- Redaktor masası
- 18 Oktyabr 2023 15:59
- 13 508
Daşnakdan çox daşnak olanlara!!!
Dünən "Paşinyan TV"- də Sevinc Osmanqızı ilə Tofiq Yaqublunun söhbətini dinlədim. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, İlham Əliyevin Xankəndiyə bayraq sancması "Hraparak"da Hasmik Babacanyanı yandırmadığı qədər Sevincə od qoyub. İnanın mübaliğə eləmirəm, hələ az deyirəm. İrəvan mediasını davamlı izləyənlər bu sözümü də təsdiq edərlər ki, 44 günlük savaş, ondan sonra keçirilən əməliyyatlar, o cümlədən son anti terror tədbirləri barədə Daşnaksütyun partiyasının funksionerləri belə Tofiq Yaqublu qədər çirkin danışmır. Daşnakdan çox daşnak olmaq!- Tofiq Yaqublunun gəldiyi rəzil vəziyyət budur. Psixologiyası tamam pozulub, intellekti isə heç zaman olmayıb. Yaqublu mənəvi və siyasi baxımdan tam bir deqradasiya yaşayır. Yazığım gəlir bu zavallıya. Qərbdən aldığı tapşırıqları yerinə yetirmək üçün Sevinc onu istismar edir.
Politologiya təkcə siyasi partiyaların yaranmasını və inkişafını deyil, eyni zamanda çürüməsini, sıradan çıxmasını da öyrənir. Bir siyasi partiyanın sıradan çıxmasının şərtləndirən ən önəmli amillərdən biri həmin qrupun xalqın ortaq dəyərlər və mənfəətlər sistemindən kənarlaşmasıdır. AXCP və orbitindəki Milli Şuranın üzvləri dəfələrlə nümayiş etdiriblər ki, hakimiyyət naminə onlar xalqı kədərləndirən hadisələrə sevinir, sevindirən hadisələrə kədərlənirlər. Gültəkin Hacıbəylinin neftin düşməsinə reaksiyası yadınızdadır. Azərbaycanın qələbə qazanmasına şübhə edən Əli Kərimlinin 44 günlük savaşdan sonra qazanılan tarixi qələbəni aşağılamaq üçün verdiyi açıqlamaları da, zənnimcə, çox yaxşı xatırlayırsınız. Bir siyasətçi, hakimiyyətə iddialı siyasətçi bu qədər dar düşünə, burnunun ucundan o yananı görməyə bilməz.
Qətiyyən inanmıram, inana bilmirəm ki, Əli Kərimli 44 günlük savaşda Ermənistanın işğalçı ordusunun yarıdan çoxunun məhv edilməsi faktının Azərbaycanın öz ərazi bütövlüyünü Xankəndi və çevrəsində də bərpa etməsinə zəmin olacağını hesablamayacaq qədər bəsirətsizdir. Bəs, niyə göynəyirdi? Çünki yediyi soğan, necə deyərlər, "yerli və milli" deyildi. Azərbaycanın tarixi zəfərinıə qarşı çıxan heç bir siyasətçini xalq bağışlamaz. Əli Kərimli bu sözümü istənilən seçki gününün axşamı xatırlayar. Ancaq vəziyyətdən çıxmaq üçün hələ bir şansı var. Özü və partiyası "Paşinyan TV"-ni boykot etməlidir.
Qayıdıram Tofiq Yaqublunun "Paşinyan TV"-də zəvzəməkliyinə. Çox istəyirəm ki, danışdıqlarının içindən məntiqli, səviyyəli, dartışmağa layiq bir cümlə tapım, alınmır. Nikol Paşinyana etdiyi məddahlıq xaricində Yaqublu onu da ortaya qoydu ki, siyasət kimi, futboldan da anlayışı yoxdur. Ancaq qanmazlıqdan verdiyi bir suala mütləq aydınlıq gətirmək istəyirəm. Tofiq Yaqublu soruşur ki, əgər Xankəndini azad edəcəyini bilirdisə, İlham Əliyev nədən Xankəndi-Zabux- Gorus yoluna alternativ yol çəkirdi?
Əvvəla bu yolun çəkilməsi Üçtərəfli Bəyanatın şərti idi. Prezident İlham Əliyev dəfələrlə açıqlama verib ki, həmin şərtin bəyanata salınması məhz onun təşəbbüsü və təkidi olub. Bu barədə Bəyanatın 6-cı maddəsinə deyilirdi:
"Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur".
Əgər yadınızdadırsa, bu bəndin yerinə yetirilməsi üçün Azərbaycan Ermənistanın qarşısına tələb qoyanda, Nikol Paşinyan vaxtı uzatmaq istəyir, üç il ərzində yolun işə düşməsinin yox, planın müəyyən edilməsinin Bəyanatda əks olunduğunu deyirdi. Ancaq İlham Əliyev qətiyyət və təzyiq göstərdi, alternativ yolu çəkməklə Ermənistanı fakt qarşısında qoydu.
Bu yolun əhəmiyyəti nə idi?
Yolun işə düşməsi ilk növbədə Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətimizə qaytardı.
İkincisi, yolun işə düşməsi ilə RSK-nın 5 km-lik fəaliyyət zolağı faktiki olaraq daraldı. Bu zolağın daralması bizə bir sıra yüksəklikləri nəzarətə götürmək imkanı verdi.
Üçüncüsü, Həkəri körpüsündən Ermənistana keçən yeni yolun başında Azərbaycan SNBM quraşdırdı.
SNBM-in quraşdırlması ilə Ermənistanın Qarabağa silah və şəxsi heyət göndərməsi bloklandı, sosial-iqtisadi baxımdan Xankəndidəki xuntanın bəslənməsinə, sərvətlərimizin talanaraq ölkədən çıxarılmasına son qoyuldu.
44 günlük müharibədən sonra Tofiq Yaqublu kimiləri "bəs, Xankəndi", "bəs, Laçın şəhəri" deyə soruşurdu. Ancaq elə alternativ yolla bağlı müddəanın Üçtərəfli Bəyanata salınması, yolun qısa zamanda çəkilməsi, işə düşməsi və işə düşməsi ilə Azərbaycanın RSK-nın müvəqqəti məsuliyyət zonasına lojistik nəzarəti ələ keçirməsi, ardınca anti-terror əməliyyatı ilə xuntanın varlığına son qoyulması bütün vicdanlı, savadlı və milli heysiyyatını Nikol Paşinyana məddahlıq edəcək qədər itirməmiş şəxsləri o həqiqətdən agah edir ki, 27 sentyabr günü Ali Baş Komandan İlham Əliyev "atəş" əmrini verəndə Xankəndiyə bayraq sancacağından tam əmin idi.
O, nəyi və necə edəcəyini tam dəqiqliklə bilirdi.
Taleh ŞAHSUVARLI