ATƏT müşahidəçiləri işğaldan azad olunan bölgələrə niyə getmir? - Sözçüdən qeyri-səmimi cavab

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyası Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin bütün əsas aspektlərini diqqətlə izləyəcək”.

Aznews.az xəbər verir ki, bunu “Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini əvvəlki seçkilərdən fərqləndirən əsas məqam odur ki, proses Azərbaycanın bütün ərazisində keçiriləcək. Bilmək istərdik ki, Sizin müşahidə missiyanız Azərbaycanın bütün regionlarını əhatə edirmi” sualına cavab olaraq ATƏT/DTİHB-nin sözçüsü Katya Andrus (Katya Andrusz) ikisahil.az saytına bildirib.

“Bura kampaniyanın aparılması, həmçinin sosial şəbəkələrdə, bütün səviyyələrdə seçki administrasiyasının işi, seçki ilə bağlı qanunvericilik və onun icrası, fundamental azadlıqlara hörmət, mediada işıqlandırılması və seçki mübahisələrinin həlli daxildir”, - deyə Andrus qeyd edib.
“Bu günədək Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində təşkil edilmiş seçki dairə və məntəqələrində olmusunuzmu? Əgər olmamısınızsa, hansı tarixdə olmağı planlaşdırırsınız?” suallarına cavab olaraq isə mətbuat katibi bildirib ki, müşahidələrin gedişi ilə bağlı seçki ərəfəsində əlavə məlumat veriləcək.

Xatırladaq ki, ATƏT/DTİHB-in hazırda Azərbaycanda fəaliyyət göstərən müşahidə missiyasına ATƏT-in 9 ölkəsindən 11 beynəlxalq ekspert, 26 uzunmüddətli və seçki günü seçki prosesini müşahidə edəcək 280 qısamüddətli müşahidəçi daxildir. Missiyaya İrlandiya əsilli İoğan Mörfi (Eoghan Murphy) rəhbərlik edir.