Yalan danışırsan, Dunya Myatoviç!

Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycana və Ermənistana 16-23 oktyabr tarixlərində baş tutan səfəri barədə açıqlama yayıb. Səfər zamanı Azərbaycanın Qarabağ iqtisadi rayonuna da baş çəkmiş Myatoviçin açıqlaması, çox təəssüflər olsun ki, yenə də qərəzlidir.
Myatoviç deyir:
"Qarabağ ermənilərinin kütləvi köçü... Laçın dəhlizinin Azərbaycan tərəfindən doqquz aylıq blokadası nəticəsində məruz qaldıqları hərəkət və əsas məhsulları, xidmətləri və enerji daşıyıcılarını əldə etmək imkanının uzun müddət pozulmasından sonra baş verib.
Əvvəla, Laçın dəhlizi heç zaman blokadada olmayıb.
İkincisi, Qarabağ erməniləri hansı hərəkətə məruz qalıblar ki?
Üçüncüsü, Qarabağ erməniləri əsas məhsulları, xidmətləri və enerji daşıyıcılarını niyə Ermənistandan almalı idilər ki?
Bu sualların üstündən keçən "komissar" daha sonra yazır:
"Onlar hər hansı etibarlı təhlükəsizlik zəmanəti və ya hansısa tərəfin müdafiəsi olmadan tərk edilmiş vəziyyətdə qalıblar. Onlar üçün vətəni tərk etmək yeganə mümkün variant idi"
Xeyr, Myatoviç, yalan danışırsan!
Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verib, bu gün də verir. Sadəcə bunun üçün həmin şəxslərin Azərbaycan vətəndaşlığını qəbul etməsi lazımdır. Odur ki, Azərbaycanı tərk etmək "yeganə seçim" deyildi.
Üstəlik, açıqlamada vurğulanan 100 600-dən çox erməni şişirdilmiş rəqəmdir. Fəqət bu rəqəm doğru olsa belə, Qarabağ heç də onların hamısının vətəni deyildi. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Ermənistan qanunsuz məskunlaşdırma apararaq Qarabağa on minlərlə erməni köçürmüşdü. Bu müharibə cinayətini də görməzlikdən gəlmək böyük ayıbdır!

Komissar "bütün köçkünlərin insan hüquqlarının, o cümlədən layiqli və təhlükəsiz şəkildə qayıtmaq hüququnun" reallaşdırılmasına da çağırıb.

Ancaq qəribədir ki, öz çağırışda Ermənistandan qovulmuş azərbaycanlılar barədə bir kəlimə də danışmayıb.

Taleh ŞAHSUVARLI