MADAM POPUQAY

Azərbaycanla ABŞ arasında xeyli dərəcədə gərginlik var.

Bunu görməmək mümkün deyil.

Onu da görməmək mümkün deyil ki, bu gərginliyin yaranmasının və davam etməsinin səbəbkarı biz deyilik.

Maraqlarından asılı olaraq dövlət institutlarına sarmaşıq kimi sarınmış erməni diasporunu gah qapı arxasında qoyan, gah da yuxarı başa keçirən ABŞ bu dəfə də Azərbaycana qarşı hikkəli mövqe sərgiləyir.

Bəs, nədir "Ağ ev" administrasiyasını Azərbaycana qarşı bu qəzəbi formalaşdıran?

SSRİ-nin dağılması üçün ABŞ erməni diasporundan alət kimi istifadə edib.

ABŞ-ın xüsusi xidmət orqanları erməni diasporunun təsirindən istifadə etməklə SSRİ-nin tərkibindəki iki respublika arasında tarixi ədavəti qızışdırıb, aralarında etnik münaqişə alovlandırıb.

Qarabağ münaqişəsindən ABŞ SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün region ölkələrinə təsir və təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Təsir Ermənistana, təzyiq Azərbaycana!

Guya münqaqişəni həll etməyə çalışan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın, yumşaq desək, bu nadürüst mövqeyi digər iki həmkarından ciddi şəkildə fərqlənməyib. Ancaq torpaqlarının işğal altında qalmasına on illər ərzində dözməkdən başqa çarəsi olmayan Azərbaycan Minsk Qrupunun həmsədr ölkələrinin avantüralarını, o cümlədən ABŞ-ın Azərbaycan torpaqlarında yaradılmış cinayətkar xuntaya dəstəyini də sinəyə çəkməli olub.

2020-ci ilin payızında gerçəkləşən 44 günlük savaşla Azərbaycan torpaqlarındakı işğalçı ordunu darmadağın etdi, ərazilərinin böyük bir hissəsini azadlığa qovuşdurdu. Bu il sentyabrın 19-da keçirilən və heç 24 saat da çəkməyən anti terror əməliyyatları ilə Xankəndi və çevrəsində qalmış işğalçı qoşun qalıqları, hərbi xunta sıradan tam çıxarıldı.

Bu gedişat Samanta Pouerin timsalında əvvəlcə hazırda DTX-nın təcridxanasında olan çirkli pullar milyarderi Ruben Vardanyanın ABŞ-dakı işbirlikçilərinin, ardınca "Ağ ev"dəkilərin xoşuna gəlmədi.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan huquqlarını öz gücü ilə bərpa, bütün ərazilərində dövlət suverenliyini təmin etməsindən, tərəqqi yolunda yürüyən ayaqlarına bir tərəfdən də ABŞ-ın vurduğu buxovdan xilas olmasından sonra Ağ ev rəsmi Bakıya qarşı üslubunu dəyişdi, təhdid dilinə keçdi. Bu üslub, heç şübhəsiz, qalib və haqlı Azərbaycanda etiraz doğurdu.

Əlbəttə, ABŞ dünyanın ən qüdrətli dövlətidir, okeanın o tayında yerləşsə belə, qlobal maqnatdır. Nə rəsmi Bakı, nə də Azərbaycan cəmiyyəti belə bir güclə qarşıdurma xəttini seçməyə maraqlı deyil. Ancaq hər bir xalq və dövlət kimi, bizim də qırmızı cizgilərimiz var. Bu cizgilərin ən qırmızısı Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür. ABŞ-la Azərbaycan arasındakı gərginliyi yaradan Ağ evin bu məfhumlara sayğı göstərməməsidir. Torpaqlarımız işğal altında olduğu dövrdə əksəriyyəti ərazilərimizdə qanunsuz, müharibə cinayəti olaraq məskunlaşdırılmış, ancaq tamamilə ilə Ermənistan pasportu ilə təmin edilmiş ermənilərin Azərbaycan vətəndaşı kimi yaşamaq istəməyərək ölkəmizi tərk etməsini tutarsız arqumentə çevirməklə ABŞ bu sayğısızlığını ört-basdır edə bilməz. Odur ki, Ağ evdə sağlam və soyuqqanlı düşünənlər qalıbsa, özlərinə bu sualı verməlidirlər: müsəlman şərqinin iki model dövlətindən biri olan Azərbaycanda qalıcı anti-amerikanizm dalğasının formalaşmasından udurlarmı, uduzurlarmı?

Bu strateji, cavabı bilik, təcrübə, uzaqgörənlik tələb edən sual Sevinc Mirzəyevanın başına görə deyil. Cəmiyyətimizin İQ səviyyəsi, ictimai rəy akterlərinin elmi-praktik hazırlığı erməni diasporuna bağlı beyin mərkəzlərində hazırlandığı güman olunan tezisləri Azərbaycan ictimai rəyinə ötürmək üçün görəvləndirilmiş bu kəmsavad zənən xeylağının plintusdan aşağı qeybətlərinə "aley" verəcək qədər yüksəkdir. Sosial şəbəkələrin Azərbaycan seqmentinə yerləşdirilmiş pultla işıldayan böcək rəşadətli ordumuz, müzəffər Ali Baş Komandanımız tərəfindən Xankəndidə dalğalanan şanlı bayrağımızın üzərindəki səkkiz guşəli ulduzun sönəcəyindən dəm vurmaqla bölgədə erməni revanşizmini körükləməyə can atan ABŞ-dakı anti-Azərbaycan çevrələrinə tutuluq edir. Anti-Azərbaycan çevrələri tərəfindən bəslənən qutu və tutu quşu aldığı təlimatları bəzən heç konyuktura naminə də "yaradıcı" tərcümə etməyə lüzum görmədən şüvən qoparır: "Azərbaycan sülhə gətirilməlidir"!

Bu cümlənin ifadə etdiyi məna budur ki, Azərbaycan təcavüzkardır, təcavüzkar müharibəyə hazırlaşır, Rusiyanın təhriki ilə "sülhpərvər" Ermənistanın "demokrat" Baş nazirini iqtidardan uzaqlaşdırılmasına nail olmaq üçün Qərbi Zəngəzura qoşun yeridəcək. Özü kimi natamamlıq kompleksindən əziyyət çəkənləri də efirə çıxararaq o, rəsmi Bakının Brüssel danışıqlarını pozmaqla anti-terror əməliyyatları keçirdiyini iddia edir, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının dili ilə "kollektiv Qərb"in qoşunlarını ölkəmizə çağırır, rəsmi Bakını Azərbaycanın qələbəsini qəbul etmiş regional dövlətlərlə höcətləşməyə səsləyir. İrəvan mediasını davamlı izləyənlər çox yaxşı başa düşürlər ki, bütün bunlar erməni revanşistlərin sevimli mövzusu və arzusudur. Revanş arzuları isə puç olmağa həm də ona görə məhkumdur ki, Qarabağa qayıtmaq istəyən istənilən erməni qanuni çərçivədə Azərbaycan pasportu almalı, bunun üçün isə, vətəndaşlığımıza qəbul olunmaq üçün təntənəli şəkildə and içməlidir. Azərbaycanın qanını içmişlər Azərbaycanın Ana Yasasına and içməyəcəklərsə, 8 həftə deyil, 8 əsr sonra da vətəndaşlıqdan başqa bir statusla torpaqlarımıza ayaq basa bilməyəcəklər.

Zəngəzur dəhlizinə gəlincə, məlum məsələdir ki, yolların açılması Üçtərəfli Bəyanata əsasən Ermənistanın öhdəliyidir. Üstəlik, Ermənistan həmin yolun öz ərazisindən keçən hissəsinə Rusiya qoşunlarının nəzarət etməsinə boyun olub. İndi bu öhdəliyin icra olunmasına da, olunmamasına da Ermənistan və Nikol Paşinyan məsuliyyət daşıyır. Qoy, Rusiya qarşısında Nikol əsaslandırsın ki, o, öz öhdəliklərini, o cümlədən Rusiya FTX-nin bölmələri ilə bağlı öhdəliklərini niyə yerinə yetirmək istəmir?!. Anlaşa bilirlərsə anlaşsınlar, anlaşa bilmirlər, dalaşsınlar, bizə nə? Əgər ABŞ, digər Qərb və Şərq ölkələri dəhlizə FTX-nın nəzarət etməsindən rahatsızdırlarsa, bunun üçün təzyiq göstəriləcək tərəf heç bir halda və formada Azərbaycan deyil. Bizim üçün vacib olan yolun açılması, davamlı və təminatlı bir şəkildə işləməsidir.

Taleh ŞAHSUVARLI