Qorbaçovun 1985-ci ilin aprelindən etibarən həyata keçirməyə başladığı yenidənqurma siyasətidir. Bu siyasət guya SSRİ-də bütün sahələrdə mövcud olan böhranın aradan qaldırılması üçün aparılırdı, ancaq praktiki olaraq tam əks nəticələr verdi. Sosialist imperiyası dağıldı. SSRİ-də mövcud olan sistem böhranı inteligentsiyanın müxtəlif təbəqələrini qeyri-rəsmi dərnəklər halında bir araya gətirmişdi. Digər respublikalarda olduğu kimi, Azərbaycanda da Elmlər Akademiyasında, ali məktəblərdə və yaradıcılıq ittifaqlarında təmsil olunan bir çox narazılar klassik mənada dissidentlik etməsələr də, “yenidənqurma və şəffaflıq” dalğasında təkpartiyalı siyasi sistemin diskurslarını təftiş edə bilirdilər. 1988-ci ildə Ermənistan SSR Ali Soveti özünün, Azərbaycanın və SSRİ-nin konstitusiyasını heçə sayaraq Dağlıq Qarabağ Muxtar Vilayətini ilhaq etmək barədə qərar qəbul etməsi milyonlarla soydaşımızı meydanlara tökdü. Bu, təlatüm illeqal klub və dərnəklərin heç də parlaq akademik bioqrafiyaya malik olmayan təcrübəsiz və həvəskar siyasətçilərini kütlə ilə birləşdirdi. Nəticədə 16 iyul 1989-cu ildə Baltikyanı ölkələrdə yaranan yeni təşkilatların təcrübəsinə istinadla “yenidənqurma və ölkənin həyatının demokratikləşdirilməsi uğrunda mübarizə aparan ictimai təşkilat”- Azərbaycan Xalq Cəbhəsi (AXC) elan olundu. Üç il sonra AXC artıq dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda hakimiyyəti ələ aldı.

Tezliklə məlum oldu ki, oxlakratik iqtidarın nə ermənilərin hərbi güclə reallaşdırmağa başladıqları ərazi iddialarının qarşısını almağa, nə də dövlət müstəqilliyini qorumaq və inkişaf etdirməyə sistemli planları var. Bu plansızlığı müşayiət edən səriştəsizlik və macəraçılıq Azərbaycan torpaqlarının işğal altına düşməsinə səbəb olmaqla yanaşı, bütövlükdə dövlət müstəqilliyini təhdid edən hakimiyyət böhranın meydana çıxmasını tətiklədi. Sadəcə post-sovet məkanında deyil, bütün dünyada tanınan və nəhəng siyasi xadim olaraq qəbul olunan Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyini xilas etmək mümkün oldu. AXC arxasınca dəfələrlə təyyarə göndərərək iqtidara çağırdıqları halda, Azərbaycanın “olum, yoxsa ölüm” dilemmasından çıxararaq müstəqil dövlət kimi qurmağa başlayan Heydər Əliyevə qarşı müxalifətə keçmişdi. Heydər Əliyev qısa zamanda hakimiyyət böhranını aradan qaldırdı, bir neçə çevriliş cəhdini əngəllədi, balanlaşdırılmış xarici siyasətin prioritetlərini müəyyən etdi, Bişkek protokolunun imzalanması ilə ermənilərin yeni həmlələrinin qarşısını kəsərək ordu quruculuğuna başladı. Neft kontraktları bağlandı, konstitusiya hazırlandı, parlament seçkiləri keçirildi. Bütün bu taleyeklü məsələlər həll olunarkən revanşist xülyalarla yaşayan AXC-nin hüquqi statusunun dəyişməsinə zərurət yarandı. Hüquqi böhranla üzləşmiş AXC partiyaya çevrilməsə, parlament seçkilərində iştirak edə bilməyəcəkdi.

Bax, elə bu vaxt bəxt AXC-dəki saysız-hesabsız qruplaşmalardan birinin gənc lideri- BDU-dakı komsomol təşkilatından meydan hərəkatına transfer etmiş, Əbülfəz Elçibəyin hakim elitanı müsavatlaşdırılmasına qarşı İsa Qəmbərə alternativ olaraq dəstək verdiyi, parta arxasından qaldırıb dövlət katibi təyin etdiyi Əli Kərimlinin üzünə gülməyə başladı. Hadisələrin cərəyan etdiyi 1995-ci ildə Əli Kərimlinin prezidentliyə iddia etmək üçün gərəkən yaşa belə çatmaması onun müxalifətdə söz sahibi kimi möhkəmlənməsini iqtidarın da maraqlarına uyğun edirdi. Heç şübhəsiz, iqtidarın siyasi texnoloqları fərqində idilər ki, çevrəsindəki gənc və dinamik fəalların hesabına sədri Kələkidə olan AXCP-nin “ikinci birincisi” olan Əli Kərimli həm bacardığı qədər protest elektoratının yeni favoriti İsa Qəmbərin qarşısını kəsəcək, həm də karyerist və tələskən deputat prezidentliyə iddia etmək üçün hüquqi senzi adlayana, yəni 35 yaşını tamamlayana qədər Əbülfəz Elçibəyi AXCP-dəki postundan uzaqlaşdırmaq istəyəcək.

2000-ci ilin avqustunda Əbülfəz Elçibəyin vəfatı ərəfəsində AXCP parçalandı. Təşkilat üzvlərinin yarıdan bir qədər çoxu “klassik” qanadı seçsələr də, Əli Kərimli partiyanın hüquqi rekvizitlərini əlində saxlaya bildi. Müsavat Partiyası AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadının legitimliyini tanımadı, hakimiyyət düşərgəsində Heydər Əliyevin siyasi varisi kimi artıq açıq siyasət meydanına atılmış İlham Əliyev onu öz liderinə xəyanətdə suçladı. Əli Kərimli istənilən iddialı siyasət adamı üçün ən vacib özəllikdən məhrum idi- siyasi sistemdə kimsə ona etibar etmirdi. Nəinki verdiyi sözdən, hətta çəkdiyi qoldan belə rahatlıqla imtina edən AXCP-nin bir qanadının sədrini həm müxalifətin digər kəsimləri, həm də iqtidar mənsubları ən kəskin şəkildə qınayır, hədsiz dərəcədə kompromatlaşdığından hətta müxalifətdaxili birincilik uğrunda mübarizədə yanında olmuş fiqurlar da onu tərk edirdilər. Qarşıdakı illərdə tənələri aradan qaldırmaq, ittihamlardan yaxa qurtarmaq, yeni siyasi cizgi formalaşdırmaq üçün Əli Kərimli üçün xeyli münbit şərait yarandı. İsa Qəmbər və Etibar Məmmədovun timsalında xalq hərəkatının məşhur simaları aktiv siyasətdən faktiki olaraq çəkilmiş, AXC-nin və AXCP-nin şinelindən çıxan digər təşkilatlar isə, parlamentdə təmsil olunmaq müqabilində hakim Yeni Azərbaycan Partiyasının peykinə çevrilmişdilər. Ancaq Əli Kərimli bu şansı da dəyərləndirə bilmədi.

Əbülfəz Elçibəyin dövründə AXCP öz təşkilati xarakteristikasına görə, kütlə partiyası idi. Əli Kərimlinin parlamentdən qıraqda qalması ona AXCP-ni kütlə partiyası kimi yenidən təşkilatlandırmaq üçün unikal şans yaratmışdı. Bunun üçün ilk növbədə AXCP sıralarında ölkəni idarə edə biləcək, ən azından parlamentdəki yerlər uğrunda real mübarizə aparacaq fiqurları Əli Kərimli ya öz yanında saxlamağı bacarmalı, ya da yetişdirməli idi. Heç birini bacarmadı. Əvəzində AXCP və sədri ilə cəmiyətin həm ümumi, həm də xüsusi təbəqələri arasında ciddi münaqişələrə səbəb olan odioz trollar formalaşdırdı, siyasi mühitdə ikrah yaratdı. Bu yaxınlarda isə, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra partiyaların öz üvləri barədə məlumatları Ədliyyə Nazirliyinə təqdim etməsi lazım gələndə məlum oldu ki, nə kütlə, nə də kadr partiyası kimi özünü təsdiq edə bilməyən AXCP-nin 5 min üzvünün olması sual altındadır. Hər halda, bütün siyasi müşahidəçilərə ayndındır ki, AXCP-nin təqdim etdiyi son siyahını Ədliyyə Nazirliyi çox da dərindən təftiş etmək, adı verilənlər “partiya üzvüdür, yoxsa vərəqə atılan imzadır” sualına aydınlıq gətirmək istəmədi.

Əli Kərimlinin ikinci böyük strateji xətası partiyasını konstitusionallıqdan çıxarıb “inqilabçı” xəttə sürükləməsi oldu. AXCP Gürcüstanda, Ukraynada, Ərəb ölkələrində, hətta düşmən Ermənistanda baş verən rəngli inqilabları model kimi mənimsədi. Cəmiyyət isə bu modellərin həmin ölkələrə səadət və tərəqqi yox, sözün əsl mənasında fəlakət gətirdiyinin fərqində olduğundan alternativ siyasət istehsal edə bilməyən AXCP-ni gözdən çıxardı. Ən azı 2005-ci illərdən başlayan məxməri inqilab stixiyası təkcə Xalq Cəbhəsinə “anti” səciyyəli qrupların mövqeyini möhkəmləndirmədi, eyni zamanda, ictimai müəssisədə Əli Kərimliyə qarşı güclü müqavimət hərəkatı formalaşdırdı. Bu da Əli Kərimlinin onsuz da son dərəcə zəif olan dayanıqlı elektoral bazasının əriməsinə, partiyanın öz potensial simpatizanlarını kütləvi şəkildə itirməsinə səbəb oldu. Əli Kərimlinin real gücünə adekvat olmayan siyasi ambisiyalarına partiyasındakı funksionerlərin cəmiyyətdə əxlaqsızlıq kimi qəbul olunan məsələlərlə gündəmə gəlməsi də ciddi zərbələr vurdu. Bu zərbələr qarşısında yaşadığı məyusluqla potensial simpatizanların bir qismi ya zaman-zaman digər leqal siyasi qruplara yönəldilər, ya da qeyri-sistematik müxalifət üçün “piroq”a çevrildilər.

Məşhur bir şeirdə deyildiyi “qalan sağlar bizimdir” məntiqi ilə hərəkət edən Əli Kərimli öz tərəfdarlarını və yeni medianın populyarlaşması ilə formalaşdırdığı auditoriyanı böhrandan qidalanamağa alışdırdı. Bu, AXCP sədrinin növbəti siyasi bəsirətsizliyi idi. Milli valyutanın məzənnəsinin düşməsi, neftin qiymətinin dünya bazarında ucuzlaşması, bəzi sahələrdə xidmət haqlarının bahalaşması, hərdən-hərdən baş verən icma problemlərinin həllinə yönəlmiş lokal aksiyaların şokundan siyasi divident əldə etmək istəyi ilə edilən spontan çıxışlar Əli Kərimlinin bu günə və gələcəyə heç bir sistemli, ardıcıl və aydın baxışının olmamasını üzə çıxardı. 2020-ci ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçməzdən öncə isə, ordumuzun döyüş hazırlığının aşağı olmasını vurğulayaraq qaçılmaz savaşın astanasında prezident İlham Əliyevə təzyiq edən beynəlxalq qüvvələrə öz xidmətini təklif etdi. İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun yarıdan çoxu məhv edildi, torpaqlarımız işğaldan azad olundu. Hibrid və assimetrik savaş aparan Azərbaycan dövlət suverenliyini bütün ərazilərində bərpa etmək üçün tarixi şərtləri öz lehinə kökündən dəyişdi. Əli Kərimli ən müxtəlif bəhanələrlə, tənqidə dözümsüz arqumentlərlə qazanılan tarixə zəfərə kölgə salmaq, diplomatik masada Ermənistanın Baş naziri Nikol Paşinyana mənəvi güc vermək üçün əlindən gələn hər şeyi etdi. Bu, artıq tam çöküş idi.

Bu ilin sentyabrında Azərbaycan işğalçı ordu qalıqlarına qarşı antiterror əməliyyatı keçirdi, Qarabağdakı qanunsuz rejimin varlığına son qoydu. Sentyabrın 19-da bu həlledici əməliyyatla bağlı ölkəmizdə fəaliyyət göstərən irili-xırdalı əksər partiyalar bəyanat yayaraq lokal antiterror əməliyatına dəstək ifadə etdilər. Bəyanatı imzalayan 23 partiya arasında AXCP yox idi. AXCP-nin Azərbaycanın dövlət suverenliyini 44 günlük müharibədən sonra Rusiya Sülhməramlı Kontingentinin nəzarətində qalmış zonada bərpa etməsi kimi tarixi gündə cılız hisslərə qapılması, özünü xalqdan və dövlətdən saymaması, heç şübhəsiz, milli çağırışların əksinə atılmış addım idi. Xalq isə onun hisslərinə və maraqlarına qarşı çıxan siyasətçiləri heç zaman bağışlamır və seçki qutusunda mütləq ən ağır şəkildə cəzalandırır. Bəs, AXCP üzvləri və təşkilatın ierarxiyasında yer alan funkisonerlər bu baxımdan Əli Kərimlini gözləyən ağır cəzanı bölüşməyə nə qədər hazırdırlar?

AXCP sədri postunu ələ keçirmək Kərimlinin yenidən özünə müavin təyin etdiyi Fuad Qəhrəmanlının çoxdankı arzusudur. Bu barədə səs yazısı da yayılıb. Lakin Qəhrəmanlı elə həmin səs yazısının yayılmasına səbəb olan məsələlər üzündən açıq siyasət üçün bitmiş fiqurdur. AXCP-nin hazırkı kasad və solğun vitrinində, Kamil Vəli və Nurəddin Məmmədli kimi “Z” nəslinə heç nə ifadə etməyən “doymuş məhlullar”ın içində Əli Kərimliyə qarşı bayraq açmağa hələlik cəsarət etməyən Seymur Həzinin əlverişli məqam gözlədiyi nəzərə çarpır. Məsələ, sadəcə, cəsarətdə də deyil. Seymur Həzinin siyasətçi kimi ümumi potensialı Əli Kərimli ilə təşkilatdaxili yarışa çıxmağa yetmir. Bununla belə, Ali Məclis sədri olmaq üçün ortaya qoyduğu iddia təşkilatın ikinci şəxsinə çevrilmək arzusu ilə yanaşı, onun AXCP sədrinin qələminin ucundan çıxmaq planından da xəbər verir. Ancaq bu planın baş tutmaması, heç də Nurəddin Məmmədlinin “Qırmızı kitab”a düşmək ərəfəsində olan son nəsil cəbhəçilər arasında Seymur Həzidən daha nüfuzlu olmasına görə yox, Əli Kərimlinin Tofiq Yaqublunun kürəkəninə daxili etimadsızlığı, hətta belə də demək olar, gizli qıcığı ilə bağlıdır.

“Siyasi partiyalar haqqında” qanuna görə, partiyalar yaxın zamanlarda qurultaya getməlidirlər. Bu şərt Tofiq Yaqublunun üzvü olduğu Müsavat partiyası üçün də keçərlidir. Müsavatın qurultayında isə, deyilənə görə, babat sürprizlər gözlənilir. Əvvəla, partiyanın faktiki sahibi İsa Qəmbərin yenidən başqanlığa qayıtmaq niyyətində olduğu sezilir və bunu həmin düşərgədən sızan məlumatlar da təsdiqləyir. Digər tərəfdən, gözlənilən qurultay İsa Qəmbər başqanlığa yenidən namizəd olmasa belə, Arif Hacılı üçün asan keçməyəcək. Tofiq Yaqublu Əli Kərimlinin əlində həm İsa Qəmbərə, həm də Arif Hacılıya qarşı istifadə etmək üçün hazır kartdır. Əli Kərimli məhz onun vasitəsi ilə Müsavatdaxili dəngələrə təsir etmək, yeni qarşıdurmalar yaratmaq və tərəfdar qoparmaq istəyir. Ancaq Tofiq Yaqublu nədən doğmaca kürəkəni dura-dura Əli Kərimlinin maraqlarına xidmət etsin ki? “Qoy, AXCP və Müsavat daha bir dəfə parçalansın, axırda yeni partiya və yeni lider meydana çıxsın”- Tofiq Yaqublu nə qədər primitiv düşüncəli olsa da, hər halda, bunları hesablamayacaq dərəcədə fanat deyil.

Fəqət qarşıda Əli Kərimlini təkcə Seymur Həzini neytrallaşdırmaq, mümkün olmazsa, tam çıxdaş etmək problemi gözləmir. Heç kimə sirr deyil ki, AXCP qanundankənar mexanizmlərlə maliyyələşən bir təşkilatdır və Əli Kərimliyə birbaşa olmasa da, dolayı yollarla xarici fondlardan pul göndərilir. Yadınızdadırsa, elə mərhumə Gözəl Bayramlı da Gürcüstandan Əli Kərimliyə pul gətirərkən ifşa olunmuşdu. Əlbəttə, AXCP üzlərinin az bir hissəsinin ayda-ildə bir dəfə ödədiyi qəpik-quruşla nə partiya saxlamaq olar, nə də Əli Kərimlinin və yaxınlarının dəbdəbəli həyat tərzinə pul çatdırmaq. Əli Kərimli öz maliyyə qaynaqları barədə dövlətə və cəmiyyətə hesabat vermir, şəffaflıq olmayan yerdə isə, həmişə qara işlər görülür. Əminliklə söyləmək olar ki, Azərbaycanın keçirdiyi antiterror əməliyyatlarının nəticəsi olaraq Xankəndidəki cinayətkar çətənin özünü “prezident” adlandıran başçılarının, “nazir”lərinin, o cümlədən çirkli pullar hesabına ölkəmizə meydan oxuyan Ruben Vardanyanın həbs edilməsi erməni seperatizminin Azərbaycanın iç siyasətinə təsir mexanizmlərini də üzə çıxaracaq. Bu mexanizmlər, əlbəttə, direkt deyil, dolayı əlaqələr və mənbələr hesabına qurulan mürəkkəb sxemdir. Sxemin ifşa edilməsinin Əli Kərimlinin xaricdəki bir çox azərbaycanlı və qeyri-azərbaycanlı dostlarının da iç üzünü aşkara çıxaracağı təxmin olunur. Əgər diqqət edirsinizsə, Əli Kərimli antiterror əməliyyatının nəticələrindən son dərəcə narahatdır. Onun bu narahatçılığını prezident İlham Əliyevin liderliyi ilə qazanılan tarixi zəfərlərə münasibətdə üzə çıxan siyasi komplekslərlə yanaşı, beynəlxalq konfiqurasiyada himayədarlarını itirmək təhlükəsi ilə üzləşməsi ilə də izah edilir. Lap başda söylədiyimiz ki, Qarabağ münaqişəsinin başlaması ilə meydana çıxan partiya Qarabağ münaqişəsinin həlli ilə ən urvatsız formada siyasi səhnədən silinir... Qaılır, Əli Kərimlinin AXCP-nin növbəti qurultayında trubunaya çıxıb, Ovenes Kaçaznuni sayaq, "AXCP-nin xalq üçün edə biləcəyi bir şey yoxdur" deməsi!

Taleh ŞAHSUVARLI