"YENİ AKİT"İN KÖHNƏ EYİBİ

Qardaş Türkiyədə Bülent Yıldırım adlı bir aktivist var. İnsan Haqq və Hürriyətləri Humanitar Yardım Vəqfinin rəhbəridir. Türkiyə mediasında FETÖ ilə əlaqələri barədə yetərincə məlumat mövcuddur. Türkiyə ilə İsrail arasındakı məşhur "Mavi Mərmərə" skandalının yaşanmasında onun da xüsusi rolu var. Türkiyədə bir çoxlarının avantürist saydığı bu isim 10 dekabr- Ümumdünya İnsan Haqları günündə "Fələstin günü yürüşü" keçirib, Azərbaycana qarşı, yumşaq desək, həddini aşan ittihamlar səsləndirib. Yıldırım deyib ki, İsrailin hərbi uçaqları havaya Bakı-Ceyhan kəmərindən doldurulan neftlə qalxır.

Əvvəla, heç bir uçaq, avtomobil və digər texnika xam neftlə işləmir. Bunu iddia etmək üçün son dərəcə savadsız olmaq lazımdır.

İkincisi, Azərbaycan nefti Gürcüstandan keçərək Ceyhana çatır, oradan dünya bazarına çıxarılır. Bu bazarda alınan məhsulu necə emal etmək, nəyə sərf etmək istehlakçı ölkənin öz işidir. Elə bu səbəbdən də bu günə qədər Türkiyə Cümhuriyyəti Azərbaycanın ixrac etdiyi neftin alıcıları ilə bağlı heç bir narahatlıq ifadə etməyib və ifadə etməsi də doğru olmazdı.

Digər tərəfdən, qeyri-rəsmi dairələrlə təmaslarımızda belə bir iddia eşidirik ki, son zamanlar Türkiyə Azərbaycan qazının dünya bazarına çıxarılmasına maneçilik törətməyə çalışır. Belə çıxır ki, Rusiya vaxtilə Mərkəzi Asiya ölkələrinin qazı və neftinin dünya bazarına çıxarılmasına hansı münasibəti göstərirdisə, indi Türkiyə də Azərbaycana qarşı eyni mövqeni nümayiş etdirməyə başlayıb.

Elə bir təsəvvür yaranır ki, sanki Türkiyədə Azərbaycanın problemlərini, bütün gücünü Qarabağı, işğaldan azad olunmuş digər əraziləri yenidən qurmaq kimi məsələnin həllinə verdiyini görməzdən gəlirlər.

Bu, olduqca ziyanlı, iki dövlət, bir millət olan türklərin düzəni pozulmuş dünyadakı gələcəyinə vurulan zərbədir.

Əgər Azərbaycan neft və qazının nəqli ilə bağlı problemlər ciddiləşərsə və davam edərsə, Azərbaycan da başqa xətləri nəzərdən keçirməli olacaq.

Bu baxımdan bizə başqa yol qoymayanlar, daha açıq desək, Azərbaycanın neft və qaz ixracına qardaş ölkədə problemlər yaratmağa çalışanlar ilk növbədə Türkiyənin özü ilə düşmənçilik edir, Türkiyənin Cənubi Qafqaza, Mərkəzi Asiyaya istiqamətlənmiş effektiv siyasətinə, bu müstəvidə əldə olunan böyük uğurlara kölgə salmağa çalışırlar.

Fələstinə gəlincə, Azərbaycanın bu məsələ ilə bağlı özünəməxsus mövqeyini Türkiyədə düz analiz etməli, doğru anlamalıdırlar.

Azərbaycan Fələstin xalqına maddi və mənəvi dəstəyini hər zaman ifadə edib. Bakıda Fələstinin səfirliyi də fəaliyyət göstərir. Ancaq hazırda Azərbaycanın müttəfiqi olan, İkinci Qarabağ savaşında haqlı mövqeyimizi prinsipial şəkildə dəstəkləyən İsraillə Fələstin arasındakı qanlı eskalasiya HƏMAS kimi terrorçu qrupların sayəsində meydana çıxıb.

Azərbaycan bir Orta Şərq dövləti deyil. Osmanlının varisi olan Türkiyə kimi Orta Şərqdə nüfuz savaşı da aparmır. Bizi müstəqil dövlət kimi formalaşdıran tarixi amillər İsrail-Fələstin qarşıdurmasına rasional və praqmatik mövqe tutmağımızı labüd edir. Emosional yanaşmaları kənara qoyub Qəzzaya boylananda açıq görsənir ki, orada qanlı oyunlar gedir. ABŞ, İsrail, İran, Həmas, Hizbullah bu oyunun tərkib hissəsidir. Türkiyə bu oyunda olmalıdırmı? Məndən soruşan olsa, olmalı deyil. Haçan Türkiyəni Yaxın və Orta Şərq bataqlığına çəkmişdilər, Türkiyə geopolitik oyunçu kimi ancaq və ancaq uduzurdu. Nə zaman bu siyasətə ara verildi, Türkiyə üzünü türk xalqlarına çevirdi, uğur dalınca uğur qazandı.

İndi biriləri Türkiyəni yenidən bataqlığa salmaq, gözünə də Azərbaycanı qatıb ASALA və ermənilərin digər terror təşkilatlarının formalaşdığı, fəaliyyət göstərdiyi coğrafiyaya ürcah etmək istəyirlərsə, böyük hesabla yanılırlar.

Azərbaycanın Qarabağ dərdini bölüşməyən, erməni terror təşkilatlarını himayə edən, Ermənistana hər cür dəstək verən HƏMAS-la Cənubi Qafqazdan olsa-olsa Ermənistan dəstək verməlidir. Bizim belə dərdimiz, belə bir savaşımız yoxdur, olmayacaq da!

Ən azından 2020 ci ildə Qarabağı azad etdiyimizdə HƏMAS-ın erməniləri necə dəstəklədiyini, hansı ermənipərəst bəyanatlar verdiyini çox yaxşı xatırlayırıq. Fələstində keçirilən ermənilərə dəstək aksiyaları da yaxşı xatirimizdədir.

Bütün bunları Türkiyədəki "Yeni Akit" qəzeti, həmin qəzetin redaktorları və nəşri himayə edən çevrələr də xatırlamalıdırlar.

Türkiyədə son prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi üçün xalq olaraq dua etdik. Qardaş ölkə lideri rəqibi Qılıncdaroğlunu üstələdikcə sevinc statusları paylaşdıq. İndi Azərbaycan prezident seçkisi ərəfəsindədir, "Yeni akit" Bülent Yıldırımların sərsəm açıqlamalarını paylaşaraq Azərbaycan hakimiyyətini sionizmdə suçlayan qafası pozuqlara hədəf göstərir.

Bunu neçə illərdir İran "Səhər" telekanalı vasitəsi ilə etməyə çalışır.

Eyib deyilmi?

Eyibdir, həm də çox köhnə eyibdir!

Taleh ŞAHSUVARLI