- Redaktor masası
- 12 Oktyabr 2023 14:14
- 12 676
Tomas De XARAB VAL
Tomas De Vaalın son açıqlamasını İrəvan mediasından oxudum.
News.am saytı yazır ki, Karnegi Mərkəzinin Avropa üzrə baş elmi işçisi Tomas de Vaal Avropa Şurası Parlament Assambleyasının oktyabrın 12-də keçirilən sessiyasında təxirəsalınmaz prosedur çərçivəsində Dağlıq Qarabağda humanitar vəziyyətin müzakirəsi zamanı çıxış edib.
Bu çıxışa keçməzdən öncə De Vaal haqqında bir neçə kəlimə ərz edim və bəribaşdan bildirim ki, çıxış barədə deyəcəklərimin bu ön yarğıma heç bir dəxli yoxdur.
Bəli, mən heç zaman Toması Qafqaz və Qarabağ üzrə ciddi, dərin ekspert hesab etməmişəm. Onun zəka və intellektual imkanları bu regionu anlamağa və təsvir etməyə yetəcək səviyyədə deyil. Bunun üstünə De Vaal analitikadan daha çox marketinqlə məşğul olur, özünü bazarlayır. Nəhayət, istənilən hadisənin səbəb-nəticə əlaqələrinə öz merkantil yanaşmalarını dürtür.
Elə erməni diasporunun paralarından bəslənən Karnegi Fondunun Qafqazşünasının son çıxışı da məhz merkantil maraqlara xidmət edir.
Bircə-bircə baxaq.
Tomas deyir: "Bu, uzun sürən münaqişədir və təəssüf ki, nəticəsi diplomatiya ilə deyil, güclə müəyyən edilib. Bu mənada sentyabr hadisələri Cənubi Qafqazda sülh və barışıq perspektivlərinə faciəvi zərbə oldu. Bundan qaçmaq mümkün idi, çünki fəal diplomatik iş gedirdi".
Görəsən, bu sözləri deyəndə De Vaal uzun sürdüyünü etiraf etdiyi Qarabağ münaqişəsinin dinc yolla həlli üçün Azərbaycanın 30 ilə yaxın bir zaman dilimində bütün mümkün variantları sınadığını, ancaq Ermənistanın heç bir təklifə, plana yaxın durmadığını niyə unudur? Natiqin dolayısı ilə ittiham etdiyi rəsmi Bakı öz suveren ərazilərinə sahib çıxmaq üçün işğalçı Ermənistanla ATƏT-in Minsk Qrupunun nəticəsiz vasitəçiliyi ilə daha 30 il də danışıq xatirinə danışıq aparmalı idi?
Digər tərəfdən, Azərbaycanın anti terror əməliyyatı keçirərək ərazilərindəki qeyri-qanuni silahlı çətələri, Ermənistanın işğalçı qoşunlarının qalıqlarınını, cinayətkar xuntanı təmizlməsi nədən "Cənubi Qafqazda sülh və barışıq perspektivlərinə faciəvi zərbə" olsun ki? Məgər Cənubi Qafqazda sülh və barışıq mühitini dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüququn prinsip və normaları yox, işğalçılıq, cinayətkarlıq, terror qarantiya edir?
Üçüncüsü, diqqətinizi çəkirsə, ekspert iddia edir ki, anti terror əməliyyatları keçirilməyə bilərdi, çünki diplomatik iş gedirdi. Doğrudanmı özünü Qafqazın dərin bilicisi zənn edən De Vaal Ermənistanın diplomatik masada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və Qarabağdakı erməni çətələrinin bölgədə hərbi baxımdan möhkəmlənmək üçün istehkamlar qazması, kəşfiyyat qrupları vasitəsi ilə işğaldan azad olunmuş yollara minalar basdırması barədə heç nə eşitməyib?
Karnegi Fondunun eksperti daha sonra iddia edir ki, güc tətbiqi kifayət qədər böyük olub ki, əhali orada özünü təhlükəsiz hiss etməyib və Dağlıq Qarabağı tərk etmək məcburiyyətində qalıb. BMT-nin bölgəyə artıq bir neçə dəfə səfər etmiş missiyasının hesabatları, bəyanatları ortadadır. Tomas ilk növbədə özünə hörmət edərək bu sənədlərlə tanış olmalı idi. Bəli, Azərbaycan heç bir halda mülki əhalini və infrostrukturu hədəf almayıb, ancaq qanunsuz silahlı birləşmələri zərərsizləşdirib. Bu əməliyyat da heç bir sutka çəkməyib. Odur ki, "ermənilər Qarabağı niyə tərk edir" sualına analitik olan kəs gərək dürüst cavablar axtaraydı. Ermənilər antiterror əməliyyatından sonra Qarabağı ona görə tərk edir ki, onların mühüm bir qismi Ermənistandan, Rusiyadan, Suriyadan, Livandan və digər ölkələrdən gətirilmiş və müharibə cinayəti olaraq bölgədə yerləşdirilmişdilər. indi öz qınlarına çəkilirlər. Qarabağ ermənilərinin əksər hissəsi isə Azərbaycana qarşı irrendantizm hərəkatında iştirak edib, terror törədib, soydaşlarımızı qətlə yetirib, əsirlərə işgəncə verib, qarət və talanlar vasitəsi ilə azərbaycanlıların əmlaklarını ələ keçirib, narkoplantasiyalar salıb. Öz paxırını bilən hansı erməni Azərbaycan qanunlarından qorxur.
İrəvan mediası məmnuniyyətlə xəbər verir: "Tomas de Vaal qeyd edib ki, indi Azərbaycan reinteqrasiya gündəmini irəli sürür, onun çərçivəsində Dağlıq Qarabağ erməniləri öz evlərinə qayıda və Azərbaycan vətəndaşı ola bilərlər. O, həmçinin xatırladıb ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur və Dağlıq Qarabağa qayıdıb Azərbaycan vətəndaşlığını qəbul edənlər Ermənistan vətəndaşlığından imtina etməli olacaqlar.
“Hesab edirəm ki, Avropa Şurası kimi beynəlxalq təşkilatlar belə bir təşəbbüsə çox diqqətli olmalıdırlar. Sonda soruşmaq məcburiyyətindəyik ki, bu niyə indi baş verir? Niyə əvvəllər belə bir təklif irəli sürülməyib və yalnız erməni əhalisinin 99%-i Qarabağı tərk etdikdən sonra gündəmə gəlib” – deyə o, hazırda Azərbaycanda yaşayan milli azlıqların ciddi problemlərlə üzləşdiyini bildirib".
Əgər diqqət edirsinizsə, cahanşümul tədqiqatçı etiraf edir ki, Qarabağdakı ermənilərin böyük bir qismi Ermənistan tərəfindən vətəndaşlaşdırılıb. Bu, daha bir müharibə cinayətidir, eyni zamanda, Azərbaycanı tərk edən ermənilərin "qaçqın" statusunda tanınmasını yolverilməz edən haldır. Sual isə budur ki, Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər Tomasın fikrincə, niyə həm də Ermənistan vətəndaşı olaraq qalmalıdırlar? Sizcə, bu məqamı diqqətdə saxlamağı təklif etməklə Tomas yeni fitnə qoxusu yaymırmı?
Azərbaycan reinteqrasiya təkliflərini anti terror əməliyyatlarından sonra verməyib. Heç bu məsələ 44 günlük müharibədən sonra da gündəmə gəlməyib. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrlərdə də Qarabağ ermənilərinin bütün hüquq və azadlıqlarına təminat verib, reinteqrasiya təklifləri səsləndirib.
O ki qaldı, "Azərbaycanda yaşayan milli azlıqların ciddi problemlərlə üzləşdiyinə", bunu deyərkən Tomas De Vaal lap Ermənistana adlayarkən "Allakkı" deyən o riyakar ermənini xatırladır.
Tomas De Vaal Azərbaycan mətbuatında ermənilərin törətdiyi terror aktlarından bəhs edilməsindən də narahatdır: "Məktəblərdə uşaqlara öyrədilir ki, ermənilər vandaldır".
Vaaldan soruşuram:
Məgər Xocalı qətliamı terror və soyqırım deyildi?
Məgər Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında daş üstdə daş qoymayan, Şuşa kimi mirvarini xarabaya çevirən toplum vandal deyil?
Hər gün Ermənistan mediasında Azərbaycan və azərbaycanlılar əleyhinə yüzlərlə nifrət dolu məqalələr dərc olunur, ərazi bütövlüyümüz təhdid edilir, sözün əsl mənasında faşist ideologiyası ilə yeni müharibə çağırışları səslənir. Azərbaycan mediasının bütün bunların cavabını yüksək peşəkarlıqla, beynəlxalq hüquq prinsiplərinə istinad etməklə verməsi nədən Toması belə qıcıqlandırır?
Qarnının dərdini De Vaal lap axırda açır. O, Azərbaycanın müstəqil, güclü və öz ərazilərinə sahib bir dövlət olmasından sancı keçirir və haray çəkir ki, rəsmi Bakı nədən Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını, Zəngəzur dəhlizinin açılmasını tələb edir?
Əgər sülhdən, barışıqdan, dinc qonşuluq münasibətlərindən danışırıqsa, nədən yüz minlərlə azərbaycanlı öz doğma yurduna qayıtmasın?
Əgər Ermənistan Azərbaycana qarşı öz ərazi iddialarından geri çəkilibsə, qonşu dövlətlərlə əməkdaşlıqda maraqlıdırsa, o zaman Zəngəzur dəhlizinin açılmasından niyə narahat olmalıdır?
Bunlar, əlbəttə, ritorik suallardır.
Tomas De Vaalın ritorikası isə xarab valdan çıxan xışıltılı sədalardır.
Taleh ŞAHSUVARLI