Böhransız seçki Cəmil Həsənli və Anar Məmmədlini niyə bu qədər qıcıqlandırır?

İki-üç gün öncə özünü “Milli Şura” sədri adlandıran Cəmil Həsənli Youtub kanallarının birinə çıxmış, gələn il fevralın 7-də keçiriləcək prezident seçkilərinə münasibət bildirirdi.

Bu urvatsız siyasətçinin “professor” titulunun kölgəsində ictimai rəyə sırınan naftalin qoxulu mülahizələrini milli maraqlarımıza əksər hallarda zidd hesab etdiyimdən onunla tez-tez “atışırıq”.

Dəfələrlə demişəm: Cəmil Həsənli ciddi tarixçi deyil. İstər Azərbaycan, istərsə də dünya çapında heç ortabab tarixçi də sayıla bilməz. Məmməd Əmin Rəsulzadə ilə bağlı elmi mübahisələrimizdə mənə ünvanladığı cavab isə lap konyukturanın dibi idi.

Tarixçi kimi konyukturanın dibində eşələnən Cəmil Həsənli indi də konstitusiya hüququ ilə bağlı “cəfəngiyyat” adlandırılmağa belə layiq olmayan şərhlər verir.

Cəmil Həsənli iddia edir ki, Azərbayacanda növbədənkənar prezdent seçkiləri elan edilməsi konstitusiyaya ziddir.

Buyurun, Ana Yasamıza birlikdə baxaq:

Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.

Azərbaycanın dövlət başçısı növbədənkənar prezident seçkiləri elan edərkən konstitusiyanın yuxarıda göstərilən maddəsinin birinci hissəsinə, həmçinin Seçki Məcəlləsinin 179-cu maddəsinə əsaslanır.

Seçki Məcəlləsinin həmin maddəsi isə belədir:

Maddə 179. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi

179.1. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi halda növbədənkənar Prezident seçkiləri keçirilir. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallar növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir.

179.2. Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi, həmçinin Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Konstitusiya hüququndan bixəbər Cəmil Həsənli Ana Yasanın Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi ilə bağlı 104-cü maddəsində nəzərdə tutulan halları 101-ci maddəninin birinci hissəsinə də “aid edərək” elan olunan növbədənkənar seçkilərin qanuniliyinə kölgə salmağa çalışır. Konstitusiyanın norması isə açıqdır. Prezidentin növbədənkənar seçki elan etməsi üçün heç bir xüsusi hal və əlavə şərt yoxdur.

Cəmil Həsənlidən fərqli olaraq Anar Məmmədlinin sədri olduğu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) dizaynında apardığı “islahatlar”la vizual baxımdan özünü baş redaktoru olduğum AzNews.az analitik-informasiya portalına bənzətməyə çalışan “Turan” Agentliyinin yaydığı bəyanatda növbədənkənar seçkilərin konstitusiyaya zidd olmadığını vurğulayır. Ancaq bu bəyanat da haracan desəniz qeyri-obyektiv, qeyri-elmidir.

“SMDT 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkisinin təyin olunması ilə bağlı hüquqi-siyasi mühiti dəyərləndirərək, seçkinin vaxtından 14 ay öncə keçirilməsi barədə sərəncam Azərbaycan Respublikası və Seçki Məcəlləsinə uyğun olaraq verilsə də, bu tədbirlərin seçkilərin dövriliyi və demokratik konstitusionalizm prinsiplərinə uyğun olmadığını bildirir”- bəyanatda deyilir.

Əvvəla, bəyanat müəllifləri deyəsən ya unudublar, ya da ümumiyyətlə bilmirlər ki, konstitusionalizm konstitusiyadan daha geniş anlayışdır. Konstitusionalizmin prinsipləri ilə hər hansı bir konkret konstitusiyanın normativlərini qarışdırmaq diletantlıqdır.

İkincisi, konstitusionalizm “ideal” olduğu üçün kifayət qədər abstraktdır. Hansı nəzəriyyənin, hansı konsepsiyanın konstitusionalizmin əsasını təşkil etməsi mübahisəlidir. Görünür, bu abstraktlığı bir qədər yumşaltmaq üçün bəyanat müəllifləri mətndəki “konstitusionalizm” məfhumunun önünə bir “demokratik” sifəti də əlavə ediblər. Ancaq bu da SMDT-nin bəyanatını əsaslandırmaq üçün yetərli deyil. Konstitusionalizmin demokratik baxımdan əsas götürülə bilən 7 prinsipindən heç biri növbədənkənar seçkilərin keçirilməsinə qarşı deyil, ola da bilməz. Konstitusionalizm xalqı hakimiyyətin mənbəyi hesab edir, demokratiya isə təmsilçiyin təcəssümüdür. Xalq öz təmsilçisini seçkilərlə müəyyənləşdirir. Odur ki, seçkilərin vaxtı konstitusionalizm nöqteyi-nəzərindən üçün prinsip məsələsi deyil.

SMDT guya Avropa Şurasına üzv olan ölkərin təcrübəsini araşdırıb və həmin təcrübəyə əsaslanaraq növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı yetərincə müstəsna halların olduğunu, habelə bu səlahiyyətdən istifadə hüququnun müstəsna şərtlər çərçivəsində tətbiq edildiyini qeyd edir. Avropa Şurasına, səhv etmirəmsə, 46 dövlət daxildir. 46 dövlətin konstitusiya hüququnu və seçki mexanizmlərini bu qədər qısa vaxtda araşdırmaq praktiki olaraq mümkün deyil. Digər tərəfdən Avropa Şurasına üzv dövlətlərini bir xeylisi monarxiya, bir xeylisi də parlamentar respublikadır. Bu səbəbdən də “Avropa Şurasının üzv dövlətlərin təcrübəsi” kimi ümumi cümlələrlə yayılan şərhə, şərh deyil, yumşaq desək, söz yığını kimi yanaşmaq lazımdır. Məsələn, Avropa Şurasının üzvü olan Danimarka konstitusiyalı monarxiyadır. Orada “prezident” vəzifəsi ümumiyyətlə yoxdursa, deməli, prezidentin səlahiyyətləri və o səlahiyyətləri çərçivələyən şərtlərlə bağlı təcrübəsi də ola bilməzsə, SMDT öz söz yığınını konkretləşdirməli olsa, Danimarkanın hansı təcrübəsinə istinad etdiyini açıqlayacaq?

SMDT daha sonra bir neçə tələb irəli sürür. Tələbin ən başlıcası yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının “siyasi məhbus” etdiyi şəxslərin azadlığa buraxılmasıdır. SMDT-nin nəzərdə tutduğu şəxslərin bir qismi barədə hazırda məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur. Bu da o deməkdir ki, həmin şəxslər hazırda təqsirsizlik prezumpsiyası altındadır. SMDT-nin sədri nə zamandan münəccimləyə başlayıb və haradan bilir ki, məhkəmədə konkret şəxslərin təqsiri sübut olunacaq, ya yox? Cinayət törətməkdə təqsirləndirilən şəxsi məhkəmə hökmü olmadan azadlığa buraxılmasını tələb etmək hansı hüquqi təfəkkürün məhsuludur? Digər tərəfdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxslərin məsuliyyətdən azad edilməsi ilə bağlı konkret tələblər var. Hər hansı yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyahısında olmaq bu tələblər sırasında yoxdur. Kimsə cinayət törətsin, məsələn, şirkətdəki digər payçıları ölümlə, şantajla hədələsin, Leyla Yunusa 10 min dollar verib özünü hüquq müdafiə təşkilatlarının “siyasi məhbus” siyahısına saldırsın, dövlət də onu cəzadan azad etsin. Bu hansı ədalətə, hansı nizama, hansı qanuna uyğundur?

SMDT-nin daha bir tələbi budur ki, yerli və beynəlxalq QHT-lərin ölkədə sərbəst şəkildə fəaliyyətini əngəlləyən qanunlara demokratik dəyişikliklər edilsin, vətəndaş cəmiyyəti fəallarına qarşı təqiblərə son qoyulsun.

Bir anlıq fərz edək ki, Azərbaycan qanunlarında yerli və beynəlxalq QHT-lərin ölkədə sərbəst şəkildə fəaliyyətini əngəlləyən normalar mövcuddur. Buyurun, təşəbbüs qrupu yaradın, imza toplayın, həmin normaların dəyişdirilməsinin sosial sifariş olduğunu ortaya qoyun, parlamentə təqdim edin. Əminəm ki, heç min imza belə toplaya bilməzlər.

Nəhayət, SMDT Azərbaycan hakimiyyətini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə Avropa Şurası Parlament Assambleyasına müraciət etməyə, hər iki qurumun beynəlxalq seçki müşahidə missiyasını ölkəyə dəvət etməyə çağırsın. Mənim ATƏT-in, Avropa Şurasının gəlib prezident seçkilərini müşahidə etməsinə heç bir etirazım yoxdur. Ancaq SMDT-nin bu tələbinin arxasında dayanan əsas amilin fərqindəyəm: ələbaxanlıq!

İndiki gənclər xatırlamaz, ilini, ayını heç mən də dəqiq yadıma sala bilmirəm. Eynulla Fətullayevin “Gündəlik Azərbaycan” qəzeti çıxaran vaxtları idi. Rəhmətlik Əvəz Həsənov SMDT sədri Anar Məmmədlinin 100 min dollardan çox qrantı mənimsəməkdə ittiham edirdi. O gün-bu gün hələ də həmin qrantların aqibətindən xəbər-ətər yoxdur!

Bəli, bu ölkəyə Qərb fondlarından yüz milyonlarla qrant axıb. Həmin qrantları qanunların təkmilləşdirilməsinə, müşahidəçilərin hazırlanmasına, seçicilərin fəallaşdırılmasına həsr etməli olanlar bu gün utanmaz-utanmaz çıxıb ölkədə ədalətli seçki mühitinin olmamasından danışanda, dolayısı ilə öz maxinasiyalarını etiraf etmiş olurlar. Belələrinə isə seçki mühiti deyil, siyasi böhran lazımdır!

Növbədənkənar seçkilərə qarşı çıxanları fakt qarşısında qoyan ən önəmli məsələ məhz budur. Azərbaycan prezident seçkilərinə sabit və krizissiz gedir.

Taleh ŞAHSUVARLI